Məhkəmə qərarları › İş №2(3-6)-2783/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2783/2026

07.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2783/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh-iddiaçılar cavabdeh3, cavabdeh2 və cavabdeh1, onların vəkili və nümayəndəsi vəkil2 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququna xitam verilməsi, evin boşaldılaraq sökülməsi, sökülmüş evin əvəzinə yeni təmirli mənzil verilməsi və mənzil təhvil verilənədək kirayəyə görə kompensasiya ödənilməsi barədə” ilk iddiasına və iddiaçılar cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 cavabdeh “xxxx” MMC-yə qarşı “zərərin əvəzinin və kompensasiyanın ödənilməsi barədə” qarşılıqlı iddiasına dair iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Fuad Ibrahimbəyov küçəsində yerləşən ** nömrəli fərdi yaşayış evi ilə bağlıdır. Ev ümumi paylı mülkiyyətdədir, evin 2/6 hissəsi ##.##.2009-cu il tarixdə dövlət reyestrində cavabdeh4 payı kimi qeydə alınıb (bundan sonra – daşınmaz əmlak). cavabdeh3, cavabdeh2 və cavabdeh1 mülkiyyəçi cavabdeh4 ailə üzvləridir. 2.“xxxx” MMC daşınmaz əmlakın yerləşdiyi ərazidə söküntü-tikinti fəaliyyəti ilə məşğuldur. Bakı ŞIHB-nın ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamı ilə evin yerləşdiyi ərazi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icarə əsasında MMC-nin istifadəsinə verilib və MMC ilə torpağa dair icarə müqaviləsi bağlanıb. Məhkəmə icraatı 3.Ilk iddia ərizəsində “xxxx” MMC tələb edib ki, cavabdeh4 daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilsin, cavabdeh3, cavabdeh2 və cavabdeh1 daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarına xitam verilsin, həmin şəxslər ailə üzvləri ilə birlikdə daşınmaz əmlakdan çıxarılsın, daşınmaz əmlak tam boşaldılaraq sökülsün, sökülmüş daşınmaz əmlakın əvəzində MMC tərəfindən Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, F.Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzil cavabdeh4 verilsin, mənzil təhvil verilənədək MMC tərəfindən cavabdeh4 kirayəyə görə hər ay 700 manat kompensasiya ödənilsin. 4.Qarşılıqlı iddia ərizəsində cavabdeh3, cavabdeh2, cavabdeh1 və cavabdeh4 tələb ediblər ki, maddi zərərin əvəzi kimi 25.000 manat və kompensasiya kimi 2.000.000 manat MMCdən tutulsun, pulun verilməsi və daşınmaz əmlakın boşaldılaraq MMC-yə verilməsi eyni vaxtda icra edilsin. Həmin ərizədən görünür ki, “maddi zərər” deyiləndə söküntü nəticəsində dağıdılmış tikililərin və tikililərin içərisində olan yararsız vəziyyətə düşmüş əmlakların dəyəri nəzərdə tutulur. “Kompensasiya” deyiləndə isə daşınmaz əmlakın əvəzi kimi mülkiyyətçinin özünün müəyyənləşdirdiyi qiymət nəzərdə tutulur. 5.Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunub. Ilk iddia təmin olunarkən qət olunub ki, cavabdeh4 daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilsin, cavabdeh3, cavabdeh2 və cavabdeh1 daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarına xitam verilsin, həmin şəxslər ailə üzvləri ilə birlikdə daşınmaz əmlakdan çıxarılsın, daşınmaz əmlak tam boşaldılaraq sökülsün, sökülmüş daşınmaz əmlakın əvəzində MMC tərəfindən Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, F.Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 175,80 kv.m olan 1 ədəd yeni təmirli mənzil cavabdeh4 verilsin, mənzil təhvil verilənədək MMC tərəfindən cavabdeh4 kirayəyə görə hər ay 700 manat kompensasiya ödənilsin. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunsun. 7.Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin, ilk iddia rədd edilsin, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən “xxxx” MMC kassasiya şikayəti verib. Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə qərara alınıb ki, kassasiya şikayəti qismən təmin edilsin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. 8.Işə yenidən baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdeh3, cavabdeh2 və cavabdeh1, onların vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 9.Işə yenidən baxılarkən məhkəmə iclasında iştirak etmiş “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 10.Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün oxşar işlər üzrə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe nəzərə alınmalıdır. Ali Məhkəmənin məhdudlaşdırıcı ədatı 11.Oxşar işlər üzrə daha əvvəl Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, söküntü-tikinti fəaliyyəti ilə məşğul olan subyektlər fərdi yaşayış evini yalnız mülkiyyətçi ilə razılıq əldə etməklə sökə bilər. 12.Ali Məhkəmə “mülkiyyətçi ilə razılıq əldə etməklə” ifadəsinin qarşısında “yalnız” sözündən istifadə edib. “Yalnız” sözü məhdudlaşdırıcı ədatdır. Məhdudlaşdırıcı ədat cümlədə və ya cümlənin ayrı-ayrı üzvlərində fikri, mənanı məhdudlaşdıran köməkçi nitq hissəsidir. Yəni, Ali Məhkəmənin mövqeyinə görə, başqa hər hansı hal fərdi yaşayış evinin sökülməsinə əsas ola bilməz, bu, mülkiyyətiçinin razılığı ilə mümkündür. 13.Misal üçün, eyni hüquqi şəxsin - “xxxx” MMC-nin fərdi yaşayış evinin sökülməsi barədə iddiası üzrə başqa işə daha əvvəl Ali Məhkəmədə baxılıb. Iş üzrə Ali Məhkəmənin (sədrlik edən hakim Çingiz Əsgərov) ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının 45ci bəndində qeyd olunub: “... kassasiya kollegiyası hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlərlə bu cür razılıq əldə edilməmişdir”. Göründüyü kimi, Ali Məhkəmə məhdudiyyət bildirən “yalnız” ədatından istifadə edib. 14.Bundan başqa, “xxxx” MMC-nin fərdi yaşayış evinin sökülməsi barədə iddiası üzrə işə daha əvvəl Ali Məhkəmədə baxılıb. Həmin iş üzrə Ali Məhkəmənin (sədrlik edən hakim Zaur Əliyev) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qəraranın 65-ci bəndində qeyd olunub: “... kassasiya kollegiyası hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları və qanunda nəzərdə tutulmuş digər hallar istisna olmaqla mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlərlə bu cür razılıq əldə edilməmişdir.” Göründüyü kimi, Ali Məhkəmə məhdudiyyət bildirən “yalnız” ədatından istifadə edib. 15.Odur ki, oxşar işlər həll edilərkən Ali Məhkəmənin məhdudlaşdırıcı ədatı nəzərə alınmalıdır. Ilk iddia barədə 16.Birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsinə aid hissədə ləğv edilməli və ilk iddia rədd olunmalıdır. 17.Sökülməsi tələb olunan daşınmaz əmlak fərdi yaşayış evi olmaqla xüsusi mülkiyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Göründüyü kimi, “yalnız qanunla” ifadəsindən istifadə olunub. Fərdi yaşayış evi üzərində mülkiyyət hüququ mülki hüquqlardan biridir, həmin mülki hüququn yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirən kommersiya hüquqi şəxslərin xeyrinə məhdudlaşdırılması barədə hər hansı qanun qəbul edilməyib. 18.Hazırkı iş üzrə Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarının 62 və 63-cü bəndlərində qeyd olunub: “Formalaşmış məhkəmə təcrübəsinə əsasən, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Cavabdehin mülkiyyətində olan yaşayış evinə hüququnun məhdudlaşdırılmasının dövlət ehtiyacları ilə bağlı olmadığı, Bakı ŞIHB-nın ##.##.2022-ci il tarixli *** nömrəli sərəncamının bu kateqoriya qərarlara aid olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır”. Göründüyü kim, bu işdə də Ali Məhkəmə “mülkiyyətçilərlə razılıq əldə edilməklə” ifadəsindən əvvəl məhdudlaşdırıcı ədat olan “yalnız” ədatından istifadə edib. 19.Işə yenidən apellyasiya qaydasında baxılarkən daşınmaz əmlakın mülkiyyətçisi Ali Məhkəmənin məhdudlaşdırıcı ədatına əsaslanaraq əmlakın sökülməsinə razılıq vermək üçün 2.000.000 manat tələb etmiş, əks tərəf isə bunu ödəməkdən imtina etmişdir. Göründüyü kimi, mülkiyyətçi ilə razılıq əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu məcburiyyət Ali Məhkəmənin məhdudlaşdırıcı ədatına da şamil olunur. Ona görə də belə vəziyyətdə ilk iddianın təmin edilməsi 420-ci maddənin pozulması sayıla bilər. 20.Beləliklə, mülkiyyətçi daşınmaz əmlakın sökülməsinə razılıq vermədiyinə, mülkiyyət isə toxunulmaz olduğuna görə, ilk iddia əsassızdır. Qarşılıqlı iddia barədə 21.Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 22.Bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edib. Qarşılıqlı iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən razı qaldıqlarına görə kassasiya şikayəti verməyib, lakin Ali Məhkəmə əks tərəfin - “xxxx” MMC-nin kassasiya şikayəti əsasında qətnaməni qarşılıqlı iddiaya aid hissədə ləğv edərək işi yeni apellyasiya baxışına qaytarıb. 23.Məhkəmə ilk öncə qeyd edir ki, “xxxx” MMC qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən kassasiya şikayəti vermək hüququna malik olmayıb. Belə ki, MMC həmin iddia üzrə cavabdehdir, ona qarşı yönəlmiş iddia rədd olunub, rəddin əsaslarında isə MMC-nin maraqlarına zidd olan hal yoxdur. Məsələn, qarşılıqlı iddiada MMC-dən maddi zərərin əvəzi kimi 25.000 manat tələb olunub. Ali Məhkəmə öz qərarında izah etməyib ki, MMC hansı hüququna əsaslanaraq özünə qarşı olan həmin tələbin rədd edilməsini mübahisələndirib. MPMin 403.1-cü maddəsinə görə, işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilərlər, lakin qarşılıqlı iddianın rədd edilməsinə münasibətdə belə hal mövcud olmayıb. Bundan başqa, Ali Məhkəmənin qərarında hər hansı hüquq normasına və ya dəlilə istinad edilmədən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilib. Bu, MPM-in 419-ci maddəsinin tələblərinə ziddir. Həmin maddədən görünür ki, Ali Məhkəmə aşağı məhkəmənin aktını ləğv edərkən istinad etdiyi hüquq normalarını və dəlilləri öz qərarının məzmununda göstərməlidir. 24.Ali Məhkəmə işi qarşılıqlı iddiaya aid hissədə yeni apellyasiya baxışına qaytardığından məhkəmə qarşılıqlı iddia barədə aşağıdakıları qeyd edir. 25.Maddi zərərin əvəzi kimi 25.000 manat tutulması barədə tələb təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçılar onlara maddi zərər vurulduğunu təsdiq edən sübut təqdim etməyib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 26.Kompensasiya kimi 2.000.000 manat tutulması barədə tələb təmin edilə bilməz. Belə ki, tələbin mahiyyəti ondan ibarətdir ki, mülkiyyətçi daşınmaz əmlakın sökülməsinə razılıq verməsi üçün əks tərəfin ona həmin məbləğdə pul ödəməli olduğunu iddia edir. Lakin mülkiyyətçinin başqa şəxsdən belə əsasla (daşınmaz əmlakın sökülməsinə razılıq vermək üçün) pul tələb etməyə subyektiv hüququ yoxdur, çünki mülki qanunvericilikdə belə hüququ əmələ gətirən konkret norma müəyyən edilməyib və ya mülki qanunvericiliyin prinsiplərinə görə fiziki və hüquqi şəxslərin hərəkətləri belə hüquq əmələ gətirə bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 14-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Ali Məhkəmənin göstərişi barədə 27.Ali Məhkəmənin qərarının 70-ci bəndində belə göstəriş ifadə olunub ki, apellyasiya instansiyası məhkəməsi təklif olunan kompensasiyanın adekvatlığı, onun daşınmaz əmlakın bazar dəyərinə uyğun olub-olmaması üzrə araşdırma aparmalı, ədalətli kompensasiyanın məbləğini müəyyən etməlidir. 28.MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin bu maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarında qeyd olunub ki, həmin maddədə təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri MPM-in 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və MPM-in 419.2.9cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin hazırkı iş üzrə göstərişi qanuni hədlər daxilində olmadığına görə məcburi deyil. 29.Ali Məhkəmənin göstərişinin iki əsası var. Həmin əsaslara münasibətdə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd edir. Ali Məhkəmənin göstərişinin birinci əsası 30.Ali Məhkəmə öz qərarının 68-70-ci bəndlərində qarşılıqlı iddiaçıların məhkəməyə verdiyi məlumatlardan sitatlar gətirib və həmin sitatlara əsaslanaraq qərarın 70-ci bəndinin 2ci cümləsində qeyd edib: “Işin bu halı, mülkiyyətçinin (qarşılıqlı iddiaçı cavabdeh4) “mən bazar qiyməti verilsə evi təhvil verməyə hazıram” mövqeyinin olmasına dəlalət edir”. 31.Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mülki prosesin dispozitivlik prinsipinə görə, heç bir məhkəmə, o cümlədən Ali Məhkəmə işdə iştirak edən şəxslərin mövqeyni onların əvəzinə formalaşdıra bilməz. Mülkiyyətçi öz mövqeyini qarşılıqlı iddia ərizəsində belə ifadə edib ki, daşınmaz əmlakın sökülməsinə razılıq verməsi üçün əks tərəf ona 2.000.000 manat pul ödəməlidir. MPM-in 53-cü madəsinə görə, iddianı dəyişmək iddiaçının hüququdur. Iddiaçı bu hüququndan istifadə etməyib, yəni “2.000.000 manat” ifadəsinin “bazar qiyməti” ifadəsi ilə əvəz etməyib. Ali Məhkəmə iddiaçının əvəzinə iddianı dəyişə bilməz. Ali Məhkəmənin göstərişinin ikinci əsası 32.Ali Məhkəmə öz qərarının 67-ci bəndində qeyd edib: “Mülkiyyətçinin qarşılıqlı iddia tələbi onu ehtiva edir ki, yaşayış evinin sökülməsi üçün qanuni əsasların olmasını (mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qərarın qanuniliyi, dövlət ehtiyacları ilə bağlı olması) mübahisələndirmir və evin sökülməsi məqsədi ilə kompensasiya ödənilməklə mülkiyyət hüququnun sonlandırılmasına razılığını ifadə edir”. 33.Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, "qanuni əsas" ifadəsi qrammatik qaydalara görə təyini söz birləşməsidir. Təyini söz birləşməsinin məhkəmə qərarında yazılması öz-özlüyündə qanuni əsas əmələ gətirmir. Hər hansı məhkəmə “qanuni əsas” ifadəsindən istifadə edirsə, hansı qanunda müəyyən edilmiş əsası nəzərdə tutduğunu göstərməlidir. Lakin Ali Məhkəmə “qanuni əsas”ın hansı qanunda (qanunun adı, maddənin nömrəsi və s.) müəyyən edildiyini göstərməyib. Bu isə onu təsdiq edir ki, belə bir qanuni əsas mövcud deyil. 34.Bundan başqa, qarşılıqlı iddianın mahiyyəti Ali Məhkəmənin təqdim etdiyi kimi deyil. Mülkiyyətçi qarşılıqlı iddia verməklə belə iradə ifadə edib ki, daşınmaz əmlakın sökülməsinə razılıq verməsi üçün əks tərəf ona 2.000.000 manat pul ödəməlidir. Mülkiyyətçinin iradəsi Ali Məhkəmənin “yalnız” məhdudlaşdırıcı ədatından istifadə etməklə formalaşdırdığı bu hüquqi mövqeyə əsaslanır: fərdi yaşayış evi yalnız mülkiyyətçi ilə razılıq əldə edilməklə sökülə bilər. Hər bir fiziki və hüquqi şəxs Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqelərlə əsaslanaraq konket işlərdə öz müdafiəsini təşkil etməyə haqlıdır. Ali Məhkəmənin qarşılıqlı iddianın mahiyyətini təhrif edərək onu “... qarşılıqlı iddia tələbi onu ehtiva edir ki, yaşayış evinin sökülməsi üçün qanuni əsasların olmasını (mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qərarın qanuniliyi, dövlət ehtiyacları ilə bağlı olması) mübahisələndirmir...” kimi təqdim etməsi yolverilməzdir. Ali Məhkəmənin nəzərə almadığı passiv satıcı 35.Ali Məhkəmə göstəriş verərkən “passiv satıcı” anlayışını nəzərə almalıdır. 36.Daşınmaz əmlak bazarında “passiv satıcı” (bəzən "qeyri-aktiv satıcı" da adlanır) aktiv şəkildə elan yerləşdirməyən, maklerlərə müraciət etməyən, lakin bazar qiymətindən nəzərəçarpacaq dərəcədə yüksək və cəlbedici bir məbləğ təklif olunduqda əmlakını satmağa razı olan şəxsdir. Bu tip satıcıların əsas xüsusiyyətlərindən biri odur ki, onlar qiymət diktə edirlər, yəni sövdələşmədə təzyiq altında olmadıqları üçün qiymətdə demək olar ki, güzəştə getmirlər. Hazırkı işdə mülkiyyətçi “passiv satıcı” sayılır. O, özünə məxsus əmlakın satın alınması üçün heç kəsə müraciət etməyib, onun iddiası öz statusuna görə qarşılıqlı iddia sayılır, yəni əks tərəf ilk iddia ilə məhkəməyə müraciət edərək əmlakı almaq niyyətini ifadə etdiyinə görə, mülkiyyətçi qarşılıqlı iddia verərək əmlakının qiymətini ona diktə edib. 37.“xxxx” MMC-nin və ya Ali Məhkəmənin “passiv satıcını” öz əmlakını bazar qiymətinə satmağa məcbur etmək səlahiyyəti yoxdur. Ali Məhkəmənin göstərişinin onun hüquqi mövqeyinə zidd olması 38.Ali Məhkəmənin hazırkı iş üzrə verdiyi göstəriş oxşar işlər üzrə həmin məhkəmənin daha əvvəl formalaşdırdığı hüquqi mövqeyə ziddir. 39.Eyni hüquqi şəxsin - “xxxx” MMC-nin fərdi yaşayış evinin sökülməsi barədə iddiası üzrə işə bundan əvvəl Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin (sədrlik edən hakim Çingiz Əsgərov) ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının 46-cı bəndində qeyd olunub: “Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı ilə onun təklif etdiyi formada razılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar”. Həmin işə baxılan zaman Ali Məhkəməyə bəlli olub ki, mülkiyyətçi təklif olunan kompensasiya ilə razı deyil, yəni evin sökülməsinə etiraz etmir, mübahisə predmeti kompensasiyanın məbləğidir. Belə ki, Ali Məhkəmənin həmin qərarının 7ci bəndində qeyd olunub: “Cavabdehlər iddiaya qarşı etiraz edərək bildirmişlər ki, iddiaçının təklifi mübahisəli evə münasibətdə onun dəyərinə, yerləşdiyi əraziyə və digər əsaslara görə balanslı və ədalətli deyil”. Bu hal Ali Məhkəməyə bəlli olsa da, Ali Məhkəmə aşağı məhkəməyə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi barədə göstəriş verməyib, təklif olunan məbləğlə mülkiyyətçinin razılaşmamasının həlledici olduğunu müəyyən edib və Ali Məhkəmənin özü tərəfindən “xxxx” MMC-nin iddiasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmin mövqedən fərqli olaraq hazırkı işdə Ali Məhkəmə göstəriş verib ki, apellyasiya instansiyası məhkəməsi təklif olunan kompensasiyanın adekvatlığı, onun daşınmaz əmlakın bazar dəyərinə uyğun olub-olmaması üzrə araşdırma aparmalı, ədalətli kompensasiyanın məbləğini müəyyən etməlidir. Halbuki, hazırkı işdə də mülkiyyətçi təklif olunan kompensasiya ilə razılaşmır, əmlakın sökülməsinə razılıq verməsi üçün 2.000.000 manat kompensasiya ödənilməli olduğunu iddia edir. 40.Bundan başqa, “xxxx” MMC-nin fərdi yaşayış evinin sökülməsi barədə iddiası üzrə digər işə bundan əvvəl Ali Məhkəmədə baxılıb. Iş üzrə Ali Məhkəmənin (sədrlik edən hakim Zaur Əliyev) qəbul etdiyi ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qəraraın 66-ci bəndində qeyd olunub: “Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı ilə onun təklif etdiyi formada razılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar”. Həmin işdə mülkiyyətçi yüksək məbləğədə kompensasiya tələb etmiş, əks tərəf tələb olunan məbləği “qeyri-real” adlandırmış, bu barədə olan məlumat iş üzrə qəbul olunmuş məhkəmə aktlarının məzmununda, o cümlədən Ali Məhkəmənin qərarının 10-cu bəndində əksini tapmışdır. Göründüyü kimi, həmin işə baxılan zaman Ali Məhkəməyə bəlli olub ki, mülkiyyətçi təklif olunan kompensasiya ilə razı deyil, yəni evin sökülməsinə etiraz etmir, mübahisə predmeti kompensasiyanın məbləğidir. Lakin Ali Məhkəmə aşağı məhkəməyə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi barədə gösəriş verməyib, təklif olunan məbləğlə mülkiyyətçinin razılaşmamasının həlledici olduğunu müəyyən edib və Ali Məhkəmənin özü tərəfindən “xxxx” MMC-nin iddiasının rədd edilməsi barədə qərar qəbul edilib. Həmin mövqedən fərqli olaraq hazırkı işdə Ali Məhkəmə göstəriş verib ki, apellyasiya instansiyası məhkəməsi təklif olunan kompensasiyanın adekvatlığı, onun daşınmaz əmlakın bazar dəyərinə uyğun olub-olmaması üzrə araşdırma aparmalı, ədalətli kompensasiyanın məbləğini müəyyən etməlidir. Halbuki, hazırkı işdə də mülkiyyətçi təklif olunan kompensasiya ilə razılaşmır, əmlakın sökülməsinə razılıq verməsi üçün 2.000.000 manat kompensasiya ödənilməli olduğunu iddia edir. 41.MPM-in 418-1.1-ci maddəsinə görə, Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Müəyyən olunur ki, Ali Məhkəmənin digər məhkəmə tərkiblərinin əvvəllər qəbul etdiyi qərarlarda müəyyən edilmiş hüquqi mövqe var. Lakin həmin mövqedən fərqli yanaşmanın (hazırkı işdəki yanaşmanın) tətbiq edilməsi üçün 418-1.1-ci maddədə müəyyən edilmiş mexanizmdən istifadə olunmayıb. Ona görə də hazırkı mübahisənin həllində Ali Məhkəmənin əvvəllər qəbul etdiyi qərarlarda müəyyən edilmiş hüquqi mövqe əsas götürülməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi qismən – “xxxx” MMC-nin ilk iddiasının təmin edilməsinə aid hissədə ləğv olunsun və “xxxx” MMC-nin ilk iddiası rədd olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə xərci olan 300 manat “xxxx” MMC-dən “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar