Məhkəmə qərarları › İş №2(3-6)-2317/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2317/2026

20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2317/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı Məmmədov İltifat Şəmil oğlunun iştirakı ilə, İddiaçı Məmmədov İltifat Şəmil oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh tərəfindən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyinə görə iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 4147.20 manat borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Məmmədov İltifat Şəmil oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evində istifadəsində olan (abonent kodu 100405802520000) qaz sayğacına əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 4147,20 manat dəymiş zərər kimi müəyyən olunan borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Həmin evə 100405802520000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etdi ki, adına olan *************** nömrəli abonent hesabında 4147,20 manat borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən aydın oldu ki, guya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş, qaz itkisi müəyyən edilərək hesabına ümumilikdə 4147,20 manat dəymiş zərər məbləği yazılmışdır. Qeyd edilən aktla razı deyil. Çünki heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək akt tərtib etmişlər. Borc məbləği qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, hesabına borc məbləği yazmış və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Müqavilə şərtlərində qaz paylayıcısı heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları"na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh İstehsalat Birliyi tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər-hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Bütün bu olanlar onu dərindən sarsıdaraq əsəbləşdirir. Çünki Cavabdeh İstehsalat Birliyinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq yuxarıda qeyd etdiyi ünvanda yerləşən evdə olan qaz sayğacı üzrə Cavabdeh İstehsalat Birliyinin aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalı, Cavabdeh İstehsalat Birliynin qanuna zidd hərəkətlərinə son qoymalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı Məmmədov İltifat Şəmil oğlunun *************** saylı abunə koduna ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4147.20 manat məbləğində borcdan qalıq qalan 4101.65 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi və cavabdeh Cavabdeh İstehsalat Birliyindən 61.02 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsi qüvvəyə mindikdən sonra tərtib edilmişdir. Belə ki, adıçəkilən maddənin tələbinə əsasən ##.##.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi ilə bağlı akt tərtib edərək, iddiaçının abunə koduna borc hesablamış, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan halda, ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 4147.20 manat məbləğində vurulmuş ziyanın da Məmmədov İltifat Şəmil oğluna aid edilməsi əsassızdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin akt əsasında hesablanmış 4147.20 manat məbləğində borc əsassız olmasına baxmayaraq, iddiaçı tərəfindən müəyyən ödənişlər edilmiş, hazırda borc 4101.65 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İstehsalat Birliyi tərəfindən Məmmədov İltifat Şəmil oğlunun *************** saylı abunə koduna hesablanmış 4147.20 manat məbləğində borcdan qalıq qalan 4101.65 manat məbləğində borc silinməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı Məmmədov İltifat Şəmil oğlu qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materialarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı Məmmədov İltifat Şəmil oğluna aid olan 100405802520000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. İnzibati Xətalar Məcəlləsi: 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə-fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, ünvan 2ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyanın həcmi 34560 kubmetr müəyyən edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli abonent saldosundan görünür ki, Məmmədov İltifat Şəmil oğlunun yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə ##.##.2023cü il tarixli ******* saylı akt əsasında 4147.20 manat məbləğində borc hesablanmışdır. Həmin tarixə ayın sonuna borc 4101.65 manat təşkil edir. Bununla belə qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olmasının həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi barədə sübut olmalıdır. Bu səbəbdən iddiaçının abonent hesabına hesablanmış 4101.65 manat borcun silinməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini Məhkəmə Kollegiyası qanunauyğun hesab edir. Eyni zamanda hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda Məhkəmə Kollegiyası cavabdeh tərəfindən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdeh Cavabdeh İB-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar