Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2611/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Hacıyev İlqar Əli oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Hacıyev İlqar Əli oğlundan İddiaçı MMC-nin xeyrinə ##.##.2011-ci il tarixli VİP10592 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 42.658 ABŞ dolları əsas borc, 6.000 ABŞ dolları cərimə borcu, cəmi 48.658 ABŞ dolları məbləğində pulun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması qət edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Hacıyev İlqar Əli oğlu qətnamədən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının apellyasiya şikayətinə etirazı da məhkəməyə daxil olmuşdur. Ərizə belə əsaslandırılmışdır ki, cavabdehin həmin qətnamədən xəbəri olmamışdır. Belə ki, Ağdaş rayon İcra və Probasiya şöbəsindən onu bu icra işi ilə əlaqədar çağıranda belə bir qətnamə olduğunu bilmədiyini və sorğu verərək məhkəmədən o qətnaməni alacağını bildirmişdir. Həmin məktuba cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi tərəfindən cavabdehin ünvanına daxil olan cavab məktubundan bəlli olmuşdur ki, belə bir mülki iş vardır, lakin cavabdeh həmin iş üzrə tərəf deyildir. Təəssüf ki, Ağdaş rayon İcra şöbəsi müvafiq icra vərəqinin olmasını əsas gətirərək icra hərəkətlərini davam etdirəcəklərini bildirirlər. Bu səbəbdən cavabdeh həmin qətnamədən onu almadan şikayət vermək məcburiyyətindədir. Cavabdeh ehtiyatda olan zabitdir və 20 ildən artıq hərbi xidmət etmişdir, X6 və “Hərbi Xidmətlərə görə” Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən medallarla təltif edilmişdir. Səhhətində yaranmış problemlərə görə ehtiyata buraxılmışdır. Ərizədə göstərilən qətnaməni almadığından müraciət edir və iddia müddətinin buraxılmamış hesab edilməsini xahiş edir. Hazırkı mülki işin onun maddi vəziyyəti ilə bağlı böyük əhəmiyyətli hesab edildiyini bildirir. Bu səbəbdən müddətin ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunaraq işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş iclasda iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 qərardaddan şikayət təmin olunacağı təqdirdə, qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsini xahiş etdi. Belə ki, o, qətnamə çıxarılandan sonrakı müddət ərzində cavabdehə məxsus 5 sayda avtomobilin üzərinə həbs qoyulduğunu, lakin cavabdehin həmin avtomobilləri satdığını, cavabdeh barəsində axtarış elan edildiyini, cavabdehin qətnamənin icrası istiqamətində İcra şöbəsi tərəfindən aparılan hərəkətlərdən ən geci 2024-cü ildən xəbərdar olduğunu əlavə etdi. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməyərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdi. Həmin məhkəmə iclasında videogörüntülü zəng vasitəsilə iştirakı təmin edilmiş cavabdeh Hacıyev İlqar Əli oğlu qərardaddan şikayəti müdafiə edib təmin edilməsini və qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilərək apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, icra sənədindən 2024-cü ilin sonları 2025-ci ilin əvvəllərində xəbər tutmuş, həmin vaxt qətnamə ilə razı olmadığını bildirsə də, ona deyilən sözlər əsasında 2024-cü ilin noyabr ayında izahat yazmışdır. Qətnaməni rəsmi qaydada əldə etmək istəsə də, məhkəmə tərəfindən ona “siz bu iş üzrə cavabdeh deyilsiniz” məzmununda məktub göndərilmiş, bundan sonra Arxiv İdarəsindən qətnaməni rəsmi qaydada əldə etmişdir. Şikayətdə səhvən qətnaməni əldə etdiyi tarix kimi 2025-ci ilin iyul ayını göstərmiş, belə ki, qətnaməni 1 ay əvvəl əldə etmişdir. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Hacıyev İlqar Əli oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, cavabdeh Hacıyev İlqar Əli oğlu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Hacıyev İlqar Əli oğluna geri qaytarılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Hacıyev İlqar Əli oğlu şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının qismən, “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Hacıyev İlqar Əli oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin” cümləsində “qismən” sözü hissəsində, “Cavabdeh Hacıyev İlqar Əli oğlu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilsin.Apelyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Hacıyev İlqar Əli oğluna geri qaytarılsın.Şikayət qalan hissədə təmin edilməsin” hissəsində tam ləğv edilərək, müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab olunmaqla Nəsimi Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin mülki işlə bir yerdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaranmış vəziyyətdə məhkəmə tərəfindən “ötürülmüş müddətin” bərpa olunub-olunmaması barədə məsələyə baxılmışdır, halbuki cavabdeh öz vəsatəti ilə ötürülmüş vaxtın üzürlü hesab edilməsini deyil, vaxtın (prosessual müddətin) ötürülmədiyi faktını qəbul etməyi xahiş etmişdir. Hazırki vəziyyətdə məhkəmə tərəfindən şəxsin proses zamanı öz mövqeyini ifadə etmək və arqumentlərini təqdim etmək üçün dinlənilmək hüququ pozulur. Qərardad ilə cavabdeh Hacıyev İlqar Əli oğlunun vətəndaşın hüquq və azadlıqlarının məhkəmədə müdafiə olunmaq hüququ pozulmuşdur və bu səbəbdən qərardad ləğv edilməldir. Qanunverici icra şöbəsində aparılan hər hansı hərəkətləri qətnamənin alınmasına bərabər etməmişdir. Qətnamə tərəfə yalnız ##.##.2026-cı il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Və tərəf MPM-nin 360-cı maddəsinin tələblərinə riayət etməklə apelyasiya şikayəti vermişdir. Məhkəmə isə öz nöqsanını (cavabdehə qətnamənin göndərilməməsini) “görməməzliyə” vurur və cavabdehin qətnamənin almaq hüququnu isə nəzərə almır. “Qətnamənin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut mülki iş materiallarında olmasa da...”. Ardı ilə məhkəmə hər hansı bir sübut və əsas olmadan şəxsin axtarışda olması zamanı qətnamədən xəbərdar olmasından yazaraq polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərin nəticəsinin operativ və effektiv olmasından yazır (?). Lakin bunun qətnamənin qanuna əsasən təqdim edilməsinə, yəni tərəfin barəsində çıxarılmış qətnamənin alınmasına, iş materialları ilə tanış olmaq hüququna nə aidiyyatı olmasını aydınlaşdırmış olmur. Maddələrə şərh vermək hüququ Azərbaycan Respublikasında yalnız Azərbayan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Hazırki qərardad isə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qanunlara şərh vermək hüququ olmamalıdır. Lakin məhkəmə bunu nədənsə nəzərə almadan qərardadda istinad edilən prosessual hüquq normalarına şərhlərə (?) yer vermişdir. Məhkəmə təkrarən cavabdehin qətnaməni almaq hüququnu qəbul etmir və yenidən prosessual qanunvericiliyin maddələrinin şərhinə geniş yer ayırır. Halbuki şərh etmək hüququ məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Qərardadın 17ci bəndində Məhkəmə arzulananı həqiqət kimi qələmə vermək (İstədiyini gerçək kimi göstərmək) istəmişdir və bir daha qanunun maddələrinin şərhinə yol verilmişdir. Cavabdeh tərəfindən verilən ərizə məhz “müddətin ötürülməmiş hesab edilməsi” barədədir. Çünki müddətin buraxılmamış hesab edilməsi barədə ərizələrdə üzürlü səbəblər göstərilir. Bu halda isə səbəb olaraq qətnamənin qanunla müəyyən edilmiş qaydada almaması əsas göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilən hal qənamənin alınmasından bir ay keçdikdən sonra verilən şikayətlə əlaqadardır. Bunun isə hazırki işlə heç bir əlaqəsi mövcud deyil. İşin faktiki hahları ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən qətnamə mülki iş üzrə cavabdeh Hacıyev İlqar Əli oğluna göndərilməmişdir (rəsmi qaydada təqdim edilməmişdir). Qətnamə rəsmi qaydada yalnız ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Hacıyev İlqar Əli oğlu tərəfindən apelyasiya şikayəti isə ## ###### 2025-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Məhkəmə öz qərardadında qətnamənin iş üzrə cavabdeh olan Hacıyev İlqar Əli oğluna göndərilməməsini normal hal hesab etmişdir. Halbuki tərəfin müəyyən edilmiş qaydada iş üzrə məlumatlandırılması vətəndaşların məhkəmə müdafiəsi prosesinda fundamental hüquqlarındandır. Yəni, iş üzrə tərəfin məhkəmənin hansı əsaslarla müəyyən nəticəyə (qətnamənin qət etdi hissəsi, icra vərəqində göstərilənlər) gəlməsindən xəbərdar olmaq və razı olmadığı təqdirdə şikayət etmək hüququ var. Məhkəmə qətnamənin rəsmi qaydada təqdim edilməməsini bildiyi halda “müddətin bərpa edilməməsi” nəticəsinə gəlmişdir. Aşkardır ki, MPM ilə təsbit edilmiş məhkəmə aktının rəsmi qaydada təqdim edilmədiyi halda (rəsmi qaydada təqdim ediləndən sonra apelyasiya şikayəti vermə müddəti ötürülməyib) məhkəmənin işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməməsi səhv nəticədir. Məhkəmənin ##.##.2026-cı il tarixli qəradadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh Hacıyev İlqar Əli oğlu ərizə göndərərək mübahisləndirilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq cavabdehin şikayətinə etirazını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Cavabdeh ərizəsində müddəti ötürməsinin üzrlü səbəblərini qətnaməni rəsmi qaydada əldə etməməsi ilə əsaslandırmış, məhkəmə iclasında verdiyi izahatından görünür ki, icra sənədindən 2024-cü ilin sonları 2025-ci ilin əvvəllərində xəbər tutduğunu, həmin vaxt qətnamə ilə razı olmadığını bildirsə də, ona deyilən sözlər əsasında 2024-cü ilin noyabr ayında izahat yazdığını, qətnaməni 1 ay əvvəl rəsmi qaydada əldə edə bildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, icra sənədi həmin şöbənin icraatına ##.##.2024-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və Ağdaş rayon məhkəməsinə göndərilmiş, borclu Hacıyev İlqar Əli oğluna icra sənədinin könüllü olaraq icrası üçün 10 gün könüllü müddət verilmiş, bu müddət ərzində borclu icra sənədinin icrasını təmin etməmişdir. ##.##.2024-cü ildə borclu icra şöbəsinə gəlmiş, ona hüquq və vəzifələri izah olunaraq izahatı alınmışdır. İzahatında 2024-cü ilin noyabr ayından borcundan hissə-hissə ödəyəcəyini bildirmişdir. “Elektron İcra” İnformasiya Sistemində borclunun pensiya alması müəyyən edilmiş və pensiyasından ##.##.2024-cü ildə 386,01 manat, ##.##.2025-ci ildə 386,01 manat, ##.##.2025-ci ildə 386,01 manat, ##.##.2025ci ildə 834,57 manat, ##.##.2025-ci ildə 417,28 manat, iyun ayı üzrə 417,28 manat, iyul ayında 417,28 manat, avqust ayında 417,28 manat və sentyabr ayında 417,28 manat məbləğində inkasso sərəncamı tətbiq edilmişdir. Dekabr və yanvar ayı üzrə məbləğlər İddiaçı MMC-nin hesabına köçürülmüş, digər aylar üzrə tutulan məbləğlər İcra şöbəsinin depozit hesabındadır. Sistemlə bağlı texniki nasazlıq olduğu üçün məbləğlər tələbkarın hesabına köçürülməmişdir. Nasazlıq aradan qaldırıldıqdan sonra məbləğlər tələbkarın hesabına köçürüləcəkdir. İcra şöbəsinin rəisinin elektron imzasının vaxtı bitdiyi üçün borclunun pensiyasından tutulan məbləğlərin tələbkarın hesabına köçürülməsi gecikdirilmişdir. ##.##.2025-ci il tarixdə borclunun pensiyasından tutulan 1.220,58 manat pul vəsaiti tələbkarın hesabına köçürülmüşdür. İcra sənədi İcra şöbəsinin nəzarətindədir. Həmin məktuba təsdiqedici sənədlər əlavə edilmişdir. İddiaçı tərəfin yazılı qaydada təqdim etdiyi apellyasiya şikayətinə cavab və əks etirazda qeyd edilmişdir ki: “borclu ##.##.2011-ci il tarixli müqaviləni tanımadığını iddia edir. Bu, doğru deyil. Əgər o, bu müqavilədən xəbərsiz idisə, niyə 2014-cü ildə onun 5 avtomobili bu müqavilə əsasında məhkəmə qərarı ilə həbs edildi? Niyə o, 12 il ərzində bu həbs qərarına və borcun ödənilməsi tələbinə heç bir etiraz etmədi? 2015-ci ildə axtarışa verildikdən sonra borclunun şəxsiyyət vəsiqəsinin seriyası niyə dəyişib “AA” oldu? Bu dəyişiklik axtarış ilə eyni vaxta təsadüf edir? Bu, axtarış statusundan çıxmaq üçün şəxsiyyət vəsiqəsini dəyişdirməyə cəhd edilməsi şübhəsini doğurmurmu? Onun uzun illik səssizliyi və passivliyi müqavilədən xəbərdar olduğunu sübut edir. Borclu qərarın ona çatmadığını iddia edir. Lakin aşağıdakı mübahisəsiz rəsmi sənədlər onun ən azı 10 ildir bu qərardan və icra tədbirlərindən tam xəbərdar olduğunu sübut edir: ##.##.2014 – Nəsimi Rayon Məhkəməsi borclunun 5 avtomobilinin üzərinə həbs qoyulması barədə qərar verdi. ##.##.2014 – Borclu öz “Mercedes” markalı avtomobilini gizlətdiyi üçün həmin avtomobil rəsmi axtarışa verildi. ##.##.2015 – Borclunun özü ünvanda tapılmadığı üçün rəsmi axtarışa verildi. 2019-cu il – İcra orqanı borclunun pensiyasından tutulma tədbirini həyata keçirmək üçün Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etdi. 2023-cü il – Ağdaş rayon İcra şöbəsi borclunun Ağdaşdakı ünvanına birbaşa xəbərdarlıq məktubu göndərdi. 2024-2025-ci illər – Borclunun pensiyasından qanuni tutulmalar başladı və o, bu ödənişləri etməyə məcbur oldu. Bu faktlar ardıcıllığı aydın göstərir ki, borclu qərarın icrasından 2014-cü ildən xəbərdardır, özünü gizlədərək icradan qaçmağa çalışıb, 2023-cü ildə belə birbaşa ünvanına göndərilmiş rəsmi məktubla xəbərdar edilib, hazırda borcunu ödəyir. Onun “qərar çatmadı” iddiası yalandır. Bu, onun özünü gizlətməsi və icradan qəsdən yayınmasının nəticəsidir”. İddiaçının nümayəndəsinin ərizə ilə bağlı hazırkı məhkəmə iclasındakı izahatı isə belə oldu ki: “Qətnamə çıxarılandan sonrakı müddət ərzində cavabdehə məxsus 5 sayda avtomobilin üzərinə həbs qoyulmuş, lakin cavabdeh həmin avtomobilləri satmış, cavabdeh barəsində axtarış elan edilmiş, cavabdeh qətnamənin icrası istiqamətində İcra şöbəsi tərəfindən aparılan hərəkətlərdən ən geci 2024-cü ildən xəbərdar olmuşdur”. İş materiallarını tərəflərin izahatları və iddiaçının etirazında qeyd etdikləri ilə birlikdə tədqiq edən kollegiya tərəfindən müəyyən edilir ki, cavabdehin 2024-cü ilin avqust ayında icra sənədindən xəbərdar edilərək izahatı alınmışdır. Həmçinin, müəyyən olunur ki, icra məmuru icra sənədi üzrə hərəkətsiz qalmamış, məcburi icra tədbirləri kimi borclunun əmlakları üzərinə həbs qoyulması, əmlaklar barəsində axtarış elan edilməsi haqqında qərarlar qəbul etmiş, pensiyasına tutma yönəltmişdir. Cavabdehin bütün bu tədbirlərin həyata keçirilməsindən xəbərsiz olması isə inandırıcı deyil. Cavabdeh icra məmuruna qətnamədən şikayət verəcəyini şifahi şəkildə bildirdiyini, izahatda isə İcra şöbəsində ona diqtə ediləni yazdığını bildirsə də, buna dair heç bir sübutu təqdim etməmişdir. Cavabdehin ən geci 2024-cü ilin avqust ayında icra şöbəsində izahat yazmaqla qətnamədən xəbər tutduğu mübahisəsizdir. Kollegiya hesab edir ki, cavabdeh Hacıyev İlqar Əli oğlunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti üzlrü səbəblərdən ötürməsi müəyyən edilmədiyindən ərizə təmin edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, N° 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən ən geci 2024-cü ilin avqust ayında məlumatlı olmuş, buna baxmayaraq apellyasiya şikayətini 2025-ci ilin sonlarında təqdim etmiş və müddət üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(3-6)-2611/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2611/2026
24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver