Məhkəmə qərarları › İş №2(3-6)-3668/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3668/2026

09.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3668/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin “Marketinq və Iqtisadi Əməliyyatlar” Idarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakları ilə, Işin halları

1. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1993- cü ildə AR Dövlət Yanacaq Komitəsinin Bakı Neft Təhcizatı Bazasında işə qəbul edilmişdir. Dövlət Neft Şirkətinin ##.##.2003-cü il tarixli əmri ilə Bakı Neft Bazası ##.##.2003-cü il tarixdən Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin struktur tabeçiliyinə verilmişdir. ##.##.2023-cü il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığından İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. ##.##.2023-cü il tarixdə İddiaçı Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin X4 və göndərilməsi bazası Bakı yanacaq doldurma sahəsinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2025-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 73-cü maddəsinin 1- ci hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

2. ##.##.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı X4 və göndərilməsi bazasının direktoruna ərizə yazaraq, Bazanın Bakı Yanacaq doldurma sahəsinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

3. ##.##.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsi ilə işçi İddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmış, işçi Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin X4 və göndərilməsi bazası Bakı yanacaq doldurma sahəsinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 1 il müəyyən edilmişdir.

4. Işəgötürən Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsi ilə işçi İddiaçı arasında bağlanmış sonrakı müddətli əmək müqavilələrindən görünür ki, işçinin müddətli əmək müqaviləsinin müddəti ilk dəfə, 6 ay, sonrakı müqavilələrlə müvafiq olaraq 1 ay 2 ay, 3 ay olmaqla, daha 11 dəfə uzadılmışdır.

5. İddiaçı tərəfindən imzalanmış məlumatdan görünür ki, o, iş yeri çox uzaq olduğu üçün Dövlət Neft Şirkəti Neft Kəmərləri Idarəsinin X7 Neft Aşırma sahəsində 4-cü dərəcəli əmtəə operatoru vəzifəsindən imtina etmişdir.

6. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı müddətli əmək müqaviləsinin müddəti bitdiyindən əmək müqaviləsinin ləğv olunacağı barədə xəbərdar olunmuşdur.

7. ****/**/K-**-** saylı, ##.##.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti bitdiyindən xitam verilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin X4 və Göndərilməsi Bazasının Əsasnaməsindən görünür ki, X4 və Göndərilməsi Bazasının direktoruna işçiləri işə qəbul etmək, başqa işə keçirmək, işdən azad etmək səlahiyyətləri verilmişdir.

9. AR Dövlət Neft Şirkətinin “Marketinq və Iqtisadi Əməliyyatlar” Idarəsinin ##.##.2026-cı il tarixli arayışında qeyd edilmişdir: “Məlumat üçün bildiririk ki, SOCAR-ın Baş Ofisinin “Əmlakın balansdan-balansa verilməsi haqqında” ##.##.2023-cü il tarixli **-*/*-*-*/**** nömrəli Sərəncamına və onun icrası ilə əlaqədar SOCAR-ın Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin (MIƏI) ##.##.2023-cü il tarixli **-*-*/*-**-*/**** nömrəli əmrinə uyğun olaraq ##.##.2023-cü il tarixdə Bakı neft bazasının (BNB) əmlakları MIƏI-nin balansından çıxarılaraq “xxxx” QSC-nin (“xxxx”) balansına ötürülmüşdür. Proses çərçivəsində BNB-nin cəmi 74 nəfər işçisindən yalnız 26 nəfər “xxxx” tərəfindən işlə təmin edilmişdir. Əmək haqqının 5 misli miqdarında müavinət aldıqları üçün əmək müqaviləsinə xitam verilən, təbii axın (yaşa görə təqaüd, ölüm və s.) kimi obyektiv səbəblərdən işçi sayının azalması nəzərə alınaraq, yerdə qalan 30 nəfər ərizə ilə X4 və Göndərilməsi Bazasının (NMQGB) rəhbərliyinə müraciət edərək işlə təmin olunmalarını xahiş etmişlər. Misal üçün, İddiaçı ## #### 2023-cü il tarixli ərizə ilə müraciət edərək Bakı Yanacaq doldurma sahəsinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. Işçilərlə, o cümlədən İddiaçı ilə Əmək Məcəlləsinin 47 (f) bəndinin tələblərinə uyğun olaraq (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müddətli müqavilələr qüvvədə olduğu zaman, onlara 2023-cü il ərzində SOCAR-ın digər təşkilatlarında ümumilikdə daimi əsaslarla 15 müxtəlif vakansiyalar təklif olunsa da, bu əməkdaşlar öz ərizələri ilə onlara təklif edilmiş vakansiyalardan imtina etmişlər. Təbii (yaşa görə təqaüd, ölüm, başqa işə keçirilmə, öz ərizəsi əsasında işdən azad olunma və s.) axından sonra istehsalat zərurətini nəzərə alaraq 10 nəfər işçinin müddətli əmək müqavilələri növbəti müddətlərə uzadılsa da, NMQGB-nin 13 nəfər əməkdaşının əmək müqavilələri ## ###### 2025-ci il tarixdə bitdiyinə görə, həmin müqavilələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 73-cü maddəsinin 1-ci hissəsinə (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) uyğun olaraq xitam verilmişdir. ƏM-nin tələblərinə uyğun olaraq, bu barədə əvvəlcədən onların hər biri rəsmi olaraq xəbərdar edilmiş, əmək müqavilələrinə xitam veriləcəyi barədə işçilərə təqdim edilən rəsmi bildirişləri qəbul etməkdən imtina etdikləri səbəbindən, bu bildirişlər poçt vasitəsilə yaşadıqları ünvanlara göndərilmiş, eyni zamanda onların ƏMAS sistemindəki şəxsi kabinetlərində yerləşdirilmişlər. Onu da qeyd edirik ki, müddətli əmək müqaviləsi ilə işə götürülmüş işçilər, onların müddətsiz əmək müqavilələrinə xitam verilən zaman digər şəxslər kimi müraciət edərək əmək haqqının 5 misli miqdarında müavinət alaraq işdən ayrıla bilərdilər. Lakin onlar işdən ayrılmaq əvəzinə ərizə ilə müraciət edərək ailələrini dolandırmaq məqsədilə müxtəlif vəzifələrə təyin olmaqlarını xahiş etmişlər. Onların ərizələri nəzərə alınaraq, onlarla müddətli müqavilələr bağlanmışdır. Onların ərizələri, habelə müddətli müqavilələri qüvvədə olduğu zaman, həmin işçilərin heç bir iddia və tələblə çıxış etməmələri və onlara daimi əsaslarla təklif edilmiş müxtəlif vakansiyaların imtina etmələri, müddətli müqavilələrin tərəflərin hüquqi bərabərliyi prinsipinə əməl edilməklə bağlandığını, habelə həmin müqavilələrə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verildiyinə dəlalət edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin “Marketin və Iqtisadi Əməliyyatlar” Idarəsinə qarşı qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 35 ildir Dövlət Neft Şirkətinin əməkdaşı olaraq işləmiş, bu illər ərzində üzərinə düşən məsuliyyəti tam mənası ilə dərk edərək, vicdanla işinin öhdəsindən gəlmiş və həmişə iş norma və prinsiplərinə ciddi əməl etmişdir. Lakin, bütün bunlara baxmayaraq Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən heç bir əsas olmadan işdən azad olunmuşdur.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Leyla Şövkətli-Mənsimli) ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin ****/**/K-**-** saylı, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsinin X4 və Göndərilməsi Bazasının Bakı yanacaq doldurma sahəsinin 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə daimi əsaslarla (müddətsiz) işə bərpa olunması, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsi tərəfindən hesablanaraq iddiaçı İddiaçı ödənilməsi, 60 manat mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, 40 manat dövlət rüsumunun əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və Iqtisadi Əməliyyatlar Idarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1, 68.1, 68.2, 70, 71.1, 77.1, 77.2, 77.3, 77.4, 78.1, 78.2, 80.1-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh AR Dövlət Neft Şirkətinin “Marketinq və Iqtisadi Əməliyyatlar” Idarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin nəzdində olmuş Bakı neft bazasının (BNB) işçisi olmuşdur. BNB-nin əmlakları Cavabdehin balansından çıxarılaraq “xxxx” QSC-nin (“xxxx”) balansına ötürülmüşdür. Proses çərçivəsində BNB-nin cəmi 74 nəfər işçisindən yalnız 26 nəfər “xxxx” tərəfindən işlə təmin edilmişdir. Sonradan iddiaçı digər işçilər kimi cavabdehin nəzdində olan X4 və Göndərilməsi Bazasında müddətli əmək müqaviləsi ilə işə götürülmüş, ## ###### 2025-ci ildə həmin müqaviləyə qanunvericiliyin tələbinə əsasən xitam verilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. “xxxx” tərəfindən işlə təmin olunmayan işçilərin əmək müqavilələrinə ştatın ixtisarı ilə BNB “xxxx”a keçən zaman cavabdeh xitam verə bilərdi. Həmin vaxt iddiaçının müqaviləsinə mövcud ştatın ixtisarı edilməklə xitam verilsə idi, ona Əmək Məcəlləsinin (ƏM) 77.3-cü maddəsinin tələblərinə görə (on ildən çox əmək stajı olduqda) orta aylıq əməkhaqqının azı iki misli miqdarında vəsait ödəniləcəkdir. BNB “xxxx”-a keçən zaman hətta seçim olaraq bütün işçilər kimi ona da işdən ayrılmaq müqabilində əmək haqqının 5 misli miqdarında müavinət təklif edilmişdir. Bu da təbii ki, ƏM-nin yuxarıda qeyd edilən müddəası ilə nəzərdə tutulmuş orta aylıq əməkhaqqının azı iki misli miqdarından çox olmuşdur. Bu da ona dəlalət edir ki, cavabdehin məqsədi iddiaçını hər hansı bir təminatdan məhrum etmək olmamışdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən iddiaçıdan əmək haqqının 5 misli miqdarında müavinət müqabilində işdən ayrılmaq təklifi bir daha aydınlaşdırılsa da, o, ixtisar və ya digər əsasla işdən ayrılmaq fikrinə mənfi yanaşmışdır, məhz işləmək niyyətinin olduğunu bildirmişdir. Bir çox işçilər kimi iddiaçı da işləmək istədiyini bəyan etmiş, ## #### 2023-cü il tarixli ərizə ilə cavabdehin nəzdində olan X4 və Göndərilməsi Bazasının rəhbərliyinə müraciət edərək Bakı Yanacaq doldurma sahəsinə 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. Onun xahişini nəzərə alaraq iddiaçı ilə ƏM-nin 47-ci maddəsinin (f) bəndi ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Iddiaçı müddətli müqavilə ilə işlədiyi dövr ərzində ona Dövlət Neft Şirkəti Neft Kəmərləri Idarəsinin X7 Neft Aşırma sahəsində daimi əsaslarla 4-cü dərəcəli əmtəə operatoru vəzifəsi təklif olunsa da, o bundan imtina etmişdir. Həmin müddətli müqavilə bir neçə dəfə uzadılsa da, onun müqaviləsinə ## ###### 2025-ci il tarixdə ƏM-nin tələbləri gözlənilməklə xitam verilmişdir. Belə ki, ƏM-nin 73.1-ci maddəsinin tələblərinə görə ƏM-nin tələblərinə uyğun olaraq, iddiaçı əvvəlcədən rəsmi olaraq xəbərdar edilmişdir. Iddiaçının əmək müqaviləsinə xitam veriləcəyi barədə təqdim edilən rəsmi bildirişi qəbul etməkdən imtina etdiyi səbəbindən, bu bildiriş poçt vasitəsilə onun yaşadığı ünvana göndərilmiş, eyni zamanda onun ƏMAS sistemindəki şəxsi kabinetinə yerləşdirilmişdir. Beləliklə, iddiaçının müqaviləsinə xitam verilən zaman cavabdeh əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iddiaçının “əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə ştatların ixtisarı qaydasında həyata keçirilməlidir” mövqeyi işin düzgün həlli üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların məhkəmə tərəfindən aydınlaşdırılmadığına dəlalət edir. Məhkəmə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarına istinad etsə də, “digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına”, cavabdehin “müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına” münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

19. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

20. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması;

22. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

23. Maddə 71.1 Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

24. Maddə 77.1. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

25. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

26. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

27. Maddə 77.4. Işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

28. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

29. Maddə 78.2. Işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

30. Maddə 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarı:

31. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

32. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər...

33. ...Işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar...

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, qətnaməni cavabdeh mübahisələndirərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və əmək qanunvericiliyinin tələblərinə uyğundur.

44. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.1993-cü ildən etibarən Dövlət Neft Şirkətinin strukturunda əmək fəaliyyəti göstərmiş, uzunmüddətli əmək stajına malik olmuşdur. ##.##.2023-cü il tarixdə iddiaçının öz təşəbbüsü ilə müddətsiz əmək müqaviləsinə xitam verilmiş, növbəti gün – ##.##.2023-cü il tarixdə isə eyni işəgötürənlə, bu dəfə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı Bakı yanacaq doldurma sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsinə qəbul edilmişdir.

45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması məsələsi yalnız müqavilənin mətnində göstərilən müddətə və tərəflərin formal iradəsinə əsasən həll edilə bilməz. Hazırki iş üzrə müddətli əmək müqaviləsinin bağlanmasının qanuni əsasının mövcud olub-olmaması müəyyən edilərkən tərəflər arasındakı əmək münasibətlərinin faktiki xarakteri, işin daimi və ya müvəqqəti xarakter daşıması, müqavilənin bağlanmasının real səbəbləri, digər işçilərlə analoji müqavilələrin bağlanıb-bağlanmaması və işəgötürənin müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatlardan yayınmaq məqsədinin olub-olmaması müəyyən edilməlidir.

46. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2024cü il tarixli Qərarında da açıq şəkildə ifadə edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, işçi və işəgötürən formal olaraq hüquq bərabərliyinə malik olsalar da, əmək münasibətlərinin xarakterindən irəli gələn faktiki bərabərsizlik mövcuddur. Buna görə də Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinin tətbiqi zamanı tərəflərin həqiqi iradəsi və əmək münasibətlərinin real xarakteri araşdırılmalı, işəgötürənin həmin normadan sui-istifadə edib-etmədiyi müəyyənləşdirilməlidir.

47. Iddiaçının ##.##.2023-cü il tarixli ərizə ilə işə qəbul olunmasını xahiş etməsi onun müddətli əmək münasibətinə daxil olmaq iradəsini formal olaraq ifadə etsə də, məhkəmə tərəfindən tərəflərin faktiki vəziyyəti və əmək münasibətlərinin mahiyyəti nəzərə alınmalıdır. Iddiaçının əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verildikdən dərhal sonra eyni işəgötürənlə əmək münasibətlərini davam etdirmək məqsədilə müraciət etməsi, habelə həmin iş üzrə əmək fəaliyyətini uzun müddət davam etdirməsi nəzərə alındıqda, onun müddətli müqaviləni sərbəst və bərabər şərtlərlə seçdiyi nəticəsinə gəlmək mümkün deyil.

48. Xüsusilə nəzərə alınmalıdır ki, işəgötürən ilə işçi faktiki olaraq bərabər iqtisadi və təşkilati vəziyyətdə olmayan əmək münasibətləri subyektləridir. Işçi öz əmək fəaliyyətini və gəlir mənbəyini qorumaq məqsədilə işəgötürənin təklif etdiyi şərtləri qəbul etmək məcburiyyətində qala bilər.

49. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ilə ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti əvvəlcə bir il müəyyən edilmiş, daha sonra isə müxtəlif müddətlərə – 6 ay, 1 ay, 2 ay, 3 ay və digər müddətlərə olmaqla dəfələrlə uzadılmışdır. Beləliklə, iddiaçının əmək müqaviləsinin ümumilikdə 12 dəfə uzadılması onun yerinə yetirdiyi əmək funksiyasının müvəqqəti və ya mövsümi xarakter daşımadığını, əksinə, işəgötürənin daimi ehtiyacının mövcud olduğunu göstərir. Bundan əlavə, həmin vəzifə üzrə əmək funksiyasının davamlı olaraq həyata keçirilməsi, eyni vəzifə üzrə işçilərin əmək müqavilələrinin müxtəlif müddətlərə uzadılması və istehsalat zərurətindən asılı olaraq bəzi işçilərin işdə saxlanılması həmin işin daimi xarakter daşıdığını göstərir.

50. Cavabdehin dəlili ondan ibarətdir ki, Bakı Neft Bazasının əmlakları “xxxx” QSCnin balansına verilmiş, nəticədə işçilərin sayı ilə mövcud iş həcmi arasında fərq yaranmış və həmin işçilərlə tərəflərin qarşılıqlı razılığı əsasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq müddətli əmək müqavilələri bağlanmışdır.

51. Lakin məhkəmə kollegiyası hesab edir ki, göstərilən hal özü-özlüyündə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasına və sonradan həmin müqavilənin müddətinin başa çatması əsası ilə əmək münasibətlərinə xitam verilməsinə kifayət qədər hüquqi əsas yaratmır.

52. Belə ki, cavabdehin özünün təqdim etdiyi məlumatlardan görünür ki, struktur dəyişiklikləri nəticəsində işçi sayının azaldılması zərurəti yaranmış, bəzi işçilər digər struktur vəzifələrinə keçirilmiş, bəzi işçilərlə isə əmək münasibətləri davam etdirilmişdir. Işəgötürən faktiki olaraq işçi sayını və mövcud iş həcmini uyğunlaşdırmaq zərurəti ilə üzləşmişdir. Belə vəziyyətdə əmək münasibətlərinin tənzimlənməsi Əmək Məcəlləsinin işçilərin sayının və ya ştatlarının ixtisarı ilə bağlı normaları əsasında həyata keçirilməli idi.

53. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin əsas tətbiq edildikdə isə işçinin qanunla müəyyən edilmiş təminatları qorunur. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçi əvvəlcədən xəbərdar edilməli, müəyyən hallarda ona iş axtarmaq üçün imkan yaradılmalı və əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilməlidir. Eyni zamanda, Əmək Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq işdə saxlanılma zamanı işçilərin ixtisası, peşəkarlığı və qanunla müəyyən edilmiş üstünlük hüquqları nəzərə alınmalıdır.

54. Hazırkı halda isə cavabdeh bu təminatların tətbiq edilməsindən yayınaraq, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamış və həmin müqavilənin dəfələrlə uzadılmasından sonra ##.##.2025-ci il tarixdə müqavilənin müddətinin başa çatmasını əsas gətirməklə əmək münasibətlərinə xitam vermişdir.

55. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya müxtəlif daimi vakansiyaların təklif edilməsi və iddiaçının həmin vakansiyalardan imtina etməsi də onunla bağlanmış müddətli əmək müqaviləsinin hüquqi əsasını dəyişmir. Çünki işçinin digər vəzifəni qəbul etməkdən imtina etməsi onun tutduğu vəzifə üzrə əmək münasibətlərinin qanuni əsas olmadan müddətli xarakter almasına və həmin münasibətlərə sonradan müddətin bitməsi əsası ilə xitam verilməsinə əsas yaratmır.

56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin mövqeyinə əsasən, eyni vəziyyətdə olan bir qrup işçi ilə müddətli əmək müqavilələri bağlanmış, sonradan həmin müqavilələrdən bəzilərinin müddəti uzadılmış, bəzilərinə isə xitam verilmişdir. Beləliklə, işəgötürən faktiki olaraq eyni və ya oxşar əmək funksiyalarını yerinə yetirən şəxslərdən kimin işdə saxlanılması, kiminlə müqavilənin uzadılması məsələsini öz mülahizəsinə əsasən müəyyən etmişdir.

57. Halbuki, işçi sayının azaldılması zərurəti mövcud olduğu halda işdə saxlanılacaq şəxslərin müəyyən edilməsi Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilməli, işçilərin peşəkarlıq səviyyəsi, ixtisası və qanunla müəyyən edilmiş üstünlük hüquqları nəzərə alınmalıdır. Hazırkı halda isə həmin meyarların tətbiq edildiyi və iddiaçının digər işçilərlə müqayisədə obyektiv əsaslarla işdən kənarlaşdırıldığı müəyyən edilmir.

58. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olaraq hesab etmişdir ki, istər işəgötürən müəssisədə struktur dəyişikliyi baş verməsi səbəbindən, istərsə də sonradan iş həcminin azalması səbəbindən işçilərin ştatların sayı ilə istehsalat zərurəti arasında fərqin yaranması zamanı iş həcminin və işçi sayının uyğunlaşdırılması işçilərlə müddətli əmək müqaviləsi bağlayaraq, daha sonra işəgötürənin öz iradəsinə görə bəzi işçilərlə əmək müqaviləsinin uzadılması, bəzi işçilərlə müddətin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi qaydasında deyil, əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə ştatların ixtisarı qaydasında həyata keçirilməlidir. Hazırki halda isə, işçilərlə müddətli əmək müqaviləsi bağlanmış, daha sonra işəgötürənin seçimi ilə bəzi işçilərlə əmək müqavilələri uzadılmış, bəzi işçilərin əmək müqavilələrinə isə müddətin bitməsi səbəbindən xitam verilmişdir. Bununla da iddiaçı ştatların ixtisarı zamanı işçiyə verilən təminatlardan (iş stajının, peşəkarlıq səviyyəsinin, əmək təcrübəsinin qiymətləndirilməsi, ixtisar zamanı üstünlük hüququna malik olubolmamasını araşdırılması və s.) məhrum olmuşdur. Halbuki, iddiaçı peşəkarlıq səviyyəsinə, təcrübəsinə inandığını, uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində nöqsansız işlədiyini bildirmişdir. Bundan başqa, iddiaçının müddətli əmək müqaviləsi ilə işə qəbul edildiyi əmtəə operatoru vəzifəsində əmək funksiyası müvəqqəti və ya mövsümi xarakter daşımamış, əmtəə operatoru işi daimi xarakterə malik olmuşdur. Müddətli əmək müqaviləsinin 12 dəfə uzaldılması da təsdiq edir ki, iddiaçının əmək funksiyası daimi olmuşdur.

59. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasının formal olaraq tərəflərin razılığı ilə həyata keçirilməsi həmin müqavilənin məzmun etibarilə qanuni müddətli əmək müqaviləsi kimi qiymətləndirilməsi üçün kifayət deyil. Işin faktiki halları göstərir ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşımış, əmək müqaviləsi dəfələrlə uzadılmış, işəgötürənin işçi sayını və iş həcmini uyğunlaşdırmaq zərurəti mövcud olmuşdur.

60. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Hazırkı halda isə əmək münasibətlərinə xitamın formal əsası kimi müqavilə müddətinin bitməsi göstərilsə də, işin faktiki halları həmin əsasın seçilməsinin real səbəbinin işəgötürənin struktur və təşkilati dəyişiklikləri nəticəsində yaranmış işçi sayının azaldılması ilə bağlı olduğunu göstərir.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflər arasındakı əmək münasibətlərinin həqiqi xarakterini düzgün qiymətləndirmişdir

62. Bu səbəbdən iddiaçının əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə müddətsiz əsaslarla bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələblərinin təmin edilməsi əsaslıdır.

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən əsaslı sayıla və qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh AR Dövlət Neft Şirkətinin “Marketinq və Iqtisadi Əməliyyatlar” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar