Məhkəmə qərarları › İş №2(3-6)-212/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-212/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-212/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Təhsil Kompleksinin cavabdeh İsmayılzadə Asiman Mehman qızına; iddiaçı İsmayılzadə Asiman Mehman qızının cavabdeh İddiaçı Təhsil Kompleksinə qarşı mülki iş üzrə (Açar sözlər: təhsil haqqının ödənilməsi; maddi və mənəvi ziyanın ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinin ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızına qarşı “təhsil haqqının ödənilməsi” tələbinə dair ilkin və ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızının ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2021-ci il tarixli “Təyinat haqqında məktub”un surətindən görünür ki, İsmayılzadə Asiman Mehman qızı İddiaçı Təhsil Kompleksinə fransız dili müəllimi vəzifəsi üzrə iş təklif olunmuşdur qəbul olunmuşdur. Məktubda müxtəlif güzəştlərlə yanaşı, övladlarının Təhsil haqqına 70% güzəşt təklif edilmişdir.

2. İsmayılzadə Asiman Mehman qızı 2021-ci ildən İddiaçı Təhsil Kompleksində müəllim vəzifəsində işləməyə başlamışdır. İddiaçı Təhsil Kompleksi tərəfindən İsmayılzadə Asiman Mehman qızına edilmiş iş təklifində İsmayılzadə Asiman Mehman qızına bir sira güzəştlər, o cümlədən onun övladının təhsil haqqı məbləğinə 70% güzəşt təklif edilmişdir.

3. İş materiallarına İddiaçı Təhsil Kompleksi ilə İsmayılzadə Asiman Mehman qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli “Təhsilin təşkili müqavilə”ləri əlavə edilmişdir.

4. İddiaçı Təhsil Kompleksinin ilə İsmayılzadə Asiman Mehman qızı arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqaviləsi”nə Əlavənin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, ##.##.2023 tarixli, *** saylı “Təhsilin təşkili müqaviləsi”nin 3.1-ci maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir: 1. “ABC” TK-nin məktəb bölməsində təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 4620 (dörd min altı yüz iyirmi) manat təşkil edir. 2. Bu əlavə imzalandığı tarixdən qüvvəyə minir və yuxarıda göstərilən müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.Valideynlə “ABC” TK arasında bağlanılan əmək müqaviləsinə xitam verildikdə bu əlavə öz qüvvəsini itirir.

5. İddiaçı Təhsil Kompleksinin ilə İsmayılzadə Asiman Mehman qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqaviləsi”nin surətindən görünür ki, "ABC" TK İsmayılzadə Asiman Mehman qızının övladı Məmmədsoy İpək Orxan qızının ümumi təhsil almasını həyata keçirməyi, İsmayılzadə Asiman Mehman qızı isə bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmununa görə, İddiaçı Təhsil Kompleksinin ibtidai təhsil bölməsində tədris ili üçün təhsil haqqı 15400 manat təşkil edir. Valideyn ##.##.2026-cü il tarixədək “ABC” TK-nin təqdim etdiyi hesaba 1000 (min) manat depozit köçürməlidir. Valideyn Təhsilalanın ''ABC” TK-də təhsil almasından imtina etdikdə ödənilmiş 1000 manat ona geri qaytarılmır. Qeyd olunan depozit məbləği ##.##.2024-cü il tarixinədək ödənilmədikdə, bu müqaviləyə xitam verilə, yaxud təhsil alan dərslərə buraxılmaya bilər. Təhsil haqqının 30%-i (##.##.2024-cü il tarixədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) ##.##.2024-cü il tarixinədək, qalan 70%-i isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1540 AZN) hər təqvim ayının 7-dək “ABC" TK-nin təqdim etdiyi hesaba köçürülür.

6. İddiaçı Təhsil Kompleksi tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, ##.##.2024cü il tarixində 1000 manat, sentyabr-518, oktyabr-517, noyabr-517, dekabr-517, yanvar-517, fevral-517, mart-517 manat olmaqla, cəmi 4620 manat ödəniş edilməlidir.

7. İddiaçı Təhsil Kompleksi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədsoy İpək Orxan qızı İddiaçı Təhsil Kompleksində 4 ay təhsil almışdır. Təhsil haqqı 6160 manat təşkil edir. Valideyn İsmayılzadə Asiman Mehman qızı tərəfindən aşağıdakı məbləğdə təhsil haqqı ödənilmişdir: ##.##.2024-cü il tarixdə 550 manat; ##.##.2024-cü il tarixdə 500 manat; ##.##.2024-cü il tarixdə 517 manat; ##.##.2024-cü il tarixdə 517 manat. Toplam: 2.084 manat ödəniş edilmiş, qalıq borc 4.076 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

8. İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksi ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızına qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh İsmayılzadə Asiman Mehman qızından 4.076 manat borcun, 320 manat vəkil xərcinin və 60.76 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Təhsil Kompleksinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Təhsil Kompleksi ilə İsmayılzadə Asiman Mehman qızı arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqaviləsi”nə əsasən iddiaçı cavabdehin övladı-Məmmədsoy İpək Orxan qızının ümumi təhsil almasını həyata keçirməyi, cavabdeh isə təhsilalanın valideyni olaraq müqavilə ilə müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən, İddiaçı Təhsil Kompleksinin ibtidai təhsil bölməsində tədris ili üçün təhsil haqqı 15400 manat təşkil edir. Eyni zamanda, cavabdeh təhsil haqqının 30%-ni (##.##.2024cü il tarixədək ödənilmiş 1.000 manat nəzərə alınmaqla) ##.##.2024-cü il tarixinədək, qalan 70%-ni isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1.540 manat) hər təqvim ayının 7-dək İddiaçı Təhsil Kompleksinin təqdim etdiyi hesaba köçürməyi öhdəsinə götürmüşdür. Təhsilalan 4 ay məktəbdə təhsil almışdır. Buna əsasən də təhsil haqqı 6.160 manat təşkil edir. Cavabdeh tərəfindən 2.084 manat ödənilmiş, qalıq borcu isə 4.076 manat təşkil etmişdir. Həmçinin cavabdehə pretenziya məktubu ünvanlanaraq qalıq borcun ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən müraciətə heç bir cavab təqdim olunmamış və mübahisənin danışıqlar yolu ilə həlli mümkün olmamışdır.

10. İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızı ilkin iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisənin əsasını təşkil edən təhsil haqqında müqaviləni bağlamaqla övladı Məmmədsoy İpək Orxan qızının İddiaçı Təhsil Kompleksində təhsil almasının səbəbi özünün həmin məktəbdə müəllim olaraq işləməsi ilə bağlıdır. Belə ki, İddiaçı Təhsil Kompleksi ilə aralarında ##.##.2021-ci il tarixində imzalanmış “Letter of Appointment” adlı sənədə əsasən ona rəsmi qaydada iş təklif edilmiş və təklif edilən işlə bağlı şərtlər razılaşdırılmışdır. İş təklifinin qəbul edilməsi ilə ##.##.2021-ci il tarixində ***/** nömrəli əmək müqaviləsi əsasında həmin məktəbdə müəllim olaraq çalışmağa başlamışdır. ##.##.2021-ci il tarixli sənədin şərtlərindən biri də övladlarının həmin məktəbdə təhsil alması halında onların təhsil haqqlarına 70% güzəşt tətbiq ediləcəyi ilə bağlı olmuşdur. Mübahisənin yarandığı dövrə qədər tərəflər razıladırılmış şərtlərə tam həcmdə əməl etmişdir. Yəni, razılaşdırılmış vəzifə, əmək haqqı, digər təminatlar məktəb tərəfindən təmin edilmişdir. Eyni zamanda övladı Məmmədsoy İpək Orxan qızı 2021-2022-ci tədris ilindən etibarən 70% güzəştli təhsil haqqı ilə həmin məktəbdə təhsil almışdır. Hal-hazırda mübahisənin əsasını təşkil edən 2024-2025-ci tədris ilinin ilk 4 ayı (2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları) üzrə təhsil haqqları da tərəfindən 70% güzəşt nəzərə alınmaqla (1540*30%=4620/10=462-aylıq) tam həcmdə ödənilmişdir. Ödənişlər məktəb tərəfindən təqdim edilmiş ödəniş qrafikinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində bu halların heç birinə toxunmadan və heç bir əsaslandırma göstərmədən tamamilə absurd bir iddia irəli sürmüşdür. Görünən odur ki, məktəb tərəflər arasında imzalanmış ##.##.2021-ci il tarixli sənədi və onun həmin məktəbdə müəllim olaraq işə qəbul edildiyi üçün övladlarına görə 70% güzəştli təhsil haqqı ödəmək hüququnun olduğunu məhkəmədən gizlədərək yalnız ##.##.2024cü il tarixli *** nömrəli “Təhsilin təşkili haqqında müqavilə”də tərəflər aralarındakı razılaşmaya zidd olaraq müəyyən edilmiş 3.1-ci bəndə istinad edir. Lakin yazılı razılaşmanı və Məmmədsoy İpək Orxan qızının məktəbdə təhsil aldığı bütün dövr əzində aparılmış hesablaşmaları nəzərə aldıqda aydın şəkildə görünür ki, “Təhsilin təşkili haqqında müqavilə”də təhsil haqqı tam həcmdə qeyd edilsə də, məktəb ödənişləri 70% güzəşt nəzərə alınmaqla tələb etmiş və həyata keçirilən ödənişləri qəbul etmişdir. Məktəb müqavilədə təhsil haqqını tam həcmdə qeyd etsə də, həm müqaviləyə qədərki danışıqlarda və yazışmalarda, həm də müqavilə bağlandıqdan sonrakı hərəkətlərində kreditorun həmin məbləğin 30% hissəsində öhdəlik daşıdığını qəbul etmişdir. Mülki qanunvericilikdə bəyənmə əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Bəyənmə hərəkəti isə iddiaçının müqavilə ilə birlikdə təqdim etdiyi ödəniş cədvəlində, borc məbləği ilə bağlı valideynə göndərdiyi SMS-lərdə və s. əks olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, mülki qanunvericilikdə sonradan verilən razılıq (bəyənmə) hər hansı forma şərtinə tabe tutulmamışdır. Eyni zamanda, məktəbin hazırki iddiası hüquqdan sui-istifadə hesab edilməlidir. İstinad olunan ##.##.2024-cü il tarixli *** nömrəli “Təhsilin təşkili haqqında müqavilə”nin 3.8-ci bəndinə əsasən valideyn tərəfindən yerinə yetirilməmiş öhdəlik olarsa, öhdəlik yerinə yetirildikdən sonra təhsilalanın (şagirdin) sənədləri valideynə təqdim edilir. Övladı Məmmədsoy İpək Orxan qızının sənədləri ##.##.2024-cü il tarixində ona təqdim edilmişdir. Buradan da görünür ki, məktəb şagirdin sənədlərini valideyninə təqdim etməklə razılaşdırılmış bütün öhdəliklərin yerinə yetirildiyini etiraf etmişdir.

11. İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızı ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, məhkəmədən özünə maddi zərər qismində vurulmuş 4.620 manat, özünə və övladı Məmmədsoy İpək Orxan qızına vurulmuş mənəvi zərərə görə hər birinə münasibətdə 5.000 manat olmaqla, cəmi 10.000 manat mənəvi zərər, habelə ödənilən dövlət rüsumunun əvəzi kimi 133,86 manat olmaqla, ümumilikdə 14.753,86 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Təhsil Kompleksinin razılaşdırılmış təhsil haqqı məbləğindən artıq məbləği qanunsuz və müqavilə şərtlərinə zidd olaraq tələb etməsi ilə əlaqədar məktəbin 4N sinifində təhsil alan övladı Məmmədsoy İpək Orxan qızı həmin məktəblə əlaqəsini kəsmək məcbutiyyətində qalmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il # ###### tarixli, */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq övladı 2025-ci ilin yanvar ayından etibarən təhsilini “***-*** nömrəli Təhsil Kompleksi”ndə 3-cü sinifdə davam etdirir. Bununla əlaqədar olaraq övladına mənəvi, özünə və həyat yoldaşına isə maddi və mənəvi zərər vurulduğunu və qarşılıqlı iddia üzrə cavabdehin vurduğu zərərin əvəzini ödəməyə borclu olduğunu hesab edir. Belə ki, övladının məktəbdə təhsil aldığı ilk 3 tədris ili və cari tədris ilinin sentyabr və oktyabr ayları üzrə məktəb ödənişləri güzəştli qiymətlə tələb etsə də, 2024-cü ilin noyabr ayı üçün təhsil haqqı güzəştsiz olaraq hesablanaraq ona SMS-lə göndərilmişdir. Hesablamanın niyə bu formada aparıldığını dəqiqləşdirmək üçün aidiyyəti üzrə məktəbin mühasibatlığına müraciət etdikdə İddiaçı Təhsil Kompleksinin baş mühasibi Nərminə Nəcəfqulubəyova ona texniki səhv olduğunu, sistemdə düzəliş ediləcəyini, “Təhsilin təşkili haqqında müqavilə”nin cari tədris ilinin sonunadək qüvvədə olduğunu və məktəbin direktoru Ələkbər Ələkbərovun da məlumatı daxilində övladının ilin sonunadək endirimli qiymətlə tədrisi davam etdirəcəyini bildirmişdir. Növbəti və sonuncu ödəniş zamanı 2024-cü ilin dekabr ayında məktəbin baş mühasibi X11 Ələkbərovun sentyabr ayından etibarən ödənişin tam həcmdə ödənilməsi barədə göstəriş verdiyini bildirmişdir. Səbəb olaraq isə “Təhsilin təşkili haqqında müqavilə”nin endirimli qiymətin razılaşdırıldığı * saylı Əlavəsini tapa bilmədikləri qeyd edilmişdir. İlkin iddia barədə yuxarıda qeyd etdiyi bütün məqamları məktəbə bildirsə də, onlar 2024-cü ilin sentyabr ayından etibarən təhsil haqqı 100% həcmində ödənilməyəcəyi təqdirdə “Təhsilin təşkili haqqında müqavilə”yə əsasən övladının dərslərə buraxılmayacağını bildirmişdirlər. Nəticədə övladının təhsilinin davamlılığını təmin etmək məqsədilə məcbur qalaraq ##.##.2024-cü il tarixindən etibarən həmin məktəblə əlaqəsi kəsilmişdir. Məmmədsoy İpək Orxan qızı İddiaçı Təhsil Kompleksində 4 il təhsil almasına baxmayaraq məktəbin qanunsuz tələblərinə görə hal-hazırda yeni məktəbində 3-cü sinifdə təhsilini davam etdirməyə məcburdur. Buradan belə qənaətə gəlmək olur ki, övladının İddiaçı Təhsil Kompleksində 2023-2024-cü tədris ilində (3-cü sinif) aldığı təhsil heç bir mahiyyət daşımır və o, həmin müddət üçün boş-boşuna ödənişlər həyata keçirmişdir. Hesab edir ki, məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə 2023-2024cü tədris ilində ödədiyi ödənişlər həcmində ona maddi ziyan vurmuşdur. Həmin təhsil ilində tərəfindən məktəbə 4620 manat təhsil haqqı ödənilmişdir. Eyni zamanda məktəb öz qanunsuz, habelə razılaşmaya və müqaviləyə zidd olan hərəkətləri ilə övladını təhsil aldığı müəssisəni dəyişdirməyə məcbur etmiş və nəticəsində ona mənəvi zərər vurmuşdur. Belə ki, övladı halhazırda ciddi adaptasiya problemləri yaşamaqdadır. Şagirdlərin təhsil aldığı müəssisəni dəyişdirməsi ilə bağlı üzləşdiyi adaptasiya problemləri və keçirdiyi psixoloji travmalar barədə həm yerli, həm də beynəlxalq səviyyədə ciddi araşdırmalar aparılmış və rəylər bildirilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin ##.##.2024-cü il tarixli məqaləsində qeyd edilir ki: “Məktəbin dəyişdirilməsi şagirdlərin həyatında ciddi dəyişikliklərindən biridir. Bir neçə dəfə məktəb dəyişmək şagirdlərdə psixoloji və emosional sarsıntılara səbəb ola bilər. Yeni bir mühitə keçid uşaqların stress və narahatlıq yaşamasına səbəb olur. Məktəb dəyişimi, eyni zamanda uşağın akademik performansına da təsir göstərə bilər. Yeni tədris mühiti və metodlar uşağın əvvəllər alışdığı üsullardan fərqli ola bilər”. Övladının bu proses nəticəsində keçirdiyi psixoloji sarsıntı və narahatlıq hansısa yazılı mətnlə ifadə edilə biləcək səviyyədə deyil. Məktəbini dəyişməklə bağlı üzləşdiyi çətinliklərlə mübarizə apardığı bir dövrdə anasına qarşı irəli sürülən iddiada da 8 yaşlı övladı özünü günahkar hesab edir. O fikirləşir ki, bu proseslər onun ucbatından baş verib. Məktəbi barədə suallar verdikdə özünə qapanır və suallara cavab vermir. O və həyat yoldaşı bu istiqamətdə onunla mütəmadi məşğul olsalar da, uşağın bu cür davranışları onlara da mənəvi iztirab verir. Hətta bu gün belə həyat yoldaşı övladının narahat olmaması və gününü pozitiv keçirməsi üçün gündəlik yolu uzatmaq bahasına övladı ilə birlikdə köhnə məktəbin qarşısından keçmir. Paralel olaraq onun və həyat yoldaşı Nümayəndə yaranmış situasiyada övladlarının psixoloji vəziyyəti və təhsili barədə ciddi qayğıları var. Hazırki məhkəmə işi üzrə ailədə yaranan gərgin vəziyyətin uşağa, günlük həyatına və psixoloji vəziyyətinə ciddi təsir etdiyini gördükcə narahatlıqları artmaqdadır. Övladılarının hüquq sistemi barədə fikirləri onların hansısa qanunsuz əməl törətdikləri üçün məhkəmə qarşısında olduqlarını düşünməsinə səbəb olur. Məsələnin mənəvi tərəfində valideyn olaraq onlara ən çox mənəvi iztirab verən də elə budur.

13. İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinin nümayəndəsi Vəkil qarşılıqlı iddiaya etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, ilk öncə, cavabdehin təhsil haqqına 70% güzəştin tətbiq edilməli olması barədə arqumentinə dair bildirirlər ki, həqiqətən, 2021-ci ildə ona göndərilmiş iş təklifində məktəbdə işlədiyi halda övladının təhsil haqqına güzəştin tətbiq ediləcəyi barədə müddəa öz əksini tapmışdır. Lakin, bu qayda tərəflər arasında bağlanılan “Təhsilin təşkili haqqında” müqavilədə nəzərdə tutulmur. Belə ki, periodik olaraq bu qaydanın tətbiq edilib-edilməyəcəyi, tətbiq edildiyi halda hansı şərtlər əsasında ediləcəyi qaydalarına yenidən baxılır və bununla bağlı tərəflər arasında müqaviləyə Əlavə bağlanılır. 2024-2025-ci il tədris ili üçün müəyyən şərtlər nəzərə alınmaqla (güzəştin yalnız valideynin məktəbdə çalışdığı vaxta şamil edilməsi və s.) cavabdehə sözügedən Əlavənin bağlanılması təklif edilsə də, o, bundan imtina etmişdir. Sözügedən güzəştin də əsasını yalnız həmin əlavə təşkil edə bilərdi ki, cavabdeh onu imzalamamışdır. İstənilən halda, cavabdeh ##.##.2024-cü il tarixdə könüllü olaraq məktəbdən işdən çıxdığına görə 2024-cü ilin noyabr və dekabr ayları üçün onun övladının təhsil haqqına dair güzəşt tətbiq edilə bilməzdi. Yəni, cavabdehin övladının məktəbdə təhsil aldığı 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün təhsil haqqı 6.160 manat təşkil etmişdir. Tərəflər arasında güzəştlə bağlı Əlavə bağlandığı halda güzəşt yalnız sentyabr və oktyabr ayına tətbiq edilə bilərdi (hər ay üçün təhsil haqqı 1.540 manat olmaqla, iki ayın təhsil haqqına dair (3.080 manat) 70% endirim tətbiq edildiyi halda, cavabdeh 924 manat ödəməli idi). Cavabdeh 2024cü ilin oktyabr ayından məktəbdə işləmədiyinə görə isə istənilən halda 2024-cü ilin noyabr və sentyabr ayına görə təhsil haqqı 3.080 manat təşkil edəcəkdi. Beləliklə, 2 aya görə güzəşt tətbiq edilsə idi, cavabdeh 6.160 deyil, 4.004 manat odəməli idi ki, bu məbləğdən də yalnız 2.084 manat ödənilmişdir (yəni güzəşt tətbiq edilsə idi borc məbləği 1.920 manat təşkil edəcək idi). Odur ki, cavabdehin güzəştə istinad edərək ümumiyyətlə borcunun olmamasını bildirməsi, məsuliyyətdən yaynınmağa uğursuz bir cəhddir. Bir daha qeyd edir ki, tərəflər arasında müqaviləyə əlavə bağlanılmadığına görə, tərəflərin təhsil haqqına dair münasibətləri yalnız onlar arasında bağlanılmış “Təhsilin təşkili haqqında” müqavilə ilə tənzimlənə bilər. Qarşılıqlı iddia tələblərinə dair məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh könüllü şəkildə övladını məktəbdən çıxarmışdır. Hətta onun borcu olduğu halda, övladı dərslərə buraxılmış (halbuki, müqavilə şərtlərinə əsasən borc olduqda buraxılmaya da bilərdi) və bütün borclu valideynlər kimi ona yalnız rəsmi qaydada xəbərdarlıqlar ünvanlamışdır. Cavabdeh öz iradəsi ilə, artıq məktəbdə işləmədiyi və təhsil haqqında güzəştlərin tətbiq olunmasının mümkünsüz olması səbəbini bildirməklə uşağını məktəbdən çıxarmışdır. Odur ki, onun uşağının oxuduğu il üçün ödədiyi məbləği geri istəməsi absurd və gülüncdür. Təhsil müddəti ərzində iddiaçı tərəfindən uşağa yüksək səviyyədə təhsil verilmiş, xərclər çəkilmişdir ki, iddiaçının ödədiyi təhsil haqqını geri istəməsinin nə hüquqi, nə də ki, mənəvi əsasları mövcud deyildir. O ki, qaldı iddianın mənəvi zərərlə bağlı hissəsinə, könüllü qaydada valideynlər tərəfindən məktəbdən çıxarılmış uşağın qarşılıqlı iddiada yazıldığı kimi dərin mənəvi sarsıntı keçirməsi inandırıcı olmasa da, belə olduğu fərz edilsə belə, bunun səbəbkarı yalnız uşağın valideynləridir. Valideyn uşağını məktəbə gətirəndə əvvəlcədən təhsil haqqı barədə məlumatlı idi və bilirdi ki, güzəşt də, o, həmin məktəbdə işlədiyi vaxt tətbiq oluna bilər. Maddi vəziyyəti imkan vermədiyi halda (özünün dediyinə görə) uşağı bahalı məktəbə daxil edən, sonra da güzəştə əsas ola biləcək hala könüllü qaydada son qoyan (öz xahişi ilə işdən çıxmışdır) və nəticədə uşağı məktəbdən özü çıxaran valideyn niyə görə öz məsuliyyətini başqasının üstünə yıxmaqla əsassız varlanmaq istəyir?!

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, onun 2 uşağı İddiaçı Təhsil Kompleksində təhsil alır. O, İddiaçı Təhsil Kompleksində müəllim işlədiyindən onun uşaqlarının təhsil haqqlarında 70% güzəşt edilmişdir. Qızına görə 460 manat, oğluna görə 500 manat ödəniş edir. İddiaçı Təhsil Kompleksi həmişə güzəşt etmiş, onlarla müqavilə bağlamış və endirim tətbiq olunmuş ödəniş cədvəli verilmişdir. Müqavilədən başqa tərəflər arasında əlavə də imzalanır. Əlavədə güzəştlərin tədbiq olunması göstərilir.

15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, oğlu İddiaçı Təhsil Kompleksində 7-ci sinifdə oxuyur. Onlara həmişə 70% güzəşt tətbiq olunmuşdur. İddiaçı Təhsil Kompleksi ilə müqaviləni iyun ayında bağlayırlar və onlara endirimli ödəniş cədvəli verilir. May, iyun ayında isə məktəb özü çagırır ki, əlavə hazırdı, onlarda əlavəni imzalayırlar. İddiaçı Təhsil Kompleksinin təhsil haqqını tam ödəmir, bir hissəsini ödəyir, qalan hissəsini isə sonrakı aylar üzrə ödəyir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1476/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ödəniş cədvəli onu göstərir ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı məbləği güzəşt tətbiq edilməklə hesablanmış və cavabdeh tərəfindən də həmin ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişlər həyata keçirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əgər ilkin iddiaçı tərəfindən təhsil haqqı məbləği güzəşt tətbiq edilmədən hesablansa idi, “Təhsilin Təşkili Müqaviləsi”nin 3.3-cü bəndinin tələbinə əsasən illik təhsil haqqı məbləğinin (15400) 30% hissəsini, yəni 4620 manat məbləğində ödəniş ##.##.2024-cü il tarixədək cavabdehdən tələb edilərdi. Yəni işin müəyyən edilmiş qeyd edilən halları onu deməyə əsas verir ki, Əlavə imzalanmasa da, 2024-2024-tədris ili üçün təhsil haqqı məbləği ilkin iddiaçı tərəfindən güzəşt tətbiq edilməklə hesablanmışdır. Odur ki, həmin aylara dair ödənişlərin güzəşt tətbiq edilmədən hesablanaraq tələb edilməsi əsassızdır. Cavabdeh ilk üç ay, yəni sentyabr, oktyabr və noyabr ayları üzrə təhsil haqqı məbləğini güzəştli məbləğ ilə ödəməkdə haqlı olmuşdur. Dekabr ayının ödənişinə münasibətdə isə məhkəmə qeyd edir ki, ilk növbədə həmin ödənişi tam olaraq ödənilməsini tələb etməkdə iddiaçı ona görə haqlı deyil ki, işdən aydın olur ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərinə xitam verən zaman təhsil haqqı məsələsini müzakirə etmiş və razılıq üzrə güzəştli məbləğlə ödənişlərə davam etmiş və uşağının həmin məktəbdə təhsilinə davam etdirmişdir.

18. Sonda məhkəmə ilkin iddia ilə bağlı hesab etmişdir ki, ilk öncə ilkin iddiaçı tərəfindən 2024-2025-ci tədris ili üçün təhsil haqqı məbləği güzəşt tətbiq edilməklə hesablanaraq 4620 manat müəyyən edilmişdir. Həmin məbləğin 1000 manat hissəsi müqaviləyə uyğun olaraq ilk öncə ödənilmiş, qalan məbləğ isə 7 aya bölünərək 517 manat olaraq müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilmiş 1000 manat vəsait də nəzərə alındıqda dekabr ayı üzrə borc hesablana bilməz.

19. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, İddiaçı Təhsil Kompleksində mövcud olan qaydaya əsasən məktəbdə “ibtidai təhsil” adlanan ilk təhsil pilləsi 1-5-ci sinifləri əhatə edir və 5 yaşdan 11 yaşadək uşaqlar ibtidai təhsil alırlar. Hesab etmişdir ki, İddiaçı Təhsil Kompleksində müəyyən edilmiş qaydalar ölkənin təhsil sisteminə zidd olmayıb, faktiki olaraq məktəbin birinci təhsil ili Respublikanın ümumi təhsil sistemində məktəbəqədər təhsil olub, adlandırma baxımından birinci təhsil ili adlandırılır. Qarşılıqlı iddiaçı onun övladının iki il 3-cü sinifdə təhsil alması nəticəsində ona həmin il üçün ödədiyi pul vəsaiti miqdarında zərər dəydiyini bildirsə də, faktiki olaraq övladının cavabdeh təhsil müəssisəsində təhsil aldığı 3-cü sinif, ökədə mövcud olan təhsil sisteminə əsasən 2-ci sinif olmuşdur. Həmçinin cavabdeh təhsil müəssisəsində müəyyən edilmiş qaydalara əsasən tam orta təhsil 12-ci sinifdə başa çatır. Yəni faktiki olaraq məktəbəqədər təhsil daxil olmaqla 12 il təhsil alır.

20. Son olaraq məhkəmə qarşılıqlı iddia ilə bağlı hesab etmişdir ki, müqavilə bağlayan zaman qarşılıqlı iddiaçıya məlum idi ki, həmin təhsil müəssisənin təhsil haqqı məbləği çoxdur və ona təklif edilən güzəşt onun həmin təhsil müəssisəsində işləməsi ilə bağlı olmuşdur. Yəni cavabdehin dediyinə münasibətdə belə yanaşsaq ki, təhsil haqqı məbləğinə güzəşt o işdən çıxan zaman həmin tədris ilinin sonunadək tətbiq edilməli idi, belə olan halda qarşılıqlı iddiaçı öz ərizəsi ilə işdən çıxarkən ona məlum deyildimi ki, növbəti tədris ili üçün təhsil haqqı ödənişini güzəştsiz məbləğlə ödənilməlidir. Belə olan halda, cavabdehin ondan ödənişi güzəştsiz məbləğlə tələb etməsinin nə kimi mənəvi sarsıntıya səbəb olması aydın deyil. Qarşılıqlı iddiaçı tərəfindən ərizənin əsaslandırılmasından aydın olur ki, sarsıntı keçirməsinin, ona mənəvi zərər dəyməsinin əsas səbəbi olaraq övladının psixioloji vəziyyətini bildirmişdir. Belə olan halda sual yaranır ki, hər bir halda növbəti tədris ili üçün ödəniş tam şəkildə tələb ediləcəyi halda övladı mənəvi sarsıntı keçirməyəcəkdimi? Bəs bu zaman təqsir kimdə olacaqdı. Yəni məhkəmə onu qeyd edir ki, hazırki işin faktiki halları baxımından tərəflər müqavilə münasibətlərinə daxil olarakən qarşılıqlı iddiaçının övladının təhsil haqqı məbləğinə güzəşt şərtlə, yəni onun təhsil müəssisəsində işləməsi ilə bağlı təklif edildiyindən, güzəşt barədə razılığı pozulması riski hər bir halda olmuşdur.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.2, 390.1, 385.1, 385.2, 442 və 528-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

22. İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1476/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin qismən - ilkin iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Təhsil Kompleksi ilə cavabdeh İsmayılzadə Asiman Mehman qızı arasında ## #### 2024-cü ildə *** nömrəli Təhsilin Təşkili Müqaviləsinin 3.1-ci maddəsinə əsasən, İddiaçı Təhsil Kompleksinin ibtidai təhsil bölməsində tədris ili üçün təhsil haqqı 15.400 (on beş min dörd yüz) manat təşkil edir. Eyni zamanda, cavabdeh təhsil haqqının 30%-i (##.##.2024-cü il tarixədək ödənilmiş 1.000 manat nəzərə alınmaqla) ##.##.2024-cü il tarixinədək, qalan 70%-i isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1.540 manat) hər təqvim ayının 7-dək İddiaçı Təhsil Kompleksinin təqdim etdiyi hesaba köçürməyi öhdəsinə götürmüşdür. Beləliklə, aşkardır ki, tərəflərin münasibətləri yazılı müqavilə ilə tənzimlənir və həmin müqavilədə təhsil haqqına dair ümumiyyətlə hər hansı bir güzəştdən söhbət getmir. Lakin məktəbin İdarə Heyətinin təşəbbüsü ilə, ABC TK-də çalışan müəllimləri həvəsləndirmək və onları işlərinə xüsusi diqqət və məsuliyyətlə yanaşmağa sövq etmək məqsədilə, onların ABC TK-də tədris alan övladlarının təhsil haqqına dair 70% güzəşt tətbiq edilir. Bu hal müqavilədə göstərilmədiyindən, qanunvericiliyin tələblərinə əsasən, tərəflər arasında həmin müqaviləyə dair yazılı Əlavə bağlanılır. Belə ki, bu Əlavə ilə müqavilənin ödəniş şərtləri yeni redaksiyada verilmişdir. Qətnamənin 19-cu bəndində deyilir: İddiaçı Təhsil Kompleksinin ilə İsmayılzadə Asiman Mehman qızı arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqaviləsi”nə Əlavənin surətindən görünür ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, ##.##.2023-cü tarixli, *** saylı “Təhsilin təşkili müqaviləsi”nin 3.1-ci maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir: 1. “ABC” TK-nin məktəb bölməsində təhsilalanın tədris ili üçün təhsil haqqı məbləği 4.620 (dörd min altı yüz iyirmi) manat təşkil edir. 2. Bu əlavə imzalandığı tarixdən qüvvəyə minir və yuxarıda göstərilən müqavilənin ayrılmaz tərkib hissəsidir. 3. Valideynlə “ABC” TK arasında bağlanılan əmək müqaviləsinə xitam verildikdə bu əlavə öz qüvvəsini itirir”. Beləliklə, məhkəmə də onunla razılaşır ki, bu güzəşt yalnız ABC TKnin işçilərinə tətbiq edilə bilər. Qətnamənin 14-cü bəndində də qeyd edildiyi kimi, ##.##.2021ci il tarixli “Təyinat haqqında məktub”un surətindən görünür ki, İsmayılzadə Asiman Mehman qızı İddiaçı Təhsil Kompleksinə fransız dili müəllimi vəzifəsi üzrə iş təklif olunmuşdur. Məktubda müxtəlif güzəştlərlə yanaşı, övladlarının Təhsil haqqına 70% güzəşt təklif edilmişdir. Beləliklə də, sözügedən güzəştin yalnız məktəbdə çalışan müəlimlərə tətbiq edilməsi halı məhkəmə üçün də aşkar olmuşdur. Lakin məhkəmə qətnamənin 47-ci bəndində bildirir ki: Məhkəmə tərəfindən tədqiq edilmiş cavabdeh ilə məktəbin mühasibi arasında “whatsapp” mobil tətbiqində aparılan danışıqlara (həmin danışıqlar ilkin iddiaçının vəkili və nümayəndəsi tərəfindən mübahisələndirilməyib) əsasən müəyyən edilir ki, ##.##.2024-cü il tarixində cavabdeh tərəfindən “bir xəbər var” məzmunlu mətn göndərilmiş, daha sonra isə danışıqlar ## ###### 2024-cü il tarixində aparılaraq cavabdeh tərəfindən “noyabr ayını endirimli qiymətlə ödədiklərinə, lakin onlara borca dair mesaj gəldiyinə dair”, həmçinin “endirimsiz qiymətlə hesablayıblar?” məzmunlu mətn göndərilmişdir. ##.##.2024-cü il tarixində cavabdeh yenidən məlumat verilməsini istəmiş, həmin tarixdə, günün birinci yarısı cavabdehə cavab olaraq “Narahat olmayın, bu Ələkbər müəllim ilə danışılmış bir şeydir. O dəyişilməz. Əgər siz ona görə narahatsınızsa ona görə narahat olmayın. Biz necə danışdıq, elə də qalacaq. Ələkbər müəllim onu təsdiq elədi” məzmunlu səs yazısı göndərilmişdir. Həmin günün ikinci yarısı aparılan yazışmalara əsasən müəyyən edilir ki, cavabdehlə məktəb arasında bağlanılmış əlavəni tapmadıqlarını və belə olan halda güzəşt tətbiq edə bilməyəcəklərini bildirmişlər. Daha sonra 48-ci bənddə qeyd edilir: Yəni qeyd edilən yazışmalara əsasən müəyyən edilir ki, cavabdeh işdən çıxan zaman İddiaçı Təhsil Kompleksi ilə “uşağın təhsil haqqı” məsələsini müzakirə etmiş və İddiaçı Təhsil Kompleksi tərəfindən tərəflər arasında olan münasibətlərin eyni qaydada davam edəcəyinə, yəni təhsil haqqı məbləğinin güzəşt tətbiq edilərək hesablanacağına dair razılıq verilmişdir. Əvvəla, hakim həmin yazışmanın məhz ABC TK-nin mühasibi ilə aparıldığını necə müəyyən etmişdir?! Mötərəzədə güya tərəfindən həmin yazışmanın mübahisələndirilməməsinin bildirilməsi, tərəf tutmaqdan başqa bir şey deyil. Dəfələrlə bildirmişdir ki, bu yazışmanın kimlər tərəfindən aparılması barədə nə mənim, nədə ki, ABC TKnin rəhbərliyinin məlumatı yoxdur. Həmçinin həmin yazışamada konkret olaraq bir məlumat da verilmir. Lakin hətta hesab edilsə ki, həmin yazışma ABC-də işləyən şəxs tərəfindən aparılıb, bu hakimə ilkin iddia tələbinin rədd edilməsi üçün əsas verirmi? Təhsil haqqının məbləği, ödənilmə qaydası, tətbiq edilən güzəştlər müqavilə, ona dair əlavələrlə deyil, whatsap yazışması ilə müəyyən edilirmi?! Bir hüquqçu kimi qeyd edir ki, bu hal hüquqa, Mülki Məcəlləyə, müqavilə münasibətlərinə haykırıdır. Kimdir mühasib ki, təhsil haqqı müəyyən etsin, güzəşt tətbiq etsin və s.?! İddiaçının Nizamnaməsindən də müəyyən olunur ki, hər hansı bir güzəştin tətbiq edilməsi yalnız İdarə Heyətinin qərarı ilə mümkündür. Əgər sabah ABC TK-nin xadiməsi, mühasibi, müəllimi hansısa bir valideynə mesaj yazsa ki, sabahdan sən təhsil haqqından azadsan, demək bu hal həmin valideynə təhsil haqqını ödəməmək haqqını verir?! Bu çox gülünc və hüquq adına vahiməli bir nəticədir. İddianı rədd edərkən mənbəyi müəyyən edilməyən və buna istənilən halda səlahiyyəti çatmayan şəxsin whatsap yazışmasına əsaslanmaq, məhkəmə qətnaməsi adına təhqirdir. Bir daha qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı sonuncunun 2024-cü ildə məktəbdə işlədiyi aylara münasibətdə də güzəşt o əsasla tətbiq edilməmişdir ki, cavabdeh tərəflər arasına bağlanılan müqavilənin ödəniş şərtlərini dəyişən Əlavəni imza etməkdən imtina etmişdir. Çünki, o əlavə bağlansa idi, vatsap yazışmasına yəqin ki, artıq istinad edilə bilməyəcəkdi. Lakin tərəflərin hüquq və öhdəliklərini tənzimləyən müqavilə ilə güzəşt şərtləri müəyyən edilmədiyindən və həmin güzəşti nəzərdə tutan əlavə cavabdeh tərəfindən imzalanmadığından, müqavilə hüququna hörmət olaraq, cavabdehdən təhsil haqqı 1920 manat deyil, 4076 manat istənilmişdir. Beləliklə, tərəflər arasında bağlanılan müqavilədəki ödəniş şərtləri yalnız yazılı formada bağlanıla bilər və səlahiyyətli şəxs tərəfindən imzalanmalı idi. Müqavilənin şərtləri mühasib, müəllim, tibb bacısı, xadimə və s. işçilər ilə aparılan whatsap yazışması ilə dəyişdirilə bilməz.

24. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1476/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ilə bağlı mənəvi zərərə aid hissədə məktəbin həm müqavilədə, həm də valideynə göndərdiyi SMS-lərdə ödənişin gecikdirilməsi halında şagirdin dərslərə buraxılmaması ilə bağlı hədələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir ki, şagirdin dərslərə buraxılmaması yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda mümkündür. Ümumi təhsil müəssisələrində şagirdlərin dərslərə davamiyyəti və buraxılış qaydaları, onların hüquq və vəzifələri, eləcə də təhsil hüququndan məhrum edilmə halları qanunvericiliklə tənzimlənir. Şagirdin dərslərə buraxılmamasına yalnız qanunvericilikdə göstərilən əsaslar olduqda və əsaslandırılmış qərar əsasında yol verilə bilər. Əks halda, şagirdin təhsil hüququnun pozulması İnzibati Xətalar Məcəlləsinə 181.0.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Yəni, qanunda konkret əsas göstərilmədikcə, şagirdin dərslərə buraxılmamasına icazə verilmir. Bununla yanaşı, SMS-lərin məzmununa nəzər yetirildikdə məktəbin ödənişin gecikdirilməsi halında valideyni övladının dərslərə buraxılmaması ilə hədələməsini də görmək mümkündür. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş; qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmişdir. Qeyd etmişdir ki, “Mühasibat uçotu haqqında” Qanun vardır. Qanunvericilikdə baş mühasibin hüquqi şəxsdə statusu açıq şəkildə göstərilmişdir. “Mühasibat uçotu haqqında” Qanun baş mühasibi rəhbər şəxs olaraq müəyyən edir. Onlar WhatsApp yazışmalarına istinad edirlər. Tərəflərindən 4 ay üçün hesablanmış məbləğin 30 faizi ödənilmişdir. İlkin iddia tələbi 4 min manat idi. Daha sonra isə o hissədə özləri də qəbul etdilər ki, 4 ayın iki ayında yoldaşı həmin məktəbdə müəllim işləmişdir. Bu proses başlayan zaman məktəbin baş mühasibinə müraciət olundu. Məktəbin baş mühasibi məktəbin direktoru ilə danışdı və bildirdi ki, “bəli, müqavilə vardır və ilin sonuna kimi güzəştli şərtlələ oxuyacaqsız, lakin növbəti il müqavilə bağlansa güzəştlə deyil, 100 faiz ödənişlə bağlı müqavilə bağlanacaqdır”. Daha sonra isə bəyan etmişlər ki, “məktəbin direktoru və onlar elə bilirdilər ki, sizin güzəşt barədə əlavəniz vardır, ona görə də bildrimişdilər ki, güzəştli oxuyacaqsız.” Münasibətlərin əsasını təşkil edən müqavilənin 3.8-ci bəndi ilə əlaqədar qeyd edir ki, valideynin məktəbə qarşı hər hansı yerinə yetirilməmiş öhdəliyi qaldığı halda uşaq məktəbdən ayrılan zaman uşağın sənədləri ona təhvil verilmir. Onların vəziyyətdə isə övladını məktəbdən ayrılan zaman məktəb bütün sənədləri təhvil vermişdir. Bu isə heç bir öhdəliyin olmadığını bildirir. Mənəvi zərərlə bağlı qeyd etmişdir ki, məktəb müqaviləyə konstitusion hüquqlarını pozan bənd əlavə etmişdir. Təhsil haqqı ödənilmədiyi halda dərsə buraxılmaması barədə şərt birbaşa onun hüquqlarının pozulmasıdır. Bundan başqa sms bildirişlərdə eyni məzmunlu mesajlar yazılmışdır. Buna görə də zərərin ödənilməsini istəyir. Valideynlik və uşaqlıq hüquqları pozulmuşdur. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsi düzgün qərar qəbul etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 32.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərində müvafiq oaraq qətnamənin ilkin və qarşılıqlı iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

33.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

34.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35.6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 36.16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 37.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 38.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 39.21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 40.328.1-328.3-ci maddələrinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. 41.328.7-ci maddəsinə əsasən, o əqd ləğvedici şərtlə bağlanmış sayılır ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir. 42.385.1-ci maddəsinə əsasən. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 45.399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 46.421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 47.423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 48.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 49.425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 50.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 51.443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 52.447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 53.560.1-560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun

54.13-ci maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 55.13-ci maddəsinin 4-cü bəndinə əsasən satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

56.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 57.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 58.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59.Məhkəmə kollegiyası iş materiallarını və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinin dəlillərini müzakirə edərək belə qənaətə gəlir ki, həmin şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və tərəflərin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, təqdim edilmiş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə iş üzrə faktiki halları mövcud sübutlar əsasında düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, nəticədə mülki işin bu hissəsi üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

60. Bununla belə məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin ilkin iddiaya aid hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilərək iddia bu hissədə qismən təmin olunmalıdır.

61. İlkin iddia ərizəsindən görünüyü kimi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksi (bundan sonra - iddiaçı) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızına (bundan sonra - cavabdeh) qarşı “4076 manat pul vəsaitinin tutulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi cavabdehin övladının İddiaçı Təhsil kompleksində 2024-2025-ci tədris ili üzrə 4 ay müddətində təhsil almasına baxmayaraq təhsil haqqının tam ödənilməməsi ilə əsaslandırılmışdır. İddianın faktiki əsasını tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqavilə”si təşkil etmişdir.

62. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, “ABC” TK-in ibtidai təhsil bölməsində təhsil alan şagird üçün illik təhsil 15.400 manat təşkil edir; 3.2-ci bəndinə görə, valideyn tərəfindən ##.##.2024-cü il tarixədək “ABC” TK-in təqdim etdiyi hesaba 1.000 manat depozit köçürülməlidir; 3.3-cü bəndində əsasən isə, təhsil haqqının 30%-i (yəni ##.##.2024-cü ilədək ödənilmiş 1.000 manat nəzərə alınmaqla) ##.##.2024-cü il tarixinədək ödənilməli, qalan 70%i isə cari (2024-2025) tədris ilinin sentyabr ayından mart ayınadək olan dövr üzrə 7 ay ərzində aylıq bərabər hissələrlə (1.540 manat olmaqla) hər təqvim ayının 7-dək “ABC” TK-in təqdim etdiyi hesaba köçürülməlidir.

63. Hazırda iddiaçı İddiaçı Təhsil Kompleksi cavabdehdən 4 aylıq təhsil haqqı məbləğinin güzəşt tətbiq edilmədən tutulmasını tələb edir, cavabdeh İsmayılzadə Asiman Mehman qızı tərəfindən 2024-2025-ci tədris ili üçün “Təhsilin təşkili müqaviləsi”nə Əlavə imzalanmadığından məktəbin təhsil haqqını tam məbləğdə ödənilməsini tələb etməyə haqlı olduğunu bildirir. Belə ki, TK-in İdarə Heyətinin təşəbbüsü ilə, Kompleksdə çalışan müəllimləri həvəsləndirmək məqsədilə onların övladlarına hesablanan təhsil haqqına 70% güzəşt nəzərdə tutulmuşdur. Lakin həmin güzəştin tətbiqi müqavilənin ayrılmaz hissəsi kimi tərəflər arasında bağlanan müvafiq Əlavə əsasında mümkün hesab edilmişdir. Tərəflər arasında isə 2024-2025-ci tədris ili üzrə müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavənin imzanması halının müəyyən edilmədiyinə istinad olunmuşdur.

64. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdehin övladı 2021-2022-ci tədris ilindən etibarən İddiaçı Təhsil Kompleksində təhsil almağa başlamış, cavabdeh həmin təhsil müəssisəsində 2021-ci ildən müəllim vəzifəsində çalışdığı üçün övladının aldığı təhsilə görə ödənilən təhsil haqqına güzəşt tətbiq edilmişdir.

65. Belə ki, ##.##.2021-ci il tarixli “Təyinat haqqında məktub”un surətindən görünür ki, İsmayılzadə Asiman Mehman qızına İddiaçı Təhsil Kompleksinə fransız dili müəllimi vəzifəsi üzrə iş təklif olunmuşdur. Məktubda müxtəlif güzəştlərlə yanaşı, övladlarının təhsil haqqına 70% güzəşt təklif edilmişdir.

66. Bundan başqa, İddiaçı Təhsil Kompleksi ilə İsmayılzadə Asiman Mehman qızı tərəfindən sonuncu dəfə imzalanmış ##.##.2023-cü il tarixli, *** nömrəli “Təhsilin təşkili müqaviləsi”nə Əlavənin surətindən müəyyən olunur ki, 1. “ABC” TK-nin məktəb bölməsində təhsil alan şagird üçün təhsil haqqı məbləği 4.620 (dörd min altı yüz iyirmi) manat təşkil edir. 2. Bu əlavə imzalandığı tarixdən qüvvəyə minir və yuxarıda göstərilən müqavilənin ayrılmaz tərkib hissəsidir. 3. Valideynlə “ABC” TK arasında bağlanılan əmək müqaviləsinə xitam verildikdə bu əlavə öz qüvvəsini itirir.

67. Cavabdeh tərəfindən 2024-2025-ci tədris ili üzrə təhsil haqqının ödənilməsi məqsədilə ##.##.2024-cü il tarixində 550 manat, ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2024-cü il tarixində 517 manat və ##.##.2024-cü il tarixində 517 manat olmaqla ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında mövcud əmək münasibətlərinə ##.##.2024-cü il tarixində xitam verilmişdir.

68. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən əlavənin tərəflər tərəfindən imzalanıb-imzalanmamasından asılı olmayaraq, təhsil müəssisəsi tərəfindən cavabdeh İsmayılzadə Asiman Mehman qızının övladına tətbiq edilən təhsil haqqına güzəşt şərti onun həmin müəssisədə müəllim kimi əmək fəaliyyəti davam etdiyimüddət ərzində qüvvədə hesab olunmalıdır. Əks yanaşma iddiaçının digər tərəfin formalaşmış hüquqi vəziyyətə və vicdanlı gözləntilərə əsaslanan etimaddan sui-istifadə etməsi, əvvəlki davranışına zidd olaraq hüquqi mövqeyini dəyişməsi və bununla da cavabdehin mənafeyinə zərər vurmaqla özünə üstünlük və fayda əldə etməsi ilə nəticələnər ki, bu da hüququn ümumi prinsiplərinə, o cümlədən estoppel prinsipinə ziddir.

69. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri).

70. Bununla belə kollegiya, 2024-2025-ci tədris ilinin noyabr və dekabr ayları üzrə ödənilməli olan təhsil haqlarına münasibətdə, tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra güzəştin tətbiqi üçün hüquqi əsasın mövcud olmadığı qənaətinə gəlmişdir.

71. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 328-ci maddəsinə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyədə müqavilə münasibətləri müəyyən şərtlərdən asılı olaraq yarana bilər. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, belə müqavilə şərtlə bağlanmış hesab olunur. Həmin şərtin baş verməsi müqavilənin xitamına səbəb olduqda, müqavilə ləğvedici şərtlə bağlanmış sayılır və tərəflər müqavilə bağlanana qədər mövcud olmuş vəziyyətə qaytarılır.

72. İddiaçı Təhsil Kompleksi ilə İsmayılzadə Asiman Mehman qızı arasında hər tədris ilinin əvvəlində bağlanan “Təhsilin təşkili müqaviləsi”nə Əlavənin 3-cü bəndinin məzmunundan da aydın görünür ki, tərəflər razılaşmışlar ki, valideyn ilə “ABC” TK arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdə, həmin əlavə öz hüquqi qüvvəsini itirir. Tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi ilə cavabdehin övladının təhsil haqqına tətbiq edilən 70% güzəşt barədə şərt hər hansı əlavə razılaşmaya ehtiyac olmadan avtomatik olaraq qüvvədən düşmüşdür. Bu halda iddiaçının cavabdehdən övladının təhsil haqqının standart şərtlərlə ödənilməsini tələb etməsi əsaslı hesab edilməlidir.

73. Belə ki, cavabdeh İsmayılzadə Asiman Mehman qızı ilə iddiaçı İddiaçı Təhsil Kompleksi arasında əmək münasibətlərinə xitam verildiyi vaxtdan sonrakı, yəni noyabr və dekabr ayları üçün təhsil haqqının güzəşt tətbiq edilməklə ödənilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.

74. Cavabdehin İddiaçı Təhsil Kompleksinin əməkdaşı olan şəxsin “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə təhsil xidmətlərinin əvvəlki şərtlərlə davam etdiriləcəyi, yəni təhsil haqqının güzəşt tətbiq edilməklə hesablanacağı barədə məlumatlandırılmasına dair istinadları kollegiya tərəfindən əsaslı hesab edilmir. Belə ki, həmin şəxs güzəştlərin tətbiqi və ya dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətlərinə malik olmadığından, onun bu bu məzmunda verdiyi məlumatlar hüquqi nəticə doğuran iradə ifadəsi kimi qiymətləndirilə bilməz, qeyd olunan yazışmaların məzmunu tərəflər arasında əlavə müqavilə münasibətlərinin yaranmasına yönəlmiş razılaşma kimi qəbul edilə bilməz.

75. Bu səbəbdən cavabdehin göstərilən hallara istinad edərək güzəştin əmək münasibətlərinə xitam verildikdən sonra da tətbiq olunmalı olduğunu iddia etməsi hüquqi əsasdan məhrumdur və həmin arqumentlər kollegiya tərəfindən qəbul edilmir.

76. Beləliklə, cavabdehin İddiaçı Təhsil Kompleksində 2024-2025-ci tədris ilinin 4 ayı müddətində təhsil almış övladının təhsil haqqı aşağıdakı qaydada hesablanmalıdır.

77. Nəzərə alınmalıdır ki, tərəflər arasında razılaşdırılmış aylıq ödəniş məbləği 1.540 manat təşkil etmişdir. İlk iki ay üzrə 70% güzəşt tətbiq olunduğundan həmin dövr üçün aylıq 462 manat olmaqla, cəmi 924 manat təşkil edir. Sonrakı iki ay üzrə isə ödəniş tam məbləğdə olmaqla 3.080 manat müəyyən edilir. Beləliklə, dörd ay üzrə ödənilməli olan ümumi məbləğ 4.004 manatdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ümumilikdə 2.084 manat ödənilmiş, nəticə etibarilə onun 1.920 manat məbləğində yerinə yetirilməmiş öhdəliyi qalmışdır.

78. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İsmayılzadə Asiman Mehman qızından iddiaçı İddiaçı Təhsil Kompleksinin xeyrinə ödənilməmiş təhsil haqqı olaraq 1.920 manat məbləğində pul tutulmalıdır.

79. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

80. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətləri tənzimlənərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.

81. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

82. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

83. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda ilkin iddia tələbinin təmin olunan və olunmayan hissələrində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamənin ilkin iddiaya aid hissəsindən tərəflər tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

84. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia tələbi üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızının apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1476/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - “ilkin iddianın təmin olunmaması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilsin. İklin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılzadə Asiman Mehman qızından iklin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Təhsil Kompleksinin xeyrinə ödənilməmiş təhsil haqqı olaraq 1.920 (bir min doqquz yüz iyirmi) manat məbləğində pul tutulmalıdır. Qətnamədən (qarşılıqlı iddiaya aid hissəsindən) təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar