Məhkəmə qərarları › İş №2(3-6)-559/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-559/2026

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-559/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5825/2025 nömrəli 04 dekabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən iddiaçıya 50.000 manat borc verilmişdir. İddiaçı borc müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun cavabdeh qarşısında borcu yaranmışdır. Cavabdeh2 isə iddiaçının borc müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Hazırda iddiaçı həmin icra qeydini mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestrdə 8İ-12818 nömrəsi ilə qeyd olunan Cavabdeh1 xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh1 8İ-12818 nömrəli icra qeydinə əsasən icra sənədi üzrə icraata başlanılmışdır. 53 saylı Notariat Kontorunun icra qeydinə əsasən borclu İddiaçı 50.025 manat (əlli min iyirmi beş) məbləğində pul vəsaiti tutularaq Cavabdeh2 ödənilməlidir. İddiaçı icra qeydi və icraata başlamaq haqqında qərarı xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə yaxınlaşaraq icra məmurundan əldə etmiş, 4 gün sonra isə icra qeydinin ləğv olunması tələbi ilə məhkəməyə müracət etmişdir. Cavabdeh1 tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı aşağıda qeyd edilən səbəblərə görə borcun tutulmasına dair icra qeydini əsassız, qanunazidd və qeyri obyektiv hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 28 saylı Notariat Kontorunda (həmin notariat kontorunun lisenziyası ləğv olunduğundan onun hüquqi varisi kimi 53 saylı notariat kontoru cavabdeh qismində qeyd edilmişdir) aralarında bağlanan kredit (borc) müqaviləsinə əsasən İddiaçı cavadeh Cavabdeh2 50.000 (əlli min) manat məbləğində borc götürmüşdür. Borc 0 faiz dərəcəsi ilə 6 (altı) ay müddətinə xx.xx.2024-cü il tarixinə qədər verilmişdir. Bunun müqabilində iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəsbəsi, 78K, 4-cü massiv ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0.0320 ha tərpaq sahəsini elə həmin gün xx.xx.2024-cü il tarixli 3M-96 reyestr nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə iş üzrə Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü etmişdir. Notariat haqqında” Qanunun 76-cı maddəsinin 8-ci hissəsində qeyd olunmuşdur ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “Notariat haqqında” Qanunun 41-ci maddəsində aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi imkanı nəzərdə tutulmuşdur. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması “Notariat haqqında” Qanunun 76 -cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi qanun birmənalı şəkildə notariat kontoru tərəfindən icra qeydi verilməmişdən qabaq tələbkarın borcluya icra qeydinin aparılacağı barədə bildirişi göndərməsini nəzərdə tutur. İddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvana isə belə bir bildiriş gəlməmişdir. İcra qeydindən əvvəl bildirişin göndərilməməsi isə icra qeydinin ləğv olunmasının əsasını təşkil etməklə, icra qeydinin verilməsi prosedurunun pozulduğunu göstərir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5825/2025 nömrəli 04 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 53 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-12818 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisindən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə, Cavabdeh2 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildiriş borcluya çatdırılmadan icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini göstərən məktubu məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında bildirişin göndərilməsi ilə bağlı qəbz olsa da, nə həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd, nə də bildirişin iddiaçıya çatdırılmamasının səbəbləri kimi üzərində “ünvan tam deyil”, “qapı bağlıdır”, “bina sökülüb”, “tələb olunmayıb”, “köçüb”, “bu ünvanda yaşamır”, “imtina edib”, ünvançı tapılmadı” və s. qeydləri göstərilmiş xəbərnamə icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. Belə ki, Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydinin verildiyi nəzərə alınsa, bu zaman sözügedən bildiriş məktubu qanunvericiliyin tələbinə əsasən ən geci xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim edilməli idi. Lakin bildiriş məktubunun həqiqətən də, İddiaçı çatdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab etmişdir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 53 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-12818 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Notariat Ofisi tərəfindən icra qeydi təsdiq edilərkən "Notariat haqqında" Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki,“ Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələbinə əsasən icra qeydlari yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin 3-cü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar isə icra qeydinin aparılması üçün notarius ofisin müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir, qanunvericiliyin tələbinə görə, cavabdeh icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildiriş borcluya çatdırılmadan icra qeydinin aparılması üçün notariat ofisinə müraiət etmişdir. Belə ki iş materiallarında bildirişin göndərilməsi ilə bağlı qəbz olsa da, bildirişin borcluya çatıb-çatmaması barəsində təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır və məhkəmə bildiriş məktubunu borcluya çatdırılmamış hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin poçta sorğu göndərib həmin bildirişin çatıb-çatmaması barəsində dəqiqləşdirici məlumatları almağı lüzum bilməmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixində icra qeydinin verildiyini nəzərə alaraq bildiriş məktubun ən geci xx.xx.2025-ci ildə borcluya təqdim edilməli olduğunu bildirir. Maraqlıdır ki, onun xx.xx.2024-cü il tarixində poçtla göndərdiyi məktubu görməzdən gəlmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində poçt vasitəsə ilə borcluya bildiriş məktubu göndərmiş və həmin bildiriş məktubu vasitəsi ilə Notariat Ofisinə "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələbinə tam riayət edərək müraciət etmişdir. Notariat Ofisi borclunun həyat yoldaşının, "müqavilənin etibarsız hesab edilməsi" iddiası ilə Səbail Rayon Məhkəməsinə müraciət etməsi səbəbindən, onun bildiriş məktubunu təqdim etməsinə baxmayaraq, icra qeydini verməmiş, məhkəmə araşdırmasının bitməsini gözləmişdir. Səbail Rayon Məhkəməsi borclunun həyat yoldaşının iddiasını rədd etdikdən və həmin məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixində icra qeydi verilmişdir. Borclu müxtəlif bəhanələrlə, saxta iddialara əl ataraq öz öhdəliyini icra etməkdən imtina edir, vaxt udur, təəssüf ki, məhkəmələr də borclunun saxta, yalançı iddialarını icraata götürərək borclunun öhdəliyini vaxtında icra edilməməsinə şərait yaratmış vəziyyətə düşmüşlər. Yuxarıda göstərilən faktlara əsasən hesab edir ki, apellyasiya qaydasında yenidən araşdırılma apararaq ədalətli qərar qəbul etməyə ehtiyac yaranmışdır. Məhkəmənin göstərdiyi əsaslar və faktlar işin hallarına uyğun hesab edilməməlidir. Poçtdan ona təqdim olunan çatdırma vərəqəsində borclunun bildirişi aldığını imzası ilə təsdiq etdiyindən, tərəfindən həmin bildirişi Notariat Ofisinə təqdim edildiyindən iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “Notariat haqqında” Qanun: 76-cı maddəsinin 1-ci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. “İcra qeydi” aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1)əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2)tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması. 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. “Poçt haqqında” Qanunun: 1.0.10. Sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3M-96 reyestr nömrəli borc müqaviləsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən borc alana 50.000 manat məbləğində pul borc verir. Borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 20 gün ərzində xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə borcunu ödəmədiyi halda yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çekdən görünür ki, Cavabdeh2 İddiaçı bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən Cavabdeh2 Bakı şəhəri 53 saylı Notariat Ofisindən icra qeydinin aparılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-12818 reyestr nömrəli icra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı Bakı şəhəri 28 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli 3M/96 reyestr nömrəli borc müqaviləsi əsasında müddət üçün vaxtında ödənilməmiş 50.000 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 50.025 manat pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Cavabdeh1 8İ-12818 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu İddiaçı Cavabdeh1 8İ-12818 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İddiaçı həmin icra qeydini mübahisələndirmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildiriş borcluya çatdırılmadan icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024cü il tarixli borc müqaviləsi bağlanmış, həmin borc müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən iddiaçıya 50.000 manat borc verilmişdir. İddiaçı borc müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun cavabdeh qarşısında borcu yaranmışdır. Cavabdeh2 isə iddiaçının borc müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə Kollegiyasl qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 161-ci maddəsinə əsasən .. tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.... Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. İş materiallarından isə görünür ki, icra qeydi verilməmişdən 20 gün əvvəl Cavabdeh2 İddiaçı sifarişli poçt vasitəsilə bildiriş göndərmiş, bu isə qeyd edilən təlimatın tələblərinə əsasən 5 (beş) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının tələbləri ilə yanaşı həmçinin də , “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.10-cu maddəsinin tələblərinə diqqət yetirməmişdir. Belə ki, “Poçt haqqında” Qanuna əsasən: Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalanması tələb olunan poçt göndərişi nəzərdə tutulur. Kollegiya iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, bildirişin çatdırılması “Poçt haqqında” Qanun ilə tənzimlənir və sifarişli poçt göndərişi bildirişin çatdırılması hesab olunur. Həmçinin apellyator apellyasiya şikayətinə əlavə etdiyi çatdırılma vərəqəsindən görünür ki, bu sənəd ünvan sahibinə xx.xx.2024-cü ildə çatdırılmışdır. Başqa sözlə, bildirişin ünvan sahibinə çatdırılmaması barədə qeydin olmaması bu qənaətə gəlməyə tam əsas verir. Çatdırılma vərəqəsi apellyasiya instansiyası məhkəməsinə şikayətə əlavə etmək yolu ilə təqdim edilsə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi notariat icraatında göndərilən bildirişin sifarişli olmasına diqqət yetirməyərək bu halı aydınlaşdırmayaraq müvafiq qiymət vermədi üçün kollegiüa təqdim edilən bu sənədi yeni sübut kimi qiymətləndirmir. Belə olan halda Məhkəmə Kollegiyası qeyd edir ki, icra qeydi verilməmişdən əvvəl Cavabdeh2 tərəfindən iddiaçıya bildiriş göndərildiyindən və həmin bildiriş 5 (beş) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş hesab edildiyindən birinci instansiya məhkəməsi iddiaçıya bildiriş çatdırılmaması əsası ilə iddianı təmin etməklə haqlı olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, icra qeydinin verilməsi üçün əsas olan borc mübahisəsiz olmuşdur. Həmçinin mübahisələndirilən icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilmiş müddət ərzində verilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri 53 saylı notariat ofisində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-12818 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələblərinə əsasən verilmişdir, həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını sadalasa da, nəticə etibarı ilə həmin halları düzgün qiymətləndirməyərək, səhv nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh iddiaçının həyat yoldaşı ona və iddiaçıya qarşı hazırki iddianın predmeti olan məbləğlə bağlı kredit müqaviləsinin etibarsızlığına dair xx.xx.2024-cü il tarixdə qaldırılmış iddianın əsassız olduğu üçün rədd edilməsinə dair Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsini təqdim etmişdir. Qətnamədən müəyyən edilir ki, həmin iş üzrə predmet olan məbləğ hazırki iş üzrə predmet olan məbləğlə eynilik təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının həyat yoldaşının kredit müqaviləsinin etibarsızlığına dair qaldırılmış iddia iddiaçının mübahisələndirdiyi bildirişi alan tarixdən 3 gün sonrakı tarixə, yəni xx.xx.2024-cü il tarixə təsadüf etmişdir. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5825/2025 nömrəli 04 dekabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “reyestrdə 8İ-12818 nömrəsi ilə qeyd olunan Cavabdeh1 xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar