Məhkəmə qərarları › İş №2(3-6)-3308/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3308/2026

19.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3308/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, əmək haqqı, əmək müqaviləsinin müddətinin qurtarması) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları

1. ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2023-cü il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətində balans hesabatı üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, ##.##.2023-cü il tarixində aparıcı mühəndis vəzifəsinə keçirilmiş, ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir.

2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ##.##.1983-cü il təvəllüdlü Qubadlı rayonunda anadan olmuş İddiaçı ##.##.2003-cü il tarixdən Qubadlı rayonunda qeydiyyatdadır.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqdan görünür ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam veriləcəkdir. Əmək kitabçasını və çıxış vərəqəsini götürmək üçün həmin tarixdə Səhmdar Cəmiyyətinin Sumqayıt RETSI-nin Kadrlar üzrə mütəxəssəsinə müraciət edilməsi xahiş olunmuşdur.

4. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli 13-13/2-2/10-C- 16817- */**** nömrəli məktubdan görünür ki, Cavabdeh ASC üzrə verilmiş əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

5. Bakı şəhəri ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MSB**-****/***** saylı, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.2026-cı il tarixində saat 10:00-da keçirilmiş mediasiya sessiyasında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iştirak etməmişdir. Ilkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir.

6. Mülki iş materiallarına İddiaçı məcburi köçkün vəsiqəsi, İddiaçı əmək kitabçası, X3 məxsus tibbi sənədlər, X2 məxsus Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumat əlavə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli k/**-****** nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ######## 2023-cü ildə k/**-***** nömrəli əmrlə Cavabdeh ASC, Enerji Alışı və Balans Idarəsinin Balans və Itkilərin Araşdırılması şöbəsinə (Sumqayıt RETSI, Sumqayıt EŞ üzrə) balans hesabatı üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 2023-cü il tarixdən k/**-***** nömrəli əmrlə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Təhsili alidir. Işlədiyi müddətdə vəzifə səlahiyyətlərini layiqincə, vicdanla yerinə yetirmişdir. Kollektivin və rəhbərliyin rəğbətini qazanmışdır. Tərəfindən nizam-intizam qaydalarının pozulması və əmək müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsi hallarına yol verməmişdir. Işlədiyi müddətdə inzibati tənbehi olmayıb. Lakin cavabdeh müəssisənin ##.##.2025-ci il tarixli xəbərdarlığından sonra cavabdeh ##.##.2025-ci il tarixində k/25-04477 əmrlə onunla bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 62-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdeh təşkilat ona qarşı qərəzli mövqedə olmuşdur. Belə ki, 2007-ci ildən eyni sistemdə işləmiş həyat yoldaşı X1 Cavabdeh ASCdə haqsızlığa uğradığı və orada baş verən qanun pozuntuları barədə müxtəlif orqanlara müraciət etdiyi üçün ##.##.2025-ci ildə (xəstə olduğu gündə) işdən azad edilmişdir. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Bildirir ki, o, ailəlidir. 2 övlad atasıdır. ##.##.2014-cü il təvəllüdlü oğlu-X2 II dərəcəli əlildir. ##.##.2010-cu il təvəllüdlü qızı-X3 II dərəcəli hidronefroz xəstəsidir. Özü Qubadlı rayon məcburi köçkünüdür. Ailələrinin maddi vəziyyəti çox acınacaqlıdır. Evləri yoxdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 40, 45, 47, 73.1, 83.1, 300.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1, 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, işçinin yerinə yetirdiyi əmək funksiyasının xarakterinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakter daşıdığı əvvəlcədən məlum olduğu hallarda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş istisnalar olmadıqda, əmək müqaviləsi müddətli deyil, müddətsiz bağlanmalıdır. Iddiaçı ##.##.2023-cü il tarixdən cavabdeh Cavabdeh ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı Idarəsinin Sumqayıt X10 Bölməsində mühəndis vəzifəsində işə qəbul edilmiş, ##.##.2023-cü il tarixdən isə həmin bölmədə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Yerinə yetirdiyi əmək funksiyaları cavabdehin əsas fəaliyyət istiqamətlərinə aid olmaqla daimi xarakter daşımış, müvəqqəti, mövsümi və ya müəyyən layihənin icrası ilə məhdudlaşan işlər olmamışdır. Balans bölməsində mühəndis və sonradan aparıcı mühəndis kimi həyata keçirdiyi əmək funksiyası cavabdehin əsas fəaliyyətinin ayrılmaz tərkib hissəsini təşkil etdiyindən onların müvəqqəti xarakter daşıdığı barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla yanaşı, müddətli əmək müqaviləsinin bağlanmasını zəruri edən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu nə əmək müqaviləsində göstərilmiş, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmişdir. Məhkəmə də bu halı araşdırmadan, yalnız əmək müqaviləsinin müddətli olmasına istinad etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Halbuki, əmək müqaviləsinin formal olaraq müddətli bağlanması onun qanuni bağlanması demək deyildir. Məhkəmə ilk növbədə araşdırmalı idi ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası öz mahiyyətinə görə daimi xarakter daşıyırmı və belə olan halda əmək müqaviləsinin müddətli bağlanması üçün qanuni əsas mövcud olmuşdurmu? Bu hallar araşdırılmadan yalnız müqavilənin müddətinin başa çatmasına istinad edilməklə əmək münasibətlərinə xitam verilməsinin qanuni hesab edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinin tələblərinə ziddir. Beləliklə, yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşıdığı və Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş istisna hallar mövcud olmadığı halda, cavabdeh tərəfindən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Birinci instansiya məhkəməsi isə bu mühüm hüquqi məsələni ümumiyyətlə araşdırmamış, nəticədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Qeyd olunan maddəyə əsasən, müddətli əmək müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı olduqda və həmin razılıq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edildikdə bağlana bilər. Lakin onunla cavabdeh Cavabdeh ASC arasında əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. Belə ki, işə qəbul olunarkən müddətsiz əmək müqaviləsi bağlamaq imkanına malik olmamış, işə qəbulun şərti kimi yalnız müddətli əmək müqaviləsini imzalamaq təklif edilmişdir. Başqa sözlə, əmək münasibətlərinə başlamaq üçün real seçim imkanı olmamış, əmək müqaviləsinin müddətli bağlanması barədə iradəsi sərbəst şəkildə formalaşmamışdır. Bu halda tərəflərin hüquq bərabərliyinə əsaslanan qarşılıqlı razılığından danışmaq mümkün deyildir. Belə ki, hüquq bərabərliyi dedikdə tərəflərin qarşılıqlı razılıqları barədə yalnız iradə ifadəsinin özü deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivlər (müqavilənin bağlanmasından əvvəlki danışıqlar, tərəflər arasındakı münasibətlər və sonrakı davranışları) nəzərə alınmaqla yaranmış bərabər hüquqlu müstəvi başa düşülür. Iddiaçının əmək müqaviləsinin müddətli bağlanması barədə seçim hüququ faktiki olaraq mövcud olmamış, işə qəbul olunmaq üçün həmin şərti qəbul etməyə məcbur qalmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi tərəflər arasında əmək müqaviləsinin hüquq bərabərliyi və sərbəst iradə əsasında bağlanıb-bağlanmadığını ümumiyyətlə araşdırmamış, yalnız əmək müqaviləsinin müddətli olmasına istinad etməklə onun qanuni bağlandığını qəbul etmişdir. Halbuki, məhkəmə ilk növbədə müəyyən etməli idi ki, müddətli əmək müqaviləsinin bağlanması tərəflərin həqiqi və sərbəst iradəsinin nəticəsi olmuşdurmu, yoxsa işəgötürən tərəfindən irəli sürülmüş standart şərtin qəbul edilməsinin zəruri nəticəsi olmuşdur. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Qərarda həmçinin göstərilmişdir ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin - işçinin müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4- cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" ## ####### 2023-cü il tarixli Qərarı). Qanunverici Əmək Məcəlləsinin 47-ci maddəsinin digər bəndlərində nəzərdə tutulmuş hallar mövcud olmadığı halda da, əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını həmin maddənin "f" bəndi ilə mümkün hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi əməyin azadlığı və əmək müqaviləsinin məcburi bağlanmasının yolverilməzliyi prinsipinə zidd deyildir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq onun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında əmək münasibətlərinin xarakterindən irəli gələn faktiki bərabərsizlik mövcuddur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olan işəgötürənin həmin normadan sui-istifadə etməsinin qarşısının alınmasının və tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi məhkəmə müdafiəsi mexanizmidir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə qanunverici, icra hakimiyyəti orqanları və məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını və pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin məhkəmələrin diqqətinə çatdırmışdır ki, müddətli əmək müqavilələri ilə bağlı mübahisələrə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmaması, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatlardan yayınmaq məqsədinin olub-olmaması araşdırılmalı, tərəflərin əsl niyyəti və iradəsi işin bütün faktiki halları əsasında hərtərəfli qiymətləndirilməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə almamış, yerinə yetirdiyi işin daimi xarakter daşımasına, əmək müqaviləsinin hansı şəraitdə və hansı iradə əsasında bağlanmasına, eləcə də cavabdeh tərəfindən müddətli əmək müqaviləsindən işçini əmək münasibətlərindən asan şəkildə kənarlaşdırmaq vasitəsi kimi istifadə edilib-edilməməsinə dair heç bir araşdırma aparmamışdır. Məhkəmə sadəcə əmək müqaviləsinin müddətli olmasına istinad etməklə iddianı rədd etmişdir ki, bu da həm Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinin, həm də Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqenin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin tələblərinə düzgün əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, habelə pozulmuş hüquqların bərpa edilməsini təmin etməlidirlər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qeyd olunan normadan irəli gələn vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, məhkəmə əmək müqaviləsinin müddətli bağlanmasının qanuni əsaslarının mövcud olub-olmadığını, yerinə yetirdiyi əmək funksiyasının daimi xarakter daşımasını, Əmək Məcəlləsinin 45.4 və 47-ci maddələrinin tələblərinə əməl edilib-edilmədiyini hərtərəfli araşdırmadan, yalnız əmək müqaviləsinin müddətinin başa çatmasına istinad etməklə iddiamın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Nəticədə iş üzrə əhəmiyyət kəsb edən hallar tam və obyektiv araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 14-cü maddəsinin məqsədi yalnız əmək qanunvericiliyinin formal tətbiqini deyil, həm də pozulmuş əmək hüquqlarının səmərəli məhkəmə müdafiəsini təmin etməkdir. Bu norma məhkəmənin üzərinə əmək mübahisələrinə baxarkən işin bütün faktiki hallarını hərtərəfli araşdırmaq, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmək və pozulmuş hüququ bərpa etmək vəzifəsini qoyur. Belə olan halda, birinci instansiya məhkəməsinin iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, yalnız əmək müqaviləsinin müddətinin başa çatmasına əsaslanaraq iddianı rədd etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğun olmamış və nəticədə mənim pozulmuş əmək hüquqlarımın məhkəmə qaydasında səmərəli müdafiəsi təmin edilməmişdir. Məhkəmə işi tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsində avabdeh tərəfindən qərəzli münasibətə məruz qaldığı barədə dəlillərinin təsdiqini tapmadığını göstərmiş və bununla bağlı mötəbər sübutların təqdim edilmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmamışdır. Belə ki, iddia ərizəsində ətraflı göstərmişdir ki, həyat yoldaşı X1 uzun illər Cavabdeh ASC sistemində çalışmış, iş yerində yol verilən qanun pozuntuları ilə bağlı müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, bundan sonra isə ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Həyat yoldaşı həmin əmrin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin mübahisə məhkəmənin icraatında olmuşdur, hətta yekunlaşmış iddia təmin olunmuşdur. Məhz bu hadisələrdən sonra onunla da uzun müddət davam edən əmək münasibətlərinə xitam verilmişdir. Halbuki, əmək fəaliyyəti dövründə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, əmək intizamını pozmamış, barəmdə hər hansı intizam tənbehi tətbiq edilməmiş, peşə fəaliyyəti ilə bağlı mənfi qiymətləndirmə aparılmamışdır. Cavabdeh tərəfindən də peşə yararsızlığı, əmək vəzifələrini yerinə yetirməməyi və ya əmək münasibətlərinin davam etdirilməsinə mane olan hər hansı halın mövcudluğu iddia edilməmişdir. Bundan başqa, yerinə yetirdiyi əmək funksiyasının dəyişmədiyi, həmin vəzifəyə ehtiyac aradan qalxmadığı və iş daimi xarakter daşıdığı halda, əmək müqaviləsinin növbəti dəfə uzadılmaması üçün obyektiv səbəb göstərilməmişdir. Əgər həqiqətən də əmək münasibətlərinə xitam verilməsi yalnız müqavilə müddətinin başa çatması ilə bağlı olmuşdursa, məhkəmə cavabdehdən əvvəlki dövrdə əmək müqaviləsinin hansı əsaslarla uzadıldığını, hazırkı halda isə hansı obyektiv səbəbdən uzadılmadığını araşdırmalı idi. Bu xüsusatlar araşdırılmadan yalnız müqavilə müddətinin başa çatmasına istinad edilməsi işin faktiki hallarının tam qiymətləndirilməsi hesab edilə bilməz. Məhkəmə qərəzli münasibət barədə irəli sürdüyü dəlilləri ayrı-ayrılıqda deyil, iş üzrə bütün sübutların məcmusunda qiymətləndirməli idi. Həyat yoldaşının işdən çıxarılması, onun dövlət orqanlarına etdiyi müraciətlər və həmin məsələ ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu, bundan qısa müddət sonra isə mənim əmək müqaviləsinin uzadılmaması bir-biri ilə əlaqəli hallar olmaqla məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Lakin məhkəmə bu halların hər hansı birini araşdırmadan və onların arasında səbəbli əlaqənin olub-olmamasını müəyyən etmədən yalnız "qərəz sübuta yetirilməmişdir" nəticəsinə gəlmişdir. Halbuki, məhkəmənin vəzifəsi iddiaçının irəli sürdüyü belə mühüm faktiki halları formal şəkildə rədd etmək deyil, onların həqiqiliyini iş üzrə toplanmış sübutlar əsasında tam, hərtərəfli və obyektiv araşdırmaqdan ibarətdir. Məhkəmə bu vəzifəni yerinə yetirmədiyindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış qalmış, nəticədə işin faktiki hallarına uyğun olmayan və əsaslandırılmamış qətnamə qəbul edilmişdir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında növbəti məhkəmə iclasının yalnız tarixi elan edilmiş, iclasın keçiriləcəyi saat ona bildirilməmişdir. Hakim məhkəmə iclasının vaxtını öyrənmək üçün məhkəmənin əlaqə nömrəsinə zəng etməyini tövsiyə etmişdir. Yalnız öz təşəbbüsü ilə ##.##.2026-cı il tarixində məhkəməyə telefonla zəng etməklə növbəti iclasın ##.##.2026-cı il tarixində saat 10:00-da keçiriləcəyini öyrənmişdir. Beləliklə, məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı barədə qanunvericiliyin tələb etdiyi qaydada hər hansı məhkəmə bildirişi göndərilməmiş, iclasın vaxtı rəsmi qaydada elan edilməmiş və ya digər prosessual vasitələrlə çatdırılmamışdır. Qətnamənin nəticə hissəsi tərəflərə ##.##.2026-cı il tarixində iştirakı təmin edilmədən elan edilməsinə baxmayaraq poçt vasitəsilə ##.##.2026-cı il tarixində çatdırılmışdır. Məlumdur ki, ##.##.2026cı il tarixində çatdırılan qətnamə 10 iş günü ərzində tərtib olunmadığına daha gec tərtib olunduğuna görə o vaxt çatdırılmışdır. Tarixlərdən də aydın olur ki, məhkəmə qeyd olunan müddətlərə düzgün riayət etməmişdir. Avropa Insan Hüquqları Konvensiyasının 6- maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Hazırki vəziyyətdə məhkəmənin qərəzsiz olması şübhə doğurur. Məhkəmənin qərəzli mövqeyi nəticəsində Konvensiyanın 6-cı maddəsində qeyd olunan ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 35. Əmək hüququ Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (IV).

Azərbaycan Respublikası Əmək Məcəlləsi

17. Maddə 3. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

18. Maddə 40. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

20. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

21. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

22. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

23. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

24. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

36. Işin halları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Iş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.2023-cü il tarixdə işə qəbul edilmiş, sonradan vəzifəsi dəyişdirilmiş və ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan da görünür ki, iddiaçı əmək müqaviləsinə xitam veriləcəyi barədə əvvəlcədən məlumatlandırılmışdır.

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda əmək münasibətlərinə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əmək müqaviləsinə xitamın əsaslarından biri kimi müqavilə müddətinin başa çatmasını nəzərdə tutur.

38. Kollegiya hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, müddətin qurtarması ilə əmək müqaviləsinin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir və hazırki işdə işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

39. Iddiaçı apellyasiya şikayətində Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşıdığı və 47-ci maddədə nəzərdə tutulan istisna hallar mövcud olmadığı halda, onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Iddiaçı mühəndis və aparıcı mühəndis vəzifələrində yerinə yetirdiyi əmək funksiyalarının cavabdehin əsas fəaliyyətinə aid olduğunu və daimi xarakter daşıdığını, müddətli əmək müqaviləsinin bağlanmasının qanuni əsaslarının məhkəmə tərəfindən araşdırılmadığını bildirmişdir. Iddiaçı həmçinin göstərmişdir ki, əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi və sərbəst iradə prinsiplərinə əməl edilməmiş, işə qəbulun şərti kimi ona yalnız müddətli əmək müqaviləsi təklif edilmişdir. Bundan başqa, iddiaçı əmək müqaviləsinin uzadılmamasının həyat yoldaşının Cavabdeh ASC-də əmək münasibətləri və həmin münasibətlərlə bağlı dövlət orqanlarına müraciətləri və məhkəmə mübahisəsi ilə əlaqədar qərəzli münasibətin nəticəsi olduğunu bildirmişdir. Onun əmək fəaliyyəti dövründə intizam pozuntusuna yol vermədiyini, əmək funksiyasını lazımi qaydada yerinə yetirdiyini və müqavilənin uzadılmamasına dair obyektiv səbəb göstərilmədiyini qeyd etmişdir. Iddiaçı həmçinin məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmadığını, ##.##.2026-cı il tarixli iclasın vaxtını yalnız öz təşəbbüsü ilə məhkəməyə telefon etməklə öyrəndiyini, qətnamənin nəticə hissəsinin iştirakı olmadan elan edildiyini və qətnamənin ona ##.##.2026-cı il tarixində təqdim edildiyini göstərərək prosessual hüquqlarının pozulduğunu bildirmişdir.

40. Belə ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə isə Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

41. Beləliklə, qanunvericilik müddətsiz əmək müqaviləsini daimi xarakter daşıyan işlər üçün ümumi qayda kimi müəyyən etsə də, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanmasına imkan verir. Həmin maddənin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

42. Hazırkı iş üzrə iddiaçı əmək funksiyasının daimi xarakter daşıdığını bildirsə də, bununla yanaşı onunla bağlanmış əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı və sərbəst iradəsi əsasında müddətli bağlanmadığını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim etməmişdir.

43. Iş materiallarından iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasına dair iradəsinin zor tətbiqi, aldatma, təzyiq və ya digər qanunsuz təsir vasitələri ilə formalaşdırıldığını təsdiq edən hər hansı sübut müəyyən edilmir. Iddiaçı yalnız işə qəbul zamanı müddətsiz əmək müqaviləsi bağlamaq imkanının ona verilmədiyini və müddətli müqaviləni işə qəbul olunmaq üçün qəbul etməyə məcbur olduğunu bildirmişdir. Lakin bu halın öz-özlüyündə hüquq bərabərliyi prinsipinin pozulmasını təsdiq edən kifayət qədər sübut kimi qəbul edilməsi mümkün deyildir.

44. Hazırkı iş üzrə iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasına etiraz etmədən həmin müqavilə əsasında ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək əmək fəaliyyətini davam etdirməsi, müqavilədə müəyyən edilmiş müddətin şərt kimi ona məlum olması və əmək münasibətlərinin bu müddət ərzində həmin şərtlərlə davam etməsi də tərəflər arasında müddətli əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hallardan biri kimi qiymətləndirilir.

45. Iddiaçının yerinə yetirdiyi əmək funksiyasının cavabdehin əsas fəaliyyətinə aid olması və daimi xarakter daşıması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş daimi xarakter daşısa idi, bu hal belə özlüyündə müddətli əmək müqaviləsinin bağlanmasını qeyri-qanuni etmir. Çünki Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi digər xüsusi hallardan əlavə, tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasına ayrıca hüquqi imkan yaradır. Buna görə də 45.4-cü maddənin tətbiqi zamanı yalnız işin daimi xarakter daşıması deyil, 47-ci maddədə nəzərdə tutulmuş istisnanın, o cümlədən tərəflərin qarşılıqlı razılığının mövcud olub-olmaması da nəzərə alınmalıdır.

46. Iddiaçı tərəfindən müddətli əmək müqaviləsinin bağlanması zamanı onun iradəsinin sərbəst olmadığını və müqavilənin işəgötürənin müddətsiz əmək münasibətlərindən irəli gələn təminatlardan yayınmaq məqsədi ilə bağlandığını təsdiq edən konkret faktlar və sübutlar təqdim edilməmişdir. Həmçinin iş materiallarında iddiaçı ilə eyni və ya oxşar əmək funksiyasını yerinə yetirən digər işçilərlə müddətsiz əmək müqavilələrinin bağlandığını və iddiaçıya münasibətdə müddətli müqavilədən məhz əmək təminatlarından yayınmaq məqsədi ilə istifadə edildiyini göstərən sübutlar da mövcud deyildir.

47. Bu baxımdan, iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması barədə mülahizələri sübutlarla təsdiq edilmədiyindən, həmin dəlil əmək müqaviləsinin müddətsiz hesab edilməsinə və nəticə etibarilə onun müddətinin başa çatması əsasında verilmiş əmrin qanunsuz sayılmasına əsas vermir.

48. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.

49. Iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində müddət müəyyən edilmiş, həmin müddətin başa çatması ilə əlaqədar cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçıya əvvəlcədən xəbərdarlıq edilmiş və ##.##.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Bu baxımdan, əmək müqaviləsinə xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsas mövcud olmuşdur.

50. Iddiaçının əmək müqaviləsinin əvvəlki dövrlərdə uzadılması və sonuncu dəfə uzadılmaması ilə bağlı dəlilləri də özlüyündə əmək müqaviləsinin müddətinin başa çatması əsasında xitam verilməsini qanunsuz etmir. Müddətli əmək müqaviləsinin hər dəfə əvvəlki müddətə uzadılması işəgötürənin gələcəkdə də müqaviləni uzatmaq öhdəliyini yaratmır. Işəgötürənin əmək münasibətlərini müddət başa çatdıqdan sonra davam etdirmək niyyətinin olmaması, qanunla qadağan edilmiş xüsusi hal müəyyən edilmədiyi halda, öz-özlüyündə qanunsuz xitam əsası hesab edilə bilməz.

51. Iddiaçının cavabdehin ona qarşı qərəzli münasibət göstərməsi barədə dəlillərinə gəldikdə isə, bu halın mövcudluğunu təsdiq edən mötəbər sübutlar iş materiallarında müəyyən edilməmişdir. Iddiaçının həyat yoldaşının Cavabdeh ASC ilə əmək münasibətlərinə xitam verilməsi, həmin məsələ ilə bağlı dövlət orqanlarına müraciətlər etməsi və məhkəmə mübahisəsinin olması, habelə sonradan iddiaçının əmək müqaviləsinin müddətinin uzadılmaması barədə dəlilləri iddiaçının işdən azad edilməsinin cavabdeh tərəfindən ona qarşı qərəzli münasibətin nəticəsi olduğunu təsdiq etməyə kifayət etmir.

52. Iddiaçının ailə vəziyyəti, azyaşlı və xəstə uşaqlarının olması, məcburi köçkün statusu və sosial vəziyyəti məhkəmə tərəfindən nəzərə alınsa da, həmin hallar özlüyündə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab olunması üçün əsas yaratmır. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda işəgötürənə həmin müqaviləyə xitam vermək hüququ verir və qanunla müəyyən edilmiş qaydada xitam verilmiş müqavilənin yalnız işçinin sosial vəziyyətinə görə etibarsız hesab edilməsi mümkün deyildir.

53. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti dövründə intizam tənbehinin olmaması, əmək funksiyalarını lazımi qaydada yerinə yetirməsi və peşə yararsızlığı ilə bağlı ona irad bildirilməməsi də hazırkı halda hüquqi nəticəni dəyişmir. Belə ki, müddətli əmək müqaviləsinə müddətinin başa çatması əsasında xitam verilməsi əmək intizamının pozulması və ya işçinin peşə yararsızlığı ilə əlaqələndirilən xitam növü deyildir.

54. Iddiaçının birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin halın qətnamənin ləğvi üçün əsas olması üçün onun işin nəticəsinə təsir edən və iddiaçının öz hüquqlarını həyata keçirməsinə real maneə yaradan prosessual pozuntu olduğu müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçı apellyasiya instansiyasında apellyasiya şikayətinin dəlillərini tam şəkildə təqdim etmək və müdafiə etmək imkanı əldə etmiş, məhkəmə iclasıdna iştirak etmiş, məhkəmə kollegiyası isə iş üzrə əhəmiyyətli olan bütün dəlilləri və materialları araşdırmışdır. Bu səbəbdən qeyd olunan hal özözlüyündə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə kifayət edən nəticəyə gətirib çıxarmır.

55. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

56. Göstərilənlərə əsasaən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmiş, mübahisələndirilən əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

57. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

60. Avropa Insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

61. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

62. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar