Məhkəmə qərarları › İş №2(3-6)-1976/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1976/2026

08.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1976/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qeydə alınmayan tikiliyə köçürülmənin mümkünsüzlüyü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında ##.##.2009-cu ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulub, ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2010-cu il təvəllüdlü X2 ana İddiaçı yanında qalması qət edilib.

2. ünvan 2 ünvanında yerləşən qeydə alınmayan fərdi yaşayış evi Nümayəndə məxsus olmaqla istifadəsindədir və qeydiyyatdan keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməyib. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh istifadəsində olan Nizami rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi ev 11B-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilib ki, ##.##.2009-cu ildə cavabdeh Cavabdeh ilə evlənib. Adət-ənənələrə uyğun olaraq cavabdehin istifadəsində olan ünvan 1 ünvanına gəlin köçüb. Cehiz əşyaları həmin ünvana yerləşdirilib və hal-hazıradək də ordadır. Onların birgə nikahından iki uşaq doğulub. Birgə nikahdan doğulan uşaqları ünvan 3 ünvanda qeydiyyatdadır və evdən zorla cavadeh tərəfdən çıxarılanadək orada yaşayıblar. Həmin ev özbaşına tikilidir, iki mərtəbədən ibarətdir. Bütün cehiz, məişət və geyim əşyaları həmin ünvandadır. Onu və uşaqlarını cavabdeh ora buraxmır. Hal-hazırda cavabdeh geniş sahəsi olan mübahisələndirilən iki mərtəbəli evdə tək yaşayır. Keçmiş əri cavabdeh Cavabdeh ailəyə baxmadığından maddi təminatını qarşılamadığından birgə nikahdan doğulan ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X2 uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə Nərimanov məhkəməsində müraciətinə baxılaraq *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnamə ilə iddiası təmin edilmişdir. Bundan qəzəblənən keçmiş əri cavabdeh Cavabdeh evdə münaqişə yaradaraq onunla bağladığı nikahın ləğv edilməsi haqqında iddia ərizəsi verib və Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(005)-3669/2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək bağladığı nikah ləğv edilmişdir. Ardınca onu və iki uşağını istifadəsində olan yaşadıqları evdən zor və şiddət tətbiq edərək çıxartmışdır. Bir müddət valideynlərinin yanında yaşasa da evləri darısqal olduğundan kirayə çıxmaq məcburiyyətində qalmışdır. İndiyədək də uşaqları ilə kirayədə yaşayır. Cavabdeh alimenti də tam və vaxtında ödəmir. Maddi sıxıntılar səbəbindən kirayədə yaşamaq ciddi çətinliklər yaradır. Bu hal uşaqlarının sağlamlığına, təhsilinə, həyat tərzinə mənfi təsir göstərir. Həmin evdə yaşamaq hüququ var. Evdən məcburən çıxarılanadək həmin ev keçmiş əri cavabdehlə birgə istifadələrində olub. Onun birgə istifadəsində olmuş iki mərtəbəli evdə tək yaşaması ədalətli deyil. Ona görə də o və uşaqları ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X2 rayonu, Keşlə qəsəbəsi, Q.Zakir küçəsi ev 11b-ə köçürülməlidir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğuna qarşı olan mənzilə köçürülmə tələbini birgə nikah dövründə cavabdehin istifadəsində olan yaşayış sahəsinə gəlin köçməsi, nikah dövründə həmin yaşayış sahəsində yaşaması və cavabdeh tərəfindən məcburi qaydada yaşayış sahəsindən çıxarılması ilə əsaslandırmışdır. İddia tələbi özbaşına tikinti hesab edilən evə köçürülmə barədədir. Belə ki, mübahisə obyekti olan yaşayış sahəsinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması işin mübahisəsiz halını təşkil edir. İddiaçı mübahisə obyekti olan evin cavabdehin istifadəsində olması, həmin evə gəlin köçməsi, ona məxsus olan cehiz əşyalarının, şəxsi əşyaların həmin yaşayış evində olması, evin kommunal xidmətlərinin keçmiş ərinin adına olmasına istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir və həmin ev onun qayınatasına məxsusdur. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsi əşya hüquqlarının qorunması istiqamətində inkişaf edir. Ona görə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: hüquqlarını qeydə alanadək yaxud maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Hazırki mülki işin müəyyən edilmiş faktiki halı odur ki, mübahisə obyekti olan yaşayış sahəsi iddiaçının qaynatası tərəfindən, onun nikahından əvvəl tikilmiş və iddiaçı həmin evə gəlin köçmüşdür. İddiaçı mənzildən cavabdeh tərəfindən zorla çıxarıldığını bildirsə də, məhkəmə iclasında onun izahatına əsasən müəyyən edilmişdir ki, o, 2023-cü ildə özü mənzili tərk etmiş və tərəflər arasında bağlanmış nikaha 2024-cü ildə xitam verilmişdir. Qeyd edilir ki, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər. Bu zaman yaşayış sahəsinə köçmək istəyən şəxsin başqa yaşayış sahəsinə də malik olmaları önəm kəsb etmir. Beləliklə, hazırki tələbin təmini üçün məhkəmənin müəyyən etməli olduğu zəruri hal - fərdi yaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir. Mübahisə obyekti olan fərdi yaşayış evinin iddiaçının keçmiş qaynatası tərəfindən tikiliməsi işin mübashisəsiz halı olduğundan, işin tədqiq edilən halları ilə iddiaçının həmin evə əlavə xərc qoyması müəyyən edilmədiyində iddiaçının həmin mənzilə köçürülmə tələbi əsaslı hesab edilə və ona görə də təmin oluna bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə qətnamə qəbul edərkən yalnız cavabdehin ifadələrinə əsaslanmış, ortada mötəbər sübut və faktların olmamasına baxmayaq, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində təsbit olunan ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Cavabdeh mübahisələndirilən evdən könüllü çıxmağı və əşyalarını aparmağı barədə heç bir dəlil, sübut təqdim etməmiş, məhkəmə isə işin hallarının obyektiv və dürüst araşdırılması üçün lazimi prosesdur qaydaları- yerində müayinə, şahidlərin cəlb edilməsini həyata keçirməmişdir. Məhkəmə mübahisələndirilən evdə yaşayarkən onun saxlanılmasında, təmirində iştirak etməyi və müəyyən xərclər çəkməyi barədə verdiyi izahat nəzərə alınmayaraq, yalnız cavabdehin izahatlarına istinad edilmişdir. Məhkəmə tərəfindən tətbiq edilən hüquqdan da görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü, kimi cavabdehin mübahisələndirilən evdən onu zorla çıxarmaq hüququ yoxdur və həmin mənzilə münasibətdə eyni istifadə hüquqları var. Məhkəmənin qərarı ilə nikahın ləğvindən sonra onun himayəsində saxlanılan iki övladı orada rəsmi qeydiyyatdadırlar. Göründüyü kimi cavabdehin həmin əşyaya sahiblik, yaxud mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatına alınmadığına görə orda yaşamış şəxslərlə üstün hüquqa malik ola bilməz. Digər tərəfdən həmin evin saxlanılmasına və təmirinə o da vəsait xərcləyib.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Cavabdehin nümayəndəsi Nümayəndə təqdim etdiyi apellyasiya şikayətinə etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib göstərir ki, iddiaçının keçmiş qaynatasına məxsus evə köçürülməsi tələbinin hüquqi əsası yoxdur. Mübahisəli ev ər-arvadın ümumi birgə mülkiyyəti deyil. İddiaçı həmin ev üzərində nə mülkiyyət, nə istifadə, nə də digər əşya hüququnu təsdiq edən sübut təqdim etmmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu:

Maddə 13.1-13.2. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan suiistifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in və digər şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmır.

21. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, yaşayış sahəsi kimi cavabdehin atası tərəfindən 1996-cı ildə inşa olunaraq istifadə olunub. Bu fakt Bakı şəhəri Keşlə bələdiyyəsinin məhkəmə sorğusuna verdiyi cavabı ilə də təsdiq olunur. Həmin evin keçmiş qaynatasına məxsus olmasını da iddiaçı mübahisələndirmir. Mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsinə köçürülməsi üçün əsasın yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməyib. Əksinə, iddianın məzmunundan, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı özü 2023-cü ildə hər hansı bir kənar təsir olmadan könüllü olaraq köçmək istədiyi evi tərk edib və 2 il müddətdə başqa ünvanda yaşadıqdan sonra hazırkı iddanı irəli sürmüşdür.

22. Düzdü, iddiaçının ailə qurduqdan sonra 2023-cü ilə kimi köçmək istədiyi tikilidə cavabdeh və sonuncunun ailəsi ilə birlikdə yaşaması işin mübahisəsiz halıdır. Ancaq bu o demək deyil ki, iddiaçının hazırkı iddiası yaşayış sahəsinə olan ehtiyacdan irəli gəlsə belə yenə də köçməsi üçün hüquqi əsas mövcuddur. Buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür, ancaq o, bu halları sübut edə bilmir.

23. Bundan başqa, iddiaçı cavabdehin keçmiş arvadı, köçmək istədiyi tikilinin sahibinin isə keçmiş gəlini olsa da ailə qanunvericiliyi əsasında onlarla birlikdə yaşamaq və onlardan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki iddiaçının bu istəyi ən azından keçmiş əri olan cavabdehin və onun atasının bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik istifadə edən cavabdeh və onun atası isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan özbaşına tikilini könüllü olaraq tərk edərək 3 ilə yaxın müddətdə orada yaşamayıb, tərəflər arasında qohumluq münasibətlərinə də xitam verildiyindən hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki və Mənzil Məcəllələrinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, özbaşına tikilinin iddiaçıya hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair də işdə heç bir mötəbər sübut yoxdur. Bu barədə(özbaşına tikiliyə dair ) iddiaçı tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir. 24.Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin alınmasında yaxud inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı, köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı olmuş olsa belə həmin tikilinin cavabdehə də heç bir aidiyyəti yoxdur. Çünki həmin evin əldə edilməsində cavabdehin də hər hansı bir rolu və əməyi olduğu təsdiq olunmur. Üstəlik cavabdehlə nikahı pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamır. Bu cür vəziyyətdə keçmiş qaynatasına məxsus tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır. 25.İddia ərizəsindən, apellyasiya şkayətindən və apellyasiya baxışı zamanı verdiyi izahatların məzmunundan, eləcə də işdə olan məlumatlardan bəlli olur ki, əslində iddiaçının məqsədi heç də keçmiş qaynatasına məxsus tikiliyə köçmək olmamışdır. Çünki iddiaçını həmin tikilini tərk etməyə məcbur edən olmamışdır. Üstəlik 3 il sonra iddiaçının oraya real köçərək yaşamaq istəməsi də inandırıcı və ağlabatan deyildir. Demək ki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnamə çıxarılmasında iddiaçının məqsədi yalnız keçmiş ərinə yaxud onun valideynlərinə hansısa məqsədlə təsir etmək olub və bu iddianı da ona görə irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur.

26. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş ər-arvad olsalar da onlar arasında xoş olmayan münasibətlər mövcuddur. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, iddianın təmin edilməməsi həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün hesab edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəyinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar