Məhkəmə qərarları › İş №2(3-6)-380/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-380/2026

24.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-380/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa və işburaxmaya görə əmək haqqın ödənilməsi, mənəvi zərər”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-7633/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa və buraxılmış günlərə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan X8 İdarsinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1K-689/2025 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə və əmək funksiyalarına uyğun analoji vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988- ci ildən başlayaraq uzun müddətdir ki, neft və qaz sənayesi sahəsində çalışmışdır. 2010-cu ildən başlayaraq X10 Sahəsində dispetçer vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixindən ixtisara düşdüyü dövrədək Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Təmir bərpa xidmətinin yerli telefon rabitəsinin telefonçusu vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində iddiaçıya X11 İstismar İdarəsinin strukturunda və ştat cədvəlində dəyişikliklər edilməsi ilə əlaqədar olaraq ştatının ixtisara düşəcəyi və 9 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Salyan X8 İdarəsinin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1K-689/2025 saylı əmrinə əsasən Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətinin, yerli telefon rabitəsinin telefonçusu vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Aşağıda qeyd edilənlər baxımından cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3- 1K689/2025 nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Ancaq iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona yaşadığı və həmçinin çalışdığı ərazi üzrə Saatlı rayonu üzrə heç bir yeni iş təklifi edilmədən Cavabdeh Salyan X8 İdarəsinin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3- 1K689/2025 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. Beləliklə də işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Belə ki, iddiaçı ilə eyni vəzifədə çalışan 3 işçiyə digər işlər təklif edilərərək onların işlə təmin olunması həyata keçirilmiş, yeganə olaraq İddiaçı işsiz qalmışdır. İddiaçı digər işlə təmin edilən işçilərə nisbətdə müvafiq imtahan və qiymətləndirmədən uğurla keçmiş, həmçinin, təcrübə, staj baxımından onlaradan üstün olmuş və neft-qaz sənayesi sahəsində təhsilə malik yeganə işçi olmuşdur. Bütün bu üstünlüklərin olmasına baxmayaraq məlum olmayan səbəbdən işəgötürən iddiaçıya qarşı adekvat davranmayaraq qərəz nümayiş etdirmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Yəni, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Beləliklə, Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri pozularaq ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Nəticə etibarilə yeni yaradılmış həmin ştatlardan heç biri nədənsə müəssisədə daha çox stajı olan, həmçinin ixtisası və peşəkarlıq səviyyəsi digər işçilərdən üstün olan İddiaçı təklif edilməmişdir. İddiaçının keçdiyi əmək fəaliyyəti və təhsili onun ixtisasının və peşəkarlıq səviyyəsinin ştat ixtisarı zamanı işdə saxlanmış digər işçilərə münasibətdə daha yüksək olmasını faktiki olaraq sübut edir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini 70-ci maddəsinin b) bəndi ilə ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı Həmkarkarlar İttifaqı Komitəsinin əsaslandırılmış Qərarını (protokol ilə birgə) təqdim edilməsini xahiş etsə də həmin qərar ona təqdim edilməmişdir. Göründüyü kimi, bu halda da, cavabdeh Əmək Məcəlləsinin 88.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Odur ki, sözügedən sənədlərin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb olunmalıdır. Həmçinin iddiaçı Həmkarlar İttifaqının iclasına dəvət edilməmiş bu da özlüyündə, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyini göstərir. Qeyd edilənlərə əsasən, cavabdeh müəssisənin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1K-689/2025 nömrəli işdən çıxarma əmri qanunsuz, əsassız və qərəzli olaraq verildiyindən ləğv edilməli, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmalıdır.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-7633/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Nağıyev) iddia ərizəsi təmin edilməmişdir.

4. İddiaı qətnamədən apeellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona yaşadığı və həmçinin çalışdığı ərazi üzrə Saatlı rayonu üzrə heç bir yeni iş təklifi edilmədən əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarı ilə işəgötürən tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Belə ki, iddiaçı ilə eyni vəzifədə çalışan 3 işçiyə həmin sahədə Saatlı rayonunda digər işlər təklif edilərək onların işlə təmin olunması həyata keçirilmiş yeganə olaraq İddiaçı işsiz qalmışdır. iddiaçı digər işlə təmin edilən işçilərə nisbətdə müvafiq imtahan və qiymətləndirmədən uğurla keçmiş həmçinin təcrübə staj baxımından onlaradan üstün olmuş və neft qaz sənayesi sahəsində təhsilə malik yeganə işçi olmuşdur. Bütün bu üstünlüklərin olmasına baxmayaraq bizə məlum olmalyan səbəbdən işəgötürən iddiaçıya qarşı adekvat davranmayaraq qərəz nümayiş etdirmişdir. İddiaçı Salyan X8 İdarsində təklif edilən işdə işləyə bilməməsinin səbəbi ondan ibarət olmuşdur ki, iddiaçının heyat yoldaşı ağır onkoloji xəstəlikdən əzyət çəkdiyi üçün onun digər uzaq 100 km-dən artıq məsafədə olan rayona gedib işləməsi qeyri mümkin olmuşdur. Bu barədə rəhbərliyə də əlavə məlumat verilmişdir. İddiaçı 20 ildən artıqdır ki bu sahədə çalışır 10 ildən çox idi ki eyni vəzifəni icra edirdi. Cavabdeh İB-nin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Ə. Qurbanov tərəfindən cavabdeh müəssisəyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 13-03ə nömrəli “əmək müqaviləsinə xitam verilməsinə razılıq haqqında” qərar məktubunda göstərilmişdir ki, siyahıda göstərilmiş işçilərlə bağlanmış əmək müqavilələrinə əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndiə əsasən xitam verilməsinə razlııq verilmişdir. HİK tərəfindən qəbul edilmiş qərarın düzgünlüyünün yoxlanılması və qərarın qəbul olunması prosedurunun qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə HİK-nin Nizamnaməsinin və həmkarlar ittifaqı təşkilatının iddiaçı ilə bağlı qəbul etdiyi qərarın, həmçinin həmin qərarın təsdiq edildiyi iclas protokolunun məhkəmə baxışına təqdim edilməsini zəruri hesab edilmiş bu barədə vəsatətimiz təmin olunuş lakin təqdim edilmiş cavab məktubunda həmkarlar ittifaqının iclas protokolu və ya iclasın keçirilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq da bildirdi ki, həqiqətən də əmək müqaviləsinə xitam verilməsinin müqabilində əmək haqqının beş misli məbləğində pul vəsaitinin ödənilməsinə dair cavabdehlə razılığa gəlmiş, həmin vəsait dərhal ona ödənilmiş, həmin vəsaiti artıq xərcləmiş, ona ixtisar olunan işin müqabilində Salyan rayonunda müvafiq iş təklif edilmiş, lakin o bununla razılaşmamışdır, çünki məsafə uzaqdır, o, imkan varsa, yaşayış yerinə yaxın yerdə işlə təmin edilməsini xahiş edir.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.Salahov apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçının əmək müqaviləsinə ştat ixtisarı ilə xitam verilmiş, bununla bağlı işçiyə qarşılıqlı razılaşmaya əsasən əmək haqqının beş misli məbləğində müvafiq kompensasiya da ödənilmişdir, eyni zamanda iddiaçıya müvafiq iş də təklif edilmiş, lakin o məsafəni əsas gətirərək həmin işdən özü imtina etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətinə yerli telefon rabitəsinin telefonçusu vəzifəsinə xx.xx.2014-cü il tarixdən qəbul edilmişdir.

10. Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-2/3-1İ-1387/2024 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən Birliyin Zaqatala, Xaşmaz, Salyan, Lənkəran, Tərtər, Ağsu, Şəmkir və X12 İstismar İdarələrinin yeni təşkilati strukturu təsdiq edilmişdir.

11. Cavabdeh Salyan X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş yazılı təklifin surətindən görünür ki, Cavabdeh İB Salyan X8 İdarəsi tərəfindən İddiaçı 8-ci ixtisas dərəcəli, 802 manat vəzifə maaşı olan Salyan X8 İdarəsinin Rejimlərə nəzarət və dispetçer xidmətinin dispetçeri vəzifəsi təklif olunmuş, lakin İddiaçı tərəfindən həmin iş təklifi qəbul edilməmişdir.

12. Cavabdeh Salyan X8 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-1390/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı 9 (doqquz) təqvim həftəsi müddəti təyin edilməklə ştatının ixtisar olunması barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçı həmin xəbərdarlıq bildirişini qəbul etmişdir.

13. Cavabdeh baş direktorunun xx.xx.2025-ci il tarixli 14-2-2/3-6- 1498/2025 nömrəli təqdimatından görünür ki, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi məqsədilə Cavabdeh Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir.

14. Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, siyahısı əlavə edilmiş (iddiaçı da daxil olmaqla) işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

15. Birliyin baş direktoru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Cavabdeh İB-nin Salyan X8 İdarəsinin fəhlələrinin 2024-cü il üçün ştat cədvəlindən görünür ki, Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətində 2 vahid 5-ci ixtisas dərəcəli yerli telefon rabitəsinin telefonçusu ştatı olmuşdur.

16. Birliyin baş direktoru tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş Cavabdeh İB-nin Salyan X8 İdarəsinin fəhlələrinin 2025-ci il üçün ştat cədvəlindən görünür ki, 2024-cü ilə nisbətən ümumilikdə 69 fəhlə ştat vahidi ixtisar olunmuşdur. Yeni strukturda Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Qəza dispetçer xidməti və müvafiq olaraq yerli telefon rabitəsinin telefonçusu ştatları ləğv edilmişdir.

17. Cavabdeh Salyan X8 İdarəsinin xx.xx.2025- ci il tarixli, 14-2-2-9/3-1K- 689/2025 nömrəli əmrin surətindən görünür ki, Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətinin yerli telefon rabitəsinin telefonçusu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə qarşılıqlı razılığa əsasən işçiyə "Azəriqaz" İB ilə "Azəriqaz" İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanılmış kollektiv müqavilənin 5.13-cü maddəsinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir.

18. xx.xx.2025-ci il tarixli Razılaşmadan görünür ki, xx.xx.2014-cü il tarixli, 318 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında razılıq əldə edilmişdir. Həmin razılığa əsasən Birlik ilə X5 Komitəsi arasında bağlanılmış kollektiv müqavilənin 5.13-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə razılığa gəlmişlər. Razılığın digər şərtinə əsasən, işçi SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcə də SOCAR-ın iştirak etdiyi Birgə Müəssisələrdə, Əməliyyat Şirkətlərində işə bərpa olunma (işə qəbul edilmə) barədə hər hansı iddia və tələblər irəli sürmür.

19. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/6-01775 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı əmək mübahisəsi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

20. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

21. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

26. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.

38. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Birliyin yeni idarəetmə modelinə keçməsi ilə əlaqədar olaraq onun regional qaz istismar idarələrinin strukturu yenidən təsdiq edilmişdir. Salyan X8 İdarəsinin 2025-ci il üçün təsdiq edilmiş fəhlələrinin ştat cədvəlinə əsasən əvvəlki ilə nisbətən 69 ştat vahidi ixtisar edilmişdir. Bu ixtisar çərçivəsində iddiaçının işlədiyi Salyan X8 İdarəsinin Saatlı rayonu üzrə Qəza dispetçer xidməti və müvafiq olaraq yerli telefon rabitəsinin telefonçusu ştatları ləğv edilmişdir.

42. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” və “ə” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

43. Qeyd edilən maddənin mahiyyətindən göründüyü kimi, əmək qanunvericiliyi işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqlarını işəgötürənin əsas hüquqları kimi tanıyır.

44. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

46. Beləliklə, Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olaraq işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi müəyyən edilmiş və bu və ya digər əsasla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin zəruriliyinin əsaslandırılmalı olduğu təsbit edilmişdir. Hazırki mübahisə üzrə X7 Qaz İstismarı İdarəsinin Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətinə yerli telefon rabitəsinin telefonçusu vəzifəsində işləyən iddiaçının əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi kimi Cavabdeh xx.xx.2024cü il tarixli 14-2-2/3-1İ-1387/2024 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən Birliyin Zaqatala, Xaşmaz, Salyan, Lənkəran, Tərtər, Ağsu, Şəmkir və X12 İstismar İdarələrinin yeni təşkilati strukturun təsdiq edilməsi qeyd olunmuşdur.

47. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-2-ci hissələrində qeyd olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

48. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında belə qənaətə gəlinmişdir ki, işəgötürən tərəfindən yuxarıda istinad edilən normanın tələblərinə əməl olunmuş və işəgötürənin hərəkətlərində qeyri-qanuni fakt aşkar olunmamışdır.

49. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-4-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.

50. Məhkəməyə sübut qismində təqdim edilən sənədlər araşdırılmış və belə qənaətə gəlinmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə müvafiq qaydada hərəkət etmiş və bununla bağlı da qanun pozuntusuna yol verməmişdir.

51. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən müəssisədə iş təklif edilməməsini, onun başqa işlə təmin edilməsinin mümkünlüyünün nəzərə alınmamasını mübahisələndirmişdir.

52. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, cavabdehin ixtisar nəticəsində əmək müqaviləsinə xitam verilməli olan işçinin başqa işlə mütləq təmin etməli olması barədə vəzifəsi olmasa da, işəgötürən kimi cavabdeh iddiaçıya Salyan rayonunda daha yüksək ixtisas dərəcəsi və əmək haqqısı olan iş təklif etmişdir. İddiaçı yeni təklif olunan işin öz rayonunda deyil, qonşu rayonda olduğunu bildirərək təklifi qəbul etməkdən imtina etmişdir.

53. Apellyatorun digər bir dəlili işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilməsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığının qanunamüvafiq formada, yəni təşkilatın ümumi yığıncağında verilməməsidir.

54. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsində həmkarlar ittifaqının “razılıq” verməsi imperativ tələb kimi qoyulsa da, həmin razılığın hansı formada verilməli olması birbaşa göstərməmişdir. Həmkarlar ittifaqı kollegial təşkilat olduğu üçün onun adından verilən qərarlar da kollegial qəbul edilmiş qərar olmalıdır. Mülki iş materiallarında olan Cavabdeh Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 11 iyun 2025-ci il tarixli qərarından görünür ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

55. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

56. İddiaçı apellyasiya şikayətində ixtisar həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını bildirsə də, bununla bağlı Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən 78-ci maddənin 1-ci hissəsinin pozuntusu da məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

57. Eyni zamanda işin hallarından da müəyyən olur ki, iddiaçının işlədiyi Saatlı rayonu üzrə Qəza-dispetçer xidmətinin ştatları ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Çünki, ştat ixtisar edilərkən həmin ştat artıq mövcud olmur və mövcud olmayan ştat üzrə hər hansı işçiyə üstünlük verilməsi də mümkün olmur.

58. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli razılaşmaya əsasən iddiaçı işəgötürən tərəfindən işçiyə orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə razılığa gəlmişdir və iddiaçının məhkəmə kollegiyasının iclasında izahatından da müəyyən olduğu kimi, orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətini almış və xərcləmişdir.

59. Həmin razılaşmanın digər şərtinə əsasən, işçi SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcə də SOCAR-ın iştirak etdiyi Birgə Müəssisələrdə, Əməliyyat Şirkətlərində işə bərpa olunma (işə qəbul edilmə) barədə hər hansı iddia və tələblər irəli sürməməyə razlaşsa da, hazırkı iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir.

60. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də riayət edilməsi məhkəmədə müvafiq sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmişdir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.

64. Beləliklə, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz.

65. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-7633/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar