Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2731/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh IB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Məhkəmə icraatı 1.Iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: 100417201010001) təbii qazdan istifadəyə görə iddiaçının barəsində cavabdeh tərəfindən tərtib edilmiş cərimə aktları və borclar etibarsız hesab edilsin; 2) həmin aktlar əsasında cavabdeh tərəfindən hesablanmış 9.515,76 manat borc silinsin. 2.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, həmin abonent kodundan 9.515,76 manat borc silinsin, iddianın qalan hissəsi rədd edilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd edilsin. 4.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 5.Cavabdeh Cavabdeh IB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 6.Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. 7.Qətnamə iddia tələbinin rədd edilməsinə aid hissədə mübahisələndirilməyib, ona görə də həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Məhkəmənin mövqeyi 8.Yoxlanılan hissədə, yəni iddianın təmin edilməsinə aid hisədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 9.Müəyyən olunur ki, 9.515,76 manat borc qazdan sayğacdankənar istifadə edilməsinə (qazın talanmasına) görə tərtib edilmiş aktlara əsasən hesablanmış borcdur. Təbii qazın 5.000 manatdan yuxarı məbləğdə talanması cinayət məsuliyyəti yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsində təbii qaz resursuna qanunsuz qoşulmaqla bu resursun xeyli miqdarda ziyan vurmaqla talanmasına görə cinayət məsuliyyəti müəyyən edilib. Həmin maddədə “xeyli miqdar” dedikdə 5.000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğ başa düşülür. Abonentin cinayət məsuliyyəti yaradan həddə - 9.515,76 manat məbləğində qazın talanmasına görə mülki məsuliyyətə cəlb edilməsi üçün mötəbər sübutlara istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.7-ci maddəsində qeyd olunub: “Məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olubolmaması hissəsində məcburidir”. Əgər təbii qazın 9.515,76 manat məbləğində talanması faktı mülki məhkəmə icraatı qaydada müəyyən edilərsə, bu barədə olan qətnamə cinayət prosesini həyata keçirən orqan üçün talama faktına münasibətdə məcburi sayılacaq. Bu isə öz növbəsində abonentin və ya həmin evdə yaşayan digər şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verəcək, çünki qazın başqa şəxslər (evdə yaşamayan şəxslər) tərəfindən talanması mümkün deyil. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */**** nömrəli ekspert rəyinə görə, həmin ünvan üzrə tədqiqata təqdim edilən sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. 11.Cavabdeh IB iki növ sübutetmə vasitəsinə - aktlara və fotoşəkillərə istinad edib. Aktlara münasibətdə məhkəmə qeyd edir ki, həmin aktları mübahisənin öz xeyrinə həllində maraqlı olan tərəfin - Cavabdeh IB-nin əməkdaşları tərtib edib. Aktlarda abonentin aktı imzalamaqdan imtina etdiyi qeyd edilsə də, onların imzalanmaq üçün abonentə təqdim edildiyini təsdiq edən sübut yoxdur. Ona görə də aktlar 9.515,76 manat məbləğində qazın abonent tərəfindən talandığını müəyyən etməyə əsas vermir. Fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkillərdəki tikililərin abonentin evinə aid olduğunu, yaxud fotoşəkillərdə əks olunmuş sayğacdankənar qaz borusunun abonentin evindəki qaz cihazlarına qoşulduğunu təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Apellyasiya icraatı zamanı aktlardakı məlumatların və fotoşəkillərdəki təsvirlərin həqiqiliyinin Cavabdeh IB-nin nümayəndəsinin iştirakı ilə araşdırılmasına zərurət yaranmış, iki dəfə məhkəmə iclası təyin edilmiş, lakin Cavabdeh IB-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. 12.Bundan başqa, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub, lakin abonent inzibati məsuliyyətə də cəlb edilməyib. Cavabdeh IB abonentin inzibati məsuliyyətə cəlb edilməsi üçün hər hansı tədbir gördüyünü təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. 13.Beləliklə, abonentin 9.515,76 manat məbləğində qazı talaması sübut olunmadığına görə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci intansiya məhkəməsi 9.515,76 manat borcun silinməsini qət etməklə düzgün nəticəyə gəlib. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2731/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2731/2026
31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver