Məhkəmə qərarları › İş №2(3-6)-407/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-407/2026

13.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-407/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi HYPERLINK "https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3818085" Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Cavabdeh MMC-nin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməsi və etibarsız sayılması, onun əvvəlki vəzifəsinə Cavabdeh MMC-nin ** saylı Poçt Filialında əməliyyatçı vəzifəsinə bərpa edilməsi, işsiz qaldığı dövr üçün orta əmək haqqının tutulub ona verilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehlə barışıq sazişi bağlandığını bildirməklə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, mübahisəyə dair iddiaçı tərəflə razılığa gəlinmiş və bu barədə barışıq sazişi də bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə Kollegiyası izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə Kollegiyası göstərilən nəticəyə gələrkən qeyd etməyi də zəruri sayır ki, sazişin 4.1 bəndinə “Sazişdə ayrı müddət müəyyən edilməyibsə, öhdəliklər yekun məhkəmə aktı elektron məhkəmə kabinetinə yükləndiyi gündən 15 (on beş) iş günü müddətində könüllü şəkildə icra olunmalıdır” göstərilsə də, hazırki qərardad elektron məhkəmə kabinetinə yükləndiyi gündən tərəflərin ondan 10 gün müddətinə kassasiya şikayətinin verilməsi müddətinin olması də nəzərə alınmalıdır. Başqa sölə, barışıq sazişinin icrası qərardadın elektron məhkəmə kabinetinə yükləndiyi gündən qanuni qüvvəsini alınması gözlənilmədən də icra edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bir tərəfdən, Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı (Şəxsiyyət vəsiqəsi: AA4029498; FİN: *******, Doğum tarixi ##.##.1988: Ünvan: Bakı şəh., Nərimanov ray, Ağa Nemətulla küç 23, mənzil 152 Telefon: 055-551-00-93) (bundan sonra - "Birinci tərəf"). Digər tərəfdən Cavabdeh MMC (VOEN: **********; Hüquqi ünvan Bakı şah, Səbail ray Ü.Hacıbəyov küçəsi 72), etibarnamə əsasında çıxış edən nümayəndəsi Vəkil şəxsində (bundan sonra "İkinci tərəf") Bundan sonra ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılmaqla, aşağıdakılar barədə razılığa gəldilər:

1. Sazişin predmeti: 1.1. Tərəflər razılaşırlar ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)- ***/**** saylı mülki iş üzrə mübahisəni öz aralarında qarşılıqlı razılıq əsasında həll edirlər. 1.2. Mübahisənin predmeti ikinci tərəfin *-**-***/*-*-****/**** nömrəli, ##.##.2024-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrində dəyişiklik edilməsindən ibarətdir.

2. Tərəflərin öhdəlikləri 2.1. İkinci tərəf aşağıdakıları öz öhdəsinə götürür: 2.1.1. *-**-***/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli əmrdə düzəliş edərək, Birinci tərəfin işdən azad olunması əsasını "İşçinin öz yazılı xahişi ilə" (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) kimi dəyişdirmək; 2.1.2. Yekun məhkəmə aktı "Elektron Məhkəmə" kabinetinə yükləndikdən sonra 15 (on beş) iş günü müddətində ƏMAS alt sistemində müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti orqana (X3 Xidmətinə) müraciət edilməsini təmin etmək; 2.1.3. DƏMX tərəfindən ƏMAS sistemində işçinin işdən azad olunması əsasının dəyişdirilməsinin icra müddəti ilə bağlı İkinci tərəf heç bir məsuliyyət və öhdəlik daşımır; 2.2. Birinci tərəf aşağıdakıları öz öhdəsinə götürür: 2.2.1. İşdən çıxmağı ilə bağlı müvafiq ərizə təqdim etmək; 2.2.2. İşə bərpa daxil olmaqla, məhkəmədə mübahisələndirilən digər məsələlərlə bağlı İkinci tərəfə qarşı hər hansı bir iddiasının, kompensasiya tələbinin və s. olmadığını təsdiq etmək. (Bu cür iddia və tələblərin gələcəkdə də irəli sürülməsi istisna edilir.)

3. Ümumi müddəalar və hüquqi nəticələr 3.1. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir. Mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız bu Sazişin şərtləri etibarlıdır. 3.2. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə şamil edilmir. 3.3. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.4. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.5. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil hüquqşünas və ya digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır və bu hüquqdan istifadə imkanına malikdirlər. 3.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin işgüzar nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

4. İcra, məsuliyyət və mübahisələrin həlli 4.1 Sazişdə ayrı müddət müəyyən edilməyibsə, öhdəliklər yekun məhkəmə aktı "Elektron Məhkəmə”nin kabinetinə yükləndiyi gündən 15 (on beş) iş günü müddətində könüllü şəkildə icra olunmalıdır; 4.2. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına, o cümlədən könullu icradan boyun qaçırmağa görə (əldən çıxmış fayda istisna olmaqla) qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 4.3. Sazişin könüllü icrasından imtina olunduqda, maraqlı Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 4.4 Sazişin məcburi icrası ilə əlaqədar məhkəməyə muraciət edən Tərəfin çəkdiyı müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

5. Məxfilik 5.1. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə və barışıq sazişinin təsdiqi/icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri Sazişin konfidensiallığını qorumaq öhdəliyini öz üzərinə götürür. 5.2. Tərəflərin onlara məlum olan məlumatları məhkəmə, arbitraj, mediasiya proseslərində və ya digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (məlumatı verən tərəfin yazılı razılığı istisna olmaqla) və bu məlumatlarla bağlı şahid qismində iştirak edə bilməzlər. 5.3. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 5.3.1. Bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, 5.3.2. Bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə və qurumlara; 5.3.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, 5.3.4. Yaxın qohumlara (yalnız qarşı tərəfin yazılı icazəsi ilə). 5.4. Tərəflər arasında digər razılaşma yoxdursa, mübahisə ilə bağlı "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi və ya oxşar ümumi şərh vermək, habelə ictimaiyyətə zətən açıq olan məlumatı səsləndirmək məxfiliyin pozulması hesab edilmir. 5.5. Məxfilik qaydalarının pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur

6. Fors-major 6.1. Tərəflər öhdəliklərinin tam və ya qismən icra edilməməsinə görə o vaxt məsuliyyətdən azad olunurlar ki, bu icra etməmə Saziş bağlandıqdan sonra yaranmış, iradədən asılı olmayan, əvvəlcədən görülməsi və qarşısının alınması mümkün olmayan qarşısıalınmaz qüvvənin (forsmajor) təsirindən əmələ gəlmiş olsun. 6.2. Fors-major hallarına daşqın, zəlzələ, yanğın, yer sürüşməsi, təbii fəlakətlər epidemiya və pandemiyalar, müharibə, kütləvi iğtişaşlar, qanunvericilikdəki dəyişikliklər və dövlət orqanlarının icranı qeyri-mümkün edən aktları aiddir. 6.3. Fors-major hallarının təsirinə mərüz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. Vaxtında xəbərdar etməyən Tərəf bu hallara istinad etmək hüququnu itirir və ümumi əsaslarla məsuliyyət daşıyır. 6.4. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. İcra yalnız bu halların davam etdiyi müddətdə dayandırılır.

7. Yekun Müddəalar 7.1. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədə qalır. 7.2. Tərəflərin birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik və ya əlavələr edilə bilməz 7.3 Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə, digər müddəalar öz hüquqi qüvvəsini saxlayır 7.4. Bu Saziş Azərbaycan dilində, bərabər hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilmişdir. Nüsxələrin 1-i (biri) Birinci tərəfdə, 1-i (biri) İkinci tərəfdə saxlanılır, digər nüsxələr isə aidiyyəti uzrə Bakı Apellyasiya Məhkəməsinə və X3 Xidmətinə təqdim edilir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar