Məhkəmə qərarları › İş №2(3-6)-247/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-247/2026

15.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-247/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndələri vəkil1, vəkil3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəflərindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,10775 ha torpaq sahəsində yerləşən *** nömrəli, 9 mərtəbəli binada 64,65 kv.m. ümumi, 29,05 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Hacıyev Sahib Abdulla oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. cavabdeh2 və X3 notarial qaydada təsdiq olunmuş ## #### 2014-cü il tarixli ərizələrinə əsasən ##.##.2014-cü il tarixdə vəfat etmiş mərhum Hacıyev Sahib Abdulla oğlunun ölümündən sonra qalmış miras əmlakdan X4 xeyrinə imtina etmiş, gələcəkdə bu payla bağlı məhkəməyə müraciət etməyəcəklərini qeyd etmişlər.

3. * saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İ № ****** saylı, ## #### 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Hacıyev Sahib Abdulla oğlu ## #### 2014-cü il tarixdə dünyasını dəyişmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2015-ci il tarixli şəhadətnamənin surətinə əsasən ##.##.2014-cü il tarixdə vəfat etmiş mərhum Hacıyev Sahib Abdulla oğlunun vərəsəsi ünvan 4 ünvanda qeydiyyatda olan arvadı İddiaçı miras əmlakdan bütövlüklə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ümumi sahəsi 64,65 kv.m., yaşayış sahəsi 29,05 kv.m., 2 otaqlı, b. 241, mənzil 78 ünvanda yerləşən mənzildən ibarətdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, *** saylı evin ** saylı mənzili İddiaçı adına tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabının *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2015-ci il tarixində qeydiyyat aparılmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 2 tam mülkiyyət kimi cavabdeh2 adına ##.##.2021-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir.

7. * saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin *** saylı Mənzil Kommunal İstismar Sahəsinin ** saylı, ##.##.2025-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. Mənzildə qeydiyyatda olub yaşamayanların siyahısı: oğlu – cavabdeh2, gəlni – cavabdeh1 Füzuli qızı, nəvəsi – X1, nəvəsi – X2.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X3 və X6 iddiaçı cavabdeh2 və cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 5 2 ünvanda yerləşən mənzildən(yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, giriş 208, M7, m2) çıxarılmaqla mənzilin açarları iddiaçılara təhvil verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh1 Füzuli qızının övladları X1 və X2 ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və bunun cavabdehlərin övladları ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunması: cavabdeh2, cavabdeh1 Füzuli qızına məxsus əşyaların (yataq otağında olan: 1 çarpayı, 1 şifoner, 1 termo, 2 tumba, pərdə, çilçıraq: qonaq otağında olan: 1 masa, 8 stul, 1 divan, 2 kreslo, 1 kamod, xalça, pərdə, 1 uşaq stol və stulu, uşaq üçün yemək stolu, çilçıraq; onun otağında olan: uşaq üçün çarpayı 1 nəfərlik, mətbəxdə olan: soyuducu, paltaryuyan, qabyuyan, mətbəx stolu) mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzildən cavabdehlərin öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.65 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə 1115004387 qeydiyyat nömrəsi ilə qeydə alınmış ##.##.2015-ci il tarixli çıxarış əsasında ona məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2025-ci il tarixdə Bakı şəhəri * saylı Asan Xidmətdən aldığı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 8329904 №li arayışa əsasən həmin mənzildə cavabdehlər cavabdeh2 və onun ailə üzvləri: X5 və övladları ##.##.2019cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 da qeydiyatdadırlar. Bildirmişdir ki, oğlu cavabdeh2 ##.##.2018-ci ildə ailə həyatı qurduqdan sonra bir müddət həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşasa da lakin uzun müddətdir ki, başqa ünvanda yaşayırlar. Qeyd etmişdir ki, cavabdeh cavabdeh2 ünvan 2 2 ünvanındakı mənzilə ##.##.2021-ci il tarixində 1121140079 qeydiyyat nömrəsi ilə qeydə alınmış mülkiyyət hüququ əldə etmiş və çıxarış almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən digər cavabdeh cavabdeh1 da həmin mənzildə ½ pay hüququ müəyyən edilmişdir. Qeyd etmişdir ki, cavabdehlərin özlərinə məxsus mənzilləri olmasına həmçinin uzun müddətdir ki, onun mənzilində yaşamadıqlarına baxmayaraq , lakin ona məxsus mənzildə qeydiyyatda qalmaqda davam edirlər. Eyni zamanda bildirmişdir ki, cavabdehlər onlara məxsus ünvan 2 2 ünvanındakı mənzildən qardaşı X3 çıxarılmasına dair Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışlar. Hesab edir ki, cavabdehlərin öz mülkiyyətində ayrıca mənzilləri olduğu halda ona məxsus mənzildə qeydiyyatda olmaları sırf formal xarakter daşıyır. Eyni zamanda cavabdehlərin bəzi əşyalarının onun mənzilində olması ona mənzilindən istifadə etməkdə mane olur. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər ona məxsus sözügedən mənzildə pasport qeydiyyatında olsalar da, həmin mənzildə uzun müddətdir ki, yaşamırlar və cavabdehlərin özlərinə məxsus ayrıca mənzilləri var. Onların sözügedən mənzildə qeydiyyatda olmaları formal xarakter daşıyır və bu səbəbdən də cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

11. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh1 övladları X1 və X2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən ** saylı mənzilə istifadə hüquqları itirilmiş hesab olunması, cavabdehlər cavabdeh2 və cavabdeh1 məxsus əşyalar (yataq otağında olan: 1 çarpayı, 1 şifoner, 1 güzgülü dolab (tryumo), 2 tumba, pərdə, çılçıraq; qonaq otağnda olan: 1 masa, 8 stul, 1 divan, 2 kreslo, 1 sitirtməli dolab (komod), xalça, pərdə, 1 uşaq stol və stulu, uşaq üçün yemək stolu, çılçıraq; iddiaçıya aid otaqda olan: uşaq üçün çarpayı 1 nəfərlik; mətbəxtdə olan: soyuducu, paltaryuyan, qabyuyan, mətbəx stolu) cavabdehlərin hesabına həmin mənzildən çıxarılması qət edilmişdir (hakim X7).

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər 1 ilə yaxındır ki, həmin ünvanda yaşamırlar və cavabdehlərin mülkiyyətində daşınmaz əmlak vardır və belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ##.##.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən mənzildən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228-ci, 262-ci maddələrinə, ##.##.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, 60-cı, 87-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunu ##.##.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü, 82.4-cü, 77.1-ci, 119.1-ci, 217.4-cü, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ## #### 2016cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixliu qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdehlər ayr-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamaqla yanaşı iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə qətnaməsində onun və ailə üzvlərinin guya “uzunmüddət” mübahisəli mənzildə yaşamamağı əsas kimi göstərilsə də, bu anlayış nə hüquqi, nə də faktiki baxımdan konkretləşdirilmişdir. Məhkəmə həmin müddətin nə qədər olduğunu, bu müddətin hansı səbəblərlə bağlı yarandığını, müvəqqəti və ya məcburi xarakter daşıyıb-daşımadığını, ailə münasibətlərinin davam edib-etmədiyini araşdırmamışdır. Halbuki məhkəmə təcrübəsində “uzun müddət istifadə edilməməsi”anlayışı mənzildə istifadə hüququnun itirilməsinə səbəb olmur və hər bir halda səbəblər, şərait və tərəflərin real vəziyyəti ayrıca qiymətləndirilməlidir. Qətnamə yetkinlik yaşına çatmayan övladlarının hüquq və mənafelərinin qorunması baxımından ciddi nöqsanlarla qəbul edilmişdir. Məhkəmə uşaqların qeydiyyatdan çıxarılmasının və faktiki yaşayış yerinin dəyişdirilməsinin onların psixoloji vəziyyətinə, sosial adaptasiyasına, təhsil və inkişaf imkanlarına necə təsir edəcəyini araşdırmamışdır. Halbuki yetkinlik yaşına çatmayan şəxslərlə bağlı işlərdə məhkəmələr onların mənafeyini üstün tutmalı, bu mənafeyi ayrıca və əsaslandırılmış şəkildə qiymətləndirməlidir. Qətnamədə isə uşaqların maraqları yalnız dolayı şəkildə qeyd olunmuş, lakin müstəqil hüquqi qiymətləndirmə aparılmamışdır.

16. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmunu digər apelyatorun apellyasiya şikayətinin məzmunu ilə eyniyyət təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndələri apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

19. İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına görə ## ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

e) Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

32. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən *** saylı evin ** saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər cavabdeh2 iddiaçının övladıdır, cavabdeh1 isə onun gəlnidir. Mübahisəli mənzil iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. Qeyd edilən hallar iddiaçının nümayəndələrinin izahatları və iş materialları ilə təsdiq olunur. Cavabdeh cavabdeh2 ailə qurduqdan sonra bir müddət mübahisəli mənzildə yaşasa da, daha sonra həmin mənzili ailəsi ilə tərk etmiş və uzun müddətdir qeyd olunan mənzildə yaşamır, lakin o, və onun ailə üzvləri həmin mənzildə qeydiyyatda qalırlar. Cavabdeh cavabdeh2 adına ünvan 3 2 ünvanda yerləşən mənzil ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır. cavabdeh2 izahatında bildirmişdir ki, daha sonra cavabdehlər həmin mənzil üzərində ½ hissədə paylarını rəsmiləşdirmişlər. İddiaçının digər övladı X3 cavabdehlər mülkiyyətində olan mənzildə yaşasa da, cavabdehlər ona qarşı mənzildə çıxarılma barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış və iddia təmin edilmişdir. Halhazırda iddiaçı cavahdehlərin ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və bunun cavabdehlərin övladları ilə birgə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab olunmasını, cavabdehlərə məxsus əşyaların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 241, ** saylı mənzildən cavabdehlərin öz hesabına çıxarılmasını tələb edir, cavabdeh cavabdeh2 isə iddia tələbinə etiraz edir.

33. Halbuki Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar cavabdeh2 və cavabdeh1 cavabdehlər X3 və X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3 və X6 iddiaçı cavabdeh2 və cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 5 2 ünvanda yerləşən mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, giriş 208, M7, m2) çıxarılmaqla mənzilin açarları iddiaçılara təhvil verilməsi qət edilmişdir.

34. Bu səbəbdən cavabdehlər 1 ilə yaxındır ki, həmin ünvanda yaşamırlar və cavabdehlərin mülkiyyətində daşınmaz əmlak vardır və belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ##.##.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən mənzildən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmışdır.

35. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar