Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-302/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5041/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 07 mart 2008-ci il tarixli zaminlik müqaviləsi üzrə özünün zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiada göstərilib ki, Cavabdeh ASC ilə X4 arasında xx.xx.2008-ci ildə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh X4 5000 manat məbləğində kredit götürmüş, kreditdən istifadəyə görə illik 24% ödəməyi öhdəsinə götürmüş, kreditin müddəti 12 ay müddətində müəyyən edilmişdir. Kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlanmışdır (baxmayaraq ki, iddiaçı özü bu müqaviləni imzalamayıb). Həmin müqaviləyə görə iddiaçı kreditor Cavabdeh ASC qarşısında borclu X1 07 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi əsas müqavilənin müddəti 12 ay olmuş, bu müddət ərzində X4 öz öhdəliyini yerinə yetirməmiş, onun banka borcu qalmışdır. Cavabdeh ASC X2 və ona qarşı 2011-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində kredit borcun, 2662 manat məbləğində faiz borcun, 500 manat məbləğində cərimənin, cəmi 8162 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun onlardan müştərək qaydada tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(004)-2438/2011 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Uzun illər onun bu qətnamədən xəbəri olmamışdır. İşin hallarından da görünür ki, 07 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti 1 il müəyyənləşdirilmiş, yəni əsas öhdəliyin icrası müddəti 07 mart 2009-cu ildə bitmiş və Cavabdeh ASC-nin ona qarşı əsas öhdəliyinin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürməmişdir. Belə olduqda isə iddiaçının 07 mart 2008-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5041/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, X4 ilə Cavabdeh ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-2438/2011 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X4 və İddiaçı müştərək qaydada 5000 manat məbləğində əsas borc, 2662 manat məbləğində faiz borc, 500 manat məbləğində dəbbə pulu, cəmi 8132 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh ASC-yə verilməsi qət edilmişdir. Hazırda İddiaçı zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir və iddiasını onunla əsaslandırır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar kartından pul tutulduqdan sonra X4 ilə bank arasında olan kredit müqaviləsi üzrə zamin olduğunu bilmişdir, onun tərəfindən belə bir müqavilə imzalanmamışdır, həmçinin Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddətin keçməsinə əsasən zaminliyə xitam verilməlidir. İddiaçının dəlillərinə münasibətdə bildirir ki, X4 ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə üzrə borclu həmin razılaşma şərtlərinə əməl etmədiyindən bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə üzrə yaranmış öhdəliyin icrasını təmin etməkdən ötrü müvafiq məbləğlərdə pul vəsaitləri həmin iş üzrə müştərək cavabdehlərdən olan İddiaçı tutulmasına başlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilə bilməz. Ona görə də hazırkı halda Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliyə xitam verilməsini məhkəmə yolverilməz hesab edir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin olunmasını xahiş edib göstərir ki, kredit müqaviləsi ilə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlanmışdır (baxmayaraq ki, o, bu müqaviləni imzalamayıb). Həmin müqaviləyə görə o, kreditor Cavabdeh ASC qarşısında borclu X1 07 mart 2008-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzəriə götürüb. Göründüyü kimi, əsas müqavilənin müddəti 12 ay olmuş, bu müddət ərzində X5 öz öhdəliyni yerinə yetirməmiş, onun banka borcu qalmışdır. Cavabdeh ASC X3 və ona qarşı 2011-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat məbləğində kredit borcun, 2662 manat məbləğində faiz borcun, 500 manat məbləğində cərimənin cəmi 8162 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 11 may 2011-ci il tarixli, 2(004)-2438/2011 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Uzun illər onun bu qətnamədən xəbəri olmamışdır. İşin halından da görünür ki, 07 mart 2008-cu il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası müddəti 1 il müəyyənləşdirilmiş, yəni əsas öhdəliyin icrası müddəti 07 mart 2009-cu ildə bitmiş və Cavabdeh ASC-nin ona qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia irəli sürməmişdir. Belə olduqda isə onun 07 mart 2008-cu il tarixli zaminlik müqaviləsi üzrə zamiliyinə xitam verilməlidir. Lakin Nəsimi rayon məhkəməsi onun zaminliyə xitam verilməsi tələbini müqaviləyə xitam verilməsi kimi qiymətləndirmiş, məhz bu baxımdan məhkəmə qətnaməsi qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilməsinin mümkünsüz hesab edilməsini göstərmişdir. Məhkəmə qətnaməsi ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilməsini deyil, zaminliyinə xitam verilməsini tələb edib. Zaminlik müqaviləsinə xitam verilməsi ilə zaminliyə xitam verilməsi anlayışları ayrı-ayrı anlayışlar olduğu kimi bu halların əsası da ayrıdır. Belə ki, Yasamal rayon məhkəməsi Cavabdeh ASC-nin pul tələbinə baxmış və həmin tələbdə borclu ilə birlikdə zamindən də pul tutulması irəli sürülmüşdür. Məhkəmə bu zaman həmin tələb üzrə zaminlik müqaviləsinin qanuniliyini və hüquqi nəticələrini tanısa da həmin iş üzrə zaminlik müddətinin ötməsinə qiymət verməmiş, yəni məhkəmə ümumiyyəltə bu əsaslara toxunmamış, bu üzdən həmin halın yenidən məhkəmədə baxılması hüququ itirilməmişdir. Nəsimi rayon məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsaslanaraq onun zaminliyə xitam verilməsi barədə tələbinin təmin edilməsinin mümkünsüzlüyünü vurğulamışdır. Halbuki, işin hallarından da görünür ki, Yasamal rayon məhkəməsinin 11 may 2011-ci il tarixli 2(004)-2438/2011 saylı qətnaməsi ilə onun zaminliyinin müddəti barədə hər hansı bir hal müəyyən edilməmiş, bu baxımdan da o, hal-hazırda zaminliyinin müddətinin ötməsi əsası ilə zaminliyə xitam verilməsini mübahisələndirməkdə haqlı olmuşdur. Hətta məhkəmə onun iddiasına mahiyyəti üzrə baxması ilə də bunu sübuta yetirmiş, sadəcə məhkəmə qətnaməsi ilə yaranmış bir tələbə xitam verilməsinin mümkün olmamasını düşünmüşdür. Belə hesab edir ki, məhkəmə belə qənaətə gəlməkdə səhv etmişdir. Belə ki, nə qədər ki, onun zaminliyinə xitam verilməsi məsələsi hər hansı bir məhkəmə mübahisəsi olmamış, hər hansı bir məhkəmə qətnaməsi ilə bu hala toxunulmamışdır, o, bu məsələni qaldırmaqda haqlı olmuş və bu baxımdan iddiası təmin edilməli idi. Cavabdeh ASC-nin ona qarşı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyinə görə onunla Cavabdeh ASC arasında bağlanmış 07 mart 2008-cu il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Məhkəmə öz qətnaməsində Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, istinad etdiyi Yasamal rayon məhkəməsinin 11 may 2011-ci il tarixli 2(004)-2438/2011 saylı qətnaməsi ilə zaminliyinin müddəti barədə hər hansı bir hal müəyyən edilməmiş, Yasamal rayon məhkəməsi ümumiyyətlə bu hala toxunmamışdır. Bu baxımdan belə hesab edir ki, iddiasına baxan zaman Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən istinad etməkdə məhkəmə haqlı olmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddiasının təmin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzl ər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi 07 mart 2008-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Həmin işdə hazırkı iddianın faktiki əsasını təşkil edən zaminlik müqaviləsinin etibarlılığı və qanuniliyi yoxlanılmış və bankın iddiası təmin olunmuşdur. Ona görə də həmin müqavilənin və onun əsasında zaminliyin etibarlılığının, qanuniliyinin və müddətinin yoxlanılması, o cümlədən müddətin keçməsinə görə zaminliyə xitam verilməsi məsələsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti ola bilməz. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı(eyni müqavilə üzrə) bir-birini təkzib edən müxtəlif məhkəmə aktları da ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Bundan əlavə, iddiaçı müqaviləyə xitam verilməsini deyil, zaminliyinə xitam verilməsini tələb etdiyini, zaminlik müqaviləsinə xitam verilməsi ilə zaminliyə xitam verilməsinin ayrı-ayrı anlayışlar olduğu kimi bu halların əsası da ayrı olduğunu, Yasamal rayon məhkəməsi Cavabdeh ASC-nin pul tələbinə baxdığını və həmin tələbdə borclu ilə birlikdə zamindən də pul tutulması irəli sürüldüyünü, məhkəmə həmin tələb üzrə zaminlik müqaviləsinin qanuniliyini və hüquqi nəticələrini tanısa da həmin iş üzrə zaminlik müddətinin ötməsinə qiymət vermədiyini, yəni məhkəmə ümumiyyəltə bu əsaslara toxunmadığını, bu üzdən həmin halın yenidən məhkəmədə baxılması hüququ itirilmədiyini göstərsə də bu dəlillər hazırkı iddiaya yenidən baxılması üçün əsas ola bilməz. Çünki zaminlik, zaminlik müqaviləsi əsasında yaranır. Zaminliyə xitam verilməsi həm də zaminlik müqaviləsinə xitam verilməsi deməkdir və bunu ehtiva edir. Demək ki, zaminlik müqaviləsinin qanuniliyi, o cümlədən müddətin ötüb-ötməməsi digər işdə yoxlanılıb bunun əsasında ondan da pulun tutulması qət olunubsa, “zaminliyə xitam verilməsi” adı altında yeni iddia irəli sürülməsi istisna olunur. Çünki artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçının bu iş üzrə mübahisələndirdiyi zaminlik üzrə öhdəliyinin yarandığı təsdiq olunduğu halda onun iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməsinə zərurət və lüzum yox idi. Bu qayda, həm icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur, həm də prosessual qənaət prinsipinə əməl edilməklə çoxsaylı yeni lüzumsuz iddiaların ortaya çıxmasının qarşısını alır. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən tələbləri baxımından belə qənaət hasil olur ki, əqdə əsaslanan iddialara baxıldığı halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsi yaxud hazırkı işdə olduğu kimi əqd üzrə müddətin keçdiyinə görə öhdəliyə(zaminliyə) xitam verilməsi barədə yeni tələblərinin irəli sürülməsi və onlara baxılması yolverilməzdir. Ona görə də, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunu yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5041/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 və 405.0.2ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5041/2025 saylı, 03 dekabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-302/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-302/2026
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver