Məhkəmə qərarları › İş №2(3-6)-3014/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3014/2026

21.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3014/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 46 (yeni qaydalarla : AZ1132, ünvan 1) ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 46 (yeni qaydalarla : AZ1132, ünvan 1) ünvanından ailə üzvüləri ilə birlikdə çıxardılaraq mənzilin iddiaçı İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

3. Cavabdehlər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətləri 1 aylıq prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

5. Cavabdeh cavabdeh1 həmin qərardaddan şikayət vermiş, şikayətini belə əsaslandırmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır. Qərardaddan göründüyü kimi rayon məhkəməsi qətnamənin ##.##.2025-ci il tarixdə alındığına istinad etsə də, tərəfindən təqdim edilmiş poçt qəbzindən görünür ki, qətnamə tərəfindən ##.##.2025-ci il tarixdə saat 12:30da alınmış və ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, yəni müddət ötürülməmişdir. Işə baxan məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad çıxararkən həmin poçt qəbzini nəzərə almamışdır.

6. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Məhkəmə) *(*-*)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 şikayəti təmin dilmiş, Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, işin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixli qərardaddan cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə verdiyi şikayət ərizəsinin təmin edilməməsi və baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

11. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, cavabdeh cavabdeh1 apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.

12. Belə ki, mülki işin materiallarında olan xəbərnamədən görünür ki, X1 qətnaməni ##.##.2025-ci il tarixdə qəbzə imza edərək qəbul etmişdir.

13. D*************** nömrəli poçtalyon X4 ##.##.2025-ci il tarixli çatdırma vərəqindən görünür ki, SX*********AZ nömrəli göndəriş ##.##.2025-ci il tarixdə, saat 12:30-da cavabdeh1 tərəfindən “çatdırma vərəqinə” imza edilərək təhvil alınmışdır.

14. MPM-nin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Cavabdeh cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmişdir.

16. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət ötürülmüşdür.

17. Əvvəlki apellyasiya baxışı zamanı D*************** №-li “çatdırma vərəqi”nin rayon məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilmədiyi, mötəbər sübut olub-olmamasının araşdırılmadığı müəyyən olunmuş və apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddətə uyğun verilib-verilməməsinin iş materiallarında olan sübutlara qiymət verilərək yoxlanılması üçün iş materialları rayon məhkəməsinə göndərilmişdir.

18. Məlum olduğu kimi rayon məhkəməsində tərəflərin iştirakı təmin edilməklə apellyasiya şikayətinin geri qaytarılması barədə ##.##.2026-cı il tarixli qərardaddan verilmiş cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixli şikayətinə məhkəmə iclasında baxılmış və şikayət təmin edilməmişdir.

19. Həmin məhkəmə iclasında cavabdeh cavabdeh1 oğlu olan digər cavabdeh cavabdeh2 izahat verərək bildirmişdir ki, poçtun nümayəndəsi ona bir neçə gün əvvəl zəng edərək onun anasının adına zərf gəldiyini, zərfi götürməsini xahiş etdiyini, lakin onun vaxtı olmadığından zərfi götürə bilmədiyini, zərfin yalnız ##.##.2025-ci il tarixdə “Razin talkuçkasının” yanından əlbəəl poçt işçisindən götürdüyünü, anasının adından çəkilmiş imzanın onun tərəfindən imzalandığını, həmin günün bazar günü olduğunu, poçtun işləmədiyindən məlumatı olduğunu rayon məhkəməsinə bildirmişdir.

20. Məhkəmə mülki iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubunu və məktuba əlavə edilmiş poçtalyon Rəsulova Kəmalənin yazılı izahatını nəzərdən keçirərək qeyd edir ki, “çatdırma vərəqi”ndə göndərişlər çatdırılmalı olan 15 nəfərlik siyahı tərtib olunmuş, vərəqin tarixi kimi ##.##.2025-ci il qeyd edilmişdir, buna baxmayaraq, göndəriş çatdırılan bütün şəxslərin adının qarşısında 28.12. tarixi yazılmaqla, müxtəlif saatlar qeyd edilmişdir. Poçtalyon yazılı izahatında yanlışlığa yol verərək tarixləri qarışdırdığını, ##.##.2025ci il tarixini ##.##.2025-ci il tarixi zənn etməsini yazsa da, Məhkəmə hesab edir ki, çatdırma vərəqinin özündə əvvəlcədən ##.##.2025-ci il tarixi yazıldığı halda poçtalyonun bunu görməməsi, həmin tarixi ##.##.2025-ci il tarixi hesab etməsi, həmin gün müxtəlif saatlarda göndəriş çatdırılan şəxslərin hamısına münasibətdə eyni yanlışlığa yol verilməsi ağlabatan olmamaqla, inandırıcı görünmür. Belə olan halda hesab etmək olar ki, ##.##.2025-ci il tarixi qeyriiş gününə - həftənin bazar gününə təsadüf etsə belə, göndərişlər həqiqətən həmin tarixdə çatdırılmışdır.

21. Məhkəmə mülki iş materiallarında səhifə 67-də olan xəbərnamə ilə bağlı isə qeyd edir ki, xəbərnamədə cavabdeh1 adı yazılaraq, imza çəkilmiş olsa da, onun oğlu – cavabdeh cavabdeh2 rayon məhkəməsindəki izahatında həmin imzanın anasına məxsus olmadığını bildirmişdir. “xxxx” MMC-nin məktubunda “Poçt Rabitəsi Xidmətlərinin Göstərilməsi Qaydaları”nın müddəalarını kobud surətdə pozduğuna görə poçtalyon X6 Məcəlləsinə uyğun olaraq intizam tənbehi tədbirinə cəlb olunmasına dair hazırlanmış təqdimatın aidiyyəti struktura təqdim edildiyi qeyd edilmişdir. Bu da onu göstərir ki, poçt zərfinin çatdırılması ilə bağlı məsələ poçtalyonun adi bir yanlışlığı ilə bağlı olmamışdır. Bu halda isə “çatdırma vərəqi”nin yox, xəbərnamənin mötəbərliyi sual doğurur.

22. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh1 şikayətinin dəlilləri əsaslıdır, qətnamə ona ##.##.2025-ci il tarixdə çatdırıldığından qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə, vaxtında – müddət ötürülmədən verilmişdir. Rayon məhkəməsi əsassız olaraq, 1 aylıq prosessual müddətin ötürülməsinə görə onun şikayətini geri qaytarmışdır.

23. Bundan başqa, rayon məhkəməsi hazırkı halda əhəmiyyətli prosessual pozuntuya yol vermişdir. Belə ki, işin hallarından müəyyən olunduğu kimi, cavabdeh cavabdeh1 qətnamədən verdiyi apellyasiya şikayəti rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 şikayəti təmin edilmiş və rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessal hərəkətlərin edilməsi - apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün rayon məhkəməsinə qaytarılmışdır. Rayon məhkəməsi isə ##.##.2026-ci il tarixli iclasda qətnamədən verilən apellyasiya şikayətinin mümkünlüyünü yoxlamamış, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilən ##.##.2026-cı il tarixli qərardadından verilən şikayətə baxmış və şikayəti təmin etməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinin şikayəti üzrə” ## ##### 2004-cü il tarixli X5 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərin öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

25. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, aşkar şəkildə cavabdeh cavabdeh1 məhkəməyə müraciət – çatım hüququnun pozulduğu müəyyən olur. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında da qeyd edildiyi kimi şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

26. Beləliklə, Məhkəmə qeyd edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.

27. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.

28. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.

29. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

31. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X10rşı işlər).

32. “X12rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

33. “X2rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

34. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də “Centro Europa 7 S.R.L. və X3rşı” 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”

35. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (X11 San Marinoya qarşı iş).

36. Insan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır.

37. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni - formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

39. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

40. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və cavabdeh cavabdeh1 tərəfindən Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan, onun apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar