Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2320/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən və tikilidən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı İddiaçı vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, Biləcəri Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Biləcəri bələdiyyəsinin *** nömrəli, ##.##.2004-cü il tarixli qərarına əsasən və onun tərkib hissəsi olan plan-sxem üzrə, fərdi yaşayış evinin tikilməsi üçün “Alğı-satqı aktı” üzrə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsi iddiaçıya ayrılmış və təhvil verilmişdir. Torpaq sahəsini satın alandan sonra iddiaçı orada öz hesabına fərdi yaşayış evi inşa etdirmişdir. Ev icazəsiz tikildiyi üçün onun hər hansı sənədi yoxdur, yəni özbaşına tikilidir. Evi inşa edəndən sonra iddiaçı öz vəsaiti hesabına ora su, təbii qaz və elektrik xətti çəkdirmişdir. Bununla bağlı iddiaçı ilə aidiyyəti qurumlar arasında müvafiq müqavilələr bağlanmış və ünvanda müvafiq sayğaclar quraşdırılmışdır. İddiaçının övladı X1 cavabdeh ilə nikaha daxil olduqdan sonra iddiaçı onlara icazə vermişdir ki, onlar həmin evdə müvəqqəti yaşasınlar. Onlar bir müddət həmin tikilidə yaşamış, sonradan Ramin ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra iddiaçı cavabdehdən və Ramindən tələb etmişdir ki, onlar həmin torpaqdan və özbaşına tikilidən çıxsınlar. Ramin torpaq sahəsindən və tikilidən çıxsa da, cavabdeh oradan çıxmaqdan qəti surətdə imtina edir və iddiaçını həmin torpaq sahəsinə və tikiliyə buraxmır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə tərəflərin məhkəmə iclaslarında iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat
3. İddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir.
4. Rayon Məhkəməsində işə baxılan zaman cavabdehin vəkili (nümayəndəsi) vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Buna görə də, iddiaçının bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddia rədd edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisəli tikili cavabdeh ilə iddiaçının övladı Ramin Həsənovun birgə nikahları dövründə inşa edilmişdir və evin inşasında cavabdeh şəxsən iştirak etmişdir. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. İddia rədd edilməlidir.
5. İşin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Biləcəri bələdiyyəsi məhkəmə iclaslarınin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də Rayon Məhkəməsi işə Biləcəri bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli qərarından, həmin qərarın tərkib hissəsi olan “Plan-sxemdən” və “Alğı-satqı aktından” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən mübahisəli torpaq sahəsi iddiaçıya ayrılmış və Bələdiyyə tərəfindən iddiaçıya təhvil verilmişdir. İşin baxılması zamanı mübahisəli əmlaka yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin üzərində 1 ədəd tikili mövcuddur. İddiaçı bildirir ki, həmin ev onun tərəfindən inşa edilmişdir. İşin hallarından müəyyən edilir ki, həmin ev özbaşına tikilidir. Mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə baxışı zamanı nə cavabdeh, nə də ki, cavabdehin vəkili (nümayəndəsi) həmin torpaq sahəsinin alınmasında və tikilinin inşasında cavabdehin maliyyə cəhətdən iştirak etməsini bildirməmişlər. Cavabdeh və cavabdehin vəkili (nümayəndəsi) həmin tikilinin inşasında cavabdehin şəxsən iştirak etdiyini və tikilinin inşasında fiziki cəhətdən iştirak etdiyini bildirsələr də, mübahisəli əmlaka yerində müayinə keçirilən zaman cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olmasını və özbaşına tikili olan evin iddiaçı tərəfindən inşa etdirildiyi etiraf etmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ ailə münasibətlərindən irəli gəlmiş, həmin münasibətlərə xitam verildikdən sonra isə bu hüquqi əsas aradan qalxmışdır. Cavabdehin mübahisəli əmlakdan istifadəni davam etdirməsi iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarını pozduğundan, iddia tələbi əsaslı hesab edilərək təmin edilmişdir. Eyni zamanda Rayon Məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından da müəyyən olunur ki, hazırda mübahisəsi gedən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Təbii ki, özbaşına tikili olmasına baxmayaraq ona xərc çəkmiş şəxslər üçün inşa etdiyi obyektə münasibətdə maddi gözləntiləri və maraqları mövcuddur. Belə olan təqdirdə isə onları bu maraqlarını məhkəmə müdafiəsi ilə təmin etmək hüququndan məhrum buraxmaq mülki qanunvericiliyin dayaq prinsiplərinə zidd hesab olunardı. Qanunvericiliklə sahiblik qorunur və sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ vardır. d) apellyasiya şikayəti haqqında məlumat
8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Buna görə də, iddiaçının bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli tikili cavabdeh ilə iddiaçının övladı Ramin Həsənovun birgə nikahları dövründə inşa edilmişdir və evin inşasında cavabdeh şəxsən iştirak etmişdir. Ən əsası isə qeyd edilməlidir ki, Biləcəri bələdiyyəsi həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdir. Çünki həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə aid edilir. Həmin torpaq sahəsi dövlətin balansında olan və dövlət tərəfindən Dövlət Neft Şirkətinin (“SOCAR”-a) istifadəsinə ayrılmış torpaq sahəsidir. Bu hal “SOCAR”ın hazırkı iş üzrə cavabdehə qarşı eyni torpaq sahəsi və tikili ilə bağlı irəli sürdüyü “neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbi barədə” iddiasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnamə ilə artıq müəyyən edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. Apellyator olan cavabdehin vəkili (nümayəndəsi) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmiş Biləcəri bələdiyyəsinin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişlər. Biləcəri bələdiyyəsinin nümayəndəsi bunun səbəbi barədə Məhkəməyə məlumat verməsə də, cavabdehin vəkili (nümayəndəsi) ərizə ilə Məhkəməyə müraciət edərək, səhhətində ciddi problemlərin yaranmasını, bununla bağlı olaraq apellyasiya baxışı iclasında iştirak edə bilməyəcəyini bildirərək, iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin o, bu halı təsdiq edəcək hər hansı bir sübutu (məsələn: tibbi arayış, tibbi müayinədən keçmə ilə bağlı arayış və s.) Məhkəməyə təqdim etməmişdir. Buna görə Məhkəmə cavabdehin vəkilinin (nümayəndəsinin) ərizəsini təmin etməmiş və işə onun, həmçinin üçüncü şəxsin – Biləcəri bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2ci maddəsinə əsasən mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, yerli baxış zamanı cavabdeh özü etiraf etmişdir ki, torpaq sahəsi iddiaçıya məxsusdur və evi iddiaçı inşa etdirib. Qeyd edilməlidir ki, iddiaçının oğlu ilə cavabdeh nikaha daxil olduqdan sonra həmin tikilidə yaşamış və həmin dövrdə balkon açdırmışlar. Bu hal iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Çünki balkona çəkilən xərc evin inşasına, yaşayış üçün yaralı vəziyyətə salınmasına, təmirinə çəkilmiş xərcin yüzdə birini təşkil edir. Bundan başqa nəzərə alınmalıdır ki, “SOCAR”-ın hazırkı iş üzrə cavabdehə qarşı irəli sürdüyü “neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbi barədə” iddiasının təmin edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnamənin mövcudluğu bu iş üzrə irəli sürülmüş iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Çünki qeyd edilən həmin qətnamə ilə də qət edilmişdir ki, cavabdeh həmin torpaq sahəsindən və tikilidən çıxarılmalıdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı qərarından görünür ki, Bələdiyyə Biləcəri qəsəbəsi ərazisində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin alğı-satqı yolu ilə ayrılmasını qərara almışdır.
14. İşdə olan sənədlərdən görünür ki, həmin qərarla əlaqədar Biləcəri bələdiyyəsi tərəfindən “Plan-sxem” və “Alğı-satqı aktı” tərtib edilmişdir.
15. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2009cu il tarixli, **-** saylı məktubunda qeyd edilmişdir ki, Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı qərarı ilə fərdi yaşayış evinin tikilisi üçün iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinin cizgisinin təsdiq edilməsi barəsindəki H-** saylı, 23 .04.2009-cu il tarixli müraciətə baxılmış, qeyd olunan məsələ ilə bağlı sözügedən torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə komitəsindən alınmış kadastr planı Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxıla bilər.
16. Biləcəri bələdiyyəsi tərəfindən verilmiş ##.##.2014-cu il tarixli, ****** saylı əhalidən vergilərin qəbulu üçün qəbzdən müəyyən olunur ki, yuxarıda qeyd edilən torpaq sahəsinə görə iddiaçının arvadı Təzəgül Həsənova tərəfindən 2010-2014-cü illər ərzində 18.000 manat məbləğində ödəniş etmişdir.
17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, “SOCAR”-ın “Neft Kəmərləri” İdarəsinin cavabdeh (hazırkı iş üzrə də cavabdeh olan) Cavabdeh qarşı irəli sürdüyü “neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbi barədə” iddiasının təmin edilsin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və neft kəmərinin mühafizə zonasında yerləşən tikili (hazırkı mülki iş üzrə də mübahisəli predmeti olan tikili) Cavabdeh hesabına sökülsün və sair.
18. Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə və tikiliyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində bir mərtəbəli, 3 otaq, bir mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evi mövcuddur. Evin qarşısında daş pilləkən, üzərində isə dəmir çardaq və dəmir məhəccərlər inşa edilmişdir. Müayinə zamanı tərəflər hər ikisi izahat vermişlər. İzahatında cavabdeh torpağın qayınatasına iddiaçıya məxsus olmasını bildirmişdir. Həmçinin evin də iddiaçı tərəfindən inşa edildiyini, lakin özünün ona çox kömək etdiyini, usta kimi işlədiyini, bütün işlərin görməkdə qaynatasına kömək elədiyini bildirmişdir. Hazırda evi tərk etmək istəmir, çünki elanlardan da göründüyü kimi dərzi işləyir və bununla çörək pulu qazanır. Ətrafda özünə müştəri toplusu qazanıb, buranı tərk etsə başqa yerdə həm yaşamaq, həm işləmək ona çətin olacaq xahiş edir, məhkəmə bunları nəzərə alsın.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi atasına – iddiaçıya məxsusdur və evi də məhz atası öz vəsaiti hesabına inşa etdirmişdir. O evin inşasında şəxsən iştirak etmiş, işlərin bir hissəsini özü görmüş, bundan başqa atasına maliyyə dəstəyi də göstərmişdir. Ev inşa edildikdən xeyli sonra qardaşı Ramin ilə cavabdeh ailə qurmuş və yaşamaq üçün evləri olmadığında görə atası onlara icazə vermişdir ki, evdə müvəqqəti yaşasınlar. Ev inşa edilən zaman Dövlət Neft Şirkəti inşanı bir müddət dayandırmışdır.
20. Göstərilənlərə əsasən işin halı kimi müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Biləcəri bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış, həmin torpaq sahəsində yaşayış evi inşa edilmiş, iddiaçı uzun müddət həmin əmlaka faktiki sahiblik və istifadə həyata keçirmişdir. Həmçinin torpaq sahəsinə görə vergi ödənişlərinin həyata keçirilməsi, yerində baxış zamanı müəyyən edilmiş hallar, şahid ifadələri və cavabdehin öz izahatı iddiaçının həmin əmlak üzərində faktiki sahiblik və istifadəsini təsdiq edir.
21. İşin hallarını nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə olan “* saylı Protokol”un 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, “mülkiyyət” anlayışı yalnız dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ilə məhdudlaşmır. Şəxsin milli qanunvericiliyə əsaslanan və həyata keçirilməsi real gözlənilən əmlak marağı da “qanuni gözlənti” kimi Konvensiya ilə qorunan əmlak hesab edilə bilər.
22. Qeyd edilən tələb Azərbaycan Respublikasının qoşulduğu Konvensiyanın tərkib hissəsi olan “* saylı Əlavədə” nəzərdə tutulduğundan hazırkı işin həllində məcburi qaydada nəzərə alınmalıdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (maddə 157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.). Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1; cümlə 2.).
25. Qeyd edilən maddi hüquq normalarının tələbləri nəzərə alındıqda müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna bərabər tutulan “gözlənti hüququ” mövcuddur və o, mübahisəli torpaq sahəsinin və tikilinin başqasının – cavabdehin qanunsuz sahibliyindən geri alınıb onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlıdır. Apellyasiya şikayətinibn Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili (torpaq sahəsinə və tikiliyə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından iddianın bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququnun olmaması barədə dəlil) əsassızıdır.
26. Yuxarıda artıq qeyd edildiyi kimi, Dövlət Neft Şirkəti (“SOCAR”) hazırkı iş üzrə cavabdehə qarşı eyni torpaq sahəsi və tikili ilə bağlı irəli sürdüyü “neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnamə (iş № *(001)-906/2021) ilə iddianın təmin edilməsini, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və neft kəmərinin mühafizə zonasında yerləşən tikili (hazırkı mülki iş üzrə də mübahisəli predmeti olan tikili) cavabdeh Cavabdeh hesabına sökülməsini qət etmişdir.
27. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi dövlətin balansında olan və dövlət tərəfindən Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsidir. Belə olan halda Biləcəri bələdiyyəsi həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdir. Lakin hazırkı işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
28. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki qeyd edilən həmin hal dövlətin aidiyyəti qurumların və Dövlət Neft Şirkətinin maraqlarına toxunur, cavabdehin maraqlarına isə heç bir halda toxunmur.
29. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, işə baxmış və iddianı təmin etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, mübahisəli tikili cavabdeh ilə iddiaçının övladı Ramin Həsənovun birgə nikahları dövründə inşa edilmişdir və evin inşasında cavabdeh şəxsən iştirak etmişdir.
30. Məhkəmə apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edir. Çünki yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi tərəfindən mübahisəli əmlaka yerində müayinə keçirilən zaman cavabdeh torpaq sahəsinin iddiaçıya məxsus olmasını və özbaşına tikili olan evin iddiaçı tərəfindən inşa etdirildiyi etiraf etmişdir.
31. Məhkəmə həmçinin bildirir ki, cavabdeh tərəfindən işə baxmış Rayon Məhkəməsinə bildirilməsə və apellyasiya şikayətində öz əksini tapmasa da, apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) bildirmişdir ki, iddiaçının oğlu ilə cavabdeh həmin tikilidə yaşadıqları dövrdə balkon açdırmışlar.
32. Bu hal mövcud olmuş olsa belə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu hal balkonun açılmasına görə çəkilmiş xərcin əvəzinin ödənilməsi ilə bağlı hazırkı iş üzrə cavabdeh tərəfindən müvafiq iddianı irəli sürülməsi üçün əsas ola bilər. g) apelyasiya baxışının nəticəsi
33. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.