Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2486/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ünvan 1 ünvanında İddiaçı (abonent kodu: 100465601600000) istehlakçı kimi təbii qazla təmin olunur.
2. İddiaçı məxsus *************** saylı abonentin saldosuna itirilmiş qaz (həcmi: 38088 m3) sərfiyyatına görə 4570,56 manat borc hesablanıb.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 3836,16 manat, ##.##.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 734,40 manat, ümumilikdə isə dəymiş zərər kimi müəyyən olunan 4570,56 manat borcun *************** nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. İddiada göstərilir ki, ünvan 1 ünvanda yerləşən həyət evi iddiaçıya məxsusdur. Həmin evə 100465601600000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Onun adına olan *************** nömrəli abonent hesabında borc məbləğləri yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş ##.##.2022-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2022-ci il tarixli tələbnamədən, ##.##.2022-ci il tarixli, ******* nömrəli aktdan və ziyanın bərpasına dair ##.##.2022-ci il tarixli tələbnamədən aydın oldu ki, guya onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkiləri müəyyən edilərək onun hesabına ümumilikdə 4570,56 manat dəymiş zərər məbləği yazılmışdır. İddiaçı qeyd edilən aktlarla razı deyil, belə ki, o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları yanlışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, aktlar tərtib etmişlər. Borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi Cavabdeh İstehsalat Birliyinin əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, onun hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi qismən təmin edilərək Cavabdeh İB tərəfindən ##.##.2022-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 3836,16 manat borc məbləğindən 3693,60 manat, ##.##.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, cəmi 4428 manat borc silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə ## ###### 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə qismən razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli “Qazdan istifadə Qaydaları”na əsasən, qazdan istifadə zamanı istehlakçının sayğacdan kənar və ya qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı ziyanı hesablayarkən faktiki və ya maksimal istifadə müddətinə əsaslanmalıdır. Bu səbəbdən 360 gün hesablaması və 24 saat iş rejimi real faktiki istifadə ilə uyğun gəlmir və abonentin zərərinə əsassız şişirdilmiş borc yaradır. Qazişlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat 360 gün deyil 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat deyil 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün, Dəmir Sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat deyil 12 saat, hesabat müddəti 360 gün deyil, 30 gün kimi qəbul edilməlidir. 0.8 x 6 x 30 = 144 x 0,12 = 17,28, 1.5 x 12 x 30 = 540 x 0,12 = 64,80, 1,40 x 12 x 30 = 504 x 0,12 = 60,48, cəmi 142,56 (bir yüz qırx iki manat, əlli altı qəpik) manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı 142,56 manat dəymiş ziyan məbləği olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan dəymiş ziyanın bərpasına dair ##.##.2022-ci il və ##.##.2022-ci il tarixli tələbnamələri müqayisəli şəkildə araşdıraraq müəyyən etmişdir ki, həmin hesablamalar arasında ziddiyyətlər mövcuddur. Belə ki, ##.##.2022-ci il tarixli tələbnamədə qaz işlədiciləri kimi yalnız PQ3, QSQ və dəmir soba nəzərə alınmış, İran sobası üzrə hər hansı qaz sərfi göstərilməmişdir. Halbuki cəmi bir ay sonra tərtib edilmiş ##.##.2022-ci il tarixli tələbnamədə əvvəlki avadanlıqlardan PQ3 yerinə, PQ4 göstərilmiş, bununla yanaşı 2 ədəd dəmir soba və İran sobasının mövcud olduğu qəbul edilərək onun üzrə də qaz sərfi hesablanmışdır. Eyni ünvanda yerləşən yaşayış sahəsində cəmi bir ay ərzində qaz işlədici avadanlıqların tərkibinin dəyişməsi, xüsusilə əvvəlki aktda ümumiyyətlə qeyd edilməyən İran sobasının sonrakı hesablamaya daxil edilməsi, cavabdeh tərəfindən aparılmış hesablamaların obyektivliyinə və düzgünlüyünə şübhə yaradır. Məhkəmə iş üzrə yazılmış ##.##.2022-ci il tarixli ****** nömrəli akt ilə bağı qeyd edir ki, məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra Qaz təchizatı haqqında qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış akt əsasında inzibati orqana müraciət olunmadığı, həmçinin bu halları təsdiq edən video görüntü əlavə edilmədiyi halda yazılmış aktlar nəzərə alınmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş ziyan olaraq hesablanmış 4428 manatla bağlı məhkəmə hesab edir ki, qeyd olunan məbləğin hesablanmasında “Azərqaz” İB tərəfindən yalnışlığa yol verilmişdir. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib olunmuş, aktın heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii qazdan istifadə qaydaları pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən abonent kodu 100465601600000 abonent kodu olan yaşayış evinə Cavabdeh İB-yi tərəfindən ##.##.2022- ci il tarixli ******* nömrəli akt əsasında yazılmış 3836,16 manat borc məbləğindən 3693,60 manat, ##.##.2022-ci il tarixli ******* nömrəli akt əsasında 734,40 manat, cəmi 4428 manat borc silinməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh İstehsalat Birliyi (və nümayəndəsi X1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh İstehsalat Birliyi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2 (## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə). Bənd 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5(## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt, dəymiş ziyanın bərpasına dair tələbnamə işdə mövcud olmuşdur. İşdə olan bu akt üzrə cəmi silinməsi tələb edilən məbləğ hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da cavabdehin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edir, aktlarda yaşayış sahəsində qaz sayğacından kənar təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olundu qeyd edilib və həmin aktlara əsasən borc hesablayır, ancaq fakt videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
23. Bundan əlavə, cavabdehin tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt iddia tələbinə etirazı əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu akt məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə 2 ildən artıq bir müddətdə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar suiistifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.