Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-569/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 Veysəl qızı, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, Cavabdehlər cavabdeh2, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızı, Cavabdeh cavabdeh2 nümayəndəsi-vəkili nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Əsaslı Tikinti Idarəsinin İddiaçı ünvanlandığı ##.##.2025-ci il tarixli raportundan görünür ki, Müdafiə naziri tərəfindən ##.##.2025-ci il tarixdə Xankəndi şəhərində ezamiyyətdə olan zaman Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanası haqqında məruzənin edilməsi barədə şifahi göstəriş verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən sözügedən yataqxananın binası 1969 cu ildə inşa olunub. Təyinatı üzrə yataqxana tipli, 5 mərtəbədən, hər mərtəbədə 1 ədəd 1 otaqlı, 1 ədəd 2 otaqlı lüks mənzildən və 2 xidməti otaqdan ibarət olmaqla ümumi 96 otaqdan ibarətdir. Binanın eni 13, uzunluğu 50, hündürlüyü 15 metrdir. Yataqxananın 23 otağında ehtiyatda olan 14 hərbi qulluqçu ailəsi, 21 otağında xidmətdə olan 12 hərbi qulluqçu ailəsi, 40 otağında Müdafiə Nazirliyi ilə əmək münasibəti olan 29 mülki ailə, 4 otağında Müdafiə Nazirliyi ilə əmək münasibəti olmayan 3 mülki ailə yaşamaqla ümumilikdə 58 ailə yaşayır, 6 otaqda hazırda yaşayış yoxdur. “Turan” hərbi yataqxanasında yaşayan 58 ailədən 3 ailə Bakı qarnizonu üzrə mənzil komissiyasının Protokolu ilə tərtib olunmuş Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında, 30 ailə Mənzil-Istismar Idarəsi tərəfindən, 21 ailə Bakı Qarnizonu Mənzil- Istismar hissəsi tərəfindən verilmiş məktub əsasında, 4 ailə yaşayış sahəsindən istifadəyə dair sənədi olmadan yaşayır. Yaşayış sahəsindən istifadəyə dair son məktub Bakı Qarnizonu Mənzil-istismar hissəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmişdir. Sözügedən məktubların verilməsi Azərbaycan Respublikası müdafiə nazirinin ## ##### 2014-cü il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin norma və tələblərinə zidd olduğundan ##.##.2024-cü il tarixdən sakinlərə yaşayış sahəsindən istifadəyə dair məktubların verilməsi dayandırılmışdır. Müdafiə Nazirliyinin balansında olan “Turan” hərbi yataqxanasının təyinatının dəyişdirilərək xidməti tapşırığı yerinə yetirmək məqsədilə ezamiyyətə gələn zabit və Rlərin müvəqqəti yaşaması üçün “Qonaq Evi”nə çevrilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur.
2. “AZƏRINŞAATLAYIHƏ” Dövlət Baş Layihə-Konstruktor və X7 Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyindən görünür ki, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.
3. Bakı Qarnizonu Mənzil-Istismar hisəsi tərəfindən cavabdeh2 ünvanlanmış **** nömrəli, ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar xidməti rəisinin ##.##.2025-ci il tarixli *** nömrəli Bakı Qarnizonu Mənzil-Istismar hissəsi rəisinin ##.##.2025-cı ıl tarixli ** nömrəli telefonoqrammalarına əsasən Turan yataqxanasında əsaslı təmir işləri aparılacaq. Qeyd olunanları nəzərə alaraq, Turan yataqxanasında yaşadığı 306, *** nömrəli otaqların ## #### 2025-ci il tarixədək təhvil verilməsi tələb olunmuşdur.
4. İddiaçı Daxili Təhlükəsizlik və Təhqiqat Baş Idarəsi tərəfindən Əsaslı Tikinti Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı “Turan” yataqxanasının 91 birotaqlı və 5 ikiotaqlı mənzillərdən ibarət olması, onlardan 2 mənzilin inzibati otaq kimi istifadə olunduğu, 82 mənzildə 54 ailənin yerləşdirildiyi, 12 mənzilin isə boş olduğu məlum olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, yalnız 5 mənzil kirayə müqaviləsi bağlanılmaqla verilsə də, Mənzil Məcəlləsinin 98-ci maddəsinin (Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi üçün əsaslar), eləcə də sözügedən Əsasnamənin 6 cı bəndinin tələbləri kobud şəkildə pozularaq 72 mənzil kirayə müqaviləsi bağlanmadan əsassız olaraq Mil və BQ MIH-in məktubları ilə, digər 5 mənzil isə ümumiyyətlə heç bir sənədləşmə aparılmadan müddətsiz istifadəyə verilmişdir. Göstərilənlərə əsasən, aşkar olunmuş qanunsuz halların aradan qaldırılması üçün zəruri tədbirlər görülməsi və nəticəsi barədə DTTBI-yə məlumat göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 Veysəl qızı, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızına qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2, həyat yoldaşı cavabdeh3 Veys qızının, oğlu cavabdeh1 və gəlini Allahverdiyeva Bilqeyis Bəxtiyar qızının Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Əsaslı Tikinti Idarəsi tərəfindən cavabdeh cavabdeh2 müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan 306, *** nömrəli xidməti otaqları Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsində xüsusi təyinatlı mənzil fondu barədə məlumatlar əks olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh cavabdeh2 digər ailə üzvləri ilə birlikdə həmin yataqxanada 306, *** nömrəli otaqlarda sənədsiz və qanunsuz olaraq yerləşmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməlidir.
7. Daha sonra iddiaçının nümayəndəsi nümayəndə2 ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, cavabdeh cavabdeh2 və onun digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının 306, *** saylı otaqlarından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh3 Veysəl qızı, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızının Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılması qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 306, *** nömrəli yaşayış sahəsinə müvəqqəti yerləşdirilmişdir.
10. Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji Institutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh cavabdeh2 mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin binada qalması həm binanın təhlükəli texniki vəziyyəti ilə bağlı vətəndaşın həyat və sağlamlığına təhlükə yaratdığına görə, həm də onların yaşayış sahəsinə müqavilə olmadan yerləşdirildiyi üçün yolverilməzdir. Eyni zamanda məhkəmə bildirir ki, cavabdeh cavabdeh2 artıq ehtiyatda olan hərbçidir. Müdafiə Nazirliyi ilə cavabdeh arasında hər hansı xidməti münasibət hal-hazırda yoxdur. Buna görə məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək cavabdehlər cavabdeh2, cavabdeh3 Veysəl qızı, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən İddiaçı mənzil fonduna daxil olan “Turan” Hərbi yataqxanasından (xidməti yaşayış sahəsindən) çıxarılmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2, 102.1, 102.2, 102.3, 103.3-cü maddələri; “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7-5.11-ci bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Məhkəmə tərəfindən cavabdeh2 15 ildən artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət etməsi, hərbi xidməti dövründə yüksək səviyyədə öz vəzifəsini icra etdiyinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə dövlət təltifləri (medalları) ilə təltif olunması və hərbi xidmətdən öz arzusu ilə deyil, məhz "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılması kimi iş üzrə xüsusi əhəmiyyət daşıyan bu hallar nəzərə alınmamışdır. Belə ki, maddənin tələblərinə əsasən, cavabdeh2 15 təqvim ilindən daha çox xidmət etdiyinə və “Turan” Hərbi Yataqxanasında 306 və *** nömrəli otaqlardan başqa digər yaşayış sahəsi olmadığına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmçinin, bu hüququn mövcudluğu iddia ərizəsinə etirazda da açıq şəkildə göstərilmiş, müvafiq olaraq normativ aktlara istinad olunmuş, lakin məhkəmə tərəfindən bu fakt, ümumiyyətlə, nəzərə alınmadan, yalnız iddiaçının mənafeləri nəzərə alınaraq Qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 102.2-ci maddəsin əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.4. hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Bildirmək istəyir ki, məhkəmə Qətnaməsində Cavabdeh cavabdeh2 bu maddədə nəzərdə tutulan istisna hallara aid olduğu halda, onun əleyhinə məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə olunan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında” “E-gov.az”dan Çıxarışa əsasən, cavabdeh cavabdeh2 “Hipertenziv ensefalopatiya. Dissirkulyator ensefalopatiya, xroniki serebrovaskulyar çatışmazlıq və tranzitor işemik həmlələrlə, vestibulo - ataktik, psevdobulbar və vegetativ damar sindromları ilə. Sol tərəfli aydın ifadə olunmuş əzələ zəifliyi, kəskin hərəki - koordinator funksiyanın pozulması ilə. Hər iki gözün tor qişasının hipertonik angiopatiyası. ÜIX. Stenokardiya tutmaları ilə III f/s, tez- tez qeyri stabil və proqressivləşən gedişli. Postmiokarditik kardioskleroz, tez-tez baş verən qoşa və polimorf tipli mədəcik ekstrasistoliyaları ilə. Ürək çatmamazlığı II dərəcə.” diaqnozu qoyulmuş və onun ikinci dərəcəli əlilliyi (orqanizm funksiyalarının 61-80 faiz itirilməsi) isə hərbi xidmət dövrü ilə əlaqədar olduğu müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar nəzərə alınmadan, yalnız iddiaçının mənafelərinə uyğun Qətnamə qəbul edilmişdir. Maddənin məzmunundan da göründüyü kimi, cavabdeh2 və onun ailə üzvləri (o cümlədən, Cavabdeh cavabdeh3 Veysəl qızı, cavabdeh1 və Allahverdiyeva Bilqeyis Bəxtiyar qızı) xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. 1-ci instansiya məhkəməsi bu maddənin tələblərini pozaraq əsassız və qanunsuz məhkəmə aktı çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin olmaması əsası ilə cavabdehlərin “Turan” Hərbi Yataqxanasındakı yaşadıqları otaqlardan çıxarılması barədə Qətnamə qəbul etmişdir. Lakin kirayə müqaviləsinin bağlanmamasının iddiaçı və onun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, o cümlədən bunun Cavabdeh cavabdeh2 məsuliyyət sferasına aid olmadığı məhkəmə tərəfindən nəzərə alınmayaraq, əlavə əsaslandırma edilmədən qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən iş üzrə hallar tam və hərtərəfli araşdırılmadan yalnız iddiaçının iddia ərizəsində cavabdehin və onun ailə üzvlərinin qeyd olunan otaqlarla təmin edilməsinin hər hansı kirayə müqaviləsinə əsaslanmadığını göstərdiyi hal əsas götürülərək, həmçinin Cavabdehin və onun ailə üzvlərinin qeyd olunan mənzillərdən çıxarılması nəticəsində yaşayış yeri olmadıqlarına görə küçədə qalacaqları halı nəzərə alınmadan yalnız iddiaçı orqanın maraq və mənafelərinə uyğun davranılmış, cavabdeh tərəfin isə mənafeləri təmin olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunması əsası kimi xüsusi təyinatlı yaşayış sahəsi ilə cavabdehin və onun ailə üzvlərinin “Turan” Hərbi Yataqxanasında otaqlarla təmin olunmasının hər hansı kirayə müqaviləsinin olmaması kimi göstərilsə də, 2005-ci il tarixdə Cavabdeh cavabdeh2 ailəsi ilə birgə yaşamağı üçün Müdafiə Nazirliyinin nəzdində olan “Turan” Hərbi yataqxanasında, 317 (ümumi sahəsi 16 kv. metr) və 306 (ümumi sahəsi 12 kv. metr) nömrəli otaqlarla təmin olunmuşdur. Cavabdeh tərəfinin cavabdehlə kirayə müqaviləsinin bağlanmadan onun və ailə üzvlərinin mənzillə təmin edilməsi halı cavabdehin iradəsindən asılı olmayan haldır. Həmçinin 1-ci instansiya məhkəməsi cavabdehin uzun müddət (2005-ci ildən) ailə üzvləri ilə birgə həmin otaqlardan i,ddiaçının hər hansı bir etirazı olmadan, mübahisəsiz şəkildə istifadə edərək yaşaması iş üzrə mübahisəsiz haldır. 1-ci instansiya iş üçün mühüm əhəmiyyətli bu halı da nəzərə almadan qətnamə qəbul etmişdir. Bütün bunlardan əlavə, tərəfimizdən iş üzrə iddia ərizəsinə etiraz təqdim olunmuş, lakin həmin etiraza və ona əlavə edilmiş sənədlər birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmiş və, ümumiyyətlə nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, idarədə korrupsiya halları olub və dövlətin pulları mənimsənilib. O, həmin idarədə 8 il işləmiş və işlədiyi müddətdə yataqxanada yerləşdirilmişdır. Idarə onu ora yerləşdirdikdən sonra onun müqavilə bağlamalı idi. Dəfələrlə o, yazılı şəkildə müraciət etmiş, idarə rəisi dərkənar qoyub ki, müqavilə bağlanılsın lakin mənzil şöbəsi bunu icra etməyib. Konstitusiyaya görə o yaşa görə təqaüdə çıxdığı üçün oradan çıxarıla bilməz, əlavə olaraq əlilliyi var. Bütün bunları nəzərə alaraq işə ədalətlə baxılmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərmanı var ki, kirayə müqaviləsi bağlamaq kirayəyə verənin öhdəliyidir. Kirayə müqaviləsinin bağlanmaması ondan asılı olmayan səbəblərdən olub. Mənzil şöbəsi dəfələrlə ona arayış verib ki, o, həqiqətən də ailəsi ilə birlikdə “Turan” Hərbi yataqxanasında yaşayır. “Turan” Hərbi yataqxanasının təyinatının dəyişdirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmalıdır, lakin belə bir razılıq da yoxdur. Fövqəladə vəziyyətin olduğu deyilir, lakin binada heç bir qəzalı vəziyyət yoxdur. 2005-ci ildən həmin yataqxanada yaşayırlar. Həmin vaxta kimi Gəncə şəhərində kirayədə yaşayırdılar. 2005ci ildə onun xidmət yeri Bakıya dəyişdirilib. Onun mülkiyyətində şəxsi əmlakı yoxdur. Əlbəttə ki, onlar ömür boyu həmin yataqxanada yaşamalı deyil. Onları yaşayış sahəsi ilə təmin etməli idilər. Dəfələrlə müraciət etmişdir. Inzibati məhkəməyə də müraciət etmişdir, hələ baxılmayıb. O, təqaüdə çıxandan sonra 2017-ci ildə Mənzil Istismar Idarəsinin rəisinə yaxınlaşdı və mənzillə təmin edilməyini istədi. Ona dedilər ki, yataqxana qısa müddətdə söküləcək və orada yaşayanlar mənzillə təmin ediləcəkdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 izahatında qeyd etdi ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən 15 ildən artıq hərbi xidmət etmiş şəxslərə müvafiq icra hakimiyyəti orqanı, yəni bələdiyyə tərəfindən torpaq sahəsi verilməlidir. Qanuna əsasən kirayə müqaviləsi olmalıdır, 15-20 ildir ki, şəxs həmin yerdə yaşayır. Icra hakimiyyətinə müraciət ediləndə bildirilir ki, Müdafiə Nazirliyi torpaq verməlidir ki, onlar da cavabdehə versin.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 izahatında qeyd etdi ki, Qanunda göstərilir ki, 15 ildən artıq hərbi xidmət etmiş şəxslərə icra hakimiyyəti tərəfindən torpaq sahəsi verilir. Bu mexanizmin işləməməsi onlardan asılı olmayan bir haldır. Xidmət illəri ilə bağlı verilmiş müvəqqəti yaşayış sahəsinin yaşamaq hüququ ilə əlaqəsi yoxdur. Şəxs özünün tikdirdiyi yaşayış sahəsindən çıxarılsa, konstitusion hüquqa istinad edilə bilərdi.
Tətbiq edilən hüquq normaları
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92 ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Maddə 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırki halda apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin bütovlükdə yoxlanılmasıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Cavabdeh cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında 306, *** nömrəli yaşayış sahəsində 15 ildir ailə üzvləri ilə birlikdə yaşayır.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. O cümlədən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 27.Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh2 ilə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmamış və həmin sahənin verilməsi haqqında qərarın da olması müəyyən edilmir.
28. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən istinad olunan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2.4-cü maddəsinin tətbiqi üçün həmin şəxsin xidməti yaşayış sahəsindən və ya yataqxanadan istifadə hüququnun qanuni əsaslarla yaranması müəyyən edilməlidir. 29.Qeyd edilməlidir ki, mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi də dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 30.Kollegiya qeyd edir ki, cavabdeh cavabdeh2 hər hansı qərar və müqavilə olmadan “Turan” hərbi yataqxanasının 306, *** nömrəli yaşayış sahəsində 15 il ailə üzvləri ilə birlikdə yaşasa da Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji Institutunun ##.##.2025-ci il tarixli rəyi ilə “Turan” hərbi yataqxana binasında insanların yaşaması üçün təhlükənin mövcud olduğu müəyyən edilmişdir. Bina texniki cəhətdən yolverilməz qiymətləndirilmiş və təhlükəsizliyin təmin olunması üçün bərpa və gücləndirmə işlərinin aparılması zəruridir. Bu təhlükə səbəbi ilə cavabdeh cavabdeh2 mənzili təhvil verməsi barədə ##.##.2025-ci il tarixli, **** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov