Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2493/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 11, mənzil 18 və ünvan 1 ünvanlarında yerləşən mənzillər üzərinə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payının müəyyən olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) iddia ərizəsinin qaytarılması qərara alınmışdır (ilkin medasiyanın tətbiq olunmaması, dövlət rüsumunun ödənilməməsi). Iddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisə tərəflərin ailə münasibətlərindən irəli gəlmiş, lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirakla bağlı müvafiq sənədi, habelə dövlət rüsumunu əlavə etməmişdir. Iddiaçı tərəf isə öz növbəsində həmin qərardaddan şikayətində göstərmişdir ki, faktiki olaraq mediasiya sessiyasında iştirak baş tutmuş və müvfiq arayış əldə olunmuşdur. Lakin Elektron Məhkəmə Informasiya Sistemində yaranmış problemə görə həmin sənədin, eləcə də dövlət rüsmumun ödənilməsini təsdiq edən qəbzin sistemə yüklənməsi mümkün olmamışdır. Iddia ərizəsinə bu barədə yazılı vəsatət əlavə etmiş, həmin sənədlərin məhkəməyə təqdim olunacağı qeyd edilmişdir (şikayətə mediasiya sesssiyasında iştirakla bağlı arayış əlavə olunmuşdur). Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MPM-in 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. MPM-in 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Hazırkı halda iddia ərizəsindən göründüyü kimi, tərəflər arasındakı mübahisə ailə münasibətlərindən qaynaqlanmaqla, iddiaçı birgə nikah dövründə əldə olunmuş mənzillər üzərində ½ hissədə pay hüququnun tanınmasını xahiş etmişdir. Qanunvericliyin tələblərinə görə isə, həmin növ mübahisələr üzrə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Işdən görünür ki, iddia ərizəsi ## #### 2026-cı il tarixdə imzalanmış, həmin dövrdə isə EMIS-nin yenilənməsi ilə əlaqədar müvafiq sənədlərin yüklənməsində məhdudiyyətlər yaranmışdır. Iddiaçı iddia ərizəsində bu halı xüsusi olaraq qeyd etmiş, müvafiq sənədlərin təqdim olunacağını bildirmişdir. Birinci instansiya məhkəməsi isə buna əhəmiyyət verməmiş, iddia ərizəsini müvafiq əsasla qaytarmışdır. Xüsusilə qeyd olunmalıdır ki, qərardaddan verilmiş şikayətə iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd əlavə olunmuş, lakin məhkəmə şikayətin qeyd olunan dəlillərinə ümumiyyətlə münasibət bildirilməmiş, ümumi sözlərlə şikayətin əsassız olması qeyd etməklə kifayətlənmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun ödəniş qəbzi də EMIS-nə əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququ Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr, o cümlədən Avropa Insan Hüquqları Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqe ilə təmin olunan fundamental hüquqlardan biridir. Məhkəməyə çıxış hüququ mütləq xarakter daşımır və onun həyata keçirilməsi müəyyən prosessual şərtlərlə tənzimlənə bilər. Lakin həmin şərtlər qanuni məqsədə xidmət etməli, formalizm hüququn mahiyyətini aradan qaldıracaq səviyyəyə çatmamalı və şəxsin məhkəmədə öz hüquqlarını müdafiə etmək imkanını faktiki olaraq mümkünsüz etməməlidir. Buna görə də iddia ərizəsinin yalnız formal xarakterli çatışmazlıqlara istinad edilməklə qaytarılması, həmin çatışmazlıqların aradan qaldırılması üçün real imkan yaradılmadan və ya onların işə mahiyyəti üzrə baxılmasına maneə törətdiyi əsaslandırılmadan həyata keçirildikdə, məhkəməyə müraciət hüququnun mahiyyət etibarilə məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Belə hallarda məhkəmə prosessual normaları tətbiq edərkən formal tələblərlə şəxsin məhkəmə müdafiəsi hüququ arasında ədalətli tarazlığı təmin etməlidir. Prosessual qaydaların məqsədi məhkəməyə müraciət hüququnu əsassız şəkildə məhdudlaşdırmaq deyil, mühakimənin səmərəli və nizamlı həyata keçirilməsinə xidmət etməkdir. Əgər iddia ərizəsindəki çatışmazlıqlar aradan qaldırıla bilən xarakter daşıdığı halda məhkəmə onları iddianın qaytarılması üçün əsas götürmüşdürsə və nəticədə iddiaçının mübahisənin mahiyyəti üzrə məhkəmə baxışına çıxışına mane olmuşdursa, belə yanaşma proporsionallıq prinsipinə uyğun hesab edilə bilməz və şəxsin Konstitusiya ilə təmin edilmiş effektiv məhkəmə müdafiəsi hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməli) həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2493/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2493/2026
23.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver