Məhkəmə qərarları › İş №2(3-6)-42/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-42/2026

17.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-42/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və komissiyanın nəticəsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi və komissiyanın nəticəsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)-5327/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 15 sentyabr 2005-ci il tarixində Bakı şəhəri, K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbi fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş, 01 aprel 2025-ci il tarixli, 47 nömrəli əmrə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, əmək müqaviləsinə xitam verilmişdir.

2. xx.xx.2025-ci il tarixli Attestasiya vərəqəsinə əsasən attestasiyadan keçən K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müəllimi İddiaçı öz ərizəsi və istəyi ilə növbədənkənar imtahanda iştirak etdiyini, lakin ona verilən suallar və onun verdiyi cavablar üzrə tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.

3. Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 02 nömrəli qərarına əsasən Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi, qərarın bir həftə ərzində Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna təqdim edilməsi, qərarın icrasına nəzarətin attestasiya komissiyasının üzvü Elnarə Əmirovaya həvalə edilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbini işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 1 nömrəli protokola əsasən Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Təranə Abdullayeva, Sevda Behbutova,Günel Tağıyeva, Səriyyə İsayeva, Lalə Mehtiyeva,Zülfiyyə Quliyeva, Ülviyyə Mahmudova, Günay İbrahimova, Mehriban İbrahimova, Gülnarə İmanova, Kəmalə Nuriyevan və İlahə Qafarovanın tutduqları vəzifəyə uyğun hesab edildiyi, Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Dilşad Əliyeva, İddiaçı, Həmidə Babazadə, Kəmalə Babayeva, Dilarə Fətəliyevanın tutduqları vəzifələrə uyğun hesab edilmədiyi qərara alınmışdır.

5. İddiaçı tərəfindən K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə əsasən xx.xx.2025-ci il tarixindən şəxsi ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

6. K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 45 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən çıxarışa əsasən fortepiano ixtisası üzrə müəllimi, xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilib, əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət müddətinin bərpa edilməsini, əmək hüquqlarının və işə bərpasının təmin edilməsini, işsiz qaldığı müddət üçün orta aylıq əmək haqqının hesablanıb ödənilməsini, Attestasiya Komissiyasının nəticəsinin ləğv edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən etibarən Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə nümunəvi pedaqoji fəaliyyət göstərmiş, həmkarlarının, şagirdlərin və valideynlərin hörmətini qazanmışdır. 04 mart 2025-ci il tarixində keçirilmiş attestasiya imtahanında iştirak etmişdir. Həmin attestasiya prosesi zaman komissiya tərkibi qanunvericilikdə nəzərdə tutulmuş saydan artıq şəxsdən ibarət olmuş, soruşulmuş sualları düşünməyə imkan vermədən, yeni suallar verilmiş. komissiya üzvləri tərəfindən ona psixoloji təzyiq göstərilmiş, imtahan kağızında cavab verdiyi halda “1 suala bilmədi” yazılmış, 1 sual isə ümumiyyətlə ona tanış olmamış, nəticədə onun bilik və bacarıqları obyektiv qiymətləndirilməmişdir. Həmin gün yalnız məktəbdən 34 nəfərin 18 nəfəri, ümumilikdə isə Bakı və Abşeron üzrə təxminən 600 nəfər pedaqoji işçi işdən azad edilmişdir. Attestasiya nəticələrinə əsasən 01 aprel 2025-ci il tarixində Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi üzrə əmək müqaviləmə xitam veriləcəyi söylənmişdir. Seçim təklifi olaraq müdiriyyət tərəfindən öz ərizəsi ilə də işdən azad ola biləcəyi bildirilmişdir. Bu təklif ona daha uyğun olduğu üçün seçim qarşısında qalıb öz ərizəsi əsasında işdən azad olmuşdur. Bu ərizəni könüllü deyil, zərurətdən yazmışdır. Məhkəməyə müraciətinin gecikməsinin səbəbləri isə işdən azad edilmə ilə bağlı həm fərdi, həm də qrupla birgə Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentə, Ombudsmana, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisin sədrinə müraciətlər ünvanlamış və müraciət etdiyi qurumlardan müsbət cavab almaq ümidi ilə gözləmişdir. Həmçinin, sonradan kursa cəlb edildikləri üçün imtahanda iştirak edəcəklərinə söz verildiyi halda, indi Mədəniyyət Nazirliyi tərəfindən 1 (bir) lehinə, 4 (dörd) əleyhinə nəticə olanların imtahanda iştirak etməyəcəyi bildirilir. Buna görə də, o, həmin müraciət müddətini ötürmüşdür.

9. Cavabdeh Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu əşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 130-cu maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci tarixli, e-2(004)- 5327/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

12. Qətnamənin əsaslarına görə, İddiaçı xx.xx.2005-ci il tarixdə K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş, xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı 2025-ci il 04 mart tarixində keçirilmiş attestasiya imtahanında onun bilik və bacarıqlarının obyektiv qiymətləndirilmədiyini, attestasiya nəticələrinə əsasən 01 aprel 2025-ci il tarixində Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi üzrə əmək müqaviləsinə xitam veriləcəyi söyləndiyini, seçim təklifi olaraq müdiriyyət tərəfindən öz ərizəsi ilə də işdən azad ola biləcəyi bildirildiyini, bu təklif ona daha uyğun olduğu üçün seçim qarşısında qalıb öz ərizəsi əsasında işdən azad olunduğunu, ərizəni könüllü deyil, zəruri yazılmış ərizə kimi qiymətləndirilməsini xahiş edərək, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə, mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehlər Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmiş və X3 iştirak edilməməsi barədə arayış təqdim olunmuş, xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Məhkəmə araşdırması zamanı İddiaçı öz istəyi ilə tutduğu vəzifədən azad edilməsi haqqında ərizəni könüllü şəkildə yazdığı, iddiaçının həqiqi və azad iradəsini ifadə etdiyi müəyyən olunmuş, həmçinin cavabdehlər tərəfindən iddiaçıya zor işlədilməsi və ya hədə-qorxu gəlinməsi yaxud işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməsi halları aşkar olunmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 68, 69, 83, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə, “Mediasiya” haqqında Azərbaycan Respublikasının Qanununun 21, 32, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə əsasən, birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə araşdırmaq əvəzinə, iddia müddəti institutundan süni maneə kimi istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsi birbaşa müəyyən edir ki, iddia müddəti üzrlü səbəblər olduqda bərpa edilməlidir. Məhkəmə qeyd olunan halları bilərəkdən hüquqi qiymətləndirmədən kənarda saxlamışdır: iddiaçı hüquqlarının bərpası məqsədilə Prezident Administrasiyası daxil olmaqla ali dövlət orqanlarına ardıcıl müraciətlər etmişdir; xx.xx.2025-ci il tarixdə cavabdehlərə mediasiya təklifi göndərilmişdir; “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesi iddia müddətinin axımını dayandırmışdır; mediasiya arayışı xx.xx.2025ci il tarixində təqdim edilmiş, iddia ərizəsi isə xx.xx.2025-ci ildə verilmişdir. Bu haların mövcudluğu fonunda iddia müddətinin ötürülməsi barədə nəticə hüquqi pozuntunun və ya qərəzli yanaşmanın açıq göstəricisidir. “Öz ərizəsi ilə işdən azad olunma” anlayışı məhkəmə tərəfindən təhrif edilmişdir Məhkəmənin iddiaçının işdən çıxma ərizəsini könülü hesab etməsi iş materiallarına və hüquqi məntiqə tam ziddir. Əmək müqaviləsinə xitam verilməsi zamanı iradə azadlığı prinsipi (Əmək Məcəlləsi, maddə 69.7) pozulmuşdur Məhkəmə “tərəflərin qarşılıqlı razılığı” və ya “işçinin öz ərizəsi” görüntüsü yaradılmasını əsas götürsə də, əslində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsi pozulmuşdur. Həmin maddəyə əsasən, işəgötürənin işçini ərizə yazmağa məcbur etməsi qadağandır. İşin halları sübut edir ki, ərizə attestasiya komissiyasının qərarından dərhal sonra, Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi (attestasiya nəticəsinə görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi) ilə işdən çıxarılma hədəsi altında alınmışdır. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 333.1-ci maddəsi (hədə-qorxu, aldatma, zorakılıq təsiri altında bağlanmış əqdin etibarsızlığı) kontekstində qiymətləndirilməli və “ərizə” hüquqi qüvvəsi olmayan sənəd hesab edilməli idi. Attestasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına və Əmək Məcəlləsinin 65-ci maddəsinə zidd aparılmışdır Faktiki vəziyyət ondan ibarətdir ki: attestasiya komissiyasının mənfi nəticəsi artıq qəbul edilmiş qərar olmuşdur. İddiaçıya açıq şəkildə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılacaq və ya “öz ərizəsini” yazmalıdır. Bu hal iddiaçını psixoloji və inzibati təzyiq altında seçimə məcbur etmişdir. Bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin birbaşa pozuntusudur. Məhkəmə isə işəgötürənin bu təzyiqi inkar edən heç bir sübut təqdim etmədiyi halda, iddiaçının xeyrinə olan şübhələri nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədirlərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla içşinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin X3 iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Maddə 35.1. mediasiya prosesinin tətbiqi tərəflər arasında mübhisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarı: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

27. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehlər Bakı şəhəri Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmiş və X3 iştirak edilməməsi barədə arayış təqdim olunmuş, xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə əlaqədar nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Mülki mühakimə icraatı qaydasında baxılan digər mübahisələrdən fərqli olaraq əmək mübahisələrində iddia müddəti ötürüldüyü təqdirdə digər xüsusatların araşdırılmasına zərurət qalmır.

29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)- 5327/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2(004)- 5327/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar