Məhkəmə qərarları › İş №2(3-6)-21/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-21/2026

01.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-21/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Çingiz qızının cavabdeh X3 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsinə köçürmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Iddiaçı İddiaçı Çingiz qızının, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı Çingiz qızının cavabdeh X3 qarşı “yaşayış sahəsinə köçürmə” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Binəqədi rayonu Xocasən bələdiyyəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X3 bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsi, Söyüdlər küçəsi, döngə 1 ünvanında yerləşən özbaşına tikiliyə əsasən Xocasən bələdiyyəsinin “X17 Sistemi”ndə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

2. AZ-IV seriyalı ****** nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ##.##.2021-ci il təvəllüdlü X5 atası X8, anası İddiaçı Çingiz qızıdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı Çingiz qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2021-ci il təvəllüdlü oğlu X5 ilə birlikdə Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixdə o, cavabdehin oğlu X8 ilə rəsmi nikah qeydiyyatı ilə evlənərək, Xocasən, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi, 1-ci döngə, fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə gəlin köçmüşdür. Həmin vaxtdan orada yaşamışdır. ##.##.2021-ci il təvəllüdlü oğlu Mehdi də həmin evdə yaşayarkən dünyaya gəlmişdir. ##.##.2024-cü il tarixdə münaqişə nəticəsində cavabdeh onu evdən qovmuşdur. Həyat yoldaşı isə demişdir ki, müvəqqəti dözsün, onu sonra evə qaytaracaq. Iki ay sonra həyat yoldaşı başqa ölkəyə getmiş, hər ay ona 500 manat pul göndərmiş və demişdir ki, tezliklə qayıdıb onları evlərinə qaytaracaq. O da həyat yoldaşına görə buna dözmüşdür. Amma 2025ci ilin yanvar ayında ona məlum olmuşdur ki, əri boşanma barədə məhkəmədə iddia qaldırıb. Başa düşmüşdür ki, bu aylar ərzində onu aldatmışlar. Ona görə də həmin evə köçüb orada yaşamaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmin fərdi ev sənədsiz olmaqla, qeyrirəsmi cavabdehin adına bələdiyyədə qeydə alınmışdır. O, həmin evə gəlin köçmüş, uşağı da orada böyüyüb, cehiz əşyaları da orada qalmışdır. Onun başqa yaşayış yeri yoxdur, müvəqqəti olaraq bir bağ evində məskunlaşmışdır. O isə öz hüququ olan, 4 il ərzində ailə üzvü kimi azyaşlı uşağı ilə yaşadığı yaşayış sahəsinə köçmək istəyir. Çünki başqa yaşayış yeri yoxdur. Onu və azyaşlı uşağını cavabdeh yeganə yaşayış yeri olan evdən məhrum etmişdir. Heç kəs öz yaşadığı yaşayış yerindən çıxarıla və orada yaşamaqdan məhrum edilə bilməz. Ona görə də, o, uşağı ilə birlikdə həmin evə köçürülməlidir.

5. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq, bildirmişdir ki, iddiaçı İddiaçı Çingiz qızı məhkəməyə müraciət edərək, ##.##.2021-ci il təvəllüdlü oğlu X5 ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia ərizəsində göstərmişdir ki, ##.##.2020-ci ildə onun oğlu X8 ilə rəsmi nikah qeydiyyatı ilə evlənərək, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi, 1-ci döngə, fərdi yaşayış evinə cehiz əmlakları ilə birlikdə köçmüş və orada yaşamışdır. ##.##.2021-ci il təvəllüdlü Mehdi həmin evdə doğulmuşdur. Həmin ev qeyri-rəsmi və sənədsiz olaraq onun adına qeydə alınmışdır. 4 il ərzində ailə üzvü kimi yaşadığı mənzilə köçmək istəyir, başqa yaşayış yeri yoxdur. Məhkəməyə bildirir ki, iddiaçının iddia ərizəsi qanunsuz və əsassızdır, özündə hər hansı bir həqiqəti əks etdirmir. Iddiaçı tərəfindən faktlar təhrif edilmiş, yalan məlumatlar verilməklə öz niyyətinə çatmağa çalışmışdır. Ona görə də iddiaçının iddia ərizəsi aşağıda göstərilənlərə görə rədd edilməli, evə köçürülmə tələbi təmin edilməməlidir. Bildirir ki, iddiaçı Sumqayıt şəhəri, S.Vurğun küçəsində * saylı yataqxananın 30-cu otağında qeydiyyatda olmaqla, həmin otaqda yaşamış, həmin mənzil iddiaçının mülkiyyətindədir. Hazırda öz evi ola-ola atasına məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 37-də yaşayır, özünə məxsus evini kirayə vermişdir. Bildirir ki, o və oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, ev 11, mənzil 4-də qeydiyyatdadırlar. Sulutəpə qəsəbəsindəki ev sənədsizdir, onun mülkiyyətində deyil, oğlunun isə həmin evə heç bir hüququ yoxdur. Iddiaçı heç bir şəraiti olmayan bir evə müvəqqəti yerləşmişdir. Iddiaçı 2024-cü ildən oğlu ilə yola getməyərək, atasının evinə getmişdir. 2025-ci ilin fevral ayında oğlu məhkəmədə iddia qaldıraraq, nikahın pozulmasını tələb etmişdir. Lakin müəyyən səbəblərdən boşanma baş tutmamışdır. Iddiaçı ailə üzvü kimi Xırdalan şəhərindəki evdə yaşaya bilər və birgə təsərrüfatın idarə edilməsində iştirak edə bilərdi. Iddiaçı mübahisəli mənzildə az bir müddətdə yaşamış, tez-tez acıq edərək atasının evinə getmişdir. Mübahisəli fərdi yaşayış evi sənədsiz olduğundan aralarında həmin evdən istifadə ilə bağlı notariat müqaviləsi bağlanmamış və iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda hesab edir ki, iddiaçının mübahisəli evə hər hansı bir hüququ yaranmamışdır və iddiaçının iddiası rədd edilməlidir. Hazırda iddiaçı övladı ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində * saylı yataqxananın 30-cu mənzilini kirayəyə verərək, atasına məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 37-də yaşayır. Mübahisəli ev nə onun, nə də oğlunun mülkiyyətindədir. Iddiaçı onun konstutision hüquqlarını kobudcasına pozmuş, əsassız yerə ona qarşı iddia qaldırmışdır. Iddiaçı onun evinə və sənədsiz yaşadığı evə hər hansı bir hüququnun olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, onun ailə üzvü deyil, onlarla biryerdə yaşamır, mənzildən istifadə hüququ yoxdur, yaşayış sahəsinə köçürülməməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı İddiaçı Çingiz qızının iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının Binəqədi rayonu, Xocasən, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə istifadə hüququ yaranmadığına görə onun həmin mənzilə himayəsində olan uşağı ilə birlikdə köçürülmələri tələbinə dair iddiası təmin edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci, 228 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı İddiaçı Çingiz qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

20. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqi zamanı düzgün olmayan nəticəyə gəlmişdir.

22. Bələ ki, iddiaçı cavabdehin oğlu X8 ilə ##.##.2020-ci il tarixdə nikaha daxil olaraq mənzilə köçərkən həmin mənzildə az bir müddət yaşamışdır. Mübahisəli fərdi yaşayış evi olan Sulutəpə qəsəbəsi, Söyüdlər küçəsi, döngə 1 ünvanında yerləşən özbaşına tikili isə X3 aiddir.

23. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan mənzilə 2020-ci il tarixdə - yəni cavabdehin oğlu ilə nikaha daxil olaraq həmin tarixdə hüquq əldə etdiyindən, analogiya üzrə hazırki hüquq münasibətinə mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alındığı zaman qüvvəyə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli qərarı: yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları tətbiq edilməlidir.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).

28. Beləliklə, tərəflər arasında ailə münasibətlərinin yaranmasına baxıldıqda cavabdehə münasibətdə iddiaçının hər hansı bir hüququ yaranmamış olur. Iddiaçının cavabdehin oğlu ilə ##.##.2025-ci il tarixdən xitam verildiyindən Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həmin mənzilə köçürülməsidə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı qaynanası olan cavabdehə münasibətdə ailə üzvü hesab edilmir. Yəni ailə qanunvericiliyin tələbləri baxımından onların bir-birini saxlama vəzifəsi də yoxdur. Bu baxımdan iddiaçının mənzilə köçürülmə tələbi təmin edilə bilməz. Həmçinin, məhkəmə qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edildiyindən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən uşaqların yaşayış yeri iddiaçının yaşayış yeri sayılır.

29. Bütün göstərilənlərə əsasən kollegiya istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini əsaslı hesab etmir.

30. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı İddiaçı Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı Çingiz qızının cavabdeh X3 qarşı “yaşayış sahəsinə köçürmə” tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar