Məhkəmə qərarları › İş №2(3-6)-455/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-455/2026

06.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-455/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil Abi oğlunun, Cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun iştirakı ilə, İddiaçı Vahidova Zərifə Ağamalı qızının cavabdeh Vahidov İntiqam Ağamalı oğluna qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Vahidova Zərifə Ağamalı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Mübahisəli Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9 ünvanında yerləşən ** nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu , Cavanşir küçəsi, giriş 55 , M5, m1) iddiaçı Vahidova Zərifə Ağamalı qızına məxsusdur. Mübahisəli sahənin kirayəçisi əvvəl 1992-ci ilədək iddiaçının atası olmuşdur. Həmin sahədə iddiaçı və onun qardaşı olan cavabdeh də ailə üzvü kimi yaşamışlar. Daha sonra 1993-cü il tarixdə mənzil Xətai rayonu İcra Hakimiyyəti tərəfindən həmin mənzildə yaşayan Zərifə Vahidovaya (ailə üzvlərinin razılığı ilə) əvəzsiz bağışlanmışdır. Hazırda iddiaçı, cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, ** nömrəli mənzildə (yeni qaydalarla: ünvan 6) istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Vahidova Zərifə Ağamalı qızı cavabdeh Vahidov İntiqam Ağamalı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun Vahidova Zərifə Ağamalı qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, ** nömrəli mənzildə (yeni qaydalarla: ünvan 6) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 (yeni qaydalarla: ünvan 6) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Vahidova Zərifə Ağamalı qızının mülkiyyətindədir. Həmin əmlaka dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixdə çıxarış verilmişdir. Qeyd edir ki, iddiaçı Vahidova Zərifə Ağamalı qızı Bakı şəhəri Xətai rayon məhkəməsinin *(***)-****/** saylı, ##.##.2011-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs müəyyən edilmiş və Xətai rayon İcra Hakimiyyəti Başçısının ##.##.2012-ci il tarixli *** nömrəli sərəncamına əsasən Güllü Vahidova - qızı Vahidova Zərifə Ağamalı qızının qəyyumu təyin edilmişdir. İddia ərizəsində cavabdeh Vahidov İntiqam Ağamalı oğlu Güllü Vahidovanın oğludur. Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlu İntiqam Vahidovun övladları, Gülli Vahidovanın nəvələridir. Vahidov İntiqam Ağamalı oğlu, Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlu fakitiki olaraq Vahidova Zərifə Ağamalı qızının mülkiyyətində olan mənzilində qeydiyyatda olmuş olsalar da onlar həmin mənzildə yaşamırlar. Qeyd edir ki, cavabdeh 1994-cü il tarixdə ailə həyatı qurduqdan sonra, həyat yoldaşı ilə birlikdə hazırki mübahisəli mənzildə yaşamamışdır. Məlumat üçün bildirir ki, Vahidov İntiqam Ağamalı oğlu, Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlu uzun illərdir ki, özlərinə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Ağa Əlizadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Onların qeyd olunan mənzildən istifadə hüquqlarını itirdikləri üçün tərəfindən onları qeydiyyatdan çıxarılması üçün ilk öncə Xətai rayon Polis İdarəsinə müraciət edilmişdir. Xətai RPİ tərəfindən verilmiş imtina məktubu əsasında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Vahidov İntiqam Ağamalı oğlunun onunla birlikdə yaşayan övladları Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlu mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə iddia qismən təmin edilərək Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlunun qeydiyyatdan çıxarılması vəzifəsi Xətai RPİ-nə həvalə edilmiş, iş üzrə cavabdeh Vahidov İntiqam Ağamalı oğluna münasibətdə iddia tələbi rədd edilərək həmin hissədə cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi və ya istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdeh Vahidov İntiqam Ağamalı oğlu 1994-cü il tarixdən ailə həyatı qurduqdan sonra qeyd olunan mənzildən köçərək daimi yaşamaq üçün başqa yerə köçdüyündən onun həmin andan da, mənzildən istifadə hüquqları itirilmişdir. Belə olan halda cavabdehin qeyd olunan mənzildən 1994-cü il tarixdən çıxaraq yaşamaq üçün başqa yerə köçdüyü üçün tələbin hüquqi əsası ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin arasında yaranmış mənzil münasibətləri ##.##.2009-cu ilədək yarandığından hazırki mübahisəyə qüvvədən düşmüş (##.##.2009-cu ilədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. ##.##.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarından görünür ki, cavabdeh İ.Vahidov mübahisəli mənzildə (mənzilin onun atasının sahibliyində olduğu dövrdən etibarən) ailə üzvü olaraq yaşadığından, onun (cavabdeh İntiqam Vahidovun) həmin mənzildən istifadə hüququ yaranmışdır. Mənzilin daha sonra iddiaçıya bağışlanması cavabdehin istifadə hüququnun xətmi ilə nəticələnmir. Belə ki, kirayəçinin (mülkiyyətçinin) dəyişməsi həmin mənzildə istifadə hüququ olan cavabdehin istifadə hüququnun xitamına səbəb olmur. Bundan başqa iddiaçı cavabdehin 1994-cü ildən mənzili tərk edərək köçüb getdiyini və digər yaşayış sahəsi ilə təmin edildiyini qeyd etsə də, buna dair sübutlar iş materialları ilə müəyyən edilmir. Göründüyü kimi, mübahisə olduğu halda, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ müvafiq kompensasiyanın verilməsi yolu ilə xətm edilə bilər. İş materiallarından görünür ki, iddiaçının qanuni nümayəndəsi Vahidova Gülli İslam qızının vəkili-nümayəndəsi Vəkil Abi oğlu öz izahatında göstərmişdir ki, iddiaçı kompensasiyanın verilməsini məqsədəmüvafiq hesab etmir. Bundan savayı, cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxması halları da iş materialları ilə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsi üzərində istifadə hüququ yarandığından və həmin hüququn xitamına dair əsaslar müəyyən edilmədiyindən, iddiaçı Vahidova Zərifə Ağamalı qızının cavabdeh Vahidov İntiqam Ağamalı oğluna qarşı cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun ünvan 5 (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını düzgün şərh etməməklə yanaşı, qətnamə üzrə tətbiq etdiyi maddi hüququ normalarını səhv təfsir etmişdir. Belə ki, cavabdehin qeyd olunan mənzildən 1994-cü il tarixdən çıxaraq yaşamaq üçün başqa yerə köçdükləri üçün tələbin hüquqi əsası ##.##.2009cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına əsasən həll edilməlidir. İşin hallarında aydın görünür ki, cavabdeh 1994-cü il tarixdən bu günədək həmin mənzildə yaşamamışdır. O elə həmin tarixdən ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən çıxaraq yaşamaq üçün öz ailəsi ilə birlikdə başqa yerə köçmüşdür. O ailəsi ilə birlikdə 1994-cü ildən hal-hazıradək Sabunçu rayonu, Pirişağı, Ağa Əlizadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi işə baxan məhkəmə maddi hüquq normalarını səhvən istinad edib, cavabdeh mübahisə olunan mənzildə yaşmadığı halda Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməklə iddia tələbini rədd etmişdir. Cavabdehin qeyd olunan mənzil üzərində 1994-cü il tarixdən qeydiyyatının formal olması səbəbindən iddiaçının mülkiyyət hüquqları pozulmaqda davam edir. Mənzildə qeydiyyatda olan şəxslrin sayına uyğun olaraq iddiaçı hər ay əlavə kommunal ödənişlər ödəyir. Cavabdehin qeyd olunan mənzildə yaşamaması Xətai RiHB-nın *** saylı MKİS-si tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışı ilə bir daha təsdiq olunur ki, cavabdeh Vahidov İntiqam Ağamalı oğlu qeyd olunan mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Bundan əlavə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * saylı evdə onunla qonşuluqda yaşayan şəxslər Almadatov Niyaz İslam oğlu, X24 və *** saylı MKİS-nin nümayəndəsi X17 tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş aktla da təsdiq edilir ki, cavabdeh Vahidov İntiqam Ağamalı oğlu qeyd olunan mənzildə 1994-cü il tarixindən qeydiyyatda olmasına baxmayaraq hal-hazıradək həmin mənzildə yaşamır. Hesab edir ki, cavabdehin mənzildə 1994-cü il tarixdən hal-hazıradək yaşmaması barədə təqdim edilmiş sübutlar mötbər sübut olmaqla yanaşı iddia tələbinin əsaslı olmasını və cavabdehin mübahisəli mənzildən Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən istifadə hüquqlarına xitam verilməsi üçün əsaslıdır. Eyni zamanda dəfələrlə cavabdehin məhkəmədə iştirakının təmin edilməsi üçün tədbir görülməsini məhkəmədən xahiş etmiş olsa da, işə baxan məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat vermədən işə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə qəbul etdiyi qətnamə ilə gəldiyi digər nəticə ondan ibarət olmuşdur ki, Bakı İcra Hakimiyyəti MKTB-dən verilmiş arayışa əsasən mübahisəli mənzil olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * saylı evi Xətai MKTBnin balansında deyil, qeyd olunan ev “xxxx” MTK-nın balansındadır. Halbuki ##.##.2025-ci il tarixində Bakı İcra Hakimiyyəti MKTB-dən alınmış arayışa əsasən qeyd olunan ev Xətai MKTB-nin balansında olmaqla evə *** saylı MKİS-si tərəfindən xidmət göstərilir. Hətta onu da qeyd edir ki, mənzilin Xətai MKTB-nin *** saylı MKİS-nin balansında olması iş materiallarında olan kommunal ödənişlər barədə mədaxil qəbzləri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan mənzilin iddiaçının qanuni nümayəndəsi olaraq onun və iddiaçının vəkili-nümayəndəsi Vəkil Abi oğlunun mübahisə predmeti olan yaşayış sahəsi əvvəllər iddiaçının atasına məxsus olması, daha sonra atası tərəfindən iddiaçıya bağışlanması ilə bağlı qətnamədə göstərdikləri yalnışdır. Ona görə ki, nə o, nə də ki, vəkil bu barədə məhkəməyə izahat verməmişlər. Bundan əlavə işə baxan məhkəmə qanunsuz olaraq gəldiyi əsas nəticələrdən biri mübahisəli mənzildə 1992-ci ilədək iddiaçı Zərifə Vahidovanın atası Ağamalı Vahidov öz ailə üzvləri ilə birlikdə yaşadığını qeyd etmişdir. Daha sonra mənzil Xətai rayonu İcra Hakimiyyəti tərəfindən həmin mənzildə yaşayan Zərifə Vahidovaya (ailə üzvlərinin razılığı ilə) əvəzsiz bağışlanmışdır. Sonuncunun ailə üzvləri sırasında qardaşı da qeyd edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən səhv təfsir edilən Xətai RİHB-sı tərəfindən təsdiq edilmiş ##.##.1993-cü il tarixli mənzilin bağışlanması barədə müqavilədə cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun adı qeyd olunmamışdır. Belə ki, həmin müqavilə bir tərəfdən Bakı şəhəri Xətai RİH-nin nümayəndəsi qismində Əliyev İslamxan Aşir oğlu, digər tərəfdən isə mənzilə həmin dövrdə faktiki sahiblik edib yaşayan iddiaçı Vahidova Zərifə Ağamalı qızının adı qeyd olunmuşdur. Həmin müqavilə ilə mənzil iddiaçıya bağışlanmışdır. Bağışlanma müqaviləsi əsasında mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ##.##.2025-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ 1123, ünvan 6) ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 61,10 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında Vahidova Zərifə Ağamalı qızına məxsusdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Əliyev İslamxan Aşir oğlu ilə Vahidova Zərifə Ağamalı qızı arasında bağlanılmış ##.##.1999-cu il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9 ünvanında yerləşən ** saylı mənzil Vahidova Zərifə Ağamalı qızına bağışlanmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının “Cavanşir küçəsi, * saylı evin ** saylı mənzilinin həmin mənzildə yaşayan vət. Z.A.Vahidovanın şəxsi mülkiyyətinə verilməsi haqqında” ##.##.1993-cü il tarixli sərəncamdan çıxarışdan görünür ki, Cavanşir küçəsi, * saylı evin ** saylı mənzilinin kirayəçisi vətəndaş A.N.Zahidov ##.##.1992-ci ildə pasport qeydiyyatından çıxmışdır. Bu mənzildə onun qızı ailəsi ilə 3 nəfər (özü, bacısı, qardaşı) ailə tərkibi ilə yaşayır. Onun qızı vət. Z.A.Vahidova ərizə ilə müraciət edərək, yaşadığı mənzilin onun şəxsi mülkiyyətinə verilməsini Xətai rayon icra hakimiyyətindən xahiş etmişdir. Həddi buluğa çatmış ailə üzvlərinin razılığı vardır. Həmin çıxarışdan görünür ki, sözügedən mənzil əvəzsiz Vahidova Zərifə Ağamalı qızının şəxsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyətinin Başçısının *** nömrəli ##.##.2012-ci il tarixli “Fəaliyyət qabiliyyəti olmayan Vahidova Zərifə Ağamalı qızının üzərində qəyyum təyin edilməsi haqqında” sərəncamından çıxarışın surətindən görünür ki, “Qəyyumluq və Himayəçilik Komissiyası”nın ##.##.2012-ci il tarixli protokolunun fəaliyyət qabiliyyəti olmadan ##.##.1966-cı il təvəllüdlü Vahidova Zərifə Ağamalı qızının üzərində qəyyum təyin edilməsi hissəsinin təsdiq edilməsi, ünvan 4 ünvanda qeydiyyatda olan Vahidova Gülli İslam qızının, hazırda onunla birgə ünvan 5 ünvanda yaşayan və qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan qızı Vahidova Zərifə Ağamalı qızının üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Mənzil Kommunal Təsərrüfatı Birliyi *** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı arayışından görünür ki, Vahidova Gülli İslam qızı Bakı şəhəri , Xətai rayonu, Cavanşir küçəsi, ev 9, ** nömrəli mənzildə qeydiyyatdadır. Övladı Vahidov İntiqam Ağamalı oğlu qeydiyyatda olmağına baxmayaraq qeyd olunan ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, mənzil ** saylı mənzildə Vahidov İntiqam Ağamalı oğlu, Vahidov İlkin Ağamalı oğlu, Vahidov Ağamalı İntiqam oğlu, Vahidova Zərifə Ağamalı qızı, Vahidova Gülli İslam qızı və Vahidov Elvin İntiqam oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, ünvan 5 (yeni qaydalarla: Cavanşir küçəsi, giriş 55, M5, m1) ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olan Vahidov İlkin İntiqam oğlu, Vahidov Ağamalı İntiqam oğlu və Vahidov Elvin İntiqam oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ## ###### 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, Cavanşir küçəsi 9 ünvanı Xətai Rayon MKTB-nin balansında olmadığından müraciətin icrası tərəflərindən mümkün olmamışdır. Sözügedən ünvan “xxxx” MTK-nə (050-607-82-00) məxsus kooperativ yaşayış binasıdır. İş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” mənzil-tikinti kooperativi tərəfindən məhkəməyə ünvanlanmış məktubun surətindən görünür ki, “xxxx” mənzil-tikinti kooperativi tərəfindən ünvan 2 ünvanında inşa edilmiş 5 ədəd 1 bloklu, 16 mərtəbəli yaşayış binalarında Vahidov İntiqam Ağamalı oğlu adlı sakin mövcud deyildir. İddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş aktın məzmunundan aydın olur ki, həqiqətən ünvan 5-da yaşayan Vahidova Güllü İslam qızının oğlu Vahidov İntiqam Ağamalı oğlu 1994-cü ildə evlənib ailə qurduqdan sonra ünvan 5-dan çıxmış, həmin vaxtdan etibarən qeyd edilən mənzildə bu günə kimi yaşamamışdır. Vahidov İntiqam Ağamalı oğlu ünvan 5-da qeydiyyatda olmuş olsa da, o 1994-cü ildən, hal-hazıradək həmin mənzildə yaşamır. Almadatov Niyazi İslam oğlu, X10, X17, Vahidov Ağamalı Novruzəli oğlu öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişdirlər. Kollegiya qeyd edir ki, aktı imzalayanlardan biri tərəflərin atası Vahidov Ağamalı Novruzəli oğludur. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, tərəflərin arasında münasibətlər ##.##.2009-cu ilədək yarandığından hazırki mübahisəyə qüvvədən düşmüş (##.##.2009-cu ilədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı cavabdeh tərəf Məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, əvvəllər mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamış, lakin 1994-cü il tarixdə ailə həyatı qurduqdan sonra, həyat yoldaşı ilə birlikdə hazırki mübahisəli mənzildə yaşamamışdır. Cavabdeh, iddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş aktın məzmununda göstərilənləri qismən etiraf etmişdir. Belə ki, izahatında göstərmişdir ki, 1994-cü ildə ailə qurduqdan sonra mübahisəli evi tərk etmiş, ailəyə məxsus digər Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * nömrəli binanın 4-cü mərtəbəsində olan ** saylı 2 otaqlı mənzilə köçmüşdür. Bu ev satılana qədər orada yaşamağa davam etmiş, satıldıqdan sonra isə yenidən mübahisəli evə köçmüşlər. 2021-ci ildə isə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən tərəflərindən tikilmiş fərdi yaşayış evinə ailəsi ilə birlikdə köçmüşlər. Yaşadığı evin bütün kommunal xidmətlərin müqavilələri yoldaşının adına rəsmiləşdirilmiş, hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayırlar. Apellyasiya baxışı zamanı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin abonent bazasında cavabdehin həyat yoldaşı X2 (FİN 38JWV0W) adına ünvan 7 ünvanında dair qeydə alınan abonent kodu məlumatlarının olması müəyyən edilmişdir. Qeyd edilən məktubun mövcudluğu və cavabdehin də işin faktiki hallarının etirafı baxımından apellyasiya instansiyası məhkəməsinin digər aidiyyatı orqanlara verilmiş sorğuların cavablarını gözləmək zərurətini aradan qaldırmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması faktı ilə bağlı iddia dəlillərinə birinci instansiya məhkəməsi diqqət yetirməmiş və bu halı tam araşdırmamışdır. Məhkəmə Kollegiyası cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Göründüyü kimi cavabdeh ailə həyatı quraraq və birgə nikahda olduğu dövrdə yeni ev inşa edərək artıq özünün və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurəti aradan qalxmışdır. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun iddiaçının qardaşı olmasına baxmayaraq iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququna malik olmadığından, mübahisəli mənzildə uzun müddətdir yaşamadığından eləcə də həmin mənzildə yaşamaq üçün ehtiyacı aradan qalxdığından onun istifadə hüququ saxlanıla bilməz. Cavabdeh 1994-cü ildə ailə qurduqdan sonra mübahisəli evi tərk edəndən sonra Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * nömrəli binanın 4-cü mərtəbəsində olan ** saylı 2 otaqlı mənzilin satılması ilə əlaqədar yenidən mübahisəli evə köçüb yaşamasına dair sübutlar təqdim etməmişdir. Cavabdehin bu dəlilləri öz təsdiqin tapdığı halda belə, məhz özünün də etiraf etdiyi kimi, 2021-ci ildə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən tərəflərindən tikilmiş fərdi yaşayış evinə ailəsi ilə birlikdə köçməsi faktı ona qarşı olan iddianın əsaslı olmasının təsdiqidir və bu halda da tərəflər arasında yaranmış münasibətləri tənzimləyən qanunvericilik normalarının (2009-cu ildən qüvvdə olan mənzil qanunvericiliyinin) məzmununun tətbiqi baxımından onun ailə üzvü olmayan bacısının evinə hər hansı hüququnun olması müəyyən edilmir. Lakin Məhkəmə Kollegiyası cavabdehin göstərilən məzmunlu izahatalarını inandırıcı saymaraq onun 1994-cü ildən mübahisəli mənzilə olan istifadə hüquqnun itirilməsi qənaətinə gəlir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə hazırki iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma barədə tələbi Vahidov İntiqam Ağamalı oğluna münasibətdə - qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi və ya istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət edilməli olması əsası ilə rədd edilmişdir. Həmən iş üzrə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Vahidov İntiqam Ağamalı oğlunun 3 oğlu mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışlar. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, Vahidov İntiqam Ağamalı oğlunun mübahisəli mənzildə qeydiyyatda olması faktı onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı sübut etdiyindən iddia tələbi göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Şərh olunanları ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməklə, cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun Vahidova Zərifə Ağamalı qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, ** nömrəli mənzildə (yeni qaydalarla: ünvan 6) istifadə hüququnun itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı Vahidova Zərifə Ağamalı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Vahidov İntiqam Ağamalı oğlunun Vahidova Zərifə Ağamalı qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 9, ** nömrəli mənzildə (yeni qaydalarla: ünvan 6) istifadə hüququnun itirilmiş hesab edilsin. İddia ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı Vahidova Zərifə Ağamalı qızının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar