Məhkəmə qərarları › İş №2(3-6)-2026/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2026/2026

03.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2026/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2026/2026 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Əliyev Elnur Zakir oğlunun, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh, ailə üzvlərinin və onlara məxsus əşyaların Binəqədi rayonu, Ş. Məmmədova 30/97 ünvanında yerləşən 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən * nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASI" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilmişdir. Həmin yaşayış sahələrının verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilmiş, Komitə Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirmişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlamış, son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşamışlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ## ###### 2009- cu il tarixli 5No-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Qubadlı rayonundan məcburi köçkün X5 iki nəfər ailə üzvi X3 və X6 ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu Ş. Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzilli yaşayış kompleksində * saylı binada, * nömrəli 2 otaqlı mənzil ilə təmin edilmiş, köçürmə vərəqi və kirayə müqaviləsinin surəti işə əlavə edilmişdir. Sonradan ## ###### 2017-ci il tarixində X5, ## #### 2018-ci il tarixində X6 və ## ###### 2025-ci il tarixində X3 vəfat etmişlər. Bu barədə hər üç şəxsin ölüm haqqında şəhadətnamələri işə əlavə edilmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Komitənin Mənzil İstismarı Departamentinin Binəqədi şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı */* nömrəli mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən */* nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşamaların müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Toğrul İbrahimli) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh, ailə üzvləri və onlara məxsus əşyalar Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova 30/97 ünvanında yerləşən 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən * nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1-152.5, 157.2-ci maddələrinə Mənzil Məcəlləsinin 82.5, 91.1.5, 91.2, 91.3, 96, 98.1, 99.3, 99.4, 100.1, 100.2, 100.3-cü maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** №-li Qərarının 2.5- 2.7, 3.2, 3.3, 3.6, 3.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, Qubadlı rayonundan məcburi köçkün olan atası X5, anası X4 və qardaşı X6 ilə birlikdə Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu Ş. Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş *** saylı mənzil yaşayış kompleksində * saylı binada, * nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra ## ###### 2017-ci il tarixində atası X5, ## #### 2018-ci il tarixində isə qardaşı X6 vəfat etmişdir. Anası yaşlı ahıl şəxs olduğu üçün qardaşı X6 vəfat etdikdən sonra o, Cavabdeh anası ilə birlikdə Binəqədi rayonu Ş. Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzili yaşayış kompleksində * saylı binada, * nömrəli mənzildə yaşamış və qulluq etmişdir. Anası ahıl şəxs və xəstə olduğu üçün təkbaşına yaşamaq qabiliyyətində olmamışdır. Bu səbəbdən də o, onunla birlikdə orada yaşamış və anasına quluq etmişdir. Hal-hazırda özü də məcburi köçkün statusu daşımaqdadır. Ailəlidir və hazırda iki oğlu var. Lakin Qubadlı rayonundan məcburi köçkün düşdüyü tarixdən etibarən heç bir mənzil ilə təmin olunmamışdır. Həyat yoldaşı və iki oğlu zavodun həyətində yerləşən şəraiti çox ağır olan, sanitar qovşağı belə olmayan şəraitdə yaşayırlar. ## ###### 2025-ci il tarixində anası X3 vəfat etmişdir. Vəfat etdiyi tarixdən etibarən isə o, oğlu ilə birlikdə həmin mənzildə yaşamağa davam edir. Hər iki oğlunun yaşı 30 yaşdan çoxdur. Lakin mənzil şəraitinin qənaətbəxş olmaması səbəbindən ailə həyatı qura bilmirlər. Hazırda onun niyyəti mənzilə dair hər hansı özgəninkiləşdirilmə və ya mənzilin mülkiyyətinə keçirilməsi ilə əlaqədar deyil, sadəcə olaraq, “Qarabağa qayıdış” konsepsiyası çərçivəsində, gözlənilən qayıdış proseduru baş tutanadək, mənzil ilə müvəqqəti təmin olunmasıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dekabr ayınadək Qubadlı rayonunda mənzillə təmin olunacaqdır. Bu baxımdan qısa müddət zərfində məişət şəraitinin korlanmaması və müvəqqəti mənzil hüquqlarının qorunması üçün bu tarixədək mənzildən çıxarılma təxirə salınmalıdır.

9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin mübahisəli mənzildə qalmalı olmasına dair hər hansı əsas yoxdur. Buna baxmayaraq məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra mənzilin cavabdeh tərəfindən dərhal boşaldılması məsələsinə qurum tərəfindən humanist prinsiplər nəzərə alınmaqla yanaşılacaq.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

10. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

12. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

13. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

14. Maddə 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

15. Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

16. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

17. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

18. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

19. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

20. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.

21. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

20. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.

21. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.

22. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

23. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. İddia tələbinin “iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh ailə üzvlərinin və onlara məxsus əşyaların Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova 30/97 ünvanında yerləşən 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən * nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi” hissəsinə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə münasibət bildirilmiş, iddia tələbi müvafiq hissədə baxılmamış saxlanılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi aidiyyatı hissədə ləğv edilmişdir. Odur ki, hazırda apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X5 arasında bağlanmış ##.##.2009-cu il tarixli, 5 No-li müqaviləyə əsasən, X5 2 nəfər ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2No-li ev tikmə kombinatının 2 otaqlı, * saylı evdə, sakini olduğu Qubadlı rayonun Seləli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Arayışa əsasən həmin mənzildə X5, X3 və X6 yaşamışlar.

33. Təqdim edilən ölüm haqqında şəhadətnamələrin surətindən məlum olur ki, mənzildə müvəqqəti məskunlaşdırılmış X5, X3 və X6 vəfat etmişlər.

34. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova 30/97 ünvanında yerləşən 369 mənzilli yaşayış kompleksi bina 4-də yerləşən * nömrəli 2 otaqlı mənzil hazırda cavabdeh Cavabdeh faktiki sahibliyində olmuşdur.

35. Kollegiya qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, daha öncə iddiaçı tərəfindən Nazirliyin balansında olan əmlak müqavilə əsasında hazırki iş üzrə cavabdehin atası X5 müvəqqəti istifadə üçün verilmişdir. Bu baxımdan mərhumun ailə üzvü qismində, hazırki iş üzrə cavabdeh Cavabdeh əvvəldən orada məskunlaşması qanunsuz sahiblikdən irəli gəlməmişdir.

36. Lakin qeyd olunmalıdır ki, hazırda ölüm haqqında şəhadətnamələrin surətindən məlum olur ki, mənzildə müvəqqəti məskunlaşdırılmış X5, X3 və X6 vəfat etmişlər. Bununla da cavabdehin mübahisəli mənzildə məskunlaşması üçün mövcud hüquqi əsaslar aradan qalxmışdır.

37. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.

38. Hazırki iş üzrə müəyyən edilmiş hallara əsasən, kirayə müqaviləsinin tərəflərindən olan, X5, X3 və X6 vəfat etdiyindən, müqavilə artıq öz hüquqi qüvvəsini itirmişdir. Bununla da, iddiaçının hazırki tələblə çıxış etməsi tam əsaslı olmuşdur.

39. Bu da özlüyündə mülkiyyətçinin hüquqlarını realizə forması olub, cavabdehin hüquqlarına müdaxilə məqsədi daşımır. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və * saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»

40. Lakin nəzərə alınmalıdır ki, hər bir halda tərəflər arasında mövcud münasibətlər müvəqqəti istifadə hüquqlarının həyata keçirilməsinə yönəldilmişdir ki, mülkiyyət hüququna müdaxilə əsasının mövcud olub-olmamasından asılı olmayaraq, hüququn konkret təyinatının cavabdehə məlum olması işin mübahisəsiz halını təşkil edir.

41. Bu baxımdan iddiaçının hazırkı tələblə müraciət etməsi üçün bütün zəruri əsaslar mövcud olmuş və birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur.

42. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar