Məhkəmə qərarları › İş №2(3-6)-476/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-476/2026

16.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-476/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması səbəbindən kompensasiya ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə: 1. Vət. İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində *** №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılıb; 2. Vət. Hüseynova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilib.

2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməklə ləğv olunması barədə iddiası mümkün sayılmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Cavabdeh oğlundan 50 (əlli) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE**********0002088501) köçürülməsi qərarara alınmışdır.

3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001ci il tarixli 465 №li sərəncamın etibarsız hesab edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Cavabdeh 100 (bir yüz) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********0002088501) köçürülməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *- *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024cü il qərarı ilə, apelyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-cü il tarixli *-*(***)-***/**** saylı qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti başçısının, ## #### 2001-ci il tarixli, *** nömrəli sərəncamı əsasında ona verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” Y/Massivində, *** nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

9. İddiada göstərilib ki, 2001-ci ildə ailə vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək ona torpaq sahəsi ayrılmasını xahiş edib. Bu müraciətinə baxılaraq ## #### 2001-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti başçısının *** nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ona torpaq sahəsində yaşayış evinin tikintisinə də icazə verilmişdir. Bundan sonra, ona ayrılmış torpaq sahəsini hasara alaraq oraya çoxlu ağac növləri əkmişdir. Həmin vaxt sonradan tanıdığı X1 da onun torpaq sahəsinin yaxınlığında 700 kv.m torpaq verilmişdir. Nazim öz torpaq sahəsini Taleh adlı şəxsə satmışdır. Bundan bir müddət keçdikdən sonra torpaq sahəsinə gedib baxdıqda görmüşdür ki, Taleh onun torpaq sahəsinə çəkdiyi hasarı uçurdub, ağacları isə məhv edərək öz torpağını genişləndirib. Dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsini qanunsuz zəbtdən azad edilməsini və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Lakin cavabdeh buna məhəl qoymamışdır. Taleh hər dəfə ona bildirmişdir ki, İcra Hakimiyyətinə pul verib torpaq alıb. Bundan sonra, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş və onun nümayəndələrini ünvana dəvət edərək torpağının zəbt olunduğunu bildirmişdir. Lakin oraya gələn İcra Nümayəndələri heç bir tədbir görmədən ona məhkəməyə müraciət etməyini bildirdilər. Həmin torpaq sahəsini özəlləşdirməmiş, lakin torpaq sahəsinin ona dövlət tərəfindən ayrılması ilə bağlı adına sərəncam mövcuddur. Cavabdeh onun adına sərəncam əsasında məxsus olan torpaq sahəsini zəbt etmiş və bununla da onun yerli və beynəlxalq qanunlarla qorunan mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də cavabdeh onun torpağından çıxarılmalı və torpaq sahəsi ona qaytarılmalıdır. Öz torpaq sahəsinə hasarı X3 texnikası vasitəsi ilə çəkdirmişdir. Həmin şəxs də bunu öz ərizəsi ilə sübut edir. Həmçinin onun qonşuluğunda torpağı olan və həmin torpağı hazırkı cavabdehə satan X1 da aralarında olan hasarın sağ tərəfində yerləşən torpaq sahəsinin ona məxsus olmasını öz ərizəsi ilə təsdiq edir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi təmin edilməyib, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində *** №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı İddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının, ## #### 2001-ci il tarixli, *** nömrəli sərəncamı əsasında ona verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” Y/Massivində, *** nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsində araşdırma aparılarkən iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **/**** nömrəli ekspertiza rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx" publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli ************ nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan 0.0729 ha torpaq sahəsinin (üzərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0.1470 ha. təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə; Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs İddiaçı Əii oğluna fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır.(Bundan əlavə olaraq ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil), Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olundu. ##.##.2022-ci il tarixli Mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, 1-ci sual üzrə cavab: Cavabdeh xüsusi mülkiyyətində olan 0.0729 ha torpaq sahəsi(üzərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki 0.1470 ha təşkil edir. 2-ci sual üzrə cavab: Bildirilir ki, üçüncü şəxs İddiaçı fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır. Bundan əlavə olaraq ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil. 3-cü sual üzrə cavab: Yuxarıda qeyd olunduğu kimi faktiki sahə şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2024-ci il tarixli 3-16- **/*-**/**** nömrəli ekspertiza rəyinin surətindən görünür ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsində araşdırma aparılan zaman torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə məhkəmə-tikinti ekspertizası təyin olunmuş və verilmiş ekspertiza rəyinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır. Hazırda iddiaçı cavabdehin Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci il tarixli *** nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsini zəbt etdiyini və onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etsə də, torpaq sahəsinin plan və ölçüsünü və onun yerləşmə cizgisini təqdim edə bilməmiş və bununla bağlı olaraq xxxxndən mütəxəssis rəyi təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025- cü il tarixli *-*(***)-***/**** saylı qərarında qeyd olunur ki, iddiaçının hazırkı halda üçüncü şəxsə dair sərəncamı mübahisələndirməyə subyektiv hüququnun olması üçün üçüncü şəxsin hüquqmüəyyənedici sənədi ilə ona ayrılan torpaq sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməlidir. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, üçüncü şəxs iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinə deyil, faktiki mülkiyyətində olan torpaq sahəsinə iddialıdır. Başqa sözlə üçüncü şəxsin iddialı olduğu torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi yoxdur, yəni qanuni sahibliyində və istifadəsində deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş edib göstərir ki, iddiaçı hazırkı iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdikdən sonra iş üzrə cavabdeh Cavabdeh Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, iddiaçıya ev tikintisi üçün 300 kv.m. torpaq sahəsi ayrılması barədə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli, *** saylı sərəncamının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı dəfələrlə məhkəmə qərarları qəbul edilmiş, sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə, tərəfin verdiyi kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli,*-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, Cavabdeh iddiası mümkün sayılmamışdır. Qərar qətidir və həmin qərardan Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verilə bilməz. Həmin qərarda göstərilənlər aşağı instansiya məhkəmələri üçün məcburi xarakter daşıyır. Ali Məhkəmənin İnzibati Kollegiyasinın həmin qərarında, eyni zamanda Suraxanı rayon məhkəməsinin sözügedən ##.##.2025-ci il tarixli qətnaməsində bilavasitə göstərilmişdir ki, bu iş üzrə iddiaçı Cavabdeh torpaq satan şəxs X1 verdiyi izahatdan müəyyən olunur ki, sərəncamla iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi ilə, Nazim Əsədova məxsus olmuş torpaq sahəsi arasında hasar olmuş, o, 4 tərəfdən hasarlanmış torpaq sahəsini cavabdeh Cavabdeh satmışdır. Hasarın sağ tərəfində olan 300 kv.m. torpaq sahəsi İddiaçı məxsusdur(Qətnamənin 7-ci bəndi). İş materiallarına əlavə edilmiş traktorist X3 da ərizəsində göstərilib ki, İddiaçı ayrılmış 300 kv.m. torpaq sahəsində ilkin yerin düzənlənməsi işləri onun tərəfindən həyata keçirilmişdir. İşə baxan məhkəmə isə təqdim etdiyi ərizələri iş materiallarlına əlavə etmək üçün qəbul etsə də, həmin ərizəçilərin şahid kimi dindirilməsini təmin etməmişdir. Lakin Ali Məhkəmənin də qüvvədə olan qəti qərarına baxmayaraq, Suraxanı rayon məhkəməsi İddiaçı məxsus 300 kv.m. torpaq sahəsinin, dövlətə məxsus isə 441 kv.m (cəmi 0,0741 ha) torpaq sahəsinin dövlətə qaytarılması üçün heç bir tədbir görməmişdir. Daha sonra məhkəmə hesab edib ki, sözügedən sərəncam 2001-ci ilin ######ın #-dən sonra qəbul edildiyi üçün qanuni sayıla bilməz. Yəni ki, 2001-ci il ######ın #-dən etibarən torpaqlar bələdiyyələr tərəfindən verilə bilərdi. Bu barədə də məhkəmə kollegiyasnın nəzərinə çatdırılır ki, qüvvədə olan qanunvericiliyə əsasən, bələdiyyə torpaqları da icra hakimiyyəti orqanlarının müsbət rəyi əsasında verilir. Yəni ki, məhkəmə prosesi bitdikdən sonra tərəf Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci iltarixli, *** nömrəli sərəncamını Qaraçuxur Bələdiyyəsinə təqdim edərək ona ayrılmış 300 kv.m.torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə keçirəcək. Yəni ki, tərəfin əlində qüvvədə olan hüquqmüəyyənedici sənəd- Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı var. Cavabdehin isə zəbt etdiyi 0,0741 ha torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədi olmadığından iddia tələbi təmin olunmalı idi. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının ## #### 2001-ci il tarixli, *** nömrəli sərəncamında açıqca göstərilib ki, tərəfə ayrılmış torpaq sahəsi Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində *** nömrəli orta məktəbin arxa hissəsində yerləşir. Cavabdeh Cavabdeh da məhz həmin yerdə 0,0741 ha torpaq sahəsini zəbt edərək qanunsuz hasara almışdır. Ərizələri məhkəməyə təqdim olunmuş iki şahidin (torpağı cavabdehə satmış X2 və traktorist X3) heç biri məhkəmə iclasına şahid kimi dəvət edilərək dindirilməmişdir. Beləliklə, işə baxan hakim obyektiv həqiqətin və işin faktiki hallarının aydınlaşdırılmasına cəhd belə etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında cavabdeh Cavabdeh və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, V hissə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 29, VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.2. Üst tikiliyə hüquq xxxxndə servitut kimi qeydə alına bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri xxxxnin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ xxxxndə qeydə alınır. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Əvvəla, idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, həm də tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

28. Əvvəla, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində *** №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılması, ayrılmış sahədə ona İcra Hakimiyyətinin Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi işin mübahisəsiz halına çevrilib. Torpaq sahəsinin ayrılmasına dair həmin sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalında mövcudluğu da təsdiq olunub(i.v.81-91) Başqa sözlə, iddiaçıya torpaq sahəsinin ayrılması və üzərində fərdi yaşayış evi inşa olunmasına dair sərəncam qanuni qüvvədədir, hazırkı iş üzrə cavabdehdən başqa onun qanuniliyini indiyədək hər hansı bir şəxs mübahisələndirməyib, sonuncunun mübahisələndirməsinin nəticəsi isə yuxarıda qeyd olunan inzibati məhkəmə aktına əsasən uğursuz olmuşdur.

29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ***/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayətinin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi həmin qərarında qeyd etmişdir ki, ... hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin ona qarşı mülki icraat qaydasında iddia qaldırmasından sonra ona dair hüquqmüəyyənedici sənədin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. İddiaçının hazırkı halda üçüncü şəxsə dair sərəncamı mübahisələndirməyə subyektiv hüququnun olması üçün üçüncü şəxsin hüquqmüəyyənedici sənədi ilə ona ayrılan torpaq sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməlidir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, üçüncü şəxs iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinə deyil, faktiki mülkiyyətində olan torpaq sahəsinə iddialıdır. Başqa sözlə, üçüncü şəxsin iddialı olduğu torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi yoxdur, yəni qanuni sahibliyində və istifadəsində deyil. Digər tərəfdən, üçüncü şəxs barəsində icra hakimiyyətinin sərəncamı ona torpaq sahəsinin ayrılması barədə olsa da, torpaq sahəsinin koordinatları və yerləşmə cizgisi mövcud deyil. Başqa sözlə, hazırda olan iş materialları ilə üçüncü şəxsə ayrılan torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyil. Başqa sözlə, torpaq sahələrinin üst-üstə düşməsi iş üzrə mötəbər sübutlarla təsdiqini tapmadığından mübahisələndirilən sərəncam iddiaçının mülkiyyət hüquqlarına toxunmur. Məhkəmə kollegiyası əlavə olaraq bildirib ki, işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ## #### 2001-ci il tarixli, *** nömrəli sərəncamı əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində “Q” massivində *** nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 kv. metr torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyini qeyd etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu hal iş materialları ilə təsdiqlənmir. Bununla yanaşı, hətta bu hal təsdiqini tapmış olsa belə, nə qədər ki, mübahisəli torpaq sahəsi apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının yalnız faktiki istifadəsində olan, yəni ona qanuni əsaslarla məxsus olmayan torpaq sahəsinin daxilində yerləşir (apellyasiya instansiyası məhkəməsinin qərarında belə qeyd edilsə də, yuxarıda qeyd edildiyi kimi, bu hal sübuta yetirilmir) bu halda da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmamasına görə). Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüququ olmadığından, baxılan iddia mümkünlük şərtlərinə cavab vermir.

30. Göründüyü kimi, iddiaçıya ayrılmış 300 kv. metr torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olmaması yaxud tərtib edilməməsi, cavabdehə yaranmış bu vəziyyətdən sui-istifadə edərək faktiki olaraq mülkiyyətində olan 729 kv. metr torpaq sahəsindən başqa, iddiaçıya qanuni əsaslarla ayrılmış 300 kv. metr torpaq sahəsi ilə yanaşı, əlavə 441 kv. metr torpaq sahəsini də zəbt edərək orada mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissələrinə aid tikililər inşa edib ona sahiblik etməyə əsas vermirdi.

31. Bir daha qeyd olunur ki, iddiaçıya torpaq sahəsi ayrılarkən, torpaq ayıran səlahiyyətli orqanın hansısa əməkdaşının səhlənkarlığı nəticəsində yerləşmə cizgisinin tərtib edilməməsi ona qanuni əsaslarla məxsus olan bu torpaq sahəsi ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməyə hər hansı bir formada maneə yarada bilməzdi. Belə ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin kənarına hasar çəkdiyini, içərisində ağaclar əkdiyini, lakin cavabdehin hasarı söküb ağacları məhv etməklə ərazini özünə məxsus hissəyə qatdığını, bununla da sözügedən torpaq sahəsinə qanuni əsaslarla gözlədiyi mülkiyyət hüququnu pozduğunu iddia edir. Buna dair mövcud və təqdim edilməsi mümkün olan bütün sübutlarını, o cümlədən mübahisə predmeti olan torpaq sahəsində öz texnikası iş görmüş X3 və cavabdehə mülkiyyətində olan torpaq sahəsini əvvəlki tikili ilə birlikdə satan X1 ərizələrini təqdim edib. Nazim Əsədov ərizəsində, həmçinin mübahisəli əraziyə yerində baxış zamanı cavabdehə 4 tərəfi hasarlanmış öz yerini satdığını, sağ tərəfindəki 300 kv. metr sahənin iddiaçı İddiaçı məxsus olduğunu əyani şəkildə də göstərdi(i.v.14-17). Bütün bunlara baxmayaraq cavabdeh tərəf bu halları təkzib edəcək hər hansı bir ciddi arqument göstərmədi.

32. Göstərilənlərə baxmayaraq, apellyasiya baxışı zamanı videoçəkilişdən istifadə etməklə mübahisəli əraziyə yerində baxış keçirilərkən iddiaçıya qanuni əsaslarla ayrılmış, lakin zəbt edilmiş 300(üç yüz) kv.m torpaq sahəsindən cavahdehin çıxarılması və boşaldılaraq iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmasının mümkünsüzlüyü də müəyyən edildi. Başqa sözlə, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən yüksək məbləğdə vəsait sərf edilərək mübahisəli torpaq sahəsinin sonuncunun mülkiyyətində olan evin və torpaq sahəsinin tərkib hissəsinə qatıldığı bəlli oldu. Bu fakt yuxarıda qeyd olunan inzibati məhkəmə icraatı zamanı keçirilən məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-ci il tarixli 3-16- **/*-**/**** nömrəli rəyi ilə təsdiq olunub. Belə ki, həmin rəydə də qeyd olunub ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir(cild 1; i.v.204-214). Bu cür vəziyyətdə cavabdehin mülkiyyətində olan evin və torpaq sahəsinin təyinatına kifayət qədər yüksək məbləğdə zərər vurmadan zəbt edilmiş 300 kv. metr torpaq sahəsinin boşaldılaraq iddiaçıya verilməsi də məqsədə uyğun görünmədi.

33. Məhz bu məqsədlə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli və *(***)-****/**** saylı, 13 may 2025-ci il tarixli 3 ulduzla indeksləşdirilmiş qərarlarına uyğun olaraq(*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarda qeyd edilir ki,... Beləliklə, çıxıntılı binanın onu inşa edənin əşyasının tərkib hissəsi sayılması üçün birinci imkan bina sahibinin həmin tikili üçün əvvəlcədən bir əşya hüququna malik olmasıdır. İkinci imkan isə ondan ibarətdir ki, bina inşa etmiş şəxsin belə bir əşya hüququ mövcud olmasa da, qanunda nəzərdə tutulan şərtlərin gerçəkləşməsinə görə müdaxilə etdiyi torpaq mülkiyyətçisindən məhdud əşya hüququ (servitut, tikintiyə vərəsəlik hüququ) və ya tam əşya hüququ (mülkiyyət hüququ) tələb etmək səlahiyyəti olsun. Bu cür səlahiyyət bir qayda olaraq, müqavilədən deyil, çıxıntılı binanın artıq inşa edilmiş olmasından, məhdudiyyətə məruz qalmış torpaq mülkiyyətçisinin buna vaxtında etiraz etməməsindən və digər qanuni şərtlərin mövcudluğundan irəli gəlir. Bu münasibət çərçivəsində ərazinin mülkiyyətçisi çıxıntılı bina sahibinin xeyrinə bir servitut qurmaq və ya müdaxilə olunan torpaq sahəsinin mülkiyyətini ona keçirmək, bina sahibi isə ağlabatan əvəz ödəmək öhdəliyi altına düşür. Torpaq sahəsinin bina çıxan hissəsinə və ya tamamına münasibətdə bina sahibinə əşya hüququ verilməklə mülkiyyətçiyə ağlabatan əvəz ödənilməsi tələbləri üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 173.3-cü maddəsi təşkil edir. Bu tələbi irəli sürmək həm də ərazi mülkiyyətçisinin hüququdur. Ona görə ki, bina sahibi həmin tələbi irəli sürmədiyi təqdirdə onun yaratdığı mövcud faktiki vəziyyətlə torpaq mülkiyyətçisi iradəsi əleyhinə, özü də qeyri-müəyyən müddətə mülkiyyətinin bir qismindən məhrum edilmiş, yaxud məhdudlaşdırılmış vəziyyətdə qalır. Bu isə yolverilməz bir vəziyyətdir. Bina sahibinə konkret olaraq hansı (ən uyğun) əşya hüququnun verilməsini məhkəmə hər işin konkret halına (torpaqdan məhrumiyyətin dərəcəsinə, xarakterinə və s.) görə müəyyən etməlidir. Bu səbəbdən qanunverici məsələnin həllini işin halları baxımından hakimin mülahizə sərbəstliyinə buraxaraq, Mülki Məcəllənin 173.3-cü maddəsində tənzimləməni “üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər” şəklində ifadə etmişdir. Qeyd: Bu qərarın əsaslandırıcı hissəsində daşınmaz əşya üzərində mülkiyyət hüququnun əhatə dairəsi (üfüqi, şaquli və maddi), vahid daşınmaz əşya konsepsiyası, ondan istisnalar, əsassız tikinti, çıxıntılı bina və özbaşına tikilinin fərqləri kimi məsələlərə də izahlar verilmişdir) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində (Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 46 ünvanında) xüsusi mülkiyyətdə olan yaxud hüquqmüəyyənedici sənədlərə əsasən qanunla müəyyən edilmiş qaydada ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinin hazırki dövrə olan real bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici rəyi alındı.

34. “xxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB-**/**** saylı, ## ##### 2026cı il tarixli rəydə qeyd edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində (Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 46 ünvanında) xüsusi mülkiyyətdə olan yaxud hüquqmüəyyənedici sənədlərə əsasən qanunla müəyyən edilmiş qaydada ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinin hazırki dövrə olan real bazar dəyəri 91.642 (doxsan bir min altı yüz qırx iki) manat təşkil edir.

35. Qeyd olunan rəy apellyasiya baxışı zamanı tədqiq edildi, tərəflərə mübahisəli ünvandakı 300 kv. metr torpaq sahəsinin dəyərinin fərqli, yəni yüksək yaxud aşağı olması barədə əlavə qiymətləndirici rəyi təqdim edə bilmək hüquqlarının olduğu izah edildi. İddiaçı torpaq sahəsinin dəyərinin daha yüksək, cavabdeh isə daha aşağı olmasına dair yeni rəy təqdim etmələri ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını istədilər və onların bu istəyi nəzərə alınsa da, növbəti məhkəmə iclasında hər hansı bir rəy təqdim etmədilər, üstəlik cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə keçirilmiş qiymətləndirici rəyini əsassız hesab edərək sübut kimi qiymətləndirilməsinə etiraz etdiyini bildirərək mövqeyini belə əsaslandırıb ki, qiymətləndirmə hesabatının iddia tələbinə aidiyyəti yoxdur. Ancaq qeyd olunduğu kimi bu cür qiymətləndirmə keçirilməsində məqsəd Ali Məhkəmənin yuxarıda adları qeyd olunan vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarının məzmunundakı göstərişlər olmuşdur.

36. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinin ağlabatan əvəzi olaraq cavabdeh Cavabdeh 91.642 (doxsan bir min altı yüz qırx iki) manat tutularaq iddiaçı İddiaçı ödənilməli; Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinə olan hüquq cavabdeh Cavabdeh keçməli; İddia qalan hissədə təmin edilməməli; İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ümumilikdə ödənilmiş 60 manat dövlət rüsumuna görə xərcin əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli; Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx” Qiymətləndirmə Şirkəti MMC-nin (VÖEN: N, H/h:№ AZ**IBAZ********************; “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülməlidir.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinin ağlabatan əvəzi olaraq cavabdeh Cavabdeh 91.642 (doxsan bir min altı yüz qırx iki) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2001-ci il tarixli *** nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, *** nömrəli məktəbin arxa hissəsində ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsinə olan hüquq cavabdeh Cavabdeh keçsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayəti verilməsi üçün ümumilikdə ödənilmiş 60 manat dövlət rüsumuna görə xərcin əvəzi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat cavabdeh Cavabdeh tutularaq “xxxx” Qiymətləndirmə Şirkəti MMC-nin (VÖEN: N, H/h:№ AZ**IBAZ********************; “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar