Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2992/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli aktın akt əsasında ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 1.745,13 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus və Bakı şəhəri, Sabunçu rayonu, * nömrəli sovxoz, Yeni yaşayış massivi, ev 1-də yerləşən yaşayış sahəsi Birlik tərəfindən təbii qazla təchiz edilir. Bununla bağlı həmin ünvanda mexaniki sayğac quraşdırılmış və ünvana *************** saylı abonent kodu verilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə həmin ünvanda qaz xəttinə baxış keçirilmiş və ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilərək təbii qazdan sayğacdan kənar qanunsuz istifadə halının aşkar edildiyi göstərilmişdir. Həmin akt əsasında tərtib edilmiş ##.##.2023-cü il tarixli tələbnamə ilə itirilmiş qazın həcmi hesablanmış və iddiaçının abonent hesabına əlavə borc hesablanmışdır. İddiaçı bildirir ki, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni qaydada, o cümlədən qaz sayğacından kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməmiş, istifadə edilən qazın dəyəri isə həmişə ödənilmişdir. Buna görə də, o, borcu əsassız hesab edərək, borcun silinməsini tələb edir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar haqqında məlumat
3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
4. Cavabdeh Birliyin nümayəndəsi Nümayəndə Rayon Məhkəməsinə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən ##.##.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1.555,20 manat borcun silinməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandrmışdır ki, cavabdeh Birlik onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri ##.##.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbinin “akt əsasında hesablanmış borcun silinməsi barədə hissəsi” əsaslı hesab edilməlidir. Lakin işin hallarından görünür ki, həmin akt əsasında iddiaçıya 1.745,13 manat deyil, 1.555,20 manat məbləğində borc hesablanmışdır. Buna görə də, əsassız akt əsasında iddiaçıya hesablanmış 1.555,20 manat məbləğində borc silinməlidir. Qalan 189,93 manat məbləğində borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış debitor borcdur ki, həmin debitor borc silinə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə əsassız olan iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməsini təsdiq edən foto şəkilləri nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
9. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da iddiaçı apellyasiya baxışı iclasına gəlməmiş, cavabdeh Birlik isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) işdə olan sənədlər barədə məlumat
11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya aid ünvanda qaz xəttinə baxış keçirilərkən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə halının aşkar edildiyi qeyd edilmişdir.
12. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri ##.##.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün götürülməklə itirilmiş qazın həcmi 12.960 kub m hesablanmışdır.
13. İşdə olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabında ümumilikdə 1.859,74 manat borc qeydə alınmışdır.
14. X2 Agentliyinin Bakı filialı tərəfindən Rayon Məhkəməsinə verdiyi ##.##.2026-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının təbii qazdan istifadə etməsi, bununla da, təbii qazı talamasında təqsirli olması üçün müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qüvvəyə minmiş qərarı mövcud olmalıdır. Lakin hazırkı halda müəyyən edilir ki, iddiaçının barəsində bu kimi qərarlar mövcud deyil. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olubolmaması ilə bağlıdır.
16. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
17. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
18. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.
20. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı Birliyin əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilsə də, cavabdeh Birlik həmin aktda göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını məhkəmələrə təqdim etməmişdir.
21. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
22. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı, Birliyin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi
23. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə Birliyin özünə aid edilməlidir.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.