Məhkəmə qərarları › İş №2(3-6)-2365/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2365/2026

29.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2365/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş (Açar sözlər: «iddiaçıya münasibətdə ştat ixtisarının real və həqiqi hallara söykənməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı İsmayıl oğlunun, cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı İsmayıl oğlu Zəngilan rayonundan məcburi köçkün və müharibə veteranıdır.

2. İddiaçı İsmayıl oğlu ##.##.2012-ci il tarixdən Cavabdeh İstehsalat Birliyində işə başlayıb.

3. Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı İsmayıl oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı İsmayıl oğlu Bakı Regional Qaz İstismarı Departamentində qaz paylayıcısı stansiyasında operator vəzifəsinə işə qəbul edililib.

4. Cavabdeh İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında ##.##.2025-ci il tarixli 14- */*-*İ-**/**** nömrəli əmrinə əsasən “SOCAR-ın Cavabdeh İB-nin hüquqi şəxs statusuna malik olmayan Metrologiya Departamenti, Təmir-tikinti İdarəsi və Anbar təsərrüfatı ləğv edilmiş, Birliyin hüquqi şəxs statusuna malik olmyan Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentlərinin bazasında hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Bakı Regional Qaz İstismarı yaradılmış, birliyin yeni idarəetmə strukturu təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin ## #### 2025-ci il tarixli qərarna əsasən bağlanmış əmək müqavilələrinə xitam veriləcək işçilərin əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

6. Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı İsmayıl oğluna ştatların ixtisarı haqqına xəbərdarlıq məktubu ##.##.2025-ci il tarixində göndərilmişdir. Məktubda iddiaçıya xəbərdarlıq müddəti əvəzinə ödənişin aparılması, işdən çıxma müavinətinin ödənilməsi və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkanın yaradılması barədə məlumat verilib.

7. Cavabdeh İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli 14-2-2/3-1İ-965/2025 nömrəli əmrinə əsasən İddiaçı İsmayıl oğluna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilib.

8. Cavabdeh İstehsalat Birliyinin ##.##.2025-ci il tarixli **-*-*/*-*K-****/**** nömrəli əmrinə əsasən İddiaçı İsmayıl oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştatların ixtisar edilməsi nəticəsində xitam verilməsi əmr edilib.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsinin ##.##.2025-ci il tarixli **-*-*/*-*K-****/**** nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunaraq məcburi buraxılmış iş günləri üçün ödəniş edilməsi barədə qətnamə çıxarılmasının xahiş edib.

10. İddiada göstərilib ki, iddiaçı ali təhsillidir, Azərbaycan Memarlıq və İnşaat Mühəndislər Üniversitetini mühəndsi sistemlər və qurğular fakultəsini mühəndis ixtisası ilə bitirmişdir. ##.##.2012-ci il tarixdə şifahi imtahandan keçdikdən sonra Cavabdeh İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Nərimanov Qaz Tənzimləyicisi Məntəqəsində sahə operatoru vəzifəsi üzrə işə götürülmüşdür. İşlədiyi müddətdə ixtisas imtahanlarından keçərək dərəcəsi 5-ə qədər qalxmışdır. Hər ildə peşə imtahanları verilir, imtahanların nəticələrinə görə ən yüksək göstəriciləri əldə etmişdir. Axırıncı dəfə 2025-ci ilin may ayında keçirilmiş qiymətləndirilmə imtahanında ən yüksək bal toplamışdır. ##.##.2025-ci il tarixdə Cavabdeh İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar Departamentinin ləğv olunmasına görə, ştatının ləğv ediməsi barədə iddiaçıya xəbərdarlıq məktubu verilmişdir. Əslində bu qurum ləğv edilməmiş, sadəcə adı dəyişərək, Departament İdarə adı ilə əvəzlənmişdir. İddiaçı ilə eyni vəzifədə işləyən həmkarlarının ştatı da ləğv edilməmişdir. ##.##.2025-ci il tarixində ikinci növbədə işdə olduğu vaxt qəfildən qan təzyiqi qalması ilə bağlı huşunu itirməsi səbəbindən çağırılmış tibbi yardımla Binəqədi * saylı xəstəxanaya aparılmışdır. Müayinə olduqdan sonra və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Evə buraxıldıqdan sonra poliklinikiya müraciət etdikdən 15 gün evdə müalicə almış, sonradan isə stasionar olaraq bir həftə Efendiyev adına xəstəxanada müalicə almışdır. İddiaçı bülletendə olduğu müddətdə yaşadığı mənzilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad edilməsi barədə əmr olan məktub gəlmişdir. İddiaçı bu əmri qanunsuz hesab edərək, qərəzli olaraq rəhbərlik tərəfindən işdən azad edildiyini düşünür.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi təmin edilərək Cavabdeh İstehsalat Birliyinin ##.##.2025- ci il tarixli **-*-*/*-*K-****/**** nömrəli əmri ləğv edilməsi, iddiaçı İddiaçı İsmayıl oğlunun Cavabdeh İstehsalat Birliyində işə bərpa edilərək, iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi, cavabdehdən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin)və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşçinin peşakarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçı 2012-ci ildən cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək Bakı Regional Qaz İstismarı Departamentində qaz paylayıcısı stansiyasında operator vəzifəsində işləmiş, eyni zamanda Zəngilan rayonundan məcburi köçkün və müharibə veterandır. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamışdır. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən işçilər arasında müvafiq qiymətləndirmənin aparılması iş materiallarından müəyyən edilmir, cavabdeh məhkəmə tərəfindən təklif edildiyinə baxmayaraq bununla bağlı məhkəməyə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunmuşdur ki, iddiaçı bu dairədə olan şəxsdir. Belə ki, Əmək Məcəlləsinin 78- ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı müharibə iştirakçıları və məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə üstünlük verilir. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, iş materiallarına olan Həmkarlar İttifaqı Komitəsinin “siyahıda qeyd olunan işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir” məzmunlu, ##.##.2025-ci il tarixli məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Ona görə ki, ilk növbədə Həmkarlar İttifaqı tərəfindən “siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir” məzmunlu məktubunun hazırkı iş üzrə iddiaçıya aidiyyəti müəyyən edilməmişdir. Bununla yanaşı, qanuna əsasən, Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı və ən əsası Həmkarlar İttifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ümumi məzmunlu məktub göndərilərək siyahıda adları qeyd olunan şəxslərin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi xahiş edilmiş, komitə isə cəmi 3 gün sonra cavab məktubu tərtib edərək qaldırılan məsələyə etiraz etmədiklərini bildirmişdir. Halbuki, qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir. Lakin hazırki mülki iş üzrə işəgötürənin təqdimatı, təqdimata dair keçirilmiş iclasın protokolu təqdim edilməmişdir ki, bu da onu deməyə əsas verir ki, məsələyə həddən artıq formal yanaşılmış, məsələ ilə bağlı ümumiyyətlə hər hansı iclas keçirilməmiş, iddiaçının iştirakı təmin edilməmiş, fikri dinlənilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə əsas verir. Bununla da, “əmək müqaviləsinə xitam verilməsi haqqında” ##.##.2025-ci il tarixli **-*- */*-*K-****/**** nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edrək göstərib ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri də işçilərin sayı və ştatlar ixtisar edildikdə əmək müqaviləsinin ləğv edilməsidir. Müəssisə öz strukturunu ştat tərkibini müstəqil surətdə təsdiq edir. İşçilərin say və ştat tərkibini müəyyən etmək hüququ yalnız işəgötürənə məxsusdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, işçiyə başqa işə keçirilmə ilə bağlı təklif edilməmişdir. Əslində, İddiaçı İsmayıl oğlunun tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqdar ona başqa iş təklif edilmiş, lakin o, başqa işi qəbul etməmişdir. İddiaçı İddiaçı İsmayıl oğlu birinci qrup əlildir və təqdim edilmiş sənəddə “Şizofreniya paranoid forma, fasiləsiz gedişli qüsur halı” qeyd edilmişdir. Eyni zamanda əmək zəmanəti bölməsində “Kənar şəxsin qulluğuna ehtiyacı var” qeydləri aparılmışdır. İddiaçının əmək qabiliyyətli olub olmaması, eyni zamanda peşəsini icra etmək iqtidarında olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə malik olan ekspertin (mütəxəssisin) rəyinin alınmasına ehtiyac yaranmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən də rəy verilməsinin zəruriliyi qeyd edilir. Bununla bağlı tərəf vəsatət versə də, birinci instansiya tərəfindən qəbul edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iddiaçı İddiaçı İsmayıl oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11(1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; Maddə 12(1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək; Maddə 16 (1-ci hissə). Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Maddə 16(2-ci hissə). Qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə, yaşı 18dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71(1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77(1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77(2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78(1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Maddə 78(2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: müharibə iştirakçılarına; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; Maddə 80(1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 80(2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

26. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, apellyasiya şikayətlərinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

27. Əvvəla, cavabdeh şikayətində müəssisənin öz strukturunun ştat tərkibini müstəqil surətdə təsdiq etdiyini, işçilərin say və ştat tərkibini müəyyən etmək hüququnun yalnız işəgötürənə məxsus olduğunu göstərsə də, bu dəlillər əmək müqaviləsinə ştatların ixtisarı əsasında xitam verib sonradan iddiaçı ilə əvvəlki işinə(ixtisasına) uyğun işlə yeni əmək müqaviləsi bağlamağa maneə deyildir. Başqa sözlə, struktur dəyişikliyinin hansısa məqsədlə həyata keçirilməsi apellyasiya şikayətinin əsaslı olduğuna dəlalət etmir. Yeni yaranmış quruma ləğv edilmiş struktur vahidlərindən olan işçilər işə qəbul olunmuşdursa, 13 ildən artıq bu qurumda işləmiş iddiaçı da əvvəlki işinə uyğun işə qəbul edilə bilərdi yaxud onun digər işçilərdən bilik və bacarığının aşağı olduğu mötəbər sübutlarla dəyərləndirilməli idi, ancaq bunlar baş verməyib. Əksinə iddiaçının ali təhsilli olmasını, hər ildə peşə imtahanları verərkən imtahanların nəticələrinə görə ən yüksək göstəriciləri əldə etməsini, axırıncı dəfə 2025-ci ilin may ayında keçirilmiş qiymətləndirilmə imtahanında ən yüksək bal topladığı kimi dəlillərini, eləcə də müəssisənin əslində ləğv edilmədiyini, yalınz adının dəyişməsi ilə bağlı iddiasını təkzib edəcək hansısa arumenti cavabdeh göstərmədi. Demək ki, uzun müddət qüsursuz, nöqsansız işlədikdən sonra ona qarşı bu cür münasibət ədalətli olmamışdır. Əlbətdə ki, bu cür vəziyyət iddiaçıya qarşı açıq-aşkar qərəzli və hüquqa uyğun olmayan davranışın nümayiş etdirildiyini əks etdirir və bu faktın özü də ona münasibətdə ştat ixtisarının heç də həqiqi və real olmadığına dəlalət edir.

28. Bundan əlavə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Cavabdeh hansısa tədbirlər gördüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin imperativ tələbinə də əməl etməyib. Belə ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Yəni, cavabdeh işdə saxladığı yaxud sonradan işə götürdüyü şəxslərin əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin iddiaçıdan daha yüksək olduğuna, eləcə də peşəkarlıq səviyyəsini müəyyən edərkən onların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə, yeni ixtisasa yiyələnməsinə və ixtisasının artırılmasına dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Üstəlik ştatların ixtisarı zamanı Əmək Məcəlləsinin 78.2-ci maddəsinin imperativ tələbinə də əməl etməyib. Bu cür vəziyyət də onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya qarşı hər hansı bir əsas və səbəb olmadan ayrıseçkiliyə yol verilib.

29. Bundan əlavə, cavabdeh şikayətdə vəzifənin ixtisara düşməsi ilə əlaqdar ona başqa iş təklif edildiyini, lakin başqa işi qəbul etmədiyini göstərsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Göründüyü kimi, cavabdeh tərəfin bu halda da iddiaçıya qarşı qərəzli münasibətdə olduğu açıq-aşkar sezildi ki, eləcə də ştatların ixtisarı həyata keçirilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hər hansı bir tədbir görmədiyi təsdiq olundu. Bütün bu hallar da iddiaçının əmək hüquqlarının həqiqətən də cavabdeh tərəfindən pozulduğunu bir daha təsdiq etmiş oldu.

30. Bundan əlavə, cavabdeh bir tərəfdən iddiaçıya ştatın ixtisarı ilə bağlı başqa iş təklif edildiyini, digər tərəfdən isə onun birinci qrup əlilliyi ilə bağlı əmək qabiliyyətli olub olmaması, eyni zamanda peşəsini icra etmək iqtidarında olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə malik olan ekspertin (mütəxəssisin) rəyinin alınmasına ehtiyac yarandığını göstərir. Bu halların biri digəri ilə ziddiyyət təşkil edir. Demək ki, iddiaçıya başqa iş təklif edilməsi ilə bağlı dəlili cavabdeh tərəf özü inkar etmiş olur. Buna baxmayaraq məhkəmə tərkibi də iddiaçının psixi xəstəliyi ilə əlaqədar birinci qrup əlil olmasını işdə olan sənəddən görür və hüquqi dəyərləndirilməsini davam etdirərək göstərir ki, cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə həmin xəstəliklə yaxud onun fəsadlarına əsasən xitam verməyib. Əksinə apellyasiya baxışı zamanı da nümayəndəsi qeyd olunan xəstəliyin iddiaçının əmək funksiyasını yerinə yetirməsinə hansısa formada təsiri olmasına dair heç bir arqument göstərmədi. Başqa iş təklifi edilməsini bir daha təsdiqlənməsi də cavabdehin iddiaçının bu xəstəliyindən hazırkı vəziyyətdə manipulyasiya etmək cəhdi kimi qiymətləndirir. İddiaçı özü də 1997-ci ildən bu xəstəliyi olsa da işlədiyini, xəstəliyinin onin işinə maneə olmadığını, sənəddə xəstəliyi ilə bağlı göstərilənlərin səbəbinin ona məlum olmadığını göstərdi. Bu cür vəziyyətdə apellyasiya şikayətinin iddiaçının məhz xəsləliyi ilə bağlı dəlilləri əsaslı olsa belə qətnamə bu hala görə ləğv edilə bilməz. Çünki əmək müqaviləsinə xitam verilməsi əsası iddiaçının xəstəliyi ilə bağlı olmayıb.

31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar