Məhkəmə qərarları › İş №2(3-6)-291/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-291/2026

22.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-291/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Cəfərov Ilham Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qasımov Fərrux Hüseynağa oğlu və Rüstəmli Məhəmməd Əli oğlundan ibarət tərkibdə, Əhmədova Aysel Isbəndiyar qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları:

1. cavabdeh2 təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə ##.##.2025-ci il tarixli əmrindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə ##.##.2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin ## #### tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi əmr edilmişdir;

2. Bakı şəhəri Dilqəm Nəbiyev adına *** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU **********/e nömrəli əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəri Dilqəm Nəbiyev adına *** nömrəli tam orta ümumtəhsil məktəbinin Ingilis dili müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2025 -ci il tarixdən ləğv edilməsi əmr edilmişdir;

3. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1994-cü ildən pedoqoji fəaliyyətlə məşğuldur. Əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir;

4. “xxxx” Publik Hüquqi Şəxsi * nömrəli Şəhər Poliklinikasının ******* nömrəli ##.##.2024-cü il tarixli Əmək Qabiliyyətinin Olmaması Vərəqəsindən görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək işdən azad edilir.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet saytından çıxarışdan görünür ki, İddiaçı təkrar sertifikatlaşmadan keçə bilməmişdir;

6. Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir;

7. ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üzrə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 50,60 manat dövlət rüsumu ödənilmişdir;

8. ##.##.2025-ci il tarixli, ************ nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi üzrə apellyasiya və kassasiya şikayətlərinə görə 51 manat dövlət rüsumu ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025ci il tarixli *-**-**/*-*-**F/**** saylı əmrinin ona aid hissədə ləğv edilməsi, həmin əmrin əsasında verilmiş cavabdeh1n ##.##.2025-ci il tarixli, OU **********/e saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1965-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. ##.##.1994-cü il tarixdən əmək fəaliyyətinə Nərimanov rayon ** saylı məktəbdə ingilis dili müəllimi kimi başlamış, ##.##.1996-cı ildə ** saylı məktəbdən Bakı şəhəri *** saylı orta məktəbə köçürülərək ingilis dili müəllimi kimi fəaliyyətini həmin məktəbdə davam etdirmişdir. Müəllimə olaraq 30 ildən artıq davam edən əmək fəaliyyətində qüsursuz işləyərək yüzlərlə şagirdin elm vərdişlərinin mənimsənilməsinə töhfə vermişdir. Lakin, cavabdeh cavabdeh1n ##.##.2025-ci il tarixli OU **********/e saylı əsassız və qanunsuz əmri ilə o, doğma olan işindən və məktəbindən ayrılmalı olmuşdur. Həmin əmrin verilməsinə səbəb olaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikasiyadan keçmədiyi göstərilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ##.##.2025-ci ildən xitam verilmişdir. Cavabdeh qeyd olunan əmrin verilməsinin əsası olaraq ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və cavabdeh Agentliyin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** saylı əmrini göstərmişdir. Cavabdehlərin adı çəkilən əmrləri qanunsuzdur və əsassız olaraq işdən azad edilməyinə səbəb olmaqla əmək hüquqlarını pozmuşdur. Belə ki, xxxx * nömrəli şəhər Poliklinikasının ##.##.2024-cü il tarixli əmək qabiliyyətinin olmamasına dair xəstəlik sənədindən də görünür ki, o, ##.##.2024 - ##.##.2024-cü il tarixlərində xəstəlik səbəbi ilə işdən azad edilmişdir. Bununla da, 2024-cü ildə keçirilmiş sertifikasiya imtananından öz iradəsindən asılı olmayan səbəbdən iştirak edə bilməmişdir. ##.##.1965-ci il təvəllüdlü olmaqla ##.##.2025ci ildə 60 yaşı tamam olmuşdur. ##.##.2025-ci il tarixdə sertifikatlaşdırma imtahanı keçirilən zaman artıq yaşı 60 yaş 5 ay 5 gün idi. ##.##.2025-ci il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında onun iştirakı əslində Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Ümumi təhsil haqqında” Qanunun tələblərinin açıqdan-açığa pozulması deməkdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilk sertifikatlaşdırma zamanı, yəni sertifikatlaşdırmanın başlanıldığı zaman 59 yaşında olmuş və bu yaş dövründə sertifikatlaşdırmadan keçmək onun üçün qanunla nəzərdə tutulmuş vəzifə olmuşdur. Təkrar sertifikatlaşdırma isə iddiaçı, birinci imtahanda üzrlü səbəbdən iştirak etmədiyindən və bu, ona verilmiş əlavə hüquq olduğundan, könüllülük prinsipi həmin hallara şamil edilmir. Hər bir halda iddiaçı təkrar keçirilən imtahanda iştirak etmiş, lakin lazımi balı toplaya bilmədiyindən imtahandan uğurla keçməmiş hesab edilmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı təkrar keçirilən imtahanda könüllü surətdə iştirak etdiyini bildirsə də, məhkəmə iclasında onun şəxsi kabinetinə, təkrar sertifikatlaşdırma imtahanında iştirak etməsi barədə bildirişin göndərildiyini təsdiq etmişdir. Həmçinin, Qaydaların 1.5-ci maddəsində könüllülüyün yalnız sertifikatlaşdırmaya ilk dəfə cəlb edilən 60 yaşdan yuxarı təhsilverənlərə aid edilməsi barədə norma nəzərdə tutulmuşdur. Lakin, yaşla bağlı könüllülük qaydası hazırki hala tətbiq olunsaydı, bu, sertifikatlaşdırma prosesindən yayınma və sui-istifadə halları ilə nəticələnə bilərdi. Belə ki, təhsilverənlər imtahandan yayınmaq üçün ilk sertifikatlaşdırmada iştirak etməməklə və ya prosesi süni şəkildə uzatmaqla 60 yaşdan sonra imtahana girməməyi əsas gətirə bilərdilər. Bu isə qanunvericiliyin məqsədinin pozulması ilə yanaşı, həm də sertifikatlaşdırmanın effektivliyinin azalmasına səbəb olardı. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi prosesində işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi iş materialları ilə təsdiq edilmir. Işəgötürən Agentliyin əmrini əsas tutmaqla, sertifikatlaşdırma imtahanından uğurla keçməmiş işçinin əmək müqaviləsini qanunvericiliyin tələblərinə riayət etməklə ləğv etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilmə ilə bağlı iddia tələbləri əsassız sayıldığı üçün məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbi də əlavə hüquqi qiymət verilmədən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı tərəf apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsində qeyd olunan maddələri sadalasa da, həmin maddələri düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi ilk dəfə 2024-cü ildə keçirilmiş sertifikasiya imtahanından xəstəlik səbəbindən, öz iradəsindən asılı olmadan iştirak edə bilməmişdir. ## #### 2025-ci il tarixdə sertifikatlaşdırma imtahanı keçirilən zaman isə artıq yaşı 60 yaş 5 ay 5 gün idi. ## #### 2025-ci il tarixdə keçirilən sertifikasiya imtahanında o könüllü iştirak edə və ya etməyə də bilərdi. Çünki, qeyd olunan normaların birbaşa göstərişlərinə görə 60 yaşına çatmış şəxslərin sertifikasiyada iştirakı könüllüdür. Hesab edir ki, 60 yaşı olduğu üçün sertifikasiyada iştirak etməkdən azad olunmuş statusda idi. Qeyd olunan istər qanun, qayda, istərsə də Əmək Məcəlləsinin heç bir normasında 59 yaşında bu və ya digər səbəbdən sertifikasiyada iştirak etməyən təkrar sertifikasiya keçirilməsi zamanı isə 60 yaşına çatmış təhsilverənin sertifikasiya imtahanında iştirakının məcburi olması norması mövcud deyil. Əksinə, həmin normaların hamısında birmənalı olaraq imperativ şəkildə bildirilir ki, “60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür”. Eyni zamanda, qeyd olunan qanunvericilik aktlarının heç birində qeyd olunmayıb ki, 60 yaşı olub sertifikasiyada könüllü iştirak edib bal toplaya bilməyən şəxs sertifikasiyadan keçməmiş hesab olunur. Məhkəmə qətnaməsində göstərmişdir ki, “Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydaların 1.5-ci maddəsində könüllülüyün yalnız sertifikatlaşdırmaya ilk dəfə cəlb edilən 60 yaşdan yuxarı təhsilverənlərə aid edilməsi barədə norma nəzərdə tutulmuşdur.” Halbuki, Qaydaların 1.5-ci bəndində məhkəmənin bu mövqeyi-könüllü iştirakın ilk dəfə cəlb edilənlərə aid olması ilə bağlı heç bir göstəriş yoxdur. Məhkəmə nəzərə almamışdır ki, 59 yaşında olarkən hər hansı sıradan bir səbəblə deyil məhz xəstəlik səbəbi ilə, iradəsindən asılı olmadan iştirak edə bilməmişdir. Cavabdeh etiraz etdiyi iddia tələbinin təkzib olunmasına dair heç bir sübut təqdim etməmişdir. Sözügedən mübahisə üzrə münasibətləri nizamlayan qanunvericilik aktlarının heç birində 60 yaşdan əvvəl bu və ya digər səbəbdən sertifikasiyada iştirak etməyən şəxsin 60 yaşdan sonra sertifikasiyada iştirakının məcburi olması barədə də heç bir göstəriş yoxdur. Həmçinin, 60 yaşı olub sertifikasiyada könüllü iştirak edib bal toplaya bilməyən şəxsin sertifikasiyadan keçməmiş hesab olunması barədə də imperativ norma mövcud deyil. Məhkəmə nəzərə almayıb ki, ## #### 2025-ci il tarixdə keçirilən sertifikasiya imtahanı zamanı onun iştirakı könüllü xarakter daşıdığından ümumiyyətlə cavabdehin ondan təkrar sertifikasiyadan keçməyi, imtahan verməyi tələb etməsi tamamilə qanunsuz olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 2, 3-cü hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

Maddə 67-2, 3-1-ci hissə. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Maddə 67-2, 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır.

Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Maddə 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası:

Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Bənd 5.2-5.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-cü il tarixli Qərarı:

Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia tələbi təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununu və orada göstərilən dəlilləri hərtərəfli təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmri iddiaçıya aid hissədə, həmçinin həmin əmrin əsasında verilmiş cavabdeh1n əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları üzrə gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçının sertifikasiyada iştirakının könüllülük əsasını, habelə ilk dəfə keçirilən imtahanda iştirak etməməsinin imtahanın təxir edilməsi ilə nəticələnməsi hallarını düzgün aydınlaşdırmamışdır.

28. Məhkəmə kollegiyası iş materiallarını və tərəfin izahatlarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı İddiaçı 1994-cü il tarixdən pedoqoji fəaliyyətlə məşğul olmuşdur. ##.##.1996 -cı il tarixindən *** nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışmışdır. Iddiaçı 59 yaşında təhsilverənlərin sertifikatlaşdırma imtahanında əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən iştirak etməmişdir. Bir il sonra keçirilən növbəti imtahanla bağlı sertifikatlaşdırmanın keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya məlumat təqdim edilmiş, iddiaçı da həmin imtahanda iştirakını təmin etmiş, lakin həmin imtahandan keçməmişdir. Halbuki, iddiaçının həmin vaxt 60 yaşı var idi və sertifikatlaşdırma imtahanında iştirakı könüllülük prinsipinə əsaslanırdı.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sözügedən sertifikatlaşdırma imtahanında iştirakı, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə, bu halda daha zəif tərəf olan iddiaçının könüllülük əsasını istisna edərək işəgötürənin imtahanda iştirakla bağlı tələbi üzrə olub işçinin əmək münasibətlərinin xitamı ilə nəticələnmişdir.

30. Başqa sözlə, işçi və işəgötürən arasında mövcud olan hakimiyyət-tabeçilik xüsusiyyətləri kontekstində işəgötürənin iddiaçıya, o cümlədən 60 yaşdan yuxarı xarakterik vəziyyətdə olan təhsilverənlərə münasibətdə imtahanların təşkil edilməsinin sayının tənzimlənməməsi, habelə, könüllülük prinsipinin təsir dairəsinə düşəcəyi ehtimal edilmədən imtahanların təşkil edilməsi, təhsilverənə bu hüququndan istifadə etmək fürsəti verilməməklə imtahanda iştiraka dəvət edilməsi, hazırki mübahisənin həlli istiqamətində işəgötürənin qanunda nəzərdə tutulmuş tələblərdən sui-istifadə etməsi və hüququn tətbiqindən imtina edilməsi kimi qiymətləndirilməlidir.

31. Digər tərəfdən, nə qədər ki, 60 və daha yuxarı yaşı olan digər təhsilverənlərə münasibətdə onların sertifikasiyada iştirakı könüllüdür və sertifikasiyaya cəlb edilmədikləri halda əmək münasibətlərinin xitamı ilə nəticələnmir, hazırki iş üzrə iddiaçının da könüllü əsasla sertifikasiyada iştirakı nəticələrindən asılı olmayaraq onun ziyanına dəyərləndirilməməlidir.

32. O cümlədən, iddiaçının sertifikatlaşdırmada iştirakının hazırki nəticələri cavabdeh tərəfin imtahana çağırışı əsasında olduğu halda, qanunvericilikdə nəzərdə tutulmuş könüllülük əsası cavabdeh tərəfindən istisna edilmişdir. Cavabdehin iradəsinin bu cür ifadəsi o halda könüllülüyü istisna etməyən hesab edilə bilərdi ki, cavabdeh tərəfin imtahanla bağlı şəxsi kabinet vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasında nəzərdə tutulduğu qaydada rəsmi çağırışı əsasında deyil, təhsilverənlərə ümumi xarakterli elan vasitəsilə çatdırılmış olsun, və yaxud ümumiyyətlə sözügedən sertifikasiyaya dəvət etməmiş olsun. Halbuki, apellyasiya baxışı zamanı iddiaçının izahatına əsasən, sonuncunun məktəb direktoruna sertifikasiya imtahanında iştirakının könüllü olmasını bildirməsinə baxmayaraq, direktor tərəfindən imtahanda iştirakın zəruriliyinin vurğulanması müəyyən edilmişdir. Belə olan halda, bir daha öz təsdiqini tapır ki, cavabdeh tərəf iddiaçının hüquqlarını pozmaqla cəlb etdiyi sertifikasiya prosesi nəticələrinə dair iddiaçı ilə olan əmək münasibətlərini sonlandırmaqda haqlı olmamışdır.

33. Məhkəmə kollegiyası, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı İddiaçı sertifikatlaşdırmada iştirakının məcburi olması nəzərdə tutulmadığı halda iştirak edərək məqbul nəticə əldə etməməsi onun ziyanına şərh edilməməli, o cümlədən əmək münasibətlərinin xitamı ilə nəticələnməməlidir.

34. Beləliklə, qanunverici hazırki mübahisə üzrə tətbiq edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3-1-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 1.5-ci bəndində müvafiq yaşı tamam olmuş təhsilverənlərə sertifikatlaşdırmada iştirakın könüllü olmasını təmin etdiyi halda, cavabdeh tərəfin əmək münasibətlərinə xitam verməsi, habelə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının sözügedən tələblərinin təmin edilməməsi düzgün hüquqi nəticə olmamışdır.

35. Bütün bunları nəzərə alan kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürülmüş dəlilləri əsaslıdır.

36. Əlavə olaraq, Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı məsələni həll edərək qeyd edir ki, İddiaçı tərəfindən ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üzrə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50,60 manat dövlət rüsumu və ##.##.2025-ci il tarixli, ************ nömrəli qəbzlə Bakı Apellyasiya Məhkəməsi üzrə apellyasiya və kassasiya şikayətlərinə görə ödənilmiş 51 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

37. Belə ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələbləri üzrə dövlət rüsumu ödəməkdən azad olunmasına baxmayaraq, onun tərəfindən dövlət rüsumları ödənilmişdir. 38.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinə dair Bakı şəhəri Dilqəm Nəbiyev adına *** nömrəli tam orta məktəbin ##.##.2025-ci il tarixli, OU **********/e nömrəli əmri və həmin əmrin verilməsi üçün əsas olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri iddiaçı İddiaçı aid hissədə ləğv edilsin. Iddiaçı İddiaçı Bakı şəhəri Dilqəm Nəbiyev adına *** nömrəli tam orta məktəbin Ingilis dili müəllimi vəzifəsinə işə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq iddiaçı İddiaçı ödənilsin. Iddiaçı İddiaçı tərəfindən ödənilmiş (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üzrə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 50,60 manat və Bakı Apellyasiya Məhkəməsi üzrə apellyasiya və kassasiya şikayətlərinə görə ##.##.2025-ci il tarixli, ************ nömrəli qəbzlə ödənilmiş 51 manat dövlət rüsumu) 101,60 (yüz bir manat, altmış qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar