Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2637/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «xəbərdarlıq müddətinin bitmə anı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Ağdam rayonu ** nömrəli texniki fənnlər təmayüllü məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib.
2. İddiaçı ##.##.2025-ci il tarixli ərizəsində ##.##.2025-ci il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş edib.
3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktorunun ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən Ağdam rayonu ** nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilməsi əmr edilib.
4. İddiaçı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə ünvanlandığı ##.##.2025-ci il tarixli ərizəsində ##.##.2025-ci il tarixdə təqdim edilmiş ərizəsinin etibarsız hesab edilərək qəbul edilməməsini xahiş edərək ərizəni emosional gərginlik şəraitində tələsik qaldığı üçün yazdığını, bu qərarından peşman olduğunu, əmək fəaliyyətini davam etdirmək niyyətində olduğunu göstərib.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi Məktəbə qədər Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tərəfindən verilmiş 3-29- **/*-*-***K/**** saylı, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
6. İddiada göstərilib 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Pedoqoji Universitetinin Filialını "tarix və coğrafiya müəllimliyi" ixtisası üzrə bitirmiş, ##.##.2016-cı ildən əmək məktəbində fəaliyyətinə başlamışdır. ##.##.2017-ci ilədək Tərtər rayonu, Köçərli kənd tam orta məktəbində müəllim kimi işləmiş, ##.##.2017-ci ildə MİQ imtahanlarından müvəffəqiyyətlə keçib Ağdam rayon *** saylı köçkün tam orta məktəbində coğrafiya müəllimi kimi işə götürülmüşdür. ##.##.2018-ci ildə *** saylı köçkün tam orta məktəbində coğrafiya müəllimi təyin edilmiş, ##.##.2023-cü ildə 1 il müddətinə Ağdam rayonu ** saylı texniki fənnlər təmayüllü məktəb-liseyin direktoru vəzifəsinə təyin edilmişdir. ##.##.2023-cü ildə yenidən həmin məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbə qədər Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun *-**-**/*-*-***K/**** saylı, ##.##.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "a" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir. Həmin əmr əsassız və qanunsudur. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və bu müddət ərzində hər-hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər hansı bir irad almamışdır. Əksinə dəfələrlə təltif edilmişdir. İşdən çıxma barədə ərizə yazmışdır. Həmin ərizədə işdən çıxma gününü ##.##.2025-ci il tarix göstərmişdir. Sonradan işdən öz xahişi ilə çıxmağı barədə ərizənin etibarsız hesab edilməsi haqqında yeni ərizə göndərsə də, bunu nəzərə almamış və cavabdeh tərəfindən hazırki əmr qəbul edilmişdir. Əmri aldıqdan sonra, müddəti ötürmədən ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bu barədə ##.##.2025-ci il tarixli mediasiya arayışı verilmişdir. İşdən çıxarılmağının əsassız və qanunsuz olması barədə dəfələrlə aidiyyəti üzrə rəhbərliyə teleqramlar, ərizələr göndərsə də, nəzərə alınmamışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən Ağdam rayonu ** nömrəli texniki fənnlər təmayüllü məktəb-liseyin direktoru vəzifəsində çalışmışdır. Əmək müqaviləsinə ##.##.2025- ci il tarixində, öz ərizəsi əsasında xitam verilmişdir. Hazırda iddiaçı həmin ərizənin təzyiq altında yazıldığını, əmək müqaviləsinə x itam verilməsindən əvvəl ərizəsini geri götürdüyünü, ərizənin etibarsız hesab edilməsi və qəbul edilməməsi barədə teleqram ünvanladığını, lakin nəzərə alınmadığı əsas gətirərək, əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, iddiaçının əmək fəaliyətində pozuntular olduğuna, ərizəsini könüllü şəkildə yazdığına, geri götürmə ərizəsinin əmr verdikdən sonra göndərildiyinə istinad edərək iddiaya etiraz edir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işəgötürən tərəfindən, əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə ki, qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizəsində göstərmişdirsə, həmin gün də əmək müqaviləsinə xitam verilir. Hazırki iş üzrə iddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, o, məhz işdən çıxmaq istədiyi tarixi, yəni ##.##.2025-ci il tarixi qeyd etmiş və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə həmin hal işçinin işdən çıxmaq təşəbbüsü üzrə subyektiv hüququnun reallaşdırılması olaraq qiymətləndirilməlidir. Belə ki, iddiaçı işə geri qayıtma tələbini cavabdeh qarşısında irəli sürdüyünü bildirsə də, o, ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi qeyd etdiyindən, işəgötürən də məhz həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmişdir. Bununla da iddiaçı, 1 ay müddətində xəbərdarlıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququnu itirmişdir. Məhkəmə işçinin növbəti ərizəsi ilə işdən çıxma barədə ərizəsinin nəzərə alınmamasını xahiş etməsi ilə bağlı qeyd edir ki, iddiaçı əmək münasibətlərinin davam etdirilməsində həqiqətən maraqlı olmuş olsaydı, ərizəsinin etibarsız hesab edilməsinə dair müraciətini əmək müqaviləsinə xitam verilən tarixdən əvvəl, yəni ən azı ##.##.2025-ci il tarixədək işəgötürənə təqdim etməli idi. Lakin qeyd edilən ərizə məhz əmək müqaviləsinə xitam verildiyi gün ünvanlanmışdır. Həmin günün başlanğıcından etibarən işəgötürən tərəfindən əmək müqaviləsinin rəsmiləşdirilməsi hüquqi cəhətdən mümkün olmuşdur. Bu baxımdan, iddiaçının məhz əmək müqaviləsinə xitam veriləcəyi gün teleqram göndərməsi onun ərizəsinin vaxtında geri götürülməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələblərinə görə, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, iddiaçı cavabdeh təşkilat tərəfindən işdən çıxma barədə ərizəni yazmağa məcbur edildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə o, işdən çıxma barədə ərizənin nəzərə alınmaması barədə ərizəsində, həmin ərizəni emosional hisslərə qapılaraq yazdığını, hazırda peşman olduğunu bildirmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi prosesində işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi iş materialları ilə təsdiq edilmir. İşəgötürən iddiaçının ərizəsində qeyd etdiyi tələbi rəsmiləşdirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamışdır. Belə ki, qətnamə Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Məhkəmə iclasında açıq şəkildə bildirilmişdir ki, məktəbdə aparılan monitorinqdən dərhal sonra, Elvin Dadaşlı adlı şəxsin diktəsi və təzyiqi altında, psixoloji və emosional gərginlik şəraitində əmək müqaviləsinə xitam verilməsi barədə ərizə alınmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi əmək müqaviləsinə xitam verilməsini işçinin təşəbbüsü (könüllü iradəsi) şərtinə bağlayır. Təzyiq altında yazılmış ərizə işçinin real təşəbbüsü sayıla bilməz. Məhkəmə bu faktı araşdırmaqdan imtina edərək, sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymuş və faktiki olaraq qanunun humanistlik prinsipini təhrif etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. İddiaçının ərizəsində işdən çıxma tarixi ##.##.2025-ci il göstərilmişdir. İşəgötürən isə qanunsuz olaraq, hələ xəbərdarlıq müddəti tamamlanmamış və göstərilən tarix yetişməmiş, ##.##.2025-ci il tarixdə xitam əmri vermişdir. İddiaçı göstərilən tarix günü, yəni ##.##.2025-ci il tarixdə səhər saat 10:57-də və 12:00-da rəsmi teleqramlar vasitəsilə ərizəsini geri götürdüyünü işəgötürənin kargüzarlığına çatdırmışdır. Məhkəmə iddia edir ki, ərizə əmək müqaviləsinə xitam verilən tarixdən əvvəl (yəni ##.##.2025-ci ilədək) verilməli idi. Lakin qanunvericilik "müddət bitənədək" ifadəsini işlədir. ##.##.2025-ci il tarixi iş gününün sonunadək qüvvədə olan bir müddətdir. Səhər saatlarında daxil olan imtina teleqramına baxmayaraq, əmrin icra olunması Əmək Məcəlləsinin 69.4-cü maddəsinin birbaşa pozulmasıdır. Cavabdehin "əmr artıq 29-da verilmişdir" arqumenti hüquqi əsassızdır, çünki işəgötürən işçinin ərizədə qeyd etdiyi tarixdən qabaq əmr verməklə işçinin imtina hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Dövlət Agentliyi məcburi mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Bu, cavabdehin məsələni barışıq və hüquqi müstəvidə həll etməkdən qəsdən yayındığını və iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirdiyini sübut edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər. Maddə 69.4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Maddə 69.6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, iddiaçının ##.##.2025-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilməsini xahiş etməsi işin mübahisəsiz halıdır.
26. İşin mübahisəli halı isə iddiaçının həmin ərizəni real təsir və təzyiq altında yazıbyazmaması ilə bağlıdır. Çünki iddiaçı bəyan edir ki, məktəbdə aparılan monitorinqdən dərhal sonra, Elvin Dadaşlı adlı şəxsin diktəsi və təzyiqi altında, psixoloji və emosional gərginlik şəraitində əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi alınmışdır.
27. Düzdü Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi əmək müqaviləsinə xitam verilməsini işçinin təşəbbüsü (könüllü iradəsi) şərtinə bağlayır. Ancaq iddiaçı qeyd olunan ərizənin könüllü iradəsini əks etdirmədiyini göstərsə də qeyd olunan təzyiq və təsirin konkret həqiqi səbəblərinin nədən ibarət olduğunu açıqlamır yaxud açıqlamaq istəmir.
28. Əslində isə bunun əsl səbəbləri cavabdehin iddiaya etirazından sezilir. Belə ki, həqiqətən iddiaçının direktoru olduğu məktəbdə monitorinq keçirilmiş və monitorinq komissiyası digər nöqsanlarla yanaşı dövlət büdcəsindən 39486 manat əsassız xərclənmə olmasını da aşkar etmişdir.
29. Bu cür vəziyyətdə cavabdeh tərəf ən ağır intizam tənbehi əsasında əmək müqaviləsinə xitam verilməməsi üçün iddiaçıya öz təşəbbüsü(könüllü) ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsini təklif edə bilər. Bu cür təkli formal olaraq təsir xarakteri kimi görünə və anlaşıla bilər. Ancaq bu təklif Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsndə nəzərdə tutulan üsullarla iddiaçını iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək kimi qiymətləndirilə və sayıla bilməz. 30.Bir daha qeyd olunur ki, iddiaçı həqiqətən də dlirektor olduğu dövrdə monitorinq komissiyasının aşkar etdiyi nöqsanlara yol verməmişdirsə, sonradan mübahisələndirdiyi ərizəni yazmaya bilərdi. Başqa sözlə, daha ağır intizam tənbehi əsasında əmək müqaviləsinə xitam veriləcəyindən narahat deyildisə, hüquqi müstəvidə cavabdeh tərəflə mübarizəsini davam etdirməyə heç bir maneə yox idi. Demək ki, iddiaçının öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsini istəməsi həm də dolayı yolla aşkar olunan nöqsanları etiraf etməsi və daha ağır intizam tənbehinə məruz qalmaq istəməməsi kimi qiymətləndirilməlidir. Əks halda iddiaçı həmin ərizəsini yazmağının əsl səbəblərini ağlabatan arqumentlərlə məhkəmənin diqqətinə çatdırmalı idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymayıb və faktiki olaraq qanunun humanistlik prinsipini də təhrif etməyib.
31. Birinci instansiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin tələbləri də pozulmayıb. Çünki iddiaçı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü konkret göstərmişdir. Dayandırmaq istədiyi günü göstərməsəydi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərdi. Məhz bu halda əmək müqaviləsinə xitam verilə bilməzdi.
32. Bununla yanaşı, əmr ##.##.2025-ci ildə imzalansa da iddiaçı ilə əmək müqaviləsinə ##.##.2025-ci ildən xitam veriləcəyi açıq-aşkar göstərilib. Başqa sözlə, əmrin verilmə tarixi iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarix sayılmır. Yəni qanunvericinin müəyyən etdiyi “xəbərdarlıq müddəti bitənədək” ifadəsi ##.##.2025-ci il tarixi iş gününün sonunadək qüvvədə olan bir müddəti ehtiva edə bilməz. Çünki ##.##.2025-ci il tarixinin başlandığı gün və vaxt artıq xəbərdarlıq müddəti deyil əmək müqaviləsinə xitam verilməli olan bir gün və müddət sayılır. Ona görə də əmrin tarixinin ##.##.2025-ci il kimi göstərilməsi iddiaçının ərizəsini geri götürmək müddətinin məhdudlaşdırılması yaxud azaldılması kimi qəbul edilməməlidir. Məhz bu hallara görə də qeyd olunan bu fakt qanunsuz, xəbərdarlıq müddəti tamamlanmamış və göstərilən tarix yetişməmiş verilən əmr kimi qiymətləndirlə bilməz.
33. Eyni zamanda, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququnun olduğunu bilirdisə bunu ən azından ##.##.2025-ci il tarixinə kimi edə bilərdi, ancaq etməyib. ##.##.2025-ci il tarixdə saat 10:57-də və 12:00-da rəsmi teleqramlar vasitəsilə ərizəsini geri götürmək istəyi isə gec olmuşdur. Ona görə də iddiaçının məhz istinad etdiyi normanın axırıncı cümləsinin dispozisiya şərtinə əsasən, yəni əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.
34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.