Məhkəmə qərarları › İş №2(3-6)-25/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-25/2026

04.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-25/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmrə düzəliş edilməsi, ödənilməmiş əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “xitam əmrinə düzəliş edilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5259/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı kreditor vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyəti verilməsini xahiş etmişdir.

3. Əmək kitabçasına əsasən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 11**-İR- ***5 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi əsasında xitam verilmiş, daha sonra həmin əmrin etibarsız hesab olunması qeydi aparılmışdır.

4. xx.xx.2025-ci il tarixli, 12**-İR-***5 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdən Cavabdehndə kreditor vəzifəsində çalışan işçi İddiaçı əmək məzuniyyətinin bitməsindən sonrakı ilk iş günü, yəni xx.xx.2025-ci il tarixindən başlayaraq evdən (online şəkildə) işləməli olmasına baxmayaraq heç bir üzrlü səbəblər bldirmədən, bilavasitə rəhbərinə məlumat vermədən iş prosesində iştirak etməmişdir və əmək funksiyalarının icrasından birtərəfli olaraq imtina etmişdir. Həmçinin, İddiaçı tərəfindən işdən çıxması barədə ərizə təqdim edilməmişdir.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə izahatının alınması məqsədilə şirkətin baş ofisinə dəvət edilmiş və izahatında bildirmişdir ki, “1 il 9 ay müddətində şirkətdə kreditor vəzifəsində işləyirəm. Daha öncə Soliton şirkətində 2 il müddətində kreditor olaraq işləmişəm. Kənar sifarişlərə baxılması ilə əlaqədar qeyd etmək istəyirəm ki, şirkətin daxili qaydasına əsasən kredit sifarişləri ümumi bazaya düşür və daha sonra həmin sifarişə satış məsləhətçisi baxır və təsadüfi sistem qaydası ilə kreditora ötürülür. Bununla bağlı 2024-cü ilin Mart ayında mail olmasına baxmayaraq mənim bu barədə məlumatım olmayıb. Mailin məzmununda isə kənar sifarişlərə baxılmaması qeyd olunub. Mənim ayırdığım kreditlərin bəzilərində sifarişdə satış məsləhətçisindən öncə mənim zəng etməyimi onunla izah edirəm ki, həmin sifarişləri daha öncəki Soliton müştəri bazam vasitəsilə icra etmişəm. Həmin müştərilər online sifariş zamanı onlara zəng edilmədiyini bildirmişlər və mən də öz növbəmdə müştərinin itirilməməsi üçün sifariş kodu ilə zəng edib şirkətin daxili qaydası çərçivəsində rəsmiləşmə üçün müştərilərə kömək etmişəm. Bu prosesin daxili qayda pozuntusu olduğunu bilməmişəm...”

6. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 1520D-İR-2025 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə məzuniyyət pulu da daxil olmaqla ümumi 948.08 manat məbləğində son haqq-hesab ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X8 Xidməti cəlb edilməklə) “xitam əmrinə düzəliş edilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli Əmr № 1520D-İR-2025 Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən verilən əmrin (qərarın) ləğv edilməsi, xx.xx.2025-ci il tarixli, Əmr №1168-l.R-2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Əmək və məşğulluq" atsistemində qeydə alınması, son haqq-hesab edilməklə ona ödənilməmiş məzuniyyət pulu və son ayın əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “"Kontakt Home” kimi tanınan "xxxx" MMC-yə kreditor vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi 18 aya yaxın müddət ərzində verilən tapşırıqları vaxtlı-vaxtında həll etmiş və heç bir əmək pozuntusu etməmişdir. Hətta yazılmamış daxili nizam-intizam qaydalarına belə riayət etmişdir. xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iş əmək müqaviləsinə xitam verilməsi barədə öz xahişi ilə (ərizəsinə əsasən) işdən azad olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, Əmr N1168-İ.R-2025 əsasən (əmək kitabçasına qeyd edilməklə) işdən azad olunmuş və işə getməmişdir. Lakin, əmək kitabçası ona təqdim olunmamışdır. Əmək kitabçasının götürülməsi ilə bağlı dəfələrlə baş ofisə gedib istədikdə müxtəlif bəhanələr gətirərək verməkdən imtina etmişlər. Bundan sonra xx.xx.2025-ci il tarixdə əmək kitabçasını götürdükdə məlum olmuşdur ki, onu xx.xx.2025-ci il tarixli, Əmr №11**-İR-***5 Əmək Məcəlləsinin 68-ci maddəsinin "a” bəndinə əsasən işdən azad etdikdən sonra, bir daha xx.xx.2025-ci il tarixli Əmr №1520Dİ.R-2025 Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. Bununla yanaşı bildirmək istəyir ki, işdən azad olunma barədə əmrlərlə tanış olmamış, ona təqdim olunmamışdır. Belə ki, işçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilərkən əgər ki, işçi yazdığı izahatında qanun pozuntusunu etiraf edibsə və Əmək Məcəlləsinin 72-ci maddəsinin (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) hər hansı bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozubsa – bunu dillə və ya danışıq yolu ilə deyil - tərtib edilmiş aktla və alt sənədlərlə həll edilməlidir – hər bir halda işçi izahat yazmasa belə aktla tanış edilməlidir və ya akt qeydiyyat ünvanına göndərilməlidir. Bununla yanaşı son haqq-hesab edilməmiş və (məzuniyyət, son ayın əmək haqqı) ödənilməmişdir. Qeyd etmək istəyir ki, ona verilən işdən çıxarma qərarı qanunsuzdur. Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə verilən işdən çıxarma qərarı qanuni və düzgün idi, lakin sonrakı qərar, müvafiq qaydalara zidd olaraq verilib. İşdən çıxarma qərarının 70-ci maddənin "ç" bəndinə əsaslanaraq verilməsi üçün onun iş fəaliyyəti ilə əlaqədar əsaslı səbəblər yoxdur və heç bir sübut təqdim edilməmişdir. Onun əvvəlki qərar üzrə əmək müqaviləsinin sona çatdırılmasında hüquqi əsaslar düzgün tətbiq edilməmişdir. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2025-ci il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur.

10. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı əmək mübahisəsi üzrə iddiası tam əsassızdır. Qeyd etmişdir ki, hissəvi ödəniş departamentində kreditor vəzifəsində işləmiş İddiaçı əmək funksiyalarının düzgün yerinə yetirib-yetirməməsinə dair 30 may 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək müvafiq yoxlamalar həyata keçirilmişdir. Müvafiq yoxlamalar Hissəvi ödəniş departamentində kreditor vəzifəsində işləyən əməkdaşların işlədikləri cəmiyyətin "ERP" elektron informasiya sistemində olan məlumatlar üzərindən, eləcə də kreditor tərəfindən rəsmiləşdiriİmiş müqavilələr üzrə müştərilərin təqdim etdikləri məlumatlar və müştərilərlə telefonla əlaqə zamanı qeydə alınmış səs yazılarının dinlənilməsi əsasında həyata keçirilmişdir. Yoxlama zamanı aşkara çıxmış əmək funksiyalarının pozulması faktları: Hissəvi ödəniş departamentində kreditor vəzifəsində işləyən İddiaçı 2025-ci ilin mart ayından etibarən onun tərəfindən rəsmiləşdirilmiş hissəvi alqı-satqı müqavilələrinə "ERP" elektron sistemdə baxış keçirilmiş və ümumilikdə 61 fakt üzrə şübhəli, eyni zamanda əməkdaş tərəfindən bilavasitə ona verilmiş tapşırığın qəsdən pozulması faktı müəyyən edilmişdir. İddiaçı bilavasitə rəhbəri olan Hissəvi ödəniş departamentinin mütəxəssisi Kənan Abdulrəhmanlının 10 mart 2024-cü il tarixli bütün kredit mütəxəssislərinə ünvanladığı icrası məcburi olan tapşırıq əhəmiyyətinə malik şirkətdaxili mailində hissəvi satışın yalnız kreditora daxil olduğu halda həmin sifarişi icra etməsi və kreditora daxil olmamış sifarişin onlar tərəfindən icra edilməsinin qadağan edilməsinə dair tapşırıqlar verilmişdir. Həmin yoxlama zamanı 61 hissəvi satış üzrə müəyyən edilir ki, İddiaçı bilavasitə rəhbərinin 10 mart 2024-cü il tarixli icrası məcburi olan tapşırığını kobud surətdə pozaraq ona daxil olmayan, faktiki olaraq satıcı tərəfindən sifariş üzrə müştəri ilə satıcı əlaqə saxlanılmalı olduğu halda o, satıcının müştəri ilə danışmasını gözləmədən sifarişlərə baxaraq həmin sifarişləri özünə yönəldərək, müştəri ilə telefonla əlaqə saxlayıb bilavasitə özü həmin sifariş üzrə müştəriyə hissəvi ödəniş (kredit) rəsmiləşdirmişdir. Bundan sonra sistemin normal qaydasına əsasən sifariş satıcıya yönləndirildikdən sonra satıcı müştəri ilə əlaqə saxlayan zaman müştəri satıcıya ona hissəvi ödəniş (kredit) rəsmiləşdirdiyini bildirdiyinə görə satıcılar həmin sifarişə "imtina etdi", "təkrar sifariş" deyə qeydlər etmişlər. Bu da İddiaçı başqa kreditora yönəlməli olan sifarişi artıq qabaqcadan icra etməsi anlamına gəlir. Bundan başqa yoxlama zamanı İddiaçı müştərilər ilə danışığı əks olunan səs yazıları dinlənilmiş və müəyyən edilmişdir ki, müştərilər qabaqcadan onlara zəng edən şəxsin onlar barədə məlumatları bildikləri, kredit mütəxəssisi tərəfindən onlara hansı suallar veriləcəyi, bu səbəbdən də onlara nələr lazım olacağını bildikləri, habelə şübhəli olan həmin müştərilərin böyük bir qisminin "şirkətimizə ziyan vuran nağdlaşdırma" olması müəyyən edilmişdir 61 müqavilə üzrə əsasən oxşar "nağdlaşdırma" məhsullarının rəsmiləşdirilərək satıldığı müəyyən edilmişdir. Həmçinin müştərilər telefon danışığı zamanı sifariş etdikləri məhsulun nə olmasını bilmədikləri halda bunun səbəbi kreditor İddiaçı tərəfindən soruşulmadığı, bu cür hallara diqqət etmədiyi müəyyən edilmişdir. Bu hallarla bağlı ümumilikdə 61 hissəvi satış müqaviləsi üzrə məlumatlar və səs yazıları dinlənilərək tədqiq edilmişdir. Bundan başqa İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmiləşdirilmiş müştəri X1 ilə əlaqədar səs yazısında şübhəli məqamlar, yəni "nağdlaşdırma" faktı hiss edilir, səs yazısında müştərinin bu sifarişlərdən narazılığı, yəni sifarişin bilavasitə onun özünün iradəsi olmadan edildiyi hiss edilir, daha sonra telefonu başqa şəxs alaraq danışmağa cəhd etməsi və bu kimi neqativ hallar müəyyən edilmişdir. Bundan sonra həmin müştəri X9 bununla bağlı şirkətimizdən və ona qarşı bu neqativ hala yol vermiş şəxslərdən Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət etməsi müəyyən edilmişdir. Bu səbəbdən də həmin müştəri ilə telefonla əlaqə saxlanılmış, müştəri X9 onu "Kontakt Home"-da işləyən tanışları vasitəsilə aldadıldığını, aldığı məhsulları "nağdlaşdırma" üçün əldə etdiyini, yəni yerində satıb pul əldə etmək istədiyini, lakin ona pul verilmədiyini, şirkətin adından istifadə edilərək ona qarşı belə neqativ hallara yol verilməsindən narazılığını bildirmişdir. Bundan başqa İddiaçı şirkətdaxili mailin tələblərini kobud surətdə pozaraq kreditora daxil olmamış sifariş üzrə satış məsləhətçisi müştəri ilə telefonla danışmamış 61 ədəd müqavilə üzrə hissəvi ödəniş müqaviləsi (kredit) rəsmiləşdirməsi nəticəsində onun özünün iş yoldaşlarına düşməli olacaq sifarişləri öncədən özü icra etməsi nəticəsində öz iş yoldaşlarının haqlarına girmiş və bununla da digər kreditorların haqlı narazılıqlarına səbəb olmuşdur. Sadalanan halların nəticəsində İddiaçı 05 iyun 2025-ci il tarixdə şirkətin baş ofisinə izahatının alınması üçün dəvət edilmişdir. Həmin tarixdə İddiaçı izahatında Hissəvi ödəniş departamentinin mütəxəssisi Kənan Abdulrəhmanlının 10 mart 2024-cu il tarixli bütün kredit mütəxəssislərinə ünvanladığı tapşırıqdan sonradan məlumatlı olduğunu, 2025-ci ilin mart ayından etibarən 3-5 dəfə həmin tapşırığın tələblərini pozaraq hissəvi ödəniş sifarişi ona yönəlməzdən əvvəl müştəri ilə əlaqə saxlayaraq müqavilə üzrə rəsmiləşmə həyata keçirdiyini bildirmişdir. Həmçinin, bu müştərilərin əvvəllər işlədiyi şirkətin bazasında olduğunu, əvvəlki işlədiyi şirkətdən 150-dən çox müştəri bazasının olmasını qeyd etmişdir. Yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, 1. "xxxx" MMC-nin Hissəvi ödəniş departamentində kreditor vəzifəsində işləyən İddiaçı onun bilavasitə rəhbəri olan Hissəvi ödəniş departamentinin mütəxəssisi Kənan Abdulrəhmanlının 10 mart 2024-cü il tarixli bütün kredit mütəxəssislərinə ünvanladığı icrası məcburi olan tapşırıq əhəmiyyətinə malik şirkətdaxili mailin tələblərini kobud surətdə pozaraq kreditora daxil olmamış sifariş üzrə satış məsləhətçisi müştəri ilə telefonla danışmamış hissəvi ödəniş müqaviləsi (kredit) rəsmiləşdirmişdir. 2. İddiaçı tərəfindən 1-ci bənddə göstərilən tapşırıq pozulmaqla ümumilikdə 61 müştərinin sifarişləri üzrə hissəvi ödəniş müqaviləsi rəsmiləşdirilməsi zamanı kredit mütəxəssisinin müştərilər ilə danışığı zamanı müştərilərin qabaqcadan onlara zəng edən İddiaçı müştəri barədə məlumatları, hansı suallar veriləcəyi, habelə şübhəli olan həmin müştərilərin böyük bir qisminin "nağdlaşdırma" məhsulları olması müəyyən edilmişdir. Bununla da İddiaçı “nağdlaşdırma” ilə məşğul olan şəxslərlə iş birliyi içində olması nəticəsində şirkətə 152.302,96 manat maddi və mənəvi ziyan vurulması ilə nəticələnən hərəkətləri nəticəsində şirkətin ictimai nüfuzuna xələl gətirməşdir. İddiaçı şirkətdaxili mailin tələblərini kobud surətdə pozaraq kreditora daxil olmamış sifariş üzrə satış məsləhətçisi müştəri ilə telefonla danışmamış 61 ədəd müqavilə üzrə hissəvi ödəniş müqaviləsi (kredit) rəsmiləşdirilməsi nəticəsində onun özünün iş yoldaşlarına düşməli olacaq sifarişləri öncədən özü icra etməsi nəticəsində öz iş yoldaşlarının haqlarına girmiş və bununla da digər kreditorların haqlı narazılıqlarına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuş, eləcə də əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı işdən azad edilərkən ona tam həcmdə əmək haqqı və digər ödənilməli olan ödənişlər tam həcmdə ödənilmişdir. Buna görə də İddiaçı xitam əmrinə düzəliş olunması və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 5259/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı ) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixli 1520D-İR-2025 saylı əmrinin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh MMC-dən 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına iddiaçının onunla cavabdeh MMC arasında bağlanmış əmək müqavilsinə öz ərizəsi əsasında xitam veriləsinə dair ərizəsi əlavə olunmamışdır. Məhkəmə tərəfindən İddiaçı həmin ərizənin təqdim edilməsinə dair dəfələrlə təklif edilsə də, həmin ərizə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, yəni iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsinə dair ərizə olmadığı, həmçinin belə bir ərizənin ƏMAS sistemində portala yüklənmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin AR ƏƏSMN-nin “Əmək və məşğulluq” altsistemində qeydə alınması əsassızdır.

14. Məhkəmə iddiaçının digər tələbi olan son haqq-hesab ödənilməsinə münasibətdə bildirmişdir ki, Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ACH-104/25 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə məzuniyyət pulu da daxil olmaqla ümumi 948,08 manat son haqq-hesab ödənilmişdir. Bunu iş materiallarında olan "xxxx" ASC-nin müvafiq çıxarışı təsdiq edir.

15. Məhkəmə iddianın xx.xx.2025-ci il tarixli, 1520D-İR-2025 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmiş əmrin ləğv edilməsi hissəsində iddianı əsaslı hesab edərək, həmin hissədə təmin edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, cavabdeh tərəfində iddiaçının əmək müqaviləsinə ilk öncə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, daha sonra isə iddiaçıya xəbərdarlıq etmədən həmin əmr ləğv edilərək, əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddıaçı isə bu haldan yalnız əmək kitabçasını təhvil aldıqdan sonra məlumatlı olmuşdur. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur.

16. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddiaçının hazırkı iddiası qismən əsaslıdır, iddiaçı və cavabdeh iddia və etirazlarını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmişlər, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmişdir. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli 1520D-İR- 2025 saylı əmri ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə, Əmək Məcəlləsinin 3.5, 3.5-1, 9-cu maddəsinin b) bəndinə, 42.1, 49.1, 68-ci maddəsinin 2-ci hissəsinə, 69.2, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Nümayəndə4 şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 8.2, 9.1 və 9.1.1 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın mətininə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsində İddiaçı ilk öncə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən çıxarıldığını göstərmişdir. Məhkəmə İddiaçı əmək kitabçasında olan qeydə əsaslanaraq bu mövqeyə gəlmişdir. İddiaçı əmək kitabçasında olan həmin qeyd texniki yanlışlıq səbəbindən olmuşdur və həmin qeydin altında bunun etibarsız olması barədə yazılmışdır və cavabdeh tərəfindən təsdiqlənmişdir. Eyni zamanda, işə əlavə edilən sənədlərdən də təsdiqlənir ki, həmin tarixdə, yəni 12 mayda iddiaçı məzuniyyətdə olmuşdur, yəni məzuniyyətdə olan işçinin ərizəsi ilə işdən azad edilməsi mümkün deyildir. Ən əsası isə əmək kitabçası ilə bağlı tələblər artıq dəyişmişdir, yəni cavabdeh kimi özəl müəssisələrdə əmək kitabçasının açılması və orada əmrlərin qeyd edilməsi tələbi yoxdur. Əmək Məcəlləsinə bununla bağlı dəyişiklik xx.xx.2024-cü ildə edilmişdir. Cavabdeh şirkətdə əmək fəaliyyəti ilə bağlı dəyişikliklər elektron informasiya sisteminə əlavə edilir. Əmək kitabçasının və oradakı qeydlərin hər hansı hüquqi qüvvəsi, əhəmiyyəti yoxdur. Göründüyü kimi, heç bir hüquqi qüvvəsi olmayan sənədə məhkəmə tərəfindən əsassız hüquqi qiymət verilmişdir. Ən əsası isə həmin tarixdə işçi məzuniyyətdə olduğundan işdən azad edilə bilməzdi. Həmçinin məhkəmə öz qətnaməsində İddiaçı tərəfindən işdən könüllü çıxması barədə ərizə yazılmadığını və belə ərizənin mövcud olmadığını təsdiq etmişdir. İddiaçı tərəf də belə ərizənin təqdim edildiyini sübut edə bilməmişdir. Bu da o deməkdir ki, iddiaçı işdən çıxmaq üçün könüllü ərizə təqdim etmədiyi halda, onu işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxarıla bilməzdi. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yəni əmək kitabçasındakı qeyd real deyildir və nəzərə alınmamalı idi. Məhkəməyə təqdim edilən kreditor vəzifəsində işləmiş İddiaçı kobud pozuntularını təsdiq edən sübutlar məhkəmə iclasında tədqiq edilməmişdir. Bununla bağlı vəsatət də təqdim edilməsinə baxmayaraq məhkəmə, cavabdeh tərəfindən təqdim edilmiş sübutları gözardı etmiş, qətnamədə bu sübutlara ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə qətnaməsində tədqiq edilməyən sübutlar: 1. kreditor vəzifəsində işləmiş İddiaçı müştərilər ilə telefon danışığı zamanı qeydə alınmış səs yazıları, 2. kreditor vəzifəsində işləmiş İddiaçı xx.xx.2025-ci il tarixli izahatı, 3.Daxili Audit Departamentinin xx.xx.2025-ci il tarixli Aktı, 4.kreditorların işlədikləri ERP elektron satış sistemindən çıxarışlar. Səs yazıları: Namik 2 – 2:40 saniyədə - İddiaçı müştəri ilə danışır, həmin səs yazısında müştəriyə izah edir ki, bu danışıqdan sonra ona satış məsləhətçisi zəng edərsə “satışın icra edildiyini zəng edən şəxsə bildirməsini” müştəriyə izah edir. Lakin İddiaçıcəmiyyətimizə verdiyi izahatında qeyd etmişdir ki, o ümumiyyətlə kredit sifarişinin ona yönəlməmiş icra edilməsinin qadağan olunmasından (bu barədə ona şirkət daxili mail ünvanlanıb) məlumatsız olub. Lakin bu səs yazısında aydın olur ki, həmin qaydadan məlumatlı olduğu üçün müştəriyə belə məsləhət verməsi onun yalan danışdığını, səmimi olmadığını, cavabdehin iddia etdiyi kimi nağdlaşdırma edən şəxslər ilə işbirliyi etməsini təsdiq edir. Səs yazısı Sərxan 1 2:00 dəqiqə-kreditor İddiaçı müştəriyə sual verərək “məhsulların çatdırılma yoxsa özünün təhvil almasını soruşur, müştəri cavabında çatdırılma istədiyini qeyd edir”, lakin İddiaçı təkrarən müştərini yönəldici sualla məhsulları mağazadan təhvil alma qeyd etməsinə nail olur. Həmçinin həmin müştəri ilə danışıq zamanı müştərinin sifariş etdiyi məhsullar barədə bilmədiyi müəyyən edilir. Bu da özlüyündə şübhəli hal olduğu üçün kreditor tərəfindən nəzərə alınmalı idi. Elektron sistemməlumatları: müştərilər ilə online sifarişdən sonra satış məsləhətçilərimiz danışmalı olduğu halda kreditor İddiaçı ona tapşırıq kimi verilmiş bu qaydanı kobud surətdə pozub müştəri ilə satış məsləhətçisi danışmadan sifarişi sistemdən özünə yönəldərək (sifariş kodları nağdlaşdırma edən şəxslər vasitəsilə ona ötürüldükdən sonra) sifariş üzrə müştəri ilə əlaqə saxlayaraq hissəvi ödəniş müqavilələri rəsmiləşdirmişdir. X11 – bu müştəri ilə danışıq nəticəsində hissəvi ödənişlə müqavilə rəsmiləşmiş, müştəri sonradan polisə şikayət edərək onu “Kontakt” mağazalar şəbəkəsində işləyən şəxslər tərəfindən aldadıldığını bildirmişdir. Bu da özlüyündə cəmiyyətimizin işgüzar nüfuzuna ziyan vurmuş bir haldır. Bu müştəriyə də müqaviləni kreditor vəzifəsində işləmiş İddiaçı rəsmiləşdirmişdir. Kreditorların işlədikləri ERP elektron satış sistemindən çıxarışlardan görünür ki, kreditor İddiaçı satıcı müştəri ilə danışmadan sifarişi özünə yönəldib icra etdiyi üçün sonradan müştərilərə sistemin normal qaydasına əsasən sifariş satıcıya yönəldiyindən, satıcı müştəri ilə əlaqə saxlayan zaman müştəri artıq müqavilənin rəsmiləşdiyini qeyd etdikləri üçün, elektron sistemdə satıcı tərəfindən imtina edildi, icra edilmiş deyə qeydlər edilmişdir. Bu da kreditor İddiaçı ona icrası məcburi olan göstəriş əhəmiyyətli tapşırığı qəsdən pozmasını təsdiq edir. Məhkəmə icraatı müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 3-cü şəxs qismində məhkəmənin qərarına əsasən işə cəlb edilmişdir. X8 Xidmətinin nümayəndəsi yalnız bir iclasda iştirak etmiş və işlə tanış olması üçün vaxt istəyərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən həmin məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında nə həmin nümayəndə, nə də X8 Xidməti tərəfindən məhkəmənin icraatında olan işlə bağlı 3-cü şəxs kimi mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X8 xidməti də qəbul edilmiş əmrlə dolayısı ilə razılaşmışdır, yəni əmrin qanunsuz olması ilə bağlı hər hansı mülahizə təqdim edilməmişdir. Ən vacib və xüsusilə vurğulanmalı hissə odur ki, hakim iddia tələbində göstərilməyən bir tələbi təmin etmişdir. Belə ki, iddiaçının tələbi onunla bağlı müqavilənin ləğv edilməsinə dair əmrin ləğv edilməsi və xitam əsasına elektron sistemdə düzəliş edilməsi olmuşdur. Yəni tələbin bir hissəsi tam olaraq belə formulə edilmişdir, lakin hakim bu tələbin bir hissəsini təmin etmiş, əmri ləğv etmiş, ancaq sistemdə xitam əsasının düzəldilməsi ilə bağlı göstəriş qeyd etməmişdir. Hazırda mövcud qətnamə ilə sadəcə əmr ləğv edilmişdir, işçinin əsas istəyi olan xitam əsası dəyişdirilməmişdir. Hesab edir ki, bu da məhkəmənin işin faktiki hallarını tam araşdırmamasından, sübutlara düzgün qiymət verilməməsindən irəli gəlir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, işdən çıxması ilə bağlı ərizə yazmış və ofisə təqdim etmişdir. Özündə nüsxəsini saxlamamışdır. O, ümumiyyətlə evdən heç zaman işləməmişdir. Həmçinin, məzuniyyətə də öz arzusu ilə çıxmamışdır. Ona ərizə yazdırıb məzuniyyətə göndərmişlər. Ona bildirmişlər ki, məzuniyyətə çıxmasa işdən çıxa bilməyəcək. İşlətdiyi ləvazimatları da ofisə təhvil verib çıxıb getmişdir. Məzuniyyətdən sonra isə işə çıxmamışdır.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Əmək Məcəlləsi (ƏM): Maddə 3.3. İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;... Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 79.1. İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 87.1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Maddə 87.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində, habelə Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Əmək və məşğulluq" atsistemində qeydə alınması ilə bağlı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində və “xx.xx.2025-ci il tarixli, Əmr №11**-İR-***5-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Əmək və məşğulluq" atsistemində qeydə alınması” tələbinə münasibətdə iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

30. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

31. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə kreditor vəzifəsində işə başlayan İddiaçı əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 11**-İR-***5 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin sonradan kitabçada həmin əmrin etibarsız hesab edilməsi barədə qeyd edilmişdir.

32. Cavabdeh iddiaçının işdən çıxması barədə ərizə təqdim etməməsi və əmək kitabçasında olan bu barədə qeydin texniki yanlışlıq səbəbindən olması ilə əsaslandırsa da, məhkəmə kollegiyası bu dəlili inandırıcı hesab etmir.

33. İşdən müəyyən edilir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyətində olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixindən başlayaraq iş prosesində iştirak etməmiş, əmək funksiyasını icra etməmişdir. İddiaçının həmin tarixdən əmək funksiyasını evindən həyata keçirəcəyi barədə isə cavabdeh tərəfindən məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir.

34. İddiaçının əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə əmrin tarixinin və nömrəsinin dəqiqliklə göstərilməsi, habelə iddiaçının məzuniyyətdən sonra işə qayıtmaması onu deməyə əsas verir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həqiqətən də xx.xx.2025-ci il tarixində göstərilən əsasla xitam verilmişdir.

35. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının fəaliyyətinin yoxlanılması cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində başlanılmışdır. İddiaçının xx.xx.2025-ci il tarixindən işə qayıtmaması, əmək kitabçasının cavabdehdə olması sonuncu tərəfindən əmək kitabçasında sonradan arzuladığı dəyişikliklərin edilməsi imkanı yaratmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər (ƏM 76.1-ci maddə). Odur ki, cavabdeh tərəfindən sonradan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə başqa əsasla xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

37. Həmçinin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi işəgötürənə məzuniyyətdə olduğu vaxtda işçinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsini qadağan edir (ƏM 79.1-ci maddə). Lakin hazırki iş üzrə əmək müqaviləsinə iddiaçı məzuniyyətdə olduğu vaxt göstərilən əsaslarla deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) cavabdeh tərəfidnən xitam verilmişdir. Beləliklə də, əmək qanunvericiliyin tələbləri pozulmamışdır.

38. Kollegiya həmçinin qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işçi əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə yazılı formada kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə müraciət etməlidir (ƏM 69.1-ci maddə). İddiaçı bildirir ki, cavabdehə işdən çıxması ilə bağlı yazılı ərizə təqdim etmişdir. Nəzərə alınmalıdır ki, işçinin işəgötürənə belə ərizənin təqdim edildiyini hansısa formada qeydə almaq imkanı mövcud olmur. Odur ki, işçi tərəfindən bu halın sübut edilməsi faktiki olaraq mümkünsüz olur.

39. Cavabdehin dəlillərindən biri də odur ki, əmək qanunvericiliyində əmək kitabçasının açılması, orada əmrlərin qeyd edilməsi tələbi yoxdur və onun tərəfindən əmək fəaliyyəti ilə bağlı dəyişikliklər elektron informasiya sisteminə əlavə edilir.

40. Halbuki, bu dəlili irəli sürən cavabdeh özü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonradan Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə xitam verilməsi barədə iddiaçının əmək kitabçasında qeydiyyat aparmışdır. Odur ki, məhkəmə kollegiyası bu dəlili əsassız sayır.

41. O da qeyd edilməlidir ki, işdə olan cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin yoxlanılmasının nəticələrinə dair tərtib edilmiş aktda iddiaçı tərəfindən cavabdehə 152.302,96 manat məbləğində maddi ziyanın vurulduğu göstərilmişdir.

42. İşəgötürən tərəfindən məhkəməyə və ya digər orqanlara müraciət etməmişdən öncə bu halın araşdırılması məqsədilə əmək münasibətlərinə xitam verildikdən sonra belə keçmiş işçinin dəvət olunaraq onun izahatının alınması mümkün olan haldır və bunu qadağan edən norma əmək qanunvericiliyində mövcud deyil.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 5259/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində və “xx.xx.2025-ci il tarixli, Əmr №11**-İR-***5-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Əmək və məşğulluq" atsistemində qeydə alınması” tələbinə münasibətdə iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 1520D-İR-2025 nömrəli əmri ləğv edilsin. xx.xx.2025-ci il tarixli, 11**-İR-***5-ci nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sisteminə qeydə alınması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar