Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2794/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İddiaçı özünün və onun nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, dayısı olan cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 12.600 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Ə.Şıxlinski küçəsi, bina № **-də yerləşən ** №-li mənzil tərəflərin paylı mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydiyyata əsasən, həmin mənzilin 13,55 kv.m sahəsi olan 1 otağı cavabdehin, cəmi 29,07 kv.m sahəsi olan 2 otağı isə iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq iddiaçı həmin mənzildə yaşaya və mənzildən istifadə edə bildir. Çünki, cavabdeh, mənzildə tullantılar saxladığı üçün mənzili antisanitar və yaşayış üçün yararsız vəziyyətə salmışdır. Qeyd edilən səbəbdən iddiaçı başqa yaşayış sahəsini ayda 350 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə götürərək orada yaşamağa məcbur qalmış, bununla da maddi zərərə məruz qalmışdır. Son 3 ildə iddia tərəfindən cəmi (350 manat x 36 ay=) 12.600 manat məbləğində kirayə haqqı ödənilmişdir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) iddia tələbinə qarşı cavabdehin verdiyi etiraz haqqında məlumat
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazı Rayon Məhkəməsinə təqdim edərək, bildirmişdir ki, bacısının qızı olan iddiaçının mənzildən istifadə etməməsi, onun fikrincə, onun hərəkətləri ilə bağlı olmamışdır. İddiaçı, başqa yaşayış sahəsini faktiki olaraq kirayəyə götürməsini, həmin kirayə münasibətinin müddətini və hər ay 350 manat kirayə haqqı ödəməsini təsdiq edə biləcək mötəbər sübutları (kirayə müqaviləsini, ödəniş qəbzlərini, bank hesabından çıxarışı və sair maliyyə sənədlərini) məhkəməyə təqdim etməmişdir. Mənzilin yaşayış şəraiti onun hərəkətləri nəticəsində deyil, əksinə iddiaçının öz hərəkətləri, o cümlədən kommunal xidmətlərin dayandırılması mənzildən normal istifadə imkanına təsir etmişdir. İddiaçı bunu ona görə etmişdir ki, o məcburiyyət qarşısında qalaraq mənzilin ona məxsus hissəsini aşağı qiymətə iddiaçıya satsın. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 12.600 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, məhkəmə məsrəflərinin cavabdehə aid edilməsini və iş üzrə keçirilmiş qiymətləndirmənin xərcini təşkil edən 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, mübahisəli mənzilin bir otağı cavabdehin, iki otağı isə iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq iddiaçı həmin mənzildə yaşaya və mənzildən istifadə edə bildir. Çünki, cavabdeh, mənzildə tullantılar saxladığı üçün mənzil antisanitar və yaşayış üçün yararsız vəziyyətə salmışdır. Məhkəmə tərəfindən mübahisəli mənzilə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mənzildə hazırda yaşamaq mümkün deyil və nə iddiaçı, nə də ki, cavabdeh mənzildə yaşamırlar. İddiaçı bildirir ki, o, qeyd edilən səbəbdən başqa yaşayış sahəsini ayda 350 manat kirayə haqqı ödəmək şərti ilə 3 ildir ki, kirayədə yaşayır. Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı, ona məxsus və ünvan 1 ünvanda yerləşən mənzildə 3 ildir ki, kirayədə yaşayır. Belə ki, o, həmin mənzili 2 il bundan əvvəl almış və mənzilin əvvəlki mülkiyyətçisi bildirmişdir ki, iddiaçı həmin mənzildə 1 ildir ki, kirayədə yaşayır. Aylıq kirayə haqqı 350 manat müəyyən edilmişdir. Məhkəmənin qərardadına əsasən “Caspian Valuation” Qiymətləndirici Təşkilatının keçirtdiyi qiymətləndirmə nəticəsində verilmiş ##.##.2026-cı il tarixli, CVN/Y**-***/** nömrəli rəydən görünür ki, mübahisəli mənzilin ötən 3 il ərzində kirayə haqqı məbləği ayda 350 manat olmaqla ümumilikdə 12.600 manat təşkil edir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddia tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutlar mövcud deyil. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Apellyator olan cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin iclasında iştirak etməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini nəzərə almış Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. İddiaçı və onun nümayəndəsi (anası) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin və iddia tələbinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, “xxxx” X1 tərəfindən verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzilin 13,55 kv.metr sahəsi olan 1 otağı iddiaçının dayısı olan cavabdehin, cəmi 29,07 kv.metr sahəsi olan 2 otağı isə iddiaçının mülkiyyətindədir.
12. İddiaçı bildirir ki, cavabdeh, mənzildə tullantılar saxladığı üçün mənzili antisanitar və yaşayış üçün yararsız vəziyyətə salmışdır. Bu səbəbdən də, o, başqa yaşayış sahəsində ayda 350 manat kirayə haqqı ödəmək şərti ilə son 3 ildir ki yaşayır. Göründüyü kimi cavabdehin qanunsuz hərəkəti nəticəsində ona cəmi (350 manat x 36 ay=) 12.600 manat məbləğində maddi zərər dəymişdir. Buna görə də, o, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
13. Cavabdeh isə iddia tələbinə etiraz edərək, bildirir ki, o, iddiaçının mənzildən istifadə etməməsi, mənzildə yaşamaması iddiaçının özünün iradəsindən asılıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, başqa yaşayış sahəsini faktiki olaraq kirayəyə götürməsini, həmin kirayə münasibətinin müddətini və hər ay 350 manat kirayə haqqı ödəməsini təsdiq edə biləcək mötəbər sübutları (kirayə müqaviləsini, ödəniş qəbzlərini, bank hesabından çıxarışı və sair maliyyə sənədlərini) məhkəməyə təqdim etməmişdir.
14. İş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə bildirir ki, iş üzrə tərəflərin bildirdiklərindən və mənzilə Rayon Məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı əldə olunmuş məlumatlardan müəyyən edilir ki, mənzildə nə iddiaçı, nə də ki, cavabdeh yaşamırlar, çünki cavabdeh, mənzildə tullantılar saxladığı üçün mənzil antisanitar və yaşayış üçün yararsız vəziyyətdədir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
16. Qeyd olunan normaların mənasından göründüyü kimi, zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün hüquqa zidd davranışın, zərərin mövcudluğunun, həmin davranışla yaranmış zərər arasında səbəbli əlaqənin və qanunda nəzərdə tutulan halda təqsirin mövcudluğu müəyyən edilməlidir.
17. Hazırkı iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticənin əsaslılığına münasibətdə Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilin faktiki vəziyyəti yalnız iddiaçının izahatı əsasında müəyyən edilməmişdir. Rayon Məhkəməsi mübahisəli mənzilə yerində baxış keçirmiş və baxış zamanı mənzildə yaşayışın olmadığı, çirkli və istifadə edilmiş geyimlərin, sınmış mebel hissələrinin və yararsız əşyaların olduğu, mənzildə ümumilikdə antisanitar vəziyyətin yarandığını bilavasitə müəyyən etmişdir.
18. Bundan başqa, işdə olan videogörüntülər də Rayon Məhkəməsi tərəfindən tədqiq edilmiş və mənzilin faktiki vəziyyətinə dair digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Beləliklə, apellyatorun mənzilin yaşayış üçün yararsız vəziyyətdə olmasının sübuta yetirilməməsi barədə dəlili iş materialları ilə təsdiq edilmir.
19. Apellyasiya şikayətinin iddiaçının başqa mənzildə kirayədə yaşamasının və aylıq 350 manat kirayə haqqı ödəməsinin sübuta yetirilməməsi barədə dəlilinə münasibətdə Məhkəmə bildirir ki, Mülki Məcəllənin 33 və 34-cü Fəsillərinin, habelə “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, əmlak kirayəsi və icarə müqaviləsinin şifahi qaydada bağlanması qadağan edilmir.
20. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının başqa yaşayış sahəsində kirayədə yaşamasının təsdiqi üçün yazılı müqavilənin və ya bank ödəniş sənədlərinin təqdim edilməməsi özlüyündə həmin faktın mövcud olmadığını göstərmir. Bu kimi hal digər sübutlar, məsələn şahid ifadəsi ilə müəyyən edilə bilər. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 da, Rayon Məhkəməsinə verdiyi ifadəsində ona məxsus mənzildə iddiaçının 3 il müddətində, ayda 350 manat kirayə haqqı ödəməklə, yaşadığını təsdiq etmişdir.
21. Göründüyü kimi, müzakirə edilən halı təsdiq edə biləcək sübut iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmişdir.
22. Bununla yanaşı Məhkəmə nəzərə alır ki, iddiaçının mübahisəli mənzildə deyil, başqa yaşayış sahəsində yaşaması cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Belə olan halda cavabdeh sübut etməlidir ki, başqa yaşayış sahəsində yaşayan iddiaçı kirayə haqqı ödəmir. Çünki cavabdeh tərəf iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM, maddə 77.1.). Lakin işin hallarından görünür ki, cavabdeh bu dəlilini sübuta yetirə bilmir.
23. İddiaçı bildirir ki, o, cavabdehin qanunsuz hərəkəti nəticəsində hər ay 350 manat kirayə haqqı ödədiyi üçün ötən 3 il, yəni 36 ay ərzində ona 12.600 manat məbləğində maddi zərər dəymişdir.
24. X4 iddiaçı tərəfindən qeyd edilən müddətdə qeyd edilən məbləğdə kirayə haqqının ödənilməsini təsdiq etsə də, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin əsaslılığını yoxlamaq üçün qəbul etdiyi qərardadla iş üzrə qiymətləndirmə təyin etmiş və qiymətləndirməni həyata keçirmiş şirkətin – “Caspian Valuation” Qiymətləndirici Təşkilatın hesabatını almışdır.
25. Həmin ##.##.2026-cı il tarixli, CVN/Y**-***/** nömrəli hesabatda qeyd edilmişdir ki, iş üzrə tərəflərə məxsus mübahisəli mənzilin ötən 3 il ərzində kirayə haqqı məbləği ayda 350 manat olmaqla ümumilikdə 12.600 manat təşkil edir.
26. Rayon Məhkəməsi həmin hesabatda əks olunan məlumatların iddiaçının və şahidin verdikləri məlumatlar ilə təsdiqlənməsini, həmin məlumatlar ilə ziddiyyət təşkil etməməsini, hesabatın əsaslılığının şübhə altına ala biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesabatı etibarlı sübut kimi qiymətləndirmiş və hesabatı iddianın əsaslı hesab etmək üçün etibarlı sübut kimi qəbul edərək, iddianı təmin etmişdir.
27. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh, “Caspian Valuation” Qiymətləndirici Təşkilatı tərəfindən verilmiş həmin hesabatı şübhə altına ala biləcək sübutu (məsələn: başqa qiymətləndiricinin hesabatını) apellyasiya icraatında da təqdim etməmişdir. Buna görə də, Məhkəmə, hesab edir ki, işə baxmış Rayon Məhkəməsi “Caspian Valuation” Qiymətləndirici Təşkilatının verdiyi hesabatı etibarlı sübut kimi qəbul etməkdə və həmin hesabata əsasən iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. g) apellyasiyanın nəticəsi
28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Buna görə də, Məhkəmə MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.