Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2771/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və apellyatorun nümayəndəsi (oğlu) X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh QSCnin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin ## #### 2025-ci il tarixli, **-*-**/*-**-*****/**** nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əvvəlki işinə – QSC-nin İnfrastruktur Departamentinin * saylı Salyan “Rabitə və işarəvermə” sahəsinin Masallı-Astara rabitə sexində böyük elektrik mexaniki vəzifəsinə bərpa edilməsi, habelə məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət cavabdeh QSC-də əmək fəaliyyəti göstərmiş, son olaraq tərəflər arasında ## ### 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı böyük elektrik mexaniki vəzifəsində işləmişdir. İddiaçının mövqeyinə görə, əmək fəaliyyəti dövründə əmək və daxili intizam qaydalarının pozulmasına yol verməmiş, ona töhmət və ya xəbərdarlıq verilməmişdir. İddiaçı bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixli əmrlə xitam verilmişdir. O, əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş, bununla bağlı qeyd etmişdir ki, müəssisə ləğv edilməmiş, işçilərin sayı və ya ştatları ixtisar olunmamış, onun peşəkarlıq səviyyəsinin və ya tutduğu vəzifəyə uyğunluğunun qənaətbəxş olmaması müəyyən edilməmiş, əmək funksiyasının icrası ilə bağlı hər hansı nöqsanı olmamışdır. İddiaçı həmçinin hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsindən əvvəl qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulmuş qaydada ona əvvəlcədən xəbərdarlıq edilməmişdir. Onun mövqeyinə görə, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək münasibətləri davam etdiyindən müqavilə uzadılmış hesab edilməli idi və bundan təxminən iki ay sonra əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar X4 Xidmətinə müraciət etmiş, həmin orqanın ## ###### 2025-ci il tarixli məktubu ilə müraciətinə baxıldığı və cavabdeh QSC-yə müvafiq məktub göndərildiyi barədə məlumatlandırılmışdır. İddiaçı işlədiyi dövrdə aylıq əmək haqqının 682 manat təşkil etdiyini göstərərək, işə bərpa olunacağı halda məcburi işburaxma müddəti üçün əmək haqqının da cavabdeh QSCdən tutularaq ona ödənilməsini tələb etmişdir.
b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh QSC-nin nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə ##.##.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin 9.5.5-ci yarımbəndinə əsasən işçi qanunvericiliklə müəyyən edilmiş qaydada yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə çatdıqda, işəgötürən onu iki həftə əvvəl xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Cavabdehin mövqeyinə görə, iddiaçı qanunvericilikdə nəzərdə tutulan pensiya yaşına çatmış və bu səbəbdən əmək müqaviləsinə tərəflərin müəyyən etdiyi hal əsasında xitam verilmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş şərtə uyğun olaraq ##.##.2025-ci il tarixli bildirişlə əmək müqaviləsinə xitam veriləcəyi barədə əvvəlcədən xəbərdar edilmiş, bundan sonra ##.##.2025-ci il tarixli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ayrıca “iddia müddətinin tətbiqi barədə” ərizə verərək göstərmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən ##.##.2025-ci il tarixdə xəbərdar olduğu halda, Əmək Məcəlləsinin 296.2-ci maddəsində fərdi əmək mübahisələri üçün müəyyən edilmiş bir təqvim aylıq müddətdə məhkəməyə müraciət etməmişdir. Cavabdehin ərizəsində qeyd edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə X4 Xidmətinə müraciət etmiş, ##.##.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmiş, ##.##.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarıldıqdan sonra isə ##.##.2026-cı il tarixdə hazırkı iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh bu hallara əsasən iddia müddətinin ötürüldüyünü bildirmişdir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyini həmin vaxt bildiyi halda, fərdi əmək mübahisəsinin həlli üçün qanunla müəyyən edilmiş bir təqvim aylıq müddətdə məhkəməyə müraciət etməmişdir. Rayon Məhkəməsi iddiaçının məhkəməyə gec müraciət etməsinin səbəbi kimi X4 Xidmətinə müraciət etməsini və həmin müraciətə cavab gözləməsini göstərməsinə münasibətdə qeyd etmişdir ki, bu hallar iddia müddətinin üzrlü səbəbdən ötürülməsi əsası kimi qanunvericilikdə nəzərdə tutulmuş obyektiv hallara aid edilə bilməz. Buna görə də məhkəmə “əmrin ləğv edilməsi və işə bərpa” tələbinin iddia müddəti tətbiq edilməklə rədd olunmalı olduğu nəticəsinə gəlmişdir. Rayon Məhkəməsi həmçinin məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinin əmrin ləğv edilməsi və işə bərpa tələbindən törəmə tələb olduğunu nəzərə alaraq, əsas tələb təmin edilmədiyindən həmin tələbin də təmin olunmasının mümkün olmadığı qənaətinə gəlmişdir.
d) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyət kəsb edən halları tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya şikayəti əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri əldə etdikdən sonra hüquqlarının müdafiəsi üçün X4 Xidmətinə və digər aidiyyəti orqanlara müraciət etmiş, həmin müraciətlərə cavab gözləmişdir. Buna görə də onun məhkəməyə müraciət müddətini üzrsüz səbəbdən buraxmış hesab edilməsi düzgün deyildir. Apellyator həmçinin göstərmişdir ki, Rayon Məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmiş və yalnız iddia müddətinin ötürülməsinə istinad etməklə iddianı rədd etmişdir. Onun mövqeyinə görə, iş üzrə təqdim edilmiş sübutların araşdırılması nəticəsində əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu və iddia tələbinin təmin edilməli olduğu müəyyən edilə bilərdi.
e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Apellyatorun nümayəndəsi (oğlu) Pərviz Əliyev apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
11. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
12. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən — iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
14. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin ## #### 2025-ci il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı Rayon Məhkəməsinin iclasında verdiyi izahatında da əmək müqaviləsinə xitam verildiyini 2025-ci ilin iyul ayında bildiyini təsdiq etmişdir. Buna görə də iddiaçının əmək müqaviləsinə xitam verilməsini mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş bir təqvim aylıq müddətin həmin tarixdən hesablanması barədə Rayon Məhkəməsinin nəticəsi əsaslı olmuşdur.
15. Lakin iddiaçı qeyd edilən müddət ərzində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etməmişdir. İş materiallarından görünür ki, o, ##.##.2025-ci il tarixdə X4 Xidmətinə müraciət etmiş, məhkəməyə ilk müraciəti isə bundan xeyli sonra etmişdir.
16. Apellyasiya şikayətinin əsas dəlili iddiaçının hüququnun müdafiəsi məqsədilə X4 Xidmətinə müraciət etməsi və həmin müraciətin nəticəsini gözləməsi səbəbindən məhkəməyə müraciət müddətini üzrsüz səbəbdən buraxmış hesab edilə bilməməsi ilə bağlıdır.
17. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Yəni, buraxılmış müddətin bərpası üçün müddətə riayət edilməsinə mane olmuş üzrlü səbəb, o cümlədən şəxsin iradəsindən asılı olmayan obyektiv hal mövcud olmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olduqdan sonra X4 Xidmətinə müraciət etməsi onun hüquqlarının müdafiəsi məqsədilə etdiyi hərəkət olsa da, həmin hal özlüyündə qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş müddətə riayət edilməsinə mane olan obyektiv hal kimi qiymətləndirilə bilməz.
18. İddiaçının X4 Xidmətinə müraciət etməsi onun eyni zamanda və ya qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etməsinə mane olmamışdır. İş materiallarında iddiaçının həmin müddətdə məhkəməyə müraciət etmək imkanından obyektiv şəkildə məhrum olduğunu təsdiq edən hər hansı sübut müəyyən edilmir. İddiaçının inzibati qaydada etdiyi müraciətə cavab gözləməyi seçməsi isə məhkəməyə müraciət üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə haqq qazandıran hal kimi qəbul edilə bilməz.
19. Əks yanaşma Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş bir təqvim aylıq müddətin hüquqi müəyyənlik məqsədinə uyğun olmazdı. İşçinin məhkəmədənkənar qaydada müxtəlif dövlət orqanlarına müraciət etməsi və həmin müraciətlərə cavab gözləməsi, qanunda buna dair ayrıca əsas nəzərdə tutulmadığı halda, məhkəməyə müraciət müddətinin axımına təsir edən hal kimi qiymətləndirilə bilməz.
20. MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından məhkəməyə müraciət müddətinin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hallara istinad edən iddiaçı həmin halları sübut etmək vəzifəsi daşıyır. Hazırkı işdə isə iddiaçının qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsinə mane olan, onun iradəsindən asılı olmayan obyektiv halın mövcudluğunu təsdiq edən sübut təqdim edilməmişdir.
21. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı X4 Xidmətinin cavabını əldə etdikdən sonra da dərhal səlahiyyətli məhkəməyə hazırkı iddia ilə müraciət etməmişdir. Rayon Məhkəməsinin müəyyən etdiyi hallara əsasən o, ## ###### 2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, ##.##.2025-ci il tarixli qərardadla iddia ərizəsi geri qaytarılmış, ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, ##.##.2025-ci il tarixdə müvafiq arayışı əldə etmiş, 23.01. 2026-cı il tarixdə yenidən Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ##.##.2026-cı il tarixli qərardadla geri qaytarıldıqdan sonra yalnız ##.##.2026-cı il tarixdə Nəsimi Rayon Məhkəməsinə hazırkı iddianı vermişdir.
22. Göstərilən xronologiya təsdiq edir ki, iddiaçının qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməməsi onun iradəsindən asılı olmayan obyektiv maneə ilə deyil, əvvəlcə X4 Xidmətinə müraciət etməsi və həmin müraciətin nəticəsini gözləməsi ilə bağlı olmuşdur. Bu isə buraxılmış müddətin bərpası üçün özlüyündə kifayət edən əsas deyildir.
23. Bu baxımdan apellyatorun Rayon Məhkəməsinin işin hallarını tam araşdırmadan yalnız iddia müddətinə əsaslanaraq iddianı rədd etməsi barədə dəlili də əsaslı hesab edilə bilməz. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ayrıca ərizə verilmiş, Rayon Məhkəməsi həmin ərizəni və müddətin buraxılmasına dair iddiaçının göstərdiyi səbəbləri araşdırmış, iddiaçının məhkəməyə müraciət müddətini üzrlü səbəbdən buraxdığını təsdiq edən hal müəyyən etməmişdir.
24. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı halda iddia müddətinin tətbiqi iddiaçının məhkəmə müdafiəsi hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qanunvericilik fərdi əmək mübahisəsinin məhkəməyə çıxarılması imkanını istisna etmir, əksinə, həmin hüququn həyata keçirilməsi üçün konkret müddət müəyyən edir. İddiaçı isə əmək müqaviləsinə xitam verildiyini bildiyi halda həmin müddətdə məhkəmə müdafiəsi vasitəsindən istifadə etməmişdir.
25. MPM-in 88-ci maddəsinin tələbləri baxımından iş üzrə sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirən Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi və istinad etdiyi hallar onun Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən edilmiş məhkəməyə müraciət müddətini üzrlü səbəbdən buraxdığını təsdiq etmir. Əksinə, iş üzrə müəyyən edilmiş halların məcmusu iddiaçının əmək müqaviləsinə xitam verildiyini bildiyi vaxtdan qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmək imkanına malik olduğunu, lakin həmin müddət ərzində bu hüquqdan istifadə etmədiyini təsdiq edir.
26. Belə olan halda, Rayon Məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab etməklə və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa olunması tələblərini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
27. İddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən tutulması tələbi isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi və işə bərpa tələblərindən asılı olan törəmə tələbdir. Əsas tələblərin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilmədiyindən məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinin də təmin edilməsi mümkün deyildir. Rayon Məhkəməsinin bu barədə nəticəsi əsaslıdır.
28. Buna görə də apellyasiya şikayətinin əmək müqaviləsinə xitam verilməsinin mahiyyəti üzrə qanunsuz olması, işəgötürən tərəfindən xitam üçün kifayət qədər əsasların mövcud olmaması və iş üzrə sübutların tam araşdırılmaması barədə digər dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Hazırkı mübahisədə iddiaçının əmrin ləğvi və işə bərpa barədə tələbini məhkəmə müdafiəsinə çıxarmaq üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi və həmin müddətin bərpasına əsas verən halın müəyyən edilməməsi iddianın təmin edilməsini istisna edir.
g) apellyasiyanın nəticəsi
29. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayətinin verilməsi ilə bağlı məhkəmə xərcləri məsələsinə münasibətdə Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə bağlı iddiaçının çəkdiyi məhkəmə xərcləri apellyatorun özünə aid edilməlidir.
33. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.