Məhkəmə qərarları › İş №2(3-6)-240/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-240/2026

17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-240/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Müstəqil TeleRadio Kompaniyasına (AR ƏƏSMN DSMF publik hüquqi şəxsi 3-cü şəxs qismində) qarşı “öhdəliyin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “öhdəliyin yerinə yetirilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN DSMF-nin nümayəndəsi XXX Nümayəndə1, Maraqlı şəxs AR ƏƏSMN DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh Müstəqil TeleRadio Kompaniyasına (AR ƏƏSMN DSMF publik hüquqi şəxsi 3-cü şəxs qismində) qarşı «öhdəliyin yerinə yetirilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində Dövlət Sosial Müdafiə Fonduna edilməmiş ödənişlərin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 oktyabr 2004-cü il tarixdə cavabdeh kompaniyada operator vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxtdan 02 may 2023-cü il tarixədək əmək müqaviləsi əsasında cavabdeh kompaniyada çalışmışdır. 02 may 2023-cü il tarixdə işdən azad edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh tərəfindən 2004-cü il tarixdən 2012-ci il tarixədək ona münasibətdə, ümumiyyətlə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər edilməmişdir, 2012-ci il tarixdən 2023-cü il tarixədək mütəmadi olaraq müəyyən aylarda ödənişlər həyata keçirilməmişdir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-2241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Cavabdeh Müstəqil TeleRadio Kompaniyasında çalışdığı dövr müddətində İddiaçı barəsində DSMF-yə ödənilməmiş ödənişləri həyata keçirmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iş üzrə iddianın 2004–2012-ci illəri əhatə etdiyini və iddianın 2025-ci ildə qaldırıldığını nəzərə alaraq, Əmək Məcəlləsinin 294.4-cü maddəsində göstərilən 1 illik müddətin artıq çoxdan keçdiyini müəyyən etməli və iddianı rədd etməli idi. Bu müddət cavabdeh tərəfindən ayrıca vəsatətlə tələb edilmədən də tətbiq olunmalı idi, çünki əmək mübahisələrində tətbiq olunan bu müddətlərin təbiəti kəsici xarakter daşıyır və məhkəmə onları öz təşəbbüsü ilə nəzərə almalıdır. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 294-cü maddəsinin müddəalarını tətbiq etməməsi, qanunun konkret və məcburi müddəasının pozulması olmaqla yanaşı, hüquqi sabitliyə və işəgötürənin müdafiə hüququna da zərbə vurmuşdur. Bu hal qətnamənin hüquqi əsasdan məhrum olduğunu və ləğv edilməli olduğunu bir daha təsdiq edir. Birinci instansiya məhkəməsinin qətnaməsində xx.xx.2004–xx.xx.2012 intervalının bütünlüklə cavabdehin öhdəliyi kimi qiymətləndirilməsi əsassızdır. Məhkəmə öncə müəyyən etməli idi ki, həmin illər arasında iddiaçı hansı konkret tarixlərdə cavabdehin işçisi olub, hansı tarixlərdə əmək münasibəti kəsilib. Həmçinin məhkəmə çəkişmə prinsipini də pozmuşdur, cavabdehin nümayəndəsi olmadan işin aparılması cavabdehin qarşı tərəfin dəlillərinə qarşı çıxış etmək, sual vermək, öz sübut və izahatlarını təqdim etmək kimi əsas prosessual hüquqlarını məhdudlaşdırmışdır. Buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq da bildirdi ki, iddiaçının həmin dövrdə aldığı əməkhaqqının məbləği dəqiq müəyyən edilmədən ödəmələrin hansı əsasla aparılması icra zamanı çətinliklər yaradacaq.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi, eləcə də cavabdehin müddətin tətbiqi ilə bağlı dəlillərinə münasibətdə bildirdi ki, həmin dəlillər əsasızdır, o 2023-cü ilin maya ayında cavabdehlə əmək münasibətlərinə xitam vermiş, yeni işə düzəlmiş, yalnız bundan sonra ona məlum olmuşdur ki, onun işlədiyi 2004-2012-ci illər üzrə ona münasibətdə cavabdedh tərəfindən məcburi sosial ödəmələr həyata keçirilməmiş, bundan sonra müvafiq araşdırmalar aparmış, səbəbləri ona məlum olduqdan dərhal sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs DSMF-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, əmək kitabçasında qeydlərin olması iddiaçının orada işlədiyini təsdiq edir, bu fakt yetərlidir ki, cavabdeh ona münasibətdə müvafiq ödəmələri həyata keçirsin. Həmin dövrlərdə işəgötürən iddiaçı ilə əmək müqaviləsi barədə məlumat olmadığından onların təşkilatı cavabdeh tərəfindən belə pozuntuya yol verdiyini görə bilməzdi, iddiaçının həmin dövrlərdə işləməsi mübahisəsiz olduğundan işəgötürən müvafiq ödəmələri etməyə borcludur, qaldı ki, iddiaçının həmin dövrlər üzrə əməkhaqqının dəqiq məlum olmamasına, bu halda cavabdeh həmin dövrdə müvafiq işdə (vəzifədə) işləmiş əməkdaşının əməkhaqqına münasib ödəmələr edə bilər, burada hər hansı bir problem görünmür.

9. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs DSMF-in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının digər nümayəndəsi L.Əliyeva apellyasiya şikayəti ilə razılaşmayaraq və digər nümayəndənin bildirdiklərini təsdiq edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Cavabdeh Tele-Radio Kompaniyasında operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmiş, yenidən xx.xx.2019-cu il tarixdə həmin Kompaniyada işə qəbul edilmiş, ən sonda isə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir.

11. Cavabdeh Tele-Radio Kompaniyası tərəfindən iddiaçının ərizəsinə xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2004-2011-ci illərdə Cavabdeh MTRK-da rəsmi olaraq işlədiyini təsdiq edən sənədlərin mövcud olmaması, xx.xx.2012-ci il tarixdə sizinl əmək müqaviləsinin bağlanması, həmin əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi, xx.xx.2019-cu il tarixdə növbəti dəfə sizinlə əmək müqaviləsinin bağlanması və xx.xx.2023-cü il tarixdə həmin əmək müqaviləsinin də Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi müəyyən edilmişdir.

12. X2 Xidməti tərəfindən İddiaçı müraciətinə xx.xx.2025-ci il tarixli, 2-Ş-17381/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Sizin əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığınız müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsində təkrarən baxılmışdır. Təkrarən bildiririk ki, müraciətinizlə əlaqədar ətraflı izahat verməyiniz məqsədilə ünvanınıza (Bakı şəhəri, Xəzər rayonu, X4 Yaşayış Massivi) müvafiq olaraq 3-17-5/2-Ş- 86468/2024 nömrəli, xx.xx.2024cü il tarixli məktub ünvanlanmışdır. Eyni zamanda müraciətdə qeyd olunan elektron ünvanınıza (Elektron ünvan ) müvafiq sorğu ünvanlanmışdır. Tərəfinizdən araşdırmaya müvafiq qaydada izahat təqdim olunmuşdur. Araşdırma zamanı "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompanyasının ünvan 2 ünvanına, xx.xx.2024-cü il tarixli 3-17-5/2-Ş- 86464/2024 nömrəli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə "Azad Azərbaycan" Müstəqil Tele- Radio Kompanyası arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixində, xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqavikəsinə isə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndi ilə xitam verildiyi müəyyən edilmişdir. Təqdim olunmuş sənədlərə baxış zamanı əmək kitabçasının bir hissəsinin surətini təqdim etdiyiniz müəyyən edilmişdir. Lakin, onun Sizə aid olub-olmaması məsələsinə münasibət bildirmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur. Bu səbəbdən qeyd olunan məsələ ilə əlaqədar işəgötürəninizə müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. Müəssisə tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş 3-17-5/1-7501/2025 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubunda sizin 2004-2011-ci illərdə "Azad Azərbaycan" MTRK-da rəsmi olaraq işlədiyinizi təsdiq eden sənədlərin şəxsi işinizdə mövcud olmadığı, bu səbəbdən əmək müqaviləsi istisna olmaqla digər tələb olunan sənədlərin surətlərinin təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Eyni zamanda Sizin 2004-2012-ci il üzrə iş stajınızın AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" altsistemində əks olunmaması barədə bildiririk ki, 2013cü il 27 dekabr tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumda elektron qeydiyyata alınması nəzərdə tutulmadığı üçün həmin dövrədək əmək fəaliyyəti barədə məlumatlar sistemdə mövcud deyildir. Nəzərinizə çatdırırıq ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi 01 iyul 2014-cü il tarixdən istifadəyə verilmişdir. Müraciətdə qeyd edilən məsəllərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.

13. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00777 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İMS-də İddiaçı iştirak etmiş, Cavabdeh Müstəqil Tele-Radio Kompaniyası nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən 50 manat AZ İMS və 10 manat poçtkargüzarlıq xərcləri ödənilmişdir.

14. AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial sığorta və fərdi uçot mərkəzi filialının direktorunun AR ƏƏSMN tabeliyində DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir ki, araşdırma zamanı nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta (hesabay) altsistemində Cavabdeh Müstəqil Tele-Radio Kompaniyasının 2006-cı ilə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilməmiş, həmçinin 2007-2012-ci illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatların (2012-ci ilin iyul-dekabr ayları istisna olmaqla) qeyd edilmədiyi məlum olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:

15. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

17. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:

19. 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. Maddə 9. L bəndinə əsasən sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək işçinin hüququdur.

21. Maddə 12.1. J bəndinə əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin vəzifəsidir.

22. Maddə 12.1. K bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir.

23. Maddə 175.2. A bəndinə əsasən işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunu:

24. Maddə 2.0.1. Dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatlardan ibarət informasiya bazasının yaradılması fərdi uçotun məqsədlərindəndir.

25. Maddə 2.0.2. Əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədlərindəndir.

26. Maddə 4.2. Fərdi uçot sahəsində elektron xidmətlər (sığortaolunanın və sığortaedənin uçota alınması, sığortaolunana fərdi şəxsi hesabı barədə məlumatların təqdim olunması, sosial sığorta nömrəsinin öyrənilməsi və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı

38. olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2004- cü il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh Tele-Radio Kompaniyasında operator vəzifəsində işləmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh kompaniyada işlədiyi dövrün müəyyən hissəsində cavabdeh tərəfindən onun barəsində DSMF-yə məcburi sosial ödənişlərin edilmədiyini iddia etmişdir.

44. İddia tələbini təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, işdə olan sübutlardan və tərəflərin izahatlarından görünür ki, iddiaçı 2004-cü il tarixdən 2017-ci il tarixədək və 2019-cu il tarixdən 2023-cü il tarixədək cavabdeh kompaniyada çalışmağına baxmayaraq xx.xx.2004-cü il tarixdən 2012-ci ilin iyul ayına kimi onun barəsində cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən işəgötürən işçi üçün sosial sığorta haqlarını ödəmək öhdəliyi daşıyır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək iddiaçı barəsində DSMF-yə edilməmiş ödənişləri həyata keçirmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

45. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddia tələbi 2004-2012-ci illəri əhatə etdiyindən Əmək Məcəlləsinin 294.4-cü maddəsində göstərilən 1 illik müddətinin keçməsi əsasına görə iddianın rədd edilməsi ilə bağlıdır.

46. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı aşağıdakıları qeyd edir:

47. İlk növbədə onu qeyd etmək lazımdır ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətləri Əmək Məcəlləsinin 294 yox, 296-cı maddəsi ilə tənzimlənir, çox güman ki, cavabdeh şikayətində texniki yanlışlığa yol vermişdir.

48. Cavabdehin nümayəndəsinin istinad etmək istədiyi ƏM-in 296.4-cü maddəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

49. Hazırkı iddia ərizəsində iddiaçının tələbi pul və ya hər hansı əmlak tələbi deyil, cavabdeh tərəfindən iddiaçının işlədiyi müddət ərzində Dövlət Sosial Müdafiə Fonduna edilməmiş ödənişlərin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Başqa sözlə desək, iddiaçının hazırkı tələbi onun sosial hüquqlarının müdafiəsinə yönəlmiş tələbdir. MM-in 384-cü maddəsində iddia müddətinin tətbiq edilmədiyi hallar təsbit edilmişdir. Həmin normada şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə də iddia müddətinin şamil edilmədiyi müəyyən edilmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi cavabdehin nümayəndəsinin istinad etdiyi ƏM-in 296.4-cü maddəsinin təsiri altına düşmür.

50. Digər tərəfdən, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

51. Mülki iş materiallarından da müəyyən edildiyi, eləcə də cavabdehin özünün etirafı ilə təsdiq edilir ki, rayon məhkəməsi tərəfindən yekun məhkəmə aktı - qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Baxmayaraq ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada qydada məlumatlandırılmış, rayon məhkəməsinin sorğusuna əsasən bir sıra sənədləri məhkəməyə təqdim etmiş, lakin müddətlə bağlı məsələyə hər hansı münasibət bildirməmişdir.

52. Belə olan halda məlum olur ki, cavabdeh tərəfindən apellyasiya şikayətində rayon məhkəməsinin iddia müddətinin tətbiq edilməməsinin mübahisələndirilməsi əsassız olmuşdur, apellyasiya icraatı zamanı isə belə bir ərizənin verilməsi qanunun tələblərinə görə yolverilməzdir. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlilləri əsassız olmaqla, nəzərə alına bilməz.

53. Mülki iş materiallarında olan AR ƏƏSMN tabeliyində DSMF-nin Sosial sığorta və fərdi uçot mərkəzi filialının direktorunun AR ƏƏSMN tabeliyində DSMF-nin məhkəmə mübahisələri ilə iş üzrə mərkəzinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan da göründüyü kimi, 2007-2012-ci illər üzrə təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı dair məlumatların (2012-ci ilin iyuldekabr ayları istisna olmaqla) qeyd edilmədiyi məlum olmuşdur.

54. Beləliklə də müəyyən olur ki, cavabdeh öz öhdəliyini icra etməmiş, nəticədə iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

55. Cavabdeh apellyasiya şikayətində çəkişmə prinsipinin pozulmasına da istinad etmişdir. Bunula bağlı olaraq qeyd edilməlidir ki, mülki işin materiallarından bəlli olur ki, cavabdeh rayon məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, cavabdeh rayon məhkəməsinin sorğusuna əsasən məhkəməyə bir sıra sübutlar təqdim etmiş, eləc də cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, № 207 məktubla məhkəməyə müraciət edilərək, iş materialları ilə tanış olaraq iddiaya etiraz hazırlamaq üçün məhkəmə hazırlıq iclasının təxirə salınması xahiş edilmişdir.

56. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki iş materialarından müəyyən olur ki, cavabdeh tərəf xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli hazırlıq iclaslarında və xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etməmişlər. Rayon məhkəməsində mülki iş xx.xx.2025-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Həmin tarixdən cavabdeh tərəfin iddiaya etirazını hazırlamaq üçün kifayət qədər vaxtı olsa da, hərəkətsizlik göstərmiş, yalnız xx.xx.2025-ci il tarixdə bu niyyətini bəyan etmişdir. Demək ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

57. Məhkəmə, iddiaçının istinad etdiyi müddətlər üzrə əməkhaqqısı barədə sübutlar olmadığından ona münasibətdə sosial sığorta ödənişlərinin hesablanmasının mümkünsüzlüyünə dair cavabdehin nümayəndəsinin bildirdikləri ilə bağlı qeyd edir ki, həmin ödənişlər qeyd edilən dövlərdə eyni peşədə (vəzifədə) çalışmış digər işçilərin əməkhaqqlarına müvafiq olaraq həyata keçirilə bilər və bunun həlli hər hansı çətinlik yaratmır.

58. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

60. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

61. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

62. Belə olan halda, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

63. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

64. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

66. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh Müstəqil Tele-Radio Kompaniyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2241/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar