Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-264/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 QƏTNAMƏSİ (Açar sözlər: vindikasiya iddiası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6225/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, məhəllə 2942B, 24 saylı ev 73 saylı mənzil (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) İddiaçı mülkiyyətindədir.
2. xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 Novuruz qızı (1981), övladları Cavabdeh3 (2002), Cavabdeh4 (2004), qardaşı Cavabdeh5 (1984), həyat yoldaşı Cavabdeh6 (1984), övladları X9 (2013), X7 (2015), digər qardaşı Cavabdeh7 (1989), həyat yoldaşı Cavabdeh8 (1990), övladları X10 (2015) faktiki olaraq həmin evdə məskunlaşmışlar.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, yetkinlik yaşına çatmayan ailə üzvləri: 2013-cü il təvəllüdlü X9, 2015-ci il təvəllüdlü X7 və 2015-ci il təvəllüdlü X10 ilə birlikdə mülkiyyətində olan: Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, 24 saylı evin 73 saylı mənzilindən (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) çıxarılmalarına və onun Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, 24 saylı evin 73 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X2 1990-1991-ci illərdə 11 saylı Trestin 9 saylı Tikinti İdarəsində bənna işlədiyi zaman Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, 24 saylı evin 73 saylı mənzilini (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) order əsasında almışdır. O, sonradan mənzili ona bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş, qeydiyyat № ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Baki şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol küçəsi, məhəllə 2942 B, 24 saylı evin 73 saylı mənzili (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səmədbəy Mehmandarov küçəsi, 68, M2, m.1) onun, yəni İddiaçı xüsusi mülkiyyətindədir. Məlum hadisələrdən sonra mülkiyyətində olan mənzil Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan məcburi köçkünlər Ağayevlər ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Onlar bu günə kimi ona məxsus olan mənzildə yaşayırlar və mənzildən çıxmaq fikirləri yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xətai rayon sektoru tərəfindən verilmiş 23 nömrəli 17 iyul 2025-ci il tarixli arayışa əsasən, Baki şəhəri, ünvan 1, yarımçıq tikilidə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində pasport qeydiyyatında olan məcburi köçkünlər: xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 (1981), övladları Cavabdeh3 (2002), Cavabdeh4 (2004), qardaşı Cavabdeh5 (1984), həyat yoldaşı Cavabdeh6 (1984), övladları - X9 (2013), X7 (2015), digər qardaşı Cavabdeh7 (1989), həyat yoldaşı Cavabdeh8 (1990), övladları X10 (2015) məskunlaşmışlar. Göründüyü kimi, Ağayevlər ailəsinin ona məxsus: Baki şəhəri, ünvan 1 ünvanında qeyri-qanuni yaşamaları iddiaçının mülkiyyət hüququnu pozur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6225/2025 nömrəli, 10 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin məcburi köçkün kimi mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Konstitusiyasının 29 və 43cü maddələrinə; Avropa Konvensiyasına 1 saylı əlavə Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1, 27.2, 152.1, 152.5, 157.2 və 157.4cü maddələrinə; Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6225/2025 saylı iş üzrə 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddanın rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonməhkəməsinin e-2(011)-6225/2025 saylı 10 oktyabr 2025-ci il tarixli qətnaməsi qəbul edilərkən işdə olan materiallar, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatlar, işin faktiki halları araşdırılmadan sadəcə mülkiyyət hüququna istinad edilməklə qətnamə qəbul edilmiş, mənzildən istifadə hüququ üçün əsas yaranmış olan hallar, qeyd edilən mənzildən cavahdelərin istifadəsini zəruri qılan amillər ümumiyyətlə araşdırılmamışdır. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 1998-ci il tarixli 895 saylı sərəncamında da qeyd edildiyi kimi 1998-ci il və sonrakı illərdə məcburi köçkünlərin 1992—1994- cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılmasına dair məsələlərə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi üçün AR Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Respublika Prokurorluğuna, şəhər və rayonların icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilən sərəncam üzrə göstərilənlərdən də göründüyü kimi AR Prezidentinin sərəncamında məhkəmələrə və həmin məhkləmələrin qəbul etdikləri qərarları icra etməkdə olan AR Ədliyyə Nazirliyinin icra qurumlarına məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdıqları yaşayış evlərindən zorla və ya hər hansı bir məhkəmə qərarı ilə çıxardılmasında müəyyən güzəştlərin edilməsi, torpaqlar işğaldan azad edilənə qədər müvəqqəti məskunlaşdıqları evdən çıxardılmasına yol verilməməsinin zəruri olduğu göstərilmişdir. Bir anlıq düşünülsə ki, qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra hal-hazırda 3 ailənin ailə üzvlərinin bu qış mövsümündə evdən çıxardılması məsələsinin qətnamə üzrə icra edilməsi 3 ailənin gələcək müqəddəratını da çətinləşdirəcəkdir. İddiaçı olan mülkiyyətçinin də tələbləri başa düşüləndir. Ancaq 2020-ci il tarixində işğal edilən torpaqlar işğaldan azad edildikdən sonra “Böyük Qayıdış və Köç” planı çərçivəsində məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqdadır. Cavabdehin və ailə üzvlərinin qeydiyyatda olduğu Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində tikinti və quruculuq işləri ilə bağlı təməl yeni atıldığı üçün həmin şəxslərin də qeyd edilən doğma topraqlarına qayıtması ancaq yaxın 2-3 il ərzində mümkün ola biləcəkdir. Onsuz da cavabdeh birinci instansiya məhkəməsinə hazırki mülki iş üzrə araşdırma aparılarkən də bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdır. Yuxarıda da qeyd etdiyi kimi işin cavabdehlərin müvəqqəti məskunlaşdıqları və faktiki istifadə etdikləri mənzilin iddaçının mükiyyətində olması işin mübahisəsiz halıdır. Lakin məsələyə AR Konsitisuyasının və AR Mülki Məcəlləsinin mülkiyyətə dair müddəları ilə yanaşaraq cavabdehlərin iddiaçını mülkiyyətinə qanunsuz müdaxilə etməsi və hazırki qətnamə ilə iddiaçının mülkiyyət hüququnun qorunmaqla cavabdehlərin bu cür qanunsuz müdaxilə etməkdən çəkindirilməsi kimi yanaşılması doğru deyildir və məhkəmə qətnaməsinin əsasızlığına dəlalət edir. Gələcəkdə cavabdehlər onsuz da dövlət tərəfindən doğma yurd-yuvalarında evlə təmin olunacağı və öz evlərinə qayıdacağı üçün belə bir qətnamənin qəbul edilməsi sadəcə gələcəkdə onsuz da boşaldılacaq mənzilə dair mübahisəni indidən anlamsız qalacaqdır. Yəni onsuz da ev boşaldılaraq iddiaçıya təhvil veriləcək, bunun üçün məhkəməyə müraciət edərək qətnamə qəbul etdirmək nəyə lazım idi. Sadəcə olaraq iddiaçının özünün mülkiyyətində olan, fəqət faktiki olaraq başqası tərəfindən istifadə edilən mənzil qısa bir zaman kəsiyindən sonra mübahisəsiz qaydada iddiaçıya təhvil veriləcəkdi. Hesab edir ki, birinci instansiya məhkəməsi işi araşdırarkən və qətnamə qəbul edərkən maddi hüquq norması kimi istinad etdiyi AR Prezidentinin müvafiq sərəncamını nəzərə almalı idi.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçnin bildirmişdir ki, əlavə müddət istəyirlər. Onların kəndinin tikintisinə başlayırlar. Evin tikintisi başa çatdıqdan sonra onlar evdən çıxmağa hazırdırlar. Evin onlara məxsus olmadığını bilirlər. Evin böyüyü kimi o şikayət vermişdir. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiaz edərək bildirmişdir ki, qarşı tərəf 30 ildir ki, həmin evdə yaşayır. Onların hazırda yaşadığı ev pis vəziyyətdədir. O, özü tək anadır, evin qaytarılmasını xahiş edir. Mübahisəli ev 3 otaqlıdır, hazırda qarşı tərəfin ailə üzvləri orada yaşayır
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh1 münasibətdə tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 19.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 20.139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 21.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 22.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 26.«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 27.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyətiorqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. 28.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununa əlavə olunmuş 8.0.11ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 29.Azərbaycan Respublikasında mənzillərin özəlləşdirilməsi məsələləri xx.xx.1993-cü il tarixdə qəbul edilmiş «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Eyni Qanunun əvvəlki redaksiyada 8-ci maddəsinə görə, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı on beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli Qanunu ilə 8-ci maddəyə orderi sözündən sonra «və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam» sözləri əlavə edilmişdir. 30.“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
31. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayışsahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı də əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). 33.Eyni hüquqi mövqeyə əsaslanan Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, məhəllə 2942B, 24 saylı ev 73 saylı mənzil (Yeni qaydalarla: AZ 1149, Baki şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 68, M2, m.1) İddiaçı xüsusi mülkiyyətindədir və onun bu hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin evdə məskunlaşması işin mübahisələndirilməyən halıdır. 38.Hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən orada yaşayan şəxslərin çıxarılması və s. barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlərin isə hər hansı hüquqi əsas olmadan mənzili tərk etməmələrinə istinad etmişdir. 39.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. 40.Qeyd edilməlidir ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 41.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 42.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 43.Beləliklə də, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq mübahisəli mənzilə hər hansı əşya hüququ olmayan cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir. 44.Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. 45.Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6225/2025 saylı, 10 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev