Məhkəmə qərarları › İş №2(3-6)-269/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-269/2026

28.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-269/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi və qanunvericiliklə müəyyən edilən məbləğdə rüsumun ödənilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nə vurduğu ziyan və zərər olaraq 24.982,72 manat pul vəsaitinin, 105 manat ödənilmiş dövlət rüsumunun və 60 manat mediasiya xərcinin "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir..

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir.

3. Həmin qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Mülki Prosessual Məcəllənin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsində qeyd edilir ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, dövlət rüsumunun məbləği iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmaqla müəyyənləşdirilmişdir.

11. Həmin Qanunun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Belə ki, hazırda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün iki əsasın mövcud olduğu müəyyən edilmişdir.

14. Əvvəla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci qətnaməsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 21 noyabr 2025-ci il tarixdə yerləşdirilmişdir.

15. Sözügedən qətnamədən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayəti isə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 23 dekabr 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

16. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

17. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi xx.xx.2025ci il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ləri vasitəsilə) təqdim edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmənin qeyd olunan qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olmuşdur.

18. Eyni zamanda qeyd olunur ki, məhkəmənin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan son gün olan xx.xx.2025-ci il tarixi həftənin bazar gününə təsadüf etdiyindən, iddiaçı tərəfindən apellyasiya şikayəti ən son gün olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilməli idi.

19. Bununla belə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair məhkəməyə hər hansı ərizə də təqdim etməmişdir.

20. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

21. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

22. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün ikinci əsas qanunvericiliklə müəyyən edilən məbləğdə rüsumun ödənilməməsi ilə bağlı olmuşdur.

23. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi, apellyasiya şikayətinin verilməsinə görə, birinci instansiya məhkəməsinə müraciət edilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

24. Hazırki mülki iş üzrə iddia tələbinin qiyməti 24.982,72 manat məbləğində müəyyən olunduğundan, apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 24.982,72 manat həddində iddia qiymətinə mütənasib olaraq, 82,47 manat təşkil etməli idi.

25. Lakin, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunvericiliyin qeyd olunan tələbi yerinə yetirilməmişdir.

26. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsində təsbit olunan ********** nömrəli mədaxil qəbzinə əsasən, onun tərəfindən 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməyindən və apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4156/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar