Məhkəmə qərarları › İş №2(3-6)-457/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-457/2026

04.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-457/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqı və s.) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 06 may 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki,”İşə götürən”- ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “İşçi”- İddiaçı arasında əmək müqaviləsi bağlanılmış,müqaviləyə əsasən İddiaçı sürücü vəzifəsinə qəbul edilmişdir.Əmək müqaviləsi tərəflər arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1(bir) ay müddətinə bağlanılmışdır.Əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən işçiyə vəzifə maaşı 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. Əmək müqaviləsinin 7.1-ci bəndinə əsasən işçi həftənin 6 (altı) günü həftə ərzində 40 saatdan çox olmayan iş rejimi ilə işləyir.7.2-ci bəndinə əsasən iş saatı həftə içi 7 (yeddi) saatdır,şənbə günü 5 saatdır.

2. 27 noyabr 2023-cü il tarixli “əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” Razılaşmanın surətindən görünür ki,”İşə götürən”-”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “İşçi”- İddiaçı arasında bağlanılmış 06 may 2022ci il tarixli əmək müqaviləsinin 1.1 bəndi-İşçi həftə ərzində 40 saatdan çox olmayan iş rejimi ilə işləyir.1.2-İşçinin iş saatı 7 saatdır.1.3-İşçiyə vəzifə maaşı Cəmiyyətin ştat cədvəlinə müvafiq olaraq 600 (altı yüz) manat məbləğində müəyyən edilir.redaksiyasında yazılması qeyd edilmişdir.Əmək müqaviləsinə edilən dəyişiklik ”İşə götürən”-”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti və “İşçi”- İddiaçı tərəfindən öz imzası ilə təsdiqini tapmışdır.

3. xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə”ƏMR № 24/127 surətindən görünür ki,”Nəqliyyat şöbəsi”bölməsində “Sürücü” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə,”AR ƏM-nin 68.2.”a”tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi,İşçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 14 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr verilmişdir.

4. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin surətindən görünür ki,”İşə götürən”- ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “işçi”- İddiaçı arasında xx.xx.2022-ci il tarixli bağlanmış əmək müqaviləsinə əsaslanaraq onlar arasında xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır.Əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan,həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir.İşçi hər gün 1 saat natamam iş günü işləyir.İşçiyə hər ay 600 manat məbləğdə əmək haqqı ödənilir.

5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 276.5 manat əmək haqqı ödənmişdir.

6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş ödəniş tapşırığından görünür ki,”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 276.5 manat əmək haqqı ödənmişdir.

7. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki,”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 276.5 manat əmək haqqı ödənmişdir.

8. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 276.5 manat əmək haqqı ödənmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 205.83 manat əmək haqqı ödənmişdir.

10. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 160.24 manat əmək haqqı ödənmişdir.

11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 195.73 manat əmək haqqı ödənmişdir.

12. “Hesablama-ödəmə” cədvəlindən görünür ki, ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı hesabına son haqq hesab 275,36 manat hesablanmışdır.

13. Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli,MŞB/10/2025- 00118 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışın surətindən görünür ki,İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir.”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

14. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki,İddiaçı “Union”Vəkil Bürosuna hüquqi yardımın göstərilməsi bağlı 160 manat xidmət haqqı ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək münasibətləri üzrə əmək haqqı və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh "xxxx" MMC-dən 68848 (altmış səkkiz min səkkiz yüz qırx səkkiz) manat, mediasiya üçün ödənilmiş 60 (altmış) manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 160 (yüz altmış) manat, ümumilikdə 69068 (altmış doqquz min altmış səkkiz) manat pul vəsaitinin tutularaq, İddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (cəmi 2 (iki) il 7 (yeddi) ay) cavabdeh "xxxx" MMC-də (bundan sonra cavabdeh) sürücü işləmiş, işlədiyi müddətdə əmək hüquqları pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçı işçi kimi 6 (altı) günlük iş həftəsində həftəlik 40 (qırx) saatdan çox olmamaqla, işləməli olduğu halda, faktiki ayda cəmi 1 (bir) gün istirahət verilməklə, ayın 29-30 günü, gündəlik minimum 4 (dörd) saat əvəzi ödənilmədən artıq (səhər saat 08:00-dan axşam saat 21:00-dək) işlədilmişdir ki, bu da həftəlik normadan 32 saat (12 saat x 6 gün - 40 saat) çox iş deməkdir. Qeyd olunan dövrdə əmək haqqı ikili sistem əsasında ödənilmişdir. Əmək haqqının rəsmi hissəsi aylıq kart hesabına ödənilən 600 (altı yüz) manat və qeyri-rəsmi aylıq nağd qaydada ödənilən 700 (yeddi yüz) manat. Ümumilikdə, isə aylıq 1300 (min üç yüz) manat əmək haqqı ödənilmişdir ki, 1 saatlıq əmək haqqının məbləği təxminən 8 manat (1300 manat / 160 saat) olmuşdur. Belə olan halda, iddiaçının həftəlik 32 saat əvəzi ödənilmədən artıq işlədildiyinə görə ödənilməli olan əmək haqqının məbləği 512 (beş yüz on iki) manat ((32 x 8) x 2), edir. İş vaxtından artıq işlədilməyə görə iddiaçıya aylıq ödənilməli olan əmək haqqının məbləği isə 2048 manat (512 x 4) edir. İddiaçıya iş vaxtından artıq işlədilməyə görə ümumilikdə ödənilməli olan məbləğ isə 63488 (altmış üç min dörd yüz səksən səkkiz) (2048 manat x 31 ay) manat edir. Bundan əlavə iddiaçıya işlədiyi müddətdə ezamiyyətdə olduğuna görə ezamiyyət pulu ödənilməmiş, əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. Belə ki, iddiaçının 30 ildən çox əmək stajı olduğuna görə ona verilməli olan illik əmək məzuniyyəti günlərinin sayı 27 gün olmalı idi. Ödənilməyən məzuniyyət haqqı isə 2880 (iki min səkkiz yüz səksən) manat (1300 / 30.4 x 27 x 31 ay) edir. İddiaçı həftədə 1 dəfədən az olmayaraq, cavabdehin göstərişi ilə müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir ki, buna görə iddiaçıya cavabdeh tərəfindən hər dəfə ezamiyyətə göndərilməyə görə 20 manat olmaqla ezamiyyət pulu ödənilməli olduğu halda ödənilməmişdir. Ödənilməyən ezamiyyət pulu isə 2480 (iki min dprd yüz səksən) manat (2 il 7 ay x 4 x 20 manat) edir. Ümumilikdə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği 68848 (altmış səkkiz min səkkiz yüz qırx səkkiz) manat təşkil edir.

17. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş bu ərizə həqiqəti əks etdirmir və məqsəd şirkətin vəziyyətini ağırlaşdırmaqdır. Çünki hal-hazırki iş üzrə iddiaçı olan İddiaçı və digər iki nəfər (X6 və X3) əlbir olmaqla Bizim Yükdaşıma MMCyə qarşı reallıqdan uzaq olan eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə adı çəkilən şəxs sürücü vəzifəsində işə götürülmüşdür. Lakin xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) yarımbəndi ilə tərəflər arasında olan müqaviləyə xitam verilmişdir. Buna əsas isə İddiaçı öz ərizəsi olmuşdur. İşçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsinə dair 24/127 nömrəli əmr tərtib edilmiş, həmin əmrdən çıxarış ilə şəxs tanış edilmiş və təsdiq etmişdir. Əlavə olaraq qeyd edir ki, sonradan tərəflər arasında olan xx.xx.2023-cü il tarixli razılaşma əsasında şəxsin vəzifə maaşı 600 manat olaraq müəyyən edilmişdir. İşçi İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2024-cü il tarixdə xitam verildikdə həmin tarixdə ona noyabr ayı üzrə əmək haqqı olaraq 539 manat (əmək haqqından tutulmalar çıxılmaqla) ödənilməklə bərabər, eyni zamanda son-haqq hesab olmaqla istifadə edilməmiş 14 məzuniyyət gününə görə 254,94 manat hesablanmış və şəxsə ödənilmişdir (dekabr ayı üzrə isə iş günü olmayıb, yəni işə çıxmayıb). Bunu əks etdirən hesabdan çıxarış və tabel (iş günlərini əks etdirən cədvəl) qoşmaya əlavə edilir. Həmçinin adı çəkilən sürücü ezamiyyətə göndərilməmişdir, iddia ərizəsində hesablanan məbləğlərin nəyə əsasən hesablanması məlum deyil, lakin əlavə edilən sənədlər göstərir ki, iddiaçı şirkətə qarşı qərəzlik nümayiş etdirir. Habelə, bildirirlər ki, İddiaçılə sözləşməklə məhkəməyə müraciət edən digər iki nəfər X6 və X1 eyni tipli iddiası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatındadır (e-2(005)-4032/2025 saylı və e- 2(005)-4034/2025 saylı işlər). İddia ərizəsinin həqiqəti əks etdirmədiyini nəzərə alaraq iddiaçının tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək münasibətləri üzrə əmək haqqı və s. tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12 və 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.3, 12-ci maddəsinin a və b bəndləri, 16.1, 42.1, 43.1, 57.1, 116.1, 116.2, 144.3, 154.1, 157.3, 172.1, 172.4, 172.5, 178.1, 195-ci maddəsinin d bəndi, 287, 288, 292, 296.3, 296.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci bəndinə əsasən normanın tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd olunan normanın da tələbi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli qərarının 6cı bəndinə əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir. Göründüyü kimi, qeyd olunan normanın da tələbi işə baxan məhkəmə tərəfindən pozulmuşdur. AR Əmək Məcələsinin 165-ci maddəsinin İ hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Göründüyü kimi, işə baxan məhkəmə tərəfindən həmin normanın tələbi nəzərə alınmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli yanaşmamış, təqdim olunmuş sübutlara qiymət verməmiş, gəldiyi nəticəni fərziyyə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə ki, məhkəmə təqdim edilmiş və iş vaxtından əlavə işlərə cəlb edilməni təsdiq edən "iş dəftəri"nə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi elektron məhkəmə sistemindəki şəxsi kabinetdə yerləşdirilmiş sübuta - iş dəftərinə əhəmiyyət verməmiş, qətnamədə həmin sübutu qiymətləndirməməsini əsaslandırmamışdır. Halbuki, həmin sübut iddia tələbini təsdiq etmək üçün kifayət edirdi. Belə ki, həmin dəftərdə qeyd olunan məlumatlar, o cümlədən iddiaçının iş vaxtından əlavə işləməsi, hansı vaxtlarda harada ezamiyyətdə olması öz əksini tapmışdır. Həmin dəftərdə qeyd olunanların doğruluğuna gəlincə isə, daşınan yüklərin sifarişçiləri, həmin sifarişçinin əlaqə telefonu, daşınan yükün marşrutu (haradan götürülüb, haraya çatdırılması), yükün nədən ibarət olması, yükün qəbul olunma və çatdırılma tarixi və vaxtları, yükün daşınmasına görə ödənişin forması (nağd və ya nağdsız) dəqiq əksini tapmışdır. Qeyd olunan məlumatları dəftərdə qeyd olunan istənilən sifarişçinin əlaqə telefonu ilə əlaqə saxlamaqla dəqiqləşdirmək mümkündür. Birinci instansiya məhkəməsi qərəzli olaraq, həmin sübutu görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, "Məhkəmə хüsusi оlaraq qeyd edir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi оnun əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхildir, başqa sözlə оnun işi yük daşımaqdır ki, о da yalnız bununla məşğul оlmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaхtın müəyyən səbəblərdən uzanmasının iş vaхtından artıq işlərə cəlb edilmə оlmaması kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid оlan iş оlmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır." Məhkəmənin qeyd olunan əsaslandırmasında, konkret olaraq, iddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaхtın müəyyən səbəblərdən uzanmasının iş vaхtından artıq işlərə cəlb edilmə оlmaması kimi qiymətləndirilə bilməz - qənaəti əsaslı hesab oluna bilməz. Həmin məntiqlə fikirləşdikdə, iddiaçının iş vaxtı ərzində götürdüyü yükü, təxminən 12 saat yol qət etməklə, ünvana çatdırması və gecəni yük maşınında gecələməsi iş vaxtından artıq iş kimi qəbul edilməməlidir. İddiaçının iş vaxtında götürdüyü yükü məsafədən asılı olaraq, təyinat nöqtəsinə iş vaxtından sonra çatdırması əmək funksiyası olsa da, iş vaxtından əlavə işə cəlb edildiyi üçün əlavə əmək haqqının ödənilməsi ilə nəticələnməlidir. Bunun əksini fikirləşmək əmək qanunvericiliyinin mahiyyətinə xələl gətirmiş olardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 saylı qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara AR MPMnin tələblərinə uyğun hüquqi qiymət vermişdir. Apellyasiya şikayətinin əksinə olaraq bildirir ki, bu şikayət qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, apellyator tərəfindən qeyd edilmişdir ki, işçi iş vaxtından artıq işlərə cəlb edilmişdir. AR Əmək Məcəlləsinə görə iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçı belə yazılı göstəriş, əmr və ya təsdiqedici sənədləri təqdim etməmiş, habelə, bu hal müvafiq uçot sənədlərində əks etdirilməmişdir. Apellyasiya şikayətində qeyd edilən işçinin iş dəftəri isə rəsmi uçot sənədi hesab oluna bilməz və onun işçidə saxlanılması, yalnız onun özü tərəfindən doldurulması və müəssisəyə geri qaytarılmaması, habelə, müəssisəyə təhvil verilərək onun tərəfindən təsdiq edilməməsi əsası ilə həmin sənədin düzgünlüyü, dəyişdirilməzliyi və obyektivliyi sübuta yetirilmir. Daha sonra şikayətdə bildirilir ki, işçiyə əmək məzuniyyəti verilmədiyinə görə kompensasiya ödənilməmişdir. Lakin bu arqumentlər həqiqəti əks etdirmir, habelə işçi ilə əmək müqaviləsinə xitam verilərkən bankdan çıxarışdan da görünür ki, ona son-haqq hesab məbləği də ödənilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən işçiyə məzuniyyət təqdim edilməməsi heç bir rəsmi sənədlə sübuta yetirilmir. Görünən odur ki, apellyasiya şikayəti heç bir rəsmi dəlilə əsaslanmadan formal olaraq tərtib edilmişdir. Öz mülahizəsinə əsasən iddiaçı ezamiyyətə göndərildiyini, lakin ezamiyyət pulu verilmədiyini bildirir. Lakin bu tələb hüquqi və faktiki baxımdan əsassızdır. İş materiallarından görünür ki, cavabdehin əsas fəaliyyət istiqaməti yük daşınmasından ibarətdir və iddiaçı sürücü vəzifəsində çalışmışdır. İddiaçının əmək funksiyası müxtəlif ünvanlara, o cümlədən şəhərlərarası istiqamətlərə yükün çatdırılmasını əhatə etmişdir. Əmək qanunverciliyinə və “X2”nın təsdiq edilməsi haqqında qərara əsasən ezamiyyət anlayışı işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi hesab edilir. Lakin mobil xarakterli əmək funksiyası icra edən işçilər (sürücü, ekspeditor və s.) üçün hərəkət və müxtəlif coğrafi istiqamətlərə getmək onların daimi əmək fəaliyyətinin təbii elementidir və bu, ayrıca ezamiyyət hüquqi rejimi yaratmır. Belə ki, X2nın 1-ci maddəsinin 3-cü abzasına əsasən daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Odur ki, işçi ilə əmək münasibətləri yükdaşıma fəaliyyəti çərçivəsində qurulmuşdur və apellyatorun ərizəsində qeyd etdiyinin əksinə olaraq bu hal ezamiyyət hesab edilmir. Beləliklə də, ezamiyyət pulunun verilməməsinə istinad edilməsi hüquqi baxımdan əsassızdır, çünki həmin normalar yalnız ezamiyyət hüquqi rejimi tətbiq edilən hallara şamil olunur və bununla da, apellyatorun etdiyi hesablama da əsassız olmuş olur. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, hüquqlarını müdafiə edən vəkil şəhərdə olan tıxac səbəbindən prosesə gecikir. Bu halın üzrlü hesab edilərək iştirakı olmaqla baxış iclasının keçirilməsini xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

26. 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir;

27. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

29. 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

30. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir.

31. 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır.

32. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

33. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

34. 57.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

35. 116.1. Əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

36. 116.2-ci maddəsinə əsasən əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir

37. 144.3-cü maddəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

38. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

39. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

40. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

41. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

42. 72-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

43. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

44. 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

45. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır;

46. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;

47. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

48. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

49. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Hazırki halda iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi qanuni və əsaslı hesab edir.

61. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə ”Bizim Yükdaşıma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 06 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək müqaviləsinə əsasən işçi 6 (altı) gün həftə ərzində 40 saatdan çox olmayan iş rejimi ilə işləyir, iş saatı həftəiçi 7 (yeddi) saat,şənbə günü 5 saat, nahar vaxtı 1 saat müəyyən edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında 06 may 2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı razılaşma bağlanılmış, həmin razılaşmaya əsasən 06 may 2022-ci il tarixli əmək müqaviləsində işçi həftə ərzində 40 saatdan çox olmayan iş rejimi ilə işləməsi, 1.2-İşçinin iş saatı 7 saat olması,1.3-İşçiyə vəzifə maaşı Cəmiyyətin ştat cədvəlinə müvafiq olaraq 600 (altı yüz) manat məbləğində müəyyən edilməsi ilə bağlı bəndlərdə dəyişiklik edilmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiаçının əmək müqaviləsinə xitam verilmişdir.

62. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçının əmək müqaviləsində göstərildiyi kimi оnun əmək funsiyasına yük avtоmоbilərinin idarə оlunması daхildir, başqa sözlə оnun işi yük daşımaqdır ki, о da yalnız bununla məşğul оlmuşdur. İddiaçının əmək funksiyası оlaraq üzərinə götürdüyü yükü ünvana çatdırmaqla bağlı vaхtın müəyyən səbəblərdən uzanması iş vaхtından artıq işlərə cəlb edilmə kimi qiymətləndirilə bilməz. Bu iddiaçının birbaşa əmək vəzifəsinə aid оlan iş оlmuş və buna görə də özünün bildirdiyinə görə həm rəsmi, həm də qeyri-rəsmi haqqını almışdır.

63. Kollegiya apellyasiya şikayətinin ödənilməyən məzuniyyət pulu ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, оnunla iki dəfə son-haqq hesabın hesablanması zamanı istifadə etmədiyi məzuniyyət pulları qanunvericiliyin tələbləri üzrə hesablanaraq ödənilmiş və bu faktın əksini iddiaçı heç bir sübutla təkzib edə bilməmişdir.

64. Kollegiya apellyasiya şikayətinin əmək stajına görə verilməli əmək məzuniyyətləri haqları hissəsi ilə bağlı qeyd edir ki, Əmək məcəlləsinin 144.3-cü maddəsinə əsasən, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

65. Kollegiya apellyasiya şikayətinin ödənilməyən ezamiyyət pulu ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, qanunvericilik ezamiyyənin rəsmiləşdirilməsini imperativ (məcburedici) tələb kimi müəyyən etməsə də, bu işəgötürənin səlahiyyət dairəsinə aid оlan məsələdir və yuхarıda sadalanan nоrmalara əsasən müəyyən hüquqi nəticələr yaradır. Başqa sözlə, işçi barədə ezamiyyə sənədi, buna dair əmr vermədən işçinin iş yerindən başqa ərazidə (Azərbaycan Respublikasının digər rayоnlarında) olması faktının ezamiyyə hesab olunmasını tam istisna edir.

66. Kollegiya iddiaçının apellyasiya şikayətində istinad etdiyi iş materiallarında olan iş dəftərinə münasibətdə hesab edir ki, iş dəftərindən görünür ki, yalnız iddiaçının özü tərəfindən doldurulmuşdur və müəssisə tərəfindən təsdiq edilməmişdir. Belə olan halda obyektivliyi müəyyən edilmədiyindən və bununla da, rəsmi uçot sənədi hesab edilmədiyindən qeyd edilən iş dəftəri mötəbər sübut hesab edilə bilməz.

67. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi şahid ifadəsinə qiymət verərkən haqlı olaraq hesab etmişdir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadəsi оlmuşdur ki, həmin şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar оlmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, о cavabdeh MMC-də vaхtilə iddiaçı ilə birlikdə işləməklə özünə münasibətdə həmin MMC-dən narazı qaldığı üçün оnun hazırda ifadəsində göstərilənlər iddiaçının maraq və mənafeyi üçün verilmiş ifadə оlmuşdur. Başqa sözlə, şahid birbaşa оlmasa da, iddianın nəticəsində bir növ marağı оlan şəхsdir.

68. Beləliklə kollegiya hesab edir ki, hazırki iş üzrə İddiaçı iddiasının əsaslı оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdiqi ilə bağlı hər hansı mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya məhkəməsinə təqdim etməmişdir. İddiaçıın tələblərinin əsaslı оlmasına dair izahatları və irəli sürdüyü dəlillər özü-özlüyündə iddiaının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

69. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

72. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd edilən müddətlər üçün hazırda cavabdehdən pul tələbi üçün müraciət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərini nəzərə almamışdır. Qeyd olunan maddəyə əsasən əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

73. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4031/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar