Məhkəmə qərarları › İş №2(3-6)-3398/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3398/2026

10.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3398/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Bakı Şəhəri 16 Saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X1 qeyd olunmuş doğum haqqında şəhadətnamələrin və 1957-ci il tarixdə bağlanmış və adı Qalma qeyd olunmuş nikah haqqında şəhadətnamənin ##.##.2015ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktı müəyyən edilməsi ilə bağlı dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraata qəbulundan imtina edilmiş və ərizəçiyə Bakı Inzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verərək Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməklə və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mahiyyətinə baxılmadan qəbul edilməsindən imtina olunması ərizəçinin məhkəməyə çıxış hüququnun əsassız məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə qərardadında qeyd etmişdir ki, ərizəçi əvvəlcə qeydiyyat orqanına müraciət etməli, imtina aldığı halda isə inzibati məhkəməyə müraciət etməlidir. Lakin bu nəticə iddia tələbinin predmetinə uyğun deyildir. Çünki ərizəçi akt qeydlərinin dəyişdirilməsini deyil, həmin sənədlərin konkret şəxsə aid olmasının müəyyən edilməsini xahiş etmişdir. Bu isə mülki prosessual qanunvericiliklə tənzimlənən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi institutuna aiddir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi faktiki olaraq vətəndaşlıq vəziyyəti aktı qeydlərində (doğum və nikah haqqında şəhadətnamələrdə) olan uyğunsuzluqların aradan qaldırılmasını və bu sənədlərin başqa bir şəxsə (vəfat etmiş anasına) aid olmasının tanınmasını tələb edir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, bu növ tələblər xüsusi icraat qaydasında (mülki prosessual qaydada) deyil, inzibati prosessual qaydada həll edilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında qeydlərin aparılması, onlara düzəliş edilməsi və ya şəhadətnamələrin verilməsi Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrinin (inzibati orqanın) birbaşa vəzifəsidir. Bu növ tələblərə mülki mühakimə icraatı qaydasında və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi şəklində baxılması qanunvericiliklə istisna olunur. Çünki, konkret olaraq MPM-in 307.2.5-ci maddəsində göstərilir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Inzibati Icraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun qərarının 6-cı bəndinə əsasən MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizəçi ilk növbədə qeydiyyat orqanına müraciət etməli, həmin orqanın imtinasını aldığı halda isə müvafiq akt qeydində düzəlişin aparılması ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı Ərizəçi nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar