Məhkəmə qərarları › İş №2(3-6)-477/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-477/2026

03.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-477/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-477/2026 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3621/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 03 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin xx.xx.2001-ci il tarixli, ÖM seriyalı, 073721 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsusdur və bu barədə dövlət reyestrində 300 nömrəli reyestr kitabının 43519 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublukasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ki Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin 5 saylı mənzilində X7-xx.xx.1993, X6xx.xx.1962; X15-xx.xx.2017; Cavabdeh-xx.xx.1988 qeydiyyatdadırlar.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-211/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və xx.xx.2010-cu il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1057 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.20214-cü il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları X2 yanında qalmaları, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.20214-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

4. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami Rayon Mənzil-Kommunal Təsərüfatı birliyi 50 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olsa da, hal-hazırda bu ünvanda yaşamır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “mənzilə sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin, 5 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin 5 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvenarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 20 yanvar 2001-ci il tarixli, reyestr kitabının 300 saylı ÖM seriyalı №073721 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh qızı X2 həyat yoldaşı olmuşdur. Aralarında baş vermiş narazılıqlar əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(007)- 211/2025 saylı qətnaməsi ilə qızı X8 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Cavabdeh onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh xx.xx.2004cü il tarixdən xx.xx.2010-cu il tarixədək Qazax rayonunun Yuxarı Əskipara kəndində, xx.xx.2010-cu il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3621/2025 nömrəli 28 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmçinin göstərmişdir ki, qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin, 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır.

10. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdeh xx.xx.2010-cu il tarixdə iddiaçının qızı ilə rəsmi nikah bağlamış, tərəflər arasında bağlanmış nikaha xx.xx.2025-ci il tarixli Qətnamə ilə xitam verilmiş, keçmiş kürəkən olan Cavabdehnın keçmiş qaynatası olan İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.

11. Məhkəmə bu baxımdan, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus olan mənzilə dair mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

14. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 29.2, 30.1, 30.2, 30.3, 30.4, 30.5, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh apellyasiya şikayət vərərək, onun qismən - "Qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 12 saylı evin, 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır" hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

16. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan RespublikasıQanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi qeydiyyatdan çıxarma barədə ayrıca iddia qaldırılmalı idi. Lakin məhkəmə iddia tələbindən kənara çıxmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

18. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlmədiklərindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

20. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

21. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

25. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə qeydiyyatdadır və hesab edir ki, iddiaçı onun qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırmalı olduğunu, məhkəmənin isə iddianı rədd edərkən qətnamənin cavabdehin qeydiyyatdan çıxarılması əsas olmasını izah etməklə, inzibati orqanın üzərinə vəzifə qoymuş, bununla da iddia tələbindən kənara çıxmışdır.

37. Məhkəmə iddianı cavabdehin mənzilinə dair istifadə hüquqlarının olmaması qənaətinə gəlmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

39. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

40. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

41. İşin araşdırılan hallarından da göründüyü kimi, cavabdehin mübahisəli mənzildə yaşaması müəyyən edilməmiş, bu barədə cavabdeh özü də apellyasiya şikayətində hər hansı dəlil göstərməmişdir.

42. Ümumiyyətlə mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri (arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

44. Qərardad “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

45. Hazırki halda isə iddiaçı və cavabdeh keçmiş qayınata-kürəkən olmaqla, birbirilərini saxlamaq öhdəliyi yoxdur.

46. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

47. Bu səbəbdən də məhkəmə haqlı olaraq, iddianı rədd edərkən cavabdehin mübahisəli mənzilə qeydiyyatının formal xarakter daşıdığını və mənzilə istofadə hüququnun yaranmadığını müəyyən etmişdir.

48. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

49. Şəxsin müəyyən yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması, həmin hüquqa xitam verilməsi, pasport qeydiyyatından çıxarılma və s. məsələlərə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında ətraflı aydınlıq gətirilmişdir.

50. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

51. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

52. Şəxsin məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsaslara dair Konstitusiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmələr tərəfindən baxılmalı olan tələblərin təsnifatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndində əks olunmuşdur. Həmin normaya görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

53. “Yaşayış sahəsindən çıxarılma barədə” qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

54. “Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” qətnamələr isə şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

55. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

56. Beləliklə, göstərilənləri ümumiləşdirdikdə belə nəticə hasil olur ki, məhkəmələrdə baxılmalı olan iddialar yalnız şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı olan tələblərinə aid olmalıdır.

57. «Yaşayış sahəsindən çıxarılma barədə» iddia o halda verilir ki, şəxs həmin sahə üzrə qeydiyyatdadır və orada yaşayır, lakin istifadə hüququ yoxdur. Bu halda şəxsin istifadə hüququ olmadığı üçün iddia tələbi yalnız onun yaşayış sahəsindən çıxarılması ilə bağlı olur.

58. «Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə» iddia isə o halda verilir ki, şəxs yaşayış sahəsi üzrə qeydiyyatdadır, orada yaşayır və istifadə hüququ vardır. Bu halda istifadə hüququna xitam verilməsi barədə iddianın təmin olunması onun həmin yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması üçün əsas hesab olunur.

59. Bu baxımdan formal olaraq yaşayış sahəsi üzrə qeydiyyatda olan, lakin istifadə hüququ olmayan və orada yaşamayan şəxsin pasport qeydiyyatından çıxarılması hər hansı iddia formasında məhkəmə qaydasında həyata keçirilə bilməz. Belə hallarda şəxsin qeydiyyatdan çıxarılması mülkiyyətçinin inzibati orqana müraciəti əsasında həyata keçirilməlidir.

60. Beləliklə Kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ mövcud deyil, istifadə hüququ olmadığına görə də hazırda həmin hüquqa xitam verilməsi də mümkün deyil.

61. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

62. Göründüyü kimi birinci instansiya məhkəməsinin bu mövqeyi izah xarakterlidir. Qeyd edilən cümlə göstərilməsə belə, iddiaçı cavabdehi mənzildən qeydiyyatdan çıxara bilər. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün ayrıca iddia tələbi ilə gələcəkdə yenidən məhkəməyə müraciət etmək zərurəti yoxdur.

63. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya müvafiq izahı verməklə iddia tələbindən kənarlaşmaya yol verməsi halları müəyyən olunmur.

64. Həmin izah iddiaçıya onun hüququnu izah etməklə, gələcəkdə müvafiq tələblə inzibati orqana, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnu ehtiva edir.

65. Beləliklə, şikayətlərin dəlilləri formaldır. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və presessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3621/2025 nömrəli iş üzrə 28 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə iş üzrə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən cavabdeh tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar