Məhkəmə qərarları › İş №2(3-6)-383/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-383/2026

23.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-383/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət X1rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi cəlb edilməklə) “işçiyə töhmət verilməsi haqqında əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3550/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Azərbaycan Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kolleci X10 rəsm müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cari ilin aprel ayının 24-də cavabdeh tərəfindən iddiaçıya “töhmət” intizam tənbehi verilmişdir. İddiaçıya töhmət verilməsi barədə əmrdən müəyyən edilir ki, iddiaçıya 3 fakta görə töhmət (36/K saylı xx.xx.2025-ci il tarixli əmrlə) verilmişdir: 1. Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X3 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə; 2. dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktına; 3. xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparmışdır. Hazırda iddiaçı qeyd edilən töhməti mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət X1rşı “töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli İncəsənət Kollecinin rəhbərliyinin onunla xx.xx.2018-ci il tarixində bağladığı əmək müqaviləsinin 5 il 1 gün olduğu faktına istinadən müddətsiz hesab edilməsini, xx.xx.2025-ci il tarixli 36/K saylı ona verilən töhmət əmrinin 1 aydan çox müddət keçməsinə görə və bununla qanun pozuntusuna yol verdiyinə əsaslanaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddənin 2-ci bəndi ilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində müəllim vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək Məcəlləsini rəhbər tutaraq, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək onunla 5 il 1 gün müddətinə kollecin rəhbərliyi tərəfindən əmək müqaviləsi tərtib olunaraq bağlanıb. İncəsənət Kollecində çalışdığı 7 il ərzində nizam-intizam qaydalarını bir dəfə də olsun pozmamışdır. Onunla 5 il 1 gün müddətinə bağlanılan əmək müqaviləsi qanunlara istinadən əslində xx.xx.2023-cü il tarixinədək bağlanmalı idi. Lakin heç bir hüquqi əsası olmayan, düzgün hesablama aparmadan, yanlış (xx.xx.2023-cü il) tarixə aid rəqəmlərin düzümü anlayışı ilə İncəsənət Kollecinin rəhbərliyi tərəfindən QR kodla müqaviləni təsdiqləyib. Burada Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi ilə “5 ildən çox müddətə bağlanan əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir” baxımından qanuni, hüquqi yerini almalıdır. Çünki düzgün təyin olunmamış tarix öz əhəmiyyətini itirir, bir gün artıq olması ilə müddətsiz əmək müqaviləsinə şamil edilir. Səlahiyyət sahibi olan kollecin rəhbərliyi xx.xx.2025-ci il tarixində müəllim rəfiqəsi X5 ilə kollecin dəhlizində 2-3 dəqiqə görüşüb hal-əhval davranışı ilə bir-biriləri görüşdükləri zaman, kollecin divarında asılan müşahidə kamerası vasitəsilə onları izləyən direktor belə nəticəyə gəlib ki, guya o, “xx.xx.2025ci il tarixində müəllim X3 müəssisədaxili nizam-intizam qaydalarını pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi “faktına əsasən”, habelə xx.xx.2025-ci il tarixində hələ dərs aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparmışdır” bu kimi halları bəhanə edərək xx.xx.2025-ci il tarixində 36/K saylı əmri ilə ona töhmət verilmişdir. Həmin əmri kargüzarlıq və arxiv işini kobud pozan kollecin kadrlar şöbəsinin rəhbəri, heç bir imza və möhürlə təsdiqlənməyən xx.xx.2025-ci il tarixli 36/K əmrinin kserosurətini ona təqdim etmişdir. Bunları əsas hallar olaraq gündəmə qoyan kollecin rəhbərliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin (1999-cu il tarlixli 618-İQ nömrəli) 187-ci maddəsinin 2-ci bəndini pozub. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunu aşkar etdiyi gündən 1 ay keçənədək verilə bilər. Burada isə hər 3 "fakt" hadisələrindən 1 aydan çox müddət keçməsi göz qabağındadır. 1.Ona töhmət verilməsini ləğv etməyi yazılı surətdə kollecin direktorundan xahiş etmiş, kollecin direktorunun yazılı surətdə ona ünvanladığı cavabda özünün haqlı olduğunu bildirmişdir. Lakin heç bir cavab almamışdır. 2. O, Azərbaycan Rəssamlar Akademiyasının Həmkarlar İttifaqının sədrinə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir ki, məsələni araşdırsın və ona cavab versin. Lakin heç bir cavab almamışdır. 3. Kollecin direktoruna xx.xx.2025ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının maddəsinə istinadən kollecin dərs cədvəlini imza və möhürlə təsdiq edilmiş qaydada ünvanlamasını xahiş etmiş, lakin cavab gəlməmişdir. 4. O, İncəsənət Kollecinin Kadrlar şöbəsinin rəhbərinə xx.xx.2025-ci il tarixli müraciət ünvanlamışdır ki, kollecin rəhbərinin imzası və möhürü ilə təsdiqlənən 36/K saylı əmrini ona ünvanlasın. Lakin cavab verilməmişdir. 5. O, təkrar xx.xx.2025-ci il tarixində ikinci müraciəti kollecin direktoruna ünvanlamışdır ki, dərs cədvəlinin imza və möhür ilə təsdiqlənmiş surətinin ona təqdim etsin. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Tamerlan Zeynalov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələblərinin həcmini xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı hissədə azaldaraq, qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3550/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı töhmət verilməsinə dair 36/K saylı xx.xx.2025-ci il tarixli əmrinin qismən, yəni “Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X3 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə) vaxt keçirməsi faktı” ilə bağlı hissədə ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etirazın məzmunundan və həmçinin etiraza əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, töhmətin birinci hissəsi ilə bağlı qeyd olunan fakt (Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixində müəllim X3 müəssisədaxili nizam-intizam qaydalarının pozmasına təşviq etdiyinə görə, bundan başqa dərs zamanı kitabxanada uzun müddət (42 dəqiqə vaxt keçirməsi faktı) cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə aktlaşdırılmışdır. Lakin həmin faktla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixdə töhmət qismində inzibati tənbeh verərkən cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin intizam tənbehinin verilməsi ilə bağlı nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, həmin maddənin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi, cavabdeh həmin maddənin tələbini pozmuşdur və 1 ay keçdikdən sonra iddiaçıya həmin faktla bağlı töhmət vermişdir. Üçüncü faktla (iddiaçının xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparması) bağlı isə məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, qeyd edilən pozuntuya iddiaçı tərəfindən həqiqətən yol verilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmişdir. Həmçinin iddiaçı özü də həmin faktla bağlı cavabdehə verdiyi izahatında da qeyd edilən pozuntuya yol verdiyini etiraf etmişdir. Odur ki, cavabdeh tərəfindən qeyd edilən faktla bağlı iddiaçıya töhmət verilməsi əsassız olmamış, həmçinin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən ona verilmiş töhmətin birinci və ikinci hissələri ilə bağlı inzibati tənbehin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən, həmin hissədə iddia təmin edilməli və töhmət həmin hissədə ləğv edilməli, qalan hissədə isə iddiaçı tərəfindən qeyd edilən töhmətin əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından, bunun əksinə həmin hissədə töhmətin əsaslı olmasına dair cavabdehin dəlilləri öz təsdiqini tapdığından, həmin hissədə iddia təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin rəhbərliyi onun 3 məsuliyyətə aid xx.xx.2025-ci il tarixində 36/K əmri ilə 1 töhmət verilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 3 məsuliyyət töhmətindən ikisini müddət baxımından ləğv etdiyini 28 oktyabr 2025-ci il tarixli qətnamədə qismən təmin etmişdir. İntizam tənbehi sayılan üçüncü töhmət qüvvədə qalır. Həmin 3-cü intizam tənbehi-töhmətə aid Novruz bayramı zamanı jurnalda düzəliş edərək, səhv etdiyini etiraf etmiş və bir daha təkrarlamayacağını izahatında bildirmişdir. Dərsinin olmayan günü, xx.xx.2025-ci il tarixində kollecin dəhlizində müəllim-həmkarı Məmmədova Tellərlə 2-3 dəqiqə görüşməyinə və müşahidə kamerasının görüntüsü ilə rəfiqəsi olan müəllimi “nizamintizam qaydalarını pozulmasına təşviq etməyi” absurd vəziyyəti əks etdirir. Kollec direktorunun xx.xx.2025-ci il tarixində yazdığı izahatında “Mən İddiaçı, Tellər xanıma sadəcə olaraq demişdim ki, öz haqlarını müdafiə etmək hər bir vətəndaşın borcudur”. Kollec rəhbərliyi heç bir əmr (sərəncam) vermədən, onun cari ilin sentyabrına aid bir aylıq əmək haqqını azaldaraq, bir hissəsini maaşından tutaraq hesabına kəsirlə köçürüb. Bu vəziyyət cərimə tətbiq edilməsinə bənzəyir. Məsuliyyətə aid intizam tənbehi olan töhmətin qətnamədə qüvvədə qalması və bununla bahəm ona bildirmədən bir aylıq maaşından pul tutularaq cəriməyə yönəlməsi artıq kobud qanun pozuntusudur. Qanunvericilikdə intizam tənbehinin bir bəndini tətbiq etmək olar. İntizam tənbehinin 2 (iki) bəndinin tətbiq edilməsi qanuna ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İncəsənət Kollecinin rəhbərliyinin 24 aprel 2025-ci il tarixli 36/K əmrinə aid intizam tənbehi-töhməti qismən qüvvədə saxlayaraq, tarixəmüddətə əhəmiyyət verməyərək, 28 oktyabr 2025-ci il qətnamənin verdiyi tarixdən artıq 6 ay 4 gün keçmiş olmasını açıq-aydın nəzərə çarpdığını görmür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunan 24 aprel 2025-ci il tarixli 36/K əmrində və dərs cədvəlini onun 06 mart 2025-ci il tarixinə aid həftənin cümə axşamı 4-cü günü işdə olmuş, lakin boş günü olduğu üçün dərsi olmayıb. Bu sübutları məhkəmə əsas götürmədən, çıxardığı qətnamədə əks etdirmədi. Məhkəmə yalnız baş verən halların kollec rəhbərliyinin verdiyi əmrlə müddət baxımından ötürülməsinə istinad edərək qətnamə çıxarıb. Onda bəs nə üçün məhkəmə çıxardığı qətnamədə kollecin rəhbərliyinin verdiyi əmrlə müddət baxımından 6 ay 4 gün keçdiyinə əhəmiyyət verməmişdir?. Həmçinin cari ilin sentyabr ayında maaşından tutulan pul məbləğinin miqdarını müəyyən etmək üçün “Kapital Bank”a müraciət etmiş və hesabına kəsirlə pulun köçürülməsinə dair çıxarış əldə etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri göstərilmişdir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; və. s. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya 3 fakta görə töhmət (36/K saylı xx.xx.2025-ci il tarixli əmrlə) verilsə də, hazırda məhkəmənin əmrin qismən – birinci və ikinci hissələrində ləğv edilməsi barədə nəticəsini tərəflər mübahisələndirmir, lakin iddiaçı iddia tələbinin təmin edilməyən hissəsini, sözügedən əmrin 3-cü hissəsi üzrə verilən töhmətinin qanuniliyinə məhkəmə tərəfindən verilən hüquqi qiyməti mübahisələndirir və bunu Novruz bayramı zamanı jurnalda düzəliş edərək, səhv etdiyini etiraf etmiş və bir daha təkrarlamayacağını izahatında bildirməsi, qanunvericilikdə intizam tənbehinin bir bəndini tətbiq edilməsini, 2 (iki) bəndinin tətbiq edilməsinin qanuna zidd olmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İncəsənət Kollecinin rəhbərliyinin 24 aprel 2025-ci il tarixli 36/K əmrinə aid intizam tənbehi-töhməti qismən qüvvədə saxlayaraq, tarixə-müddətə əhəmiyyət verməyərək, 28 oktyabr 2025-ci il qətnamənin verdiyi tarixdən artıq 6 ay 4 gün keçmiş olmasına qiymət verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı iş materialları ilə müəyyən edilir ki, qeyd edilən pozuntuya iddiaçı tərəfindən həqiqətən yol verilmişdir. Bu barədə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmişdir. Həmçinin iddiaçı özü də həmin faktla bağlı cavabdehə verdiyi izahatında da qeyd edilən pozuntuya yol verdiyini etiraf etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixində hələ tədris aparmadığına baxmayaraq xx.xx.2025-ci il tarixinədək tələbələrin dərsdə iştirak etməsi barədə qeydiyyat aparması ilə bağlı fakt barədə xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə töhmət qismində inzibati tənbeh verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Yəni, pozuntunun aşkar edildiyi müddətdən 1 ay keçməmiş inzibati tənbehi verilmişdir. Belə olan halda kollegiya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İncəsənət Kollecinin rəhbərliyinin 24 aprel 2025-ci il tarixli 36/K əmrinə aid intizam tənbehi-töhməti qismən qüvvədə saxlayarkən töhmətin qətnamənin verdiyi tarixdən artıq 6 ay 4 gün keçmiş olmasına dair apellyasiya şikayətinin dəlilini əsassız sayır. Bundan başqa iddiaçının qanunvericilikdə intizam tənbehinin iki bəndinin deyil,1 bəndinin tətbiq edilməsinə dair dəlili ilə əlaqədar qeyd edir ki, Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c)kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilməmişdir. Başqa sözlə, müəyyən edilmiş bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilmişdir. Həmçinin kollegiya apellyasiya şikayətinin bununla bağlı dəlili üzrə qeyd edir ki, mübhisələndirilən töhmət üzrə iddiaçının aylıq maaşından pul tutulmaları əmrdə qeyd edilməmiş və belə halın olmamasını apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı özü də təsdiq etmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən faktla bağlı iddiaçıya töhmət verilməsi əsassız olmamış, həmçinin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3550/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar