Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3099/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı X1 cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə ##.##.2026-cı il tarixdə AZEMIS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
3. Eyni zamanda cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə AZEMIS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi ərizəsi ilə razılaşmırlar. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən də (98 vərəqəsi) göründüyü kimi, iddiaçının cavabdehlərdən tələb etdiyi pul vəsaitləri ona təqdim edilmişdir. Iddiaçı hazırki iddia ərizəsini geri götürməklə, sonradan onlara qarşı yenidən eyni tələbə dair iddia irəli sürmək hüququnun olmasını nəzərə alaraq, onlar iddianın geri qaytarılmasına razı deyil. Məhz bu səbəbdən də işə mahiyyəti üzrə baxılmasını tələb edirlər. Göstərilənləri nəzərə almağı və işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı (hakim Gülnar Babazadə) ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı X1 cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı X1 tərəfindən ## ###### 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 615 (altı yüz on beş) manat məbləğində pulun Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə Idarəsi tərəfindən iddiaçı X1 qaytarılması qərara alınmışdır.
5. Cavabdeh cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh olaraq təqdim etikləri sübutlara (qüvvədə olan məhkəmə hökmü və sair) əsasən iddiaçının tələbinin əsassız olduğu açıq-aşkar müəyyən olunmuş, bundan sonra iddiaçı tələbinin rədd olunmasından yayınmaq üçün vəsatət verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, rayon məhkəməsi də onun bu vəsatətini təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən də göründüyü kimi, iddiaçının cavabdehlərdən tələb etdiyi pul vəsaitlərinin ona təqdim edildiyini, iddiaçının hazırki iddia ərizəsini geri götürməklə, sonradan onlara qarşı yenidən eyni tələbə dair iddia irəli sürmək hüququnun olmasını nəzərə alaraq, iddianın geri qaytarılmasına razı olmadıqlarını, məhz bu səbəbdən də işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərini bildirsələr də, məhkəmə ərizələrini nəzərə almamışdır. Nəticədə, rayon məhkəməsi əsassız qərardad qəbul etmişdir. Rayon məhkəməsi faktiki olaraq araşdırılmış və qanuni qüvvəsini almış hökmlə onun tərəfindən iddiaçıya tələb etdiyi pul vəsaitlərinin verilmə faktının təsdiq olunduğu halda, iddiaçının iddia tələbinin rədd ediməsi əvəzinə, onun iddia ərizəsini geri qaytarmaqla, artıq iddiaçıya ona və şirkətinə qarşı yenidən məhkəmədə iddia qaldırmaq hüququ vermişdir.
7. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 şikayəti təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
10. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
11. Araşdırmalarla müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddiaçı iddia tələbinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Rayon məhkəməsi iddia ərizəsini geri qaytarmışdır. Rayon məhkəməsi bu qənaətə gələrkən mövqeyini həm də belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ###### 2021-ci il tarixli qərarına əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarında aşağıdakı dəyişikliklər edilməsi və 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”
12. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq və bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
13. Belə ki, ərizənin baxılmamış saxlanılması ilə bağlı məsələlərin həlli qaydası MPM-in 259-cu maddəsində müəyyən olunmuşdur. Istinad olunan həmin maddədə ərizənin baxılmamış saxlanmasının 13 (259.0.1- 259.0.13) fərqli əsası müəyyən edilmişdir ki, onlardan biri də hazırkı mülki işin hallarına uyğun olan MPM-in 259.0.11-ci maddəsidir. Həmin normada təsbit olunmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır.
14. MPM-in 254 və 255-ci maddələrində iş üzrə icraatın dayandırılması əsasları, MPM-in 261-ci maddəsində isə iş üzrə icraata xitam verilməsinin əsasları müəyyən edilmişdir.
15. Bununla yanaşı, işin məhkəmə baxışına hazırlanması zamanı da MPM-in 170.1-ci maddəsinə görə, həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
16. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.
17. Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
18. Istinad olunan prosessual normaların təhlilindən də müəyyən olunur ki, mülki və kommersiya işləri üzrə icraat zamanı ərizənin baxılmamış saxlanılması, iş üzrə icraatın dayandırılması, eləcə də iş üzrə icraata xitam verilməsi ilə bağlı qərardadlar işə mahiyyəti üzrə baxılması mərhələsi ilə yanaşı, həm də işin məhkəmə baxışına hazırlanması zamanı qəbul olunur. MPM-in 258.2-ci, 260.6-cı və 262.5-ci maddələrində icraatın dayandırılması, ərizənin baxılmamış saxlanılması, eləcə də iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. MPM-in 170.3-cü maddəsində də Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qərardadlardan şikayətin verilməsi təsbit olunmuşdur. Demək ki, prosessual qanunvericilikdə qeyd olunan qərardadların icraatın hansı mərhələsində qəbul edilməsindən asılı olmayaraq, onların mübahisələndirilməsi imkanı nəzərdə tutulmuş, başqa sözlə desək, onların şikayət verilə bilən qərardad olduğu müəyyən olunmuşdur.
19. Qeyd olunduğu kimi, rayon məhkəməsi hazırkı qərardadında MPM-in 170.1-ci maddəsinə istinad etmişdir. Həmin normada işin məhkəmə baxışına hazırlanması mərhələsində qəbul oluna biləcək qərardadlar sadalanmışdır ki, bunlar da aşağıdakılardır: -məhkəmə baxışına hazırlığın icraatını dayandırmaq; -iş üzrə icraata xitam vermək; -iddiaçının vəsatəti ilə ərizəni qaytarmaq.
20. Prosessual qanunun icraatın dayandırılması, ərizənin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verilməsi ilə bağlı normalarının həmin Məcəllənin işin məhkəmə baxışına hazırlanması mərhələsində eyni hallara dair münasibətləri tənzimləyən 170.1-170.3-cü maddələri ilə sistematik təhlilindən müəyyən etmək olur ki, MPM-in 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə ərizəni qaytarmaqla bağlı hissədə iş üzrə prosessual nəticənin nədən ibarət olması göstərilməmişdir.
21. Halbuki yuxarıda qeyd edildiyi kimi, ərizənin baxılmamış saxlanılmasının əsasları MPM-in 259-cu maddəsində müəyyən olunmuşdur. Həmin maddədə iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin geri qaytarılması ərizənin baxılmamış saxlanılması əsaslarından biri kimi müəyyən olunmuşdur (maddə 259.0.11.). MPM-in 170.1-ci maddəsində iddiaçının vəsatətinə əsasən ərizənin geri qaytarılması qeyd olunmuş, lakin bunun nəticəsi olaraq iş üzrə icraatın prosessual taleyi qeyri-müəyyən qalmışdır. Belə olan halda isə məlum olur ki, iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin geri qaytarılması öz-özlüyündə işin icraatı üzrə prosessual nəticə olmayıb, yalnız prosessual nəticə olan ərizənin baxılmamış saxlanılmasının əsasını təşkil edir. Demək ki, MPM-in 170.1-ci maddəsinə görə iddiaçının vəsatətinə əsasən ərizənin geri qaytarılması, onun prosessual nəticəsi olaraq, həm də ərizənin baxılmamış saxlanılmasını ehtiva edir.
22. Ərizənin baxılmamış saxlanılmasının əsaslarını müəyyən edən MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə isə iddiaçının ərizənin geri qaytarılmasına dair vəsatətinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması cavabdehin razılıq şərtinə tabe tutulmuşdur. Başqa sözlə desək, bu halda məhkəmə yalnız cavabdehin razılığı olduqda ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir. Rayon məhkəməsi öz qərardadında, onun, ərizənin baxılmamış saxlama olduğunu qeyd etməsə də, qərardadın məzmunundan həmin qərardadın mahiyyət etibarı ilə məhz baxılmamış saxlama olduğu bəlli olur.
23. Başlıcası isə, rayon məhkəməsi gəldiyi qənaətini əsaslandırarkən hesab etmişdir ki, mülki iş məhkəmə baxışı mərhələsində olmadığından, işin məhkəmə baxışına hazırlanması mərhələsində iddiaçının vəsatəti ilə ərizənin baxılmamış saxlanılmasında cavabdehin razılığının olub-olmaması həlledici əhəmiyyət kəsb etmir. Bununla da, rayon məhkəməsi ərizənin baxılmamış saxlanılmasının cavabdehin iradəsinə bağlılığı baxımından iki fərqli mərhələyə - işin məhkəmə baxışına hazırlanması və işə mahiyyəti üzrə baxılması mərhələsinə ayırmışdır.
24. Məhkəmə hesab edir ki, rayon məhkəməsinin istinad olunan qənaəti prosessual qanunvericiliyin tələbləri baxımından əsaslı sayıla bilməz.
25. Əvvəla, nəzərə almaq lazımdır ki, ərizənin baxılmamış saxlanılmasının əsaslarını müəyyən edən MPM-in 259-cu maddəsindən fərqli olaraq, rayon məhkəməsinin də hazırkı qərardadında istinad etdiyi MPM-in 170-ci maddəsində ərizənin geri qaytarılması ilə bağlı müəyyən olunmuş qayda imperativ olmayıb, dispozitiv xarakterlidir, yəni məhkəmə iddiaçının ərizənin geri qaytarılmasına dair vəsatətini təmin etməyə, yəni işə baxılmasını davam etdirə də bilər.
26. Bundan başqa, ərizənin baxılmamış saxlanılması ilə bağlı məsələlərin tənzimlənməsini nəzərdə tutan MPM-in 259-cu maddəsində buna dair, yəni ərizənin baxılmamış saxlanılmasının işin məhkəmə baxışına hazırlanması mərhələsi ilə bağlı hər hansı qeyd-şərt, başqa sözlə, həmin mərhələdə cavabdehin istəyinin əhəmiyyətsizliyi və onun iradəsinin nəzərə alınmayacağına dair göstəriş yoxdur.
27. Demək ki, ümumi prinsip olaraq iddiaçının istəyinə görə ərizənin geri qaytarılması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardadı hər bir halda (bütün hallarda) cavabdehin razılığı olduqda çıxarıla bilər. Bununla da ərizənin baxılmamış saxlanılmasının, onun məhkəmə icraatının hansı mərhələdə həyata keçirilməsindən asılı olmayaraq məhz cavabdehin istəyinə (iradəsinə) bağlı olduğu aydın olur.
28. Məsələyə hər hansı əks yanaşma anlaşılmaz olardı. Unutmaq olmaz ki, ədalət mühakiməsi, o cümlədən də mülki icraat şəksiz olaraq tərəflərin bərabərliyinə əsaslanır (MPMin 8 və 9-cu maddələri). MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçı tələbinin əsasına dair istinad etdiyi halları sübut etməli olduğu kimi, onunla prosessual baxımdan tam bərabər hüquqa malik cavabdeh də iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etməklə yüklü edilmişdir.
29. Bu baxımdan, konkret misala müraciət etməklə məsələnin mahiyyətini daha aydın görə bilərik. Məsələn: A.Məmmədov 1998-ci ildə Binəqədi rayonunu ərazisində 0.12h. torpaq sahəsini həmin torpağın faktiki sahibinə 25.000 ABŞ dolları ödəməklə əldə edir, aldığı sahənin sənədləşdirməsini, buna dair müəyyən güzəştlərə malik Qarabağ müharibəsi iştirakçısı olan bacanağı B.Bədəlovun adına Binəqədi RIH ##.##.1999-cu il tarixli sərəncamı ilə həll edir və ##.##.1999-cu il tarixdə B.Bədəlovun adından öz adına 49 illik baş etibarnamə alır. Həmin etibarnaməyə əsasən o, ##.##.2003-cü il tarixdə torpaq sahəsini bacanağı B.Bədəlovun adına reyestrdə qeydə aldırır. A.Məmmədov 2003-2005ci illər ərzində həmin torpaq sahəsində üç mərtəbəli dəbdəbəli fərdi yaşayış evi, həyətində böyük hovuz, yay mətbəxi olan böyük söhbətgah, üç avtomobil yerləşən qapalı qaraj inşa edir, həyətin lanşaftını xüsusi layihə əsasında dizayn etdirir. A Məmmədov 21.07. 2005-ci ildə, böyük oğlu Zaurun ad günündə ailəsi ilə birlikdə yeni evinə köçür. A.Məmmədov ##.##.2015-ci il tarixdə, həmin torpaq sahəsi bacanağı B.Bədəlovun adına qeydə alındığından, tikdiyi fərdi yaşayış evini də B.Bədəlovun verdiyi etibarnamə əsasında onun adına reyestrdə qeydə aldırır. A.Məmmədov ##.##.2022-ci il tarixdə B.Bədəlovun verdiyi etibarnamə əsasında həm torpaq sahəsini, həm də fərdi yaşayış evini notariat qaydasında bağlanmış müqavilə əsasında oğlu Zaura bağışlayır. ##.##.2023-cü il tarixdə A.Məmmədovun ünvanına Binəqədi Rayon Məhkəməsindən məhkəmə bildirişi daxil olur. Məhkəmədən daxil olmuş rəsmi sənədlərdən məlum olur ki, B.Bədəlov “əqdlərin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsindən və evdən uzun müddət istifadəyə görə 220.000 manat maddi, 50.000 manat mənəvi zərərin ödənilməsinə dair” cavabdeh A.Məmmədov və qeyrilərinə qarşı iddia qaldırmışdır. A.Məmmədov dərhal vəkillərə müraciət edir, iki tanınmış vəkillə müqavilə bağlamaqla, onun üçün gözlənilməz olan bu iddiaya qarşı etiraz dəlillərini və müvafiq olaraq da sübutlarını hazırlayır. Dörd aya yaxın davam edən məhkəmə hazırlıq iclaslarına cavabdeh xeyli sayda şahidlər - torpaq sahəsini əldə etdiyi şəxsi, evin layihəsini hazırlamış memardan tutmuş iş icraçısını, usta və fəhlələri, əvvəlki və hazırkı qonşuları tapır, eyni zamanda, ünvanla bağlı kommunal xidmətlərə dair müvafiq müqavilələri və ödəmələrə dair sənədləri, habelə torpaq sahəsində (həyətdə) aparılmış bütün tikililərin real bazar dəyərinə dair iki fərqli ekspert qurumu tərəfindən hazırlanmış rəyləri məhkəməyə təqdim edir. Bu müddət ərzində cavabdeh A.Məmmədov və ailə üzvləri yay tətili ilə bağlı bütün səfərlərini ləğv edir, hər hansı əyləncəli tədbir keçirmirlər. Bu da başa düşüləndir, çünki A.Məmədovun ailəsi 30 il ərzində qazandığı və sahib olduğu əmlaklarının bir anda itirilməsi (yox olması) təhlükəsi ilə üz-üzə qalmışdır. Davam edən məhkəmə hazırlıq iclasları zamanı oxşar işlərlə bağlı vahid məhkəmə təcrübəsinin olmaması barədə əldə etdiyi məlumat isə onu daha da narahat etmiş və qeyri-müəyyən bir vəziyyət yaranmışdır. Lakin gözlənilmədən sonuncu məhkəmə hazırlıq iclasında iddiaçı B.Bədəlovun nümayəndəsi və vəkili vəsatət verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Cavabdeh A.Məmmədovun və vəkilləri ərizənin geri qaytarılmasına etiraz edərək ərizəyə baxışın davam etdirilməsini tələb edirlər.
30. Hazırkı iddia ərizəsi ##.##.2024-cü il tarixdə rayon məhkəməsinə daxil olmuş, 1-ci hazırlıq iclası ##.##.2025-ci il tarixdə keçirilmiş, həmin tarixli qərardadla mülki iş üzrə icraat dayandırılmış, 1 ildən də uzun müddətdən sonra ##.##.2026-cı il tarixli qərardadla mülki iş üzrə icraat təzələnmiş, ##.##.2026-cı ildə növbəti – 2-ci hazırlıq iclasında iddiaçının vəsatətinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Beləliklə də müəyyən olur ki, iddia ərizəsi 1 il yarımdan çox rayon məhkəməsinin icraatında olmuşdur.
31. Indi isə yuxarıda qeyd olunan misaldakı vəziyyətə rayon məhkəməsinin tətbiq etdiyi yanaşma konteksində baxaq. MPM-in 261.0.4-cü və 262.4-cü maddələrində nəzərdə tutulmuş qaydadan, yəni iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barədə məhkəməyə təkrar müraciət edilməsinin yolverilməzliyindən fərqli olaraq, ərizənin baxılmamış saxlanılması halında eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barədə məhkəməyə yenidən müraciət imkanı saxlanılır.
32. Bu isə o deməkdir ki, iddiaçı həmin tələbi ilə bağlı hər 2-3 aydan bir, istənilən vaxt və istənilən qədər (sayda) məhkəməyə müraciət edə bilər və nəzərə alsaq ki, onun tələbi mülkiyyət hüququna əsaslanır, onda aydın olur ki, onun hazırkı tələbi müddətə tabe tutulmur. Belə bir vəziyyətdə bərabər hüquqlu tərəf olan cavabdehin vəziyyətinə nəzər saldıqda məlum olur ki, cavabdeh aşkar surətdə iddiaçıdan asılı vəziyyətdə qalır, həm də cavabdehin iddiaçıdan bu asılılığı və qeyri-müəyyən vəziyyəti müddətsiz olaraq davam edə bilər. Bu isə, həm də o anlama gəlir ki, cavabdeh ömürboyu əmlakını itirmək qorxusu (təhdidi) ilə və daima qeyri-müəyyən vəziyyətdə, stress altında yaşamağa məhkum olur. Bunun isə yolverilməz olduğu, eləcə hüquqi müəyyənlik prinsipinə uyğun olmadığı şəksizdir. Demək ki, MPM-in 170ci maddəsinə uyğun olaraq iddiaçının vəsatətinə əsasən ərizənin geri qaytarılması zamanı MPM-in 259.0.11-ci maddəsində tələb olunduğu kimi, cavabdehin razılığının (iradəsinin) olması mütləqdir.
33. Beləliklə, Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
34. Yuxarıda da qeyd edildiyi kimi, rayon məhkəməsi müzakirə olunan qənaətə gələrkən həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ###### 2021-ci il tarixli qərarına əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli Qərarının 2-ci bəndinə istinad etmişdir. Pelunumun həmin Qərarının 2-ci bəndində işlərin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının vəsatətinə əsasən ərizənin qaytarılması zamanı cavabdehin razılığının tələb olunmadığı göstərilmişdir.
35. Məhkəmə, şərh edilənlərə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarında məhkəmə təcrübəsinin vahidliyini təmin edən həmin hüquqi mövqeyindən fərqli yanaşmanın tətbiq edilməli olduğu qənaətinə gəlir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydaları:
37. 1.1. Bu Qaydalar vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyət kəsb edən məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və qaydalarını müəyyən edir.
38. 1.5. Bu Qaydalara uyğun olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin baxdıqları işlər üzrə məhkəmə təcrübəsinin müəyyən edilməsi, inkişaf etdirilməsi və ya dəyişdirilməsi baxımından əhəmiyyətli hesab etdikləri hüquqi məsələlərin həll edildiyi məhkəmə aktları indeksləşdirilir. Bu məhkəmələr tərəfindən məhkəmə aktlarının indeksləşdirilməsinin məqsədi həmin hüquqi məsələlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, inkişaf etdirilməsinə və ya dəyişdirilməsinə olan ehtiyacın Azərbaycan Respublikası Ali Məhkəməsinin diqqətinə çatdırılmasıdır.
39. 2.1. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir:
40. 2.1.2. ** (iki ulduz) – məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan hüquqi məsələnin həll edildiyi apellyasiya instansiyası məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;
41. 2.1.5. ** - 4 (iki ulduz tire dörd) – Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, məhkəmə kollegiyalarının, habelə məhkəmə tərkiblərinin aktlarındakı hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən hüquqi mövqelərdən fərqli yanaşmanın qanunla müəyyən edilmiş qaydada tətbiq edildiyi apellyasiya instansiyası məhkəməsinin aktına təyin edilən fərqləndirici nişandır;
42. 3.2. Apellyasiya instansiyası məhkəməsi baxdığı iş üzrə birinci instansiya məhkəməsinin həll etdiyi hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ** (iki ulduz) nişanını təyin edir.
43. Məhkəmə hazırkı işə istinad edilən Qaydaların 2.1.5-ci bəndini tətbiq edir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
45. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
46. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.