Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-233/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X1 Mərkəzi” publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-5654/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdeh publik hüquqi şəxsin Sumqayıt TTTY stansiyasında təcili və X1 üzrə həkim vəzifəsində işləyib. 2.Tərəflərin arasındakı əmək müqaviləsinə cavabdehin xx.xx.2025-ci il tarilxi 18-1- 88/3-1-11368/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilib. Xitama əsas iddiaçının (işçinin) təşəbbüsü olub. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək xahiş edib ki, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilsin. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 4.İddianın iki əsası var: birinci, iddiaçı məcbur qalaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verib; ikinci, əmək müqaviləsinə xitam verilərkən iddiaçı məzuniyyətdə olub, işçinin məzuniyyətdə olduğu zaman əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. 5.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. 8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. 10.Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsindən görünür ki, məzuniyyətdə olduğu vaxtda, işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla (yəni işəgötürən tərəfindən) əmək müqaviləsinə xitam verilməsi qadağandır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsindən görünür ki, işçinin məzuniyyətdə olduğu müddətdə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması yolverilməzdir. Hər iki maddədən göründüyü kimi, məzuniyyət vaxtı əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi qadağan olunub. İddiaçının əmək müqaviləsinə onun öz təşəbbüsü ilə xitam verilib, yəni iddiaçı ərizə yazaraq xahiş edib ki, əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilsin. Bundan başqa, əmək müqaviləsinə xitam verilərkən iddiaçı məzuniyyətdə olmayıb. Belə ki, əmək məzuniyyəti verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, məzuniyyət xx.xx.2025-ci il tarixdə bitib. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə 1 gün sonra – xx.xx.2025-ci il tarixdə verilib. 11.Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin və 69-cu maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-5654/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-233/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-233/2026
13.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver