Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-436/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3663/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin 02 may 2024-cü il tarixli, 3-22-1-2/3-1-285/2024 saylı əmrinin ləğv edilməsini, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində sürücü işləmiş, işlədiyi müddətdə üzərinə qoyulan vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə həyata keçirmişdir. Rəhbərlərinin öz səlahiyyəti hüdudunda verdikləri göstərişləri yerinə yetirmiş, müəyyən edilmiş qulluq reqlamentinə riayət etmiş, idarə əməkdaşlarının işlərini çətinləşdirən, yaxud idarənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Lazım gəldikdə rəhbərinin göstərişi ilə əlavə iş görmüş və etik davranış qaydalarına əməl etmişdir. Lakin 2020-ci ildə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Naibə Paşayeva onu səbəbsiz işdən azad etmişdir. Bununla bağlı Daşkəsən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə onu işə bərpa etmişdir. Bundan sonra, 2021-ci ildə yeni təyin olunmuş Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov keçmiş rəis Naibə Paşayeva, Azər Tağıyev və onu anası Kifayət Bağırovarın məsləhətləri ilə onu yenidən səbəbsiz işdən azad etmişdir. O da bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdi və məhkəmə onu işə bərpa etmişdir. Lakin idarədən narazı olduqlarına görə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti verdilər. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxladı. Bundan sonra, ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən zəng edərək xx.xx.2022-ci tarixdən Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində işinə davam etməyi bildirdilər. İddiaçı işinə qayıdaraq eyni qaydada işinə davam etmişdir. Lakin idarənin rəisi Arzu Rüstəmov ona münasibətdə əsəbi, qərəzli və kobud davrandı, hətta onun ünvanına nəlayiq ifadələr belə işlətdi. **-AA-*** dövlət qeydiyyat nişanlı “UAZ” markalı və **-JO-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobillər onun üzərindədir. Lakin, həmin avtomobillərdən o, istifadə etmir, Azər Tağıyev adlı işçi idarə edir, yanacaq kartını isə hansı şəxsin istifadə etməsi məlum deyildir. Bu hərəkətlər az imiş kimi xx.xx.2024-cü il tarixdən işçilərin davamiyyət jurnalına imza etməyinə rəis Arzu Rüstəmov qadağa qoydu. Bu məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin "1652" qısa nömrəsinə zəng edərək məlumat verdi. İddiaçı 1999-cu il tarixdə Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müdir sürücüsü olaraq işə düzələndə həmin zaman rəis Eyvaz Əliyev onun müqaviləsini müddətsiz qeyd edərək bağlamışdır. Lakin, hazırki rəis X5 işə gələndən sonra onu aldadaraq guya avtomobillərin təmiri üçün bir neçə sənədə imza atmağını xahiş etdi, iddiaçı da rəisin sözlərinə inanaraq həmin sənədlərə imza atdı. Sonradan ona məlum oldu ki, onun imza atdığı sənədlər müqavilə idi. Həmçinin, iddiaçı Gəncə İnzibati Məhkəməsinə işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etdi və məhkəmə iddianı mümkün saymamış Daşkəsən Rayon Məhkəməsinə müraciət etməyini bildirilmişdir. İddiaçı İdarədə işləyən zaman yeyintilərə yol vermədiyi üçün rəis Arzu Rüstəmov onunla qərəzli davrandı və onu işdən azad etməyinə nail oldu. Onun düzgün olmağı İdarəyə lazım deyilmiş. İddiaçı bu məsələ ilə bağlı məhkəməyə qədər Mediasiya Şurasının Bakı 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, Mediasiya sessiyası xx.xx.2024-cü il tarixlərə təyin olundu, Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzini etibarnamə üzrə təmsil edən şəxslərlə razılığa gələ bilmədilər. xx.xx.2024-cü il tarixli, 3-22-1-2/2-1-1-10/2024 saylı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən onun ünvanına məktub göndərilmişdir. Məktubda ona məxsus əmək kitabçasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Aparatının Kadr və karguzarlığın təşkili şöbəsindən götürməyi xahiş olunmuşdur. 2024-cü il oktyabr ayının 30-da o, həmin şöbəyə əmək kitabçasını götürmək üçün gəldi, lakin, ona məxsus əmək kitabçasını verməkdən imtina etdilər. İddiaçının ailəsi böyükdür, 7 nəfərdən ibarətdir. Ailəsinin maddi vəziyyəti aşağı səviyyədədir və çətinliklə dolanırlar. Onun gəlir yeri yoxdur. İşsiz qalmağı ailəsinin maddi vəziyyətini daha da ağırlaşdırır. Bundan əlavə, iddiaçının öhdəlikləri vardır, kommunal-təsərrüfat xərclərini belə ödəyə bilmir. Qanunverciliyə əsasən işəgötürən tərəfindən əmək kitabçasını dəfələrlə tələb etsə də, ona əmək kitabçasını vermirlər. Əmək Məcəllənin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı həmin əmrlərin ləğv edilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Lakin, mediasiyada qarşı tərəf iştirak etmədiyindən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Yuxarıda göstərilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-22-1-2/3-1-285/2024 saylı əmiri ləğv edilməli, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir.
3. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi cavabdeh qismində işə baxılmasına cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3663/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə təmin edilməməsi, iş üzrə ödənilmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri ilə iddia müddəti üç il qeyd edilsə də, məhkəmə qətnaməsində əsassız olaraq iddia müddətinin pozulduğunu qeyd etmişdir. Hesab edir ki, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq yanlış qətnamə çıxarmışdır. Belə ki, məhkəmə onun 25 ildən çox eyni vəzifədə işlədiyini, işin daimi xarakter olduğunu nəzərə almamışdır. Qanunvericilik bu halda konkret olaraq əmək müqaviləsinin müddətli bağlanmasını qadağa edir. Lakin, işə baxan hakim müddətli əmək müqaviləsi bağlanan zaman onun razılığının ifadə olunmasını göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun razılığı olsa belə, qanun bu halda müddətli əmək müqavilənin bağlanmasına yol vermir. Məhkəmə əmək münasibətlərinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən daha güclü tərəfi olaraq işəgötürənin sui-istifadə hallarını nərəzə almamış və bu halların qarşısını almamışdır. Bundan başqa, məhkəməni mövqeyi ilə razılaşsaq ki, müddətli əmək müqaviləsi bağlanan zaman onun razılığı ifadə olunmuşdur xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun müddətli müqavilə əsasında işləməyi barədə sənədə aldatma yolu ilə imza etdirmişlər. Lakin, həmin müqavilənin surəti ona verilməmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il Qərarında qeyd olunur ki, “Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə, həmin Məcəllənin 14cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını tam və hərtərəfli araşdırmalıdır”.
8. İddiaçı elektron kabinet vasitəsilə apellyasiya şikayətinə əlavəni və qoşma sənədləri məhkəməyə göndərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya şikayətində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad etmiş və iddia müddətini ötürmədiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, hazırki mübahisə mülki hüquq münasibətlərindən deyil, əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında yaranan əmək münasibətlərindən irəli gəldiyindən həmin maddəyə istinad edilməsi əsassızdır. Bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 17 oktyabr 2024-cü il tarixli, MŞB/1/2024-00453 nömrəli arayışdan göründüyü kimi iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi vaxt artıq əmək qanunvericiliyində müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdü. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və xx.xx.2024-cü il tarixdə sözügedən əmr poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Eyni zamanda, həmin ayda da ona son haqq-hesabın ödənilməsi təmin edilmişdir. İddiaçı may ayında artıq işdən azad olunması barədə məlumatlı idi. Bu baxımdan 1 aylıq müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Əlavə olaraq qeyd edirlər ki, 2024-cü il 30 aprel tarixli bildirişlə, eyni zamanda 2024-cü il 14 noyabr tarixli məktubla iddiaçıdan əmək kitabçasının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən götürülməsi xahiş olunsa da, bu günədək əmək kitabçasını Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən götürməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:
-2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; -3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; -4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. -6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. -7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-1-2/3-1-285/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin Maliyyə və Təsərrüfat şöbəsinin sürücüsü İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək 2024-cü il 02 may tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir.
22. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2034/2022 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Daşkəsən rayon Baytarlıq İdarəsinin sürücü vəzifəsinə bərpa olunması, xx.xx.2021-ci il tarixli 16 nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir.
23. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5954/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Daşkəsən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icra edən, İ dərəcəli ədliyyə qulluqçusu İlkin Bayramovun xx.xx.2023-cü il tarixli, 305986/2022 nömrəli məktubuna verdiyi cavab məktubundan görünür ki, mərkəzin xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.2.2-31-2022.1047 nömrəli əmri ilə İddiaçı Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Maliyyə və təsərrüfat şöbəsinə sürücü vəzifəsinə bərpa olunmuş və 2022-ci il üçün işburaxma müddətinə görə əmək haqqı ödənilmişdir.
25. İş materiallarında olan Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2023cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir.
26. İş materiallarında olan Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Arzu Rüstəmov, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin özəl baytarlarla iş şöbəsinin aparıcı baytar həkimi Tarverdiyev Şirvan, Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin özəl baytarlarla iş şöbəsinin aparıcı mütəxəssisi Nəzakət Həmidzadə, İdarənin komputer operatoru Məhbubə Həsənova, İdarənin ştatdan kənar işçisi Zahid Bəxtiyarov tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə müxtəlif bəhanələr gətirərək gah maşının nasaz olmasını, gah da açarların evdə qalmasını bəhanə gətirərək avtomobili idarə etməkdən imtina etmiş. Ona yazılı şəkildə izahat yazması tapşırılsa da, bundan imtina etmişdir. Daha sonra idarə əməkdaşlarının iştirakı ilə ona bir daha tapşırıq verilmiş, lakin o, bir daha maşının nasaz olduğunu bəhanə gətirmişdir. İdarə rəisi ona maşını usta yanına aparmasını bildirmiş, lakin İddiaçı idarənin mexanikinin olmasını, bu işin onun vəzifəsi olmadığını, onun vəzifəsinin maşını saz halda idarə etmək olduğunu, maşının yerində düzəldilməli olduğunu, maşının istismar müddətini başa vurduğunu bildirmişdir. İdarə rəisi İddiaçı avtomobilin istismara yararlı olduğunu, avtomobili bir yerdə texniki baxışdan keçirdiklərini bildirmişdir. İddiaçı bununla razı olmadığını bildirmiş və yüksək səslə danışaraq idarə rəisini telefonla çəkməyə başlamışdır.
27. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-22-1-2/2-İ-1- 10/2024 saylı bildirişdən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə xx.xx.2024- cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi, ona məxsus əmək kitabçasını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Aparatının Kadr və kargüzarlıq təşkili şöbəsindən götürməsi bildirilmişdir.
28. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-22-1-2/3- 140/2024 saylı bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi səbəbi ilə 02 may 2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verildiyi, tərəfindən əmək kitabçasının götürülməsi xahiş edilmişdir.
29. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-3626/2025 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
30. İş materiallarında olan 2024-cü ilin may ayı üzrə əməkhaqqının hesablanmasına dair cədvəldən görünür ki, İddiaçı yekun alacağı məbləğ 751,34 manatdır.
31. İş materiallarında olan İddiaçı kart məlumatlarından görünür ki, İddiaçı kart hesabına xx.xx.2024-cü il tarixində 352,62 manat, xx.xx.2024-cü il tarixində 751,34 manat mədaxil edilmişdir.
32. İş materiallarında Bakı 1 saylı mediasiya təkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, MŞB/1/2024-00453 saylı Mediasiya Arayışının surətindən görünür ki, İddiaçı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin nümayəndələri X2 və Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş lakin cavabdehin nümayəndələri X2 və Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdirlər.
33. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 1 aylıq iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini xahiş etmişdir.
34. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsində 1999-2024-cü illər ərzində sürücü vəzifəsində işləmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, iddiaçının bank kartı hesabına son haqq-hesab köçürülmüşdür. İddiaçı mübahisənin həlli ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında razılıq əldə edilmədiyi üçün xx.xx.2024-cü il tarixdə prosesin davam etdirilə bilməməsi barədə iddiaçıya mediasiya arayışı təqdim edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.
36. İş materiallarına əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024cü il tarixdən xitam verilmiş və xx.xx.2024-cü il tarixdən o, müvafiq son haqq-hesabını da almışdır. Göründüyü kimi, iddiaçının işdən çıxarılması barədə məlumatı olmuş və işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmək üçün 1 ay vaxtı olmuşdur. Lakin, iddiaçı bu müddət ərzində öz hüquqlarından istifadə etməmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
37. Bundan əlavə, iddiaçı məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə əsaslandırılmış ərizə ilə də müraciət etməmişdir.
38. Beləliklə, hazırki işdə iddiaçı iddia verilməsi üçün iddia müddətini ötürmüş və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin 3 il təşkil etməsi ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası bildirir ki, hazırki mübahisə mülki hüquq münasibətlərindən deyil, əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında yaranan əmək münasibətlərindən irəli gəldiyindən, iddiaçının həmin maddəyə istinad etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Buna görə, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.
40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3663/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov