Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2210/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(***)-***/**** saylı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İbadova Firuzə Böyük-Ağa qızı vəkili (nümayəndəsi) vəkil2 vasitəsi ilə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2016-cı il tarixli qərardadı ilə həyata keçirilmiş müvəqqəti təmin tədbirinin ləğv edilməsini və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 972 “b” saylı bağ sahəsində yerləşən 0,0612 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən müvəqqəti təminat tədbirinin davam etdirilməsinə zərurət və əsas qalmamışdır. Belə ki, təminat tədbirinin həyata keçirilməsinə əsas olmuş mülki işə baxılmış, iş üzrə yekun qərarlar qəbul edilmiş, ilk iddia rədd, qarşılıqlı iddia üzrə işin icraatına xitam verilmişdir. Belə olan halda həyata keçirilmiş müvəqqəti təmin tədbiri ləğv edilməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməsini, yuxarıda qeyd edilən torpaq sahəsi ilə tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, tətbiq edilmiş təminat tədbirinin həyata keçirilməsinə əsas olmuş mülki işə artıq baxılmış, ilk iddia rədd, qarşılıqlı iddia üzrə işin icraatına xitam verilmişdir. Göründüyü kimi həyata keçirilmiş müvəqqəti təmin tədbirinin davam etdirilməsi üçün əsas qalmamışdır. Cavabdeh Cavabdeh vəkili (nümayəndəsi) İsmayılov Ceyhun Zöhrab oğlunun vasitəsi ilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və Firuzə İbadovanın “müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında” ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Firuzə İbadovanın bu kimi ərizəsi təmin edilə bilməz. Belə ki, əvvəllər baxılmış mülki və inzibati işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmiş, həmin aktlarla müəyyən edilmişdir ki, Firuzə İbadovanın mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququ yoxdur. Buna görə də, Firuzə İbadovanın iddiaları rədd edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, Firuzə İbadova tətbiq edilmiş təminat tədbirinin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Bu kimi ərizəni yalnız aidiyyəti dövlət orqanları verə bilərlər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4.). Qanunun məzmunundan göründüyü kimi, tətbiq edilmiş müvəqqəti təminat tədbiri iddia təmin edildiyi halda məhkəmə aktı icra edilənə qədər öz qüvvəsini saxlayır. Lakin hazırkı işin materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə Firuzə İbadovanın ilk iddiası təmin edilməmiş, həmin məhkəmənin eyni tarixli və eyni nömrəli qərardadı ilə isə Cavabdeh qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmişdir. Başqa sözlə hazırkı iş üzrə hər hansı bir iddianın təmin edilməsi ilə bağlı yekun məhkəmə aktı mövcud deyil. Bu baxımdan, Məhkəmə, MPM-in 162.4-cü maddəsinin tələbindən çıxış edərək, hesab edir ki, həyata keçirilmiş müvəqqəti təmin tədbirinin davam etdirilməsi üçün əsas yoxdur və Rayon Məhkəməsi bunu nəzərə alaraq tətbiq edilmiş müvəqqəti təminat tədbirini ləğv etməkdə haqlı olmuşdur. Şikayətin ərizəçi (iddiaçı) Firuzə İbadovanın “müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında” ərizəni verməyə və təminat tədbirinin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, MPM-in 162.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə bildirir ki, Firuzə İbadova hazırkı iş üzrə tərəf olmuş və bu səbəbdən də, o, “müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında” ərizəni verməyə səlahiyyətə malikdir. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Firuzə İbadovanın bu ərizəsinə baxmaqda haqlı olmuşdur. Bunlardan başqa Məhkəmə nəzərə alır ki, işə baxmış Rayon Məhkəməsi tətbiq edilmiş müvəqqəti təminat tədbirini öz təşəbbüsülə də ləğv edə bilərdi. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(3-6)-2210/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2210/2026
05.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver