Məhkəmə qərarları › İş №2(3-6)-369/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-369/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-369/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Əliyev İsa Məmməd oğluna qarşı “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi tələbi barədə” ilk iddiaya, cavabdeh Əliyev İsa Məmməd oğlunun iddiaçılar iddiaçı1 və iddiaçı2 qarşı “vəsiyyətnamənin etibarsız sayılması və ilk iddia üzrə iddiaçıların ləyaqətsiz vərəsə kimi tanınması tələbi barədə” qarşılıqlı iddiaya dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Əliyev İsa Məmməd oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) vəkil3, ilk iddia üzrə iddiaçılardan (qarşılıqlı iddia üzrə cavabdehlərdən) biri olan iddiaçı1 vəkili (nümayəndəsi) Abdulova İlahə Telman qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar haqqında məlumat

1. İddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan ** saylı mənzildən payların naturada ayrılaraq 4/6 hissəsinin iddiaçı1, 1/6 hissəsinin iddiaçı2 verilməsi, 1/6 hissəsini isə mərhum anaları X2 adında saxlanılması və hissələrinin tanınması, qeyd olunan hallar mümkün olmadıqda və ya məqsədəmüvafiq olmadıqda, cavabdeh İsa Əliyevə onlar tərəfindən 20.000 manat məbləğində kompensasiya verilməsi, bu da mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pulunun hər birinin payına mütənasib qaydada ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası Fatma Əliyevanın imzası olmayan, mərhumun iradəsinə zidd olaraq ** saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və ilk iddia üzrə iddiaçıların ləyaqətsiz vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddia ərizəsində Bakı Şəhəri ** saylı Notariat Ofisi üçüncü şəxs kimi göstərilmişdir.

4. Özündə qarşılıqlı iddiaçıya qarşı etirazı da ifadə edən ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların qardaşıdır. Onların anaları X5 miras qalan mənzil 6 hissəyə bölünərək, 4/6 iddiaçı iddiaçı1 adına, 1/6 hissəsi iddiaçı iddiaçı2 adına * saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçib, cavabdeh İsa Əliyevə çatmalı olan 1/6 hissəsi mərhum anasının adında açıq qalıb, çünki o, onun payına düşən 1/6 hissəni rəsmiləşdirməkdən boyun qaçırır. Mənzil 3 otaqdan, bir girişdən, 61,95 kv.m sahədən ibarətdir. Hazırda cavabdeh İsa Əliyev və onunla birgə nikahsız yaşayan X6 həmin mənzili bütövlükdə zəbt ediblər və onların öz mülkiyyətlərində olan hissələrə münasibətdə sahiblik və istifadə hüquqlarına maneçilik törədirlər, iddiaçıları mənzilə buraxmırlar. Ona görə də, ümumi paylı mülkiyyətdə olan mənzildən hər birinin payının naturada ayrılması zərurəti yaranıb. Çünki onlar mənzildə olan paylarının razılıq yolu ilə bölünməsinə nail ola bilməyiblər. Paylarının razılaşma yolu ilə bölünməsinə cavabdeh İsa Əliyev maneçilik törədir. Cavabdeh, iddiaçılar tərəfindən ona ünvanlanmış pretenziya məktubunu ##.##.2024-cü il tarixdə alsa da, bu günədək onu razılığa gətirə bilməyiblər. Cavabdeh, səbəb kimi mənzilin konfiqurasiyasına görə bölünməsi mümkün olmadığını onlara şifahi qaydada bildirir. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar və xahiş edirlər ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilsin. Çünki, anaları qanuni əsasla və notariusun iştirakı vəsiyyətnamə qoymuşdur.

5. Özündə ilk iddiaçıya qarşı etirazı da ifadə edən qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin mərhum anaları Fatimə Əliyeva İsa Əliyev ilə birgə mübahisəli mənzildə yaşamış və elə həmin mənzildə də vəfat etmişdir. Mərhum analarının bütün xəstəlik zamanında və ondan qabaq ona ilk iddia üzrə cavabdeh İsa Əliyev və arvadı baxmış, onun ehtiyaclarını (lazım olan dərmanların alınması, şəxsi baxıcının xərclərinin ödənilməsi və sair) onlar qarşılamışlar. Mərhum anasının beyin ödəmi keçirdiyi, iflic olmasından öncə İsa Əliyevə verdiyi baş etibarnamə ilə onun bütün işlərini və əmlakını o, idarə edirdi. Lakin anasının iflic olması, beyin ödəməsi xəstəliyinə tutulduqda fikirlərini bildirə bilməməsi, tərpənə bilməməsi xəstəlik xərclərinin artması, arvadının da işləməsi və ona maddi dəstək olması, yataq xəstəsinə baxmağı bacaran bir insanı baxıcı olaraq tutmağa məcbur edib. Bu fürsətdən istifadə edən ilk iddia üzrə iddiaçılar anasının şəxsiyyət vəsiqəsi və baş etibarnaməsi onda ola-ola evdə olmadıqlarından istifadə edərək dövlət orqanlarına yalan məlumat verərək guya ki, anası şəxsiyyət vəsiqəsini itirib, xəstənin uzanmış vəziyyətdə şəkilini çəkərək, yeni şəxsiyyət vəsiqəsi çıxarmağa nail olublar. Bundan sonra evə notarius çağırılmışdır. Əlləri, bədəni işlək olmayan, iflic xəstəsi olan mərhum anasının guya ki, pensiya kartının vaxtının keçməsi, yeni kart alınması, kart alınmadığı halda ona baxanın olmayacağını deyərək, əlindən tutub yazılanlara qol çəkdiriblər. Notariusda qanunsuz hərəkətlərə qol qoyan cavabdehlər bu yolda miras payını öz xeyirlərinə çoxaltmağa müvəffəq olublar. İsa Əliyev prokurorluğa müraciət edərək, bu barədə bildirib və ərizəsində bu tip xəstə insan miras notarius tərəfindən açılarkən vəsiyyət edənin sözləri ilə iki şahidin yanında yazılmayıb, texniki vasitələrin istifadə olunması, video görüntülərinin olmasını bu qanunsuz hərəkətlərin ifşa olunaraq barələrində qanuni tədbir görülməsini xahiş edib. İsa Əliyev, eyni zamanda ** saylı Notariat Ofisinə Mülki Məcəllənin 1191-ci maddəsində göstərildiyi kimi vərəsələrin vəsiyyətnamənin məzmunu ilə tanış olması haqqının olmasını, bu barədə müvafiq protokol tərtib olunmasını bildirsə də, bu günə kimi vəsiyyətnamə ilə tanış ola bilməmişdir. Sözügedən mənzil 45,95 kv.m olan 3 otaqlı mənzil kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyatdan keçsə də, 1992-ci ildə ünvan 2 ünvanının sakinləri tərəfindən Nizami Rayon İcra hakimiyyətinə müraciəti əsasında İcra hakimiyyətinin etiraz etməməsinə görə İsa Əliyev şəxsi vəsaiti ilə mənzilin sahəsini 20 kv.m genişləndirməyə nail olub və əsaslı təmir etdirib. 1992-ci ildə isə ilk iddia üzrə iddiaçı iddiaçı1 ailəli idi və 1988-ci ildə nikaha girərək öz ailəsi ilə ayrı yaşayırdı. İlk iddia üzrə digər iddiaçı isə heç bir yerdə işləmirdi. Buna baxmayaraq ilk iddia üzrə iddiaçılar yeni çıxarışda bu sahəni ümumi mülkiyyətə salıblar (Bu barədə vərəsəlik şəhadətnaməsində qeyd olunub). İlk iddia üzrə iddiaçılar faktiki Nizami Rayon Məhkəməsinə müraciət etmələrindən qabaq onların pasport qeydiyyat şöbəsini aldadaraq mərhum anasının şəxsiyyət vəsiqəsinin itməsini bildirərək, gizli və aldatma yolu ilə şəxsiyyət vəsiqəsi əldə edərək, ** saylı notarius ofisi ilə cinayət əlaqəsinə girib iflic xəstəsi, danışma fikrini izah edə bilməyən xəstə mərhum analarını heç bir şahid olmadan xüsusi vasitələrdən istifadə etməyərək, vərəsəlik almalarını, mərhumun iradəsinə zidd hərəkətlərin prokurorluq tərəfindən araşdırılaraq ifşa olunması üçün müraciət edib. İlk iddia üzrə iddiaçılar mərhum anası ilə mənzil üstündə hələ xəstə olmayan vaxtlarda belə dəfələrlə mübahisələri olub. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirilməsinə qəsdən maneə törədib və bununla da özünün və yaxud özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərib, və yaxud vəsiyyatnamədə ifadə etmiş son iradəsinə qarşı qəsdən cinayət və digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Ləyaqətsiz vərəsə hesab edilən şəxs ləyaqətsiz vərəsənin qanunvericiliklə müəyyən edilmiş əlamətlərdən biri yetərlidir ki, şəxs ləyaqətsiz vərəsə sayılsın. Amma bütün bu əlamətlər məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə əsasən o, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə qarşılıqlı iddianın təmin edilməməsini, ilk iddia təmin edilməsini, mübahisəli mənzilin 136.200 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmasını, əldə olunan pul vəsaitinin 4/6 hissəsinin iddiaçı1, 1/6 hissəsi iddiaçı2 və 1/6 hissəsinin İsa Əliyevə ödənilməsini, iddiaların verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin anası Fatma Əliyevanın adından tərtib edilmiş və ** saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış ##.##.2021-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə tam uyğundur. Bundan başqa qeyd edilməlidir ki, Fatma Əliyevanın fiziki qüsurunu nəzərə almış notarius vəsiyyətnamənin onun (notariusun) tərəfindən tərtib edilməsi zamanı iki şahidin – şahid2 və şahid3 iştirakın təmin etmişdir. Bu isə o deməkdir ki, notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə əməl etmişdir. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyev anasının vəsiyyətnamə tərtib edilərkən öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya aldadıldığını təsdiq edən mötəbər tibbi və ya hüquqi sübutlar təqdim edə bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması üçün onun miras qoyana qarşı qəsdən cinayət törətməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Belə bir hökm olmadığı üçün bacıların ləyaqətsiz vərəsə kimi tanınması tələbi hüquqi əsasdan məhrumdur. İsa Əliyevin qarşılıqlı iddia tələbində irəli sürdüyü dəlillər formal mülahizə xarakteri daşıyır. Qanuni əsasla rəsmiləşdirilmiş vəsiyyətnamənin formal mülahizə xarakteri daşıyan dəlillər əsasında etibarsız hesab etmək mümkün deyil. Mənzilin təmiri və ya genişləndirilməsinə çəkilən xərclər isə vəsiyyətnamənin etibarlılığına birbaşa təsir edən amil deyil və bu vərəsəlik hüququnu aradan qaldırmır. c) apellyasiya şikayəti barədə məlumat

8. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

9. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, vəsiyyətnamə saxtadır, çünki Fatma Əliyeva vəsiyyətnaməni imzalamamışdır. Əslində isə mübahisəli mənzil miras əmlak kimi bütövlükdə apellyatorun mülkiyyətinə keçməlidir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iclasda iştiark etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

10. Apellyasiya baxışı iclasında iştirak etmiş apellyator İsa Əliyev və onun vəkili (nümayəndəsi) vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdilər.

11. Apellyatorun vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, vəsiyyətnamə tərtib edilən zaman Fatma Əliyeva baş verənləri və öz hərəkətlərini dərk etmirdi. Lakin vəsiyyətnaməni rəsmiləşdirmiş notarius və işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, vəsiyyətnamə rəsmiləşdirilən zaman Fatma Əliyevanın baş verənləri və öz hərəkətlərini dərk etmək iqtidarında olub-olmamasını yoxlamamışlar. İlk iddia üzrə iddiaçılar cavabdeh İsa Əliyevin həmin vaxt evdə olmamasından istifadə edərək, bu kimi vəsiyyətnamənin tərtib edilib, rəsmiləşdirilməsinə nail olmuşlar. İsa Əliyev həmin vaxt evdə olsa idi buna imkan verməzdi.

12. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçı1 vəkili (nümayəndəsi) İlahə Abdulova apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

13. İlk iddia üzrə digər iddiaçı (qarşılıqlı iddia üzrə digər cavabdeh) iddiaçı2 və qarşılıqlı iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan ** saylı Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iclaslarda iştirak etməmiş və bunun səbəbləri haqqında Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzil mərhum iş üzrə tərəflərin anası Fatma Əliyevaya məxsus olmuşdur. Fatma Əliyevaya ##.##.2022-ci il tarixdə ölmüşdür. Fatma Əliyevaya ölməmişdən təxminən 1 il əvvəl, yəni ##.##.2021-ci il tarixdə ** saylı Notariat Ofisində vəsiyyətnamə qoymuşdur.

16. Həmin vəsiyyətnamədən görünür ki, Fatma Əliyevaya mülkiyyətində olan və ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını övladı iddiaçı1 vəsiyyət etmişdir.

17. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyev həmin vəsiyyətnamənin saxta olması səbəbindən etibarsız olmasını onunla əsaslandırır ki, anası Fatma Əliyeva beyin ödəmi keçirdiyi üçün iflic vəziyyətdə idi və hərəkət edə bilmirdi. Həmçinin o, vəsiyyətnamə tərtib edilən zaman baş verənləri və öz hərəkətlərini dərk etmirdi.

18. İsa Əliyevin göstərdiyi bu dəlillərin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, MPMin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. İş materiallarında olan sənədlərdən Fatma Əliyevanın beyin ödəmi keçirtməsi və onun həmin xəstəlik nəticəsində ölməsi görsənsə də, Fatma Əliyevanın səhhətinin onun tərəfindən vəsiyyətnaməni imzalanmasının qeyri-mümkün edən dərəcədə olmasını və Fatma Əliyevanın baş verənləri və öz hərəkətlərini dərk edə bilməməsini təsdiq edə biləcək sübutlar – müvafiq tibbi sənələr İsa Əliyev tərəfindən məhkəmələrə təqdim etməmişdir.

20. Əksinə, İsa Əliyev tərəfindən etibarlılığı mübahisələndirilən vəsiyyətnamədən görünür ki, Fatma Əliyevanın xahişi ilə vəsiyyətnaməni tərtib etmiş notarius vəsiyyətnamə tərtib edilən zaman Fatma Əliyevanın şəxsiyyətini və fəaliyyət qabiliyyətini yoxladıqdan sonra Mülki Məcəllənin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu Fatma Əliyevaya izah etmiş, Fatma Əliyevanın fiziki qüsurunu nəzərə alaraq vəsiyyətnaməni iki şahidin – şahid2 və şahid3 iştirakı ilə tərtib etmişdir.

21. Məhkəmə qeyd edir ki, notariusun bu kimi hərəkətləri “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olmuşdur.

22. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (maddə 1167.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (maddə 1180.1.). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (maddə 1180.2.). Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər (maddə 1188.).

23. Odur ki, qeyd edilənlərə əsasən müəyyən edilir ki, Fatma Əliyevanın adından notarius tərəfindən iki şahidin iştirakı ilə tərtib edilmiş həmin vəsiyyətnamənin saxta – etibarsız hesab edilməsi, bununla da qarşılıqlı iddianın əsaslı hesab edilərək, təmin edilməsi üçün əsas yoxdur.

24. Bununla yanaşı Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin İsa Əliyevin iştirakı olmadan tərtib edilməsi və Fatma Əliyevanın vəsiyyətnamədən əvvəl İsa Əliyevin adına etibarnamə verməsi də həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün zəmin yaratmır. Çünki bu kimi halların mövcudluğuna görə vəsiyyətnamənin etibarsız hesab edilməsi qanunverici tərəfindən müəyyən edilməmişdir.

25. Buna gör də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianı “vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə hissəsini” əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyevin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

26. Fatma Əliyeva tərəfindən qoyulmuş vəsiyyətnamə etibarlıdır və ilk iddia üzrə iddiaçıların – qarşılıqlı iddia üzrə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri üçün əsas müəyyən edilmir.

27. Belə ki, Mülki Məcəllənin 1137-ci maddəsinə görə, ləyaqətsiz vərəsə o şəxs sayıla bilər ki, həmin şəxs, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş olsun və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş olsun, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olsun.

28. Lakin ilk iddia üzrə iddiaçıların – qarşılıqlı iddia üzrə cavabdehlərin bu kimi hərəkətlərə yol vermələri hazırkı işin baxılması çərçivəsində müəyyən edilmir.

29. Buna gör də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianın “ilk iddia üzrə iddiaçıların ləyaqətsiz vərəsə kimi tanınması tələbi barədə hissəsini” əsassız hesab edərək, təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyevin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.

30. İşdə olan ##.##.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, mərhum Fatma Əliyevanın vərəsəsi – övladı iddiaçı1 miras əmlak olan mənzil üzərində vərəsəlik payı Fatma Əliyevanın qoyduğu və yuxarıda qeyd edilən vəsiyyətnaməyə əsasən 4/6 hissədə müəyyən edilmişdir.

31. İşdə olan ##.##.2023-cü il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrdən” görünür ki, mərhum Fatma Əliyevanın vərəsələri – övladları iddiaçı2 və İsa Əliyevin miras əmlak olan mənzil üzərində məcburi payları 1/6 hissədə müəyyən edilmişdir. Lakin İsa Əliyev notariat orqanına müraciət etmədiyi üçün 1/6 hissədə pay açıq saxlanılmışdır.

32. “xxxx” X3 ##.##.2023-cü il tarixli məktubundan görünür ki, yuxarıda qeyd edilən şəhadətnamələr ilə miras əmlak üzərində müəyyən edilmiş paylar “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış, bir pay - 1/6 hissədə pay mərhum Fatma Əliyevanın adında açıq saxlanılmışdır.

33. İşin hallarından müəyyən edilir ki, Fatma Əliyevanın vərəsələri iddiaçı1 və iddiaçı2 ilə digər vərəsə İsa Əliyev arasında yaranmış münaqişəli münasibətlər nəticəsində onların həmin mənzildən birgə istifadələri mümkün deyil.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli, **/**** saylı rəydən görünür ki, miras predmeti olan mənzilin onların paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.

35. Həmçinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şirkət – “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli “Qiymətləndirmə hesabatından” görünür ki, yuxarıda qeyd edilən mənzil mənzilin bazar qiyməti 136.200 manat, likvid qiyməti 122.500 manat təşkil edir.

36. Lakin işin hallarından müəyyən edilir ki, mənzilin hazırkı paylı mülkiyyətçiləri olan iddiaçı1, iddiaçı2 və İsa Əliyev, ona (onlara) onun (onların) payına uyğun olan kompensasiyanın ödənilərək, onun (onların) mülkiyyət hüququna (hüquqlarına) xitam verilməsinə razı deyillər.

37. Odur ki, bunu və iş üzrə tərəflərin həmin mənzil ilə bağlı qapalı hərracın keçirməsi ilə əlaqədar razılığa gələ bilməmələrini nəzərə almış Rayon Məhkəməsi mənzilin 136.200 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmasını, əldə olunan pul vəsaitinin 4/6 hissəsinin iddiaçı1, 1/6 hissəsi iddiaçı2 və 1/6 hissəsinin İsa Əliyevə ödənilməsini qət etmişdir.

38. İşin hallarını nəzərə alan Məhkəmə iş üzrə Rayon Məhkəməsinin gəldiyi bu nəticənin əsaslılığının yoxlanılması ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6.).

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ##.##.2024-cü il tarixli birgə qərardadında təsbit edilmiş hüquqi mövqeyin mənasına görə, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə paylı mülkiyyətdə olan əmlak satılması üçün qapalı hərraca çıxarılmalı, paylı mülkiyyətçilər buna razı olmadıqda isə paylı mülkiyyətdə olan əmlak satılması üçün açıq hərraca çıxarılmalıdır.

40. Qeyd edilən maddi hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi, mənzilin naturada iş üzrə tərəflərin paylarına uyğun olaraq bölünməsinin qeyri-mümkün olmasını, mənzilin hazırkı paylı mülkiyyətçiləri olan iddiaçı1, iddiaçı2 və İsa Əliyev, ona (onlara) onun (onların) payına uyğun olan kompensasiyanın ödənilərək, onun (onların) mülkiyyət hüququna (hüquqlarına) xitam verilməsinə razı olmadıqlarını, iş üzrə tərəflərin həmin mənzil ilə bağlı qapalı hərracın keçirməsi ilə əlaqədar razılığa gələ bilməmələrini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin gəldiyi və əsaslılığı müzakirə edilən bu nəticəsi əsaslı, ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı İsa Əliyevin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri isə əsassızdır. f) apellyasiya baxışının nəticəsi

41. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə qanuni, əsaslı və işin faktiki hallarına uğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

42. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Əliyev İsa Məmməd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Əliyev İsa Məmməd oğlu hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar