Məhkəmə qərarları › İş №2(3-6)-395/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-395/2026

03.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-395/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdeh “AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində icra etdiyi kran maşinisti vəzifəsinin (stasionar olması və iddiaçının imzaladığı vəzifə təlimatı üzrə) “güzəştli şərtlərlə yaşayışa görə əmək pensiya hüququ” nun müəyyən edilməsinə dair vəzifə hesab edilməklə güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına dair müvafiq arayışın (xx.xx.2013-cü il tarixdən işlədiyi hazırki müddətə qədər olan dövrlər nəzərə alınmaqla) verilməsinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2013-cü il tarixindən etibarən onun iş stajının zərərli olmasını, eyni zamanda işlədiyi dövrlər üzrə güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına dair müvafiq arayışın verilməsinin "AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsi, güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına dair müvafiq arayışın verilməsindən imtina edən “AZNEFT” İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinin səlahiyyətli şəxsi barəsində "xüsusi qərardad” qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı cavabdeh “AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinə qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, “AZNEFT” İstehsal Birliyinə qarşı) xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçı cavabdeh “AZ NEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsində xx.xx.2013-cü il tarixindən başlayaraq icra etdiyi “ kran maşınisti “ peşəsi üzrə icra etdiyi işin zərərli iş hesab edilərək, “ kran maşınisti “ peşəsi üzrə işlədiyi bütün dövrlərə dair güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına arayışının verilməsinin cavabdeh "AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini, güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına dair müvafiq arayışın verilməsindən imtina edən “AZNEFT” İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinin səlahiyyətli “şəxsi barəsində "xüsusi qərardad” qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı cavabdeh “AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsi, SOCAR-a, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək, iddiaçının “cavabdeh “AZNEFT” İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində icra etdiyi kran maşinisti vəzifəsinin ( stasionar olması və iddiaçının imzaladığı vəzifə təlimatı üzrə) “güzəştli şərtlərlə yaşayışa görə əmək pensiya hüququ” nun müəyyən edilməsinə dair vəzifə hesab edilməklə güzəştli şərtlərlə pensiya hüququnun tanınmasına dair müvafiq arayışının (xx.xx.2013-cü il tarixdən işlədiyi hazırki müddətə qədər olan dövrlər nəzərə alınmaqla) verilməsini cavabdeh SOCAR ( Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti)-nin cavabdeh “AZNEFT” İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsi vasitəsilə) həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Pirallahı Rayon Məhkəməsinin 2(094)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır

6. Həmin qərardaddan iddiaçının verdiyi şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Hazırkı iş üzrə icraata xitam verən rayon məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçıya aidiyyəti üzrə inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmalıdır.

11. Məhkəmə rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, rayon məhkəməsinin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün istinad etdiyi hal, yəni iddiaçının hazırkı tələbinə inzibati məhkəmədə baxılmalı olması barədə qənaəti əsaslı olmamışdır.

12. Belə ki, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2026-cı il tarixli mülahizəsində qeyd olunmuşdur: İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, Merkəzi Filial təərfindən 3-17- 1/2-8-260479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla vətəndaşa cavab verilərək güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla biləcəyi bildirilmişdir. Belə ki, iddiaçi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1 ci yanmbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

1. şəxsiyyət vəsiqəsinin surəti;

2. ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.);

3. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış:

4. pensiya təyin edilməsi ilə bağlı ərizə. Hazırkı iş üzrə bildirmək istərdik ki, iddiaçının işlədiyi müəssisə tərəfindən iddiaçının yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair müvafiq arayışı Mərkəzi Filiala təqdim olunduğu təqdirdə iddiaçının müraciətinə baxıla bilər.

13. Əmək Məcəlləsinin 9-cu maddəsinin “n” və “o” bəndələrinə görə, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin əsas hüquqlarındandır.

14. Həmin Məcəllənin 88.1-ci maddaəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə borcludur.

15. Göründüyü kimi iddiaçıya müvafiq arayış onun işəgötürəni olmuş - cavabdeh “AZNEFT" İstehsal Birliyinin 1 X1 Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilməlidir.

16. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırkı tələbi əmək münasibətlərindən irəli gələn və əmək qanunvericiliyi ilə tənzimlənən məsələ olmaqla, eləcə də tələbin yönəldiyi cavabdehin də inzibati orqan və ya belə funksiyanı yerinə yetirmək səlahiyyəti olmayan, adi kommersiya hüquqi şəxsi olduğundan, hazırkı mübahisəyə məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

17. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının hazırda cavabdehdən tələb etdiyi arayışın ona hansı məqsədlər üçün lazım olmasının mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün heç bir hüquqi əhəmiyyəti yoxdur.

18. MPM-in 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

19. Məhkəmə hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olduğu halda, rayon məhkəməsi işə üzrə icraata qeyd edilən əsasla xitam verməkdə haqlı olmamış, prosessual qanunun tələblərini pozmuşdur.

20. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

22. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-292/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş materialları iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar