Məhkəmə qərarları › İş №2(3-6)-582/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-582/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-582/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi və "xxxx" ASC cəlb edilməklə) “qiymətləndirmə hesabatının, müqavilənin, protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi və "xxxx" ASC cəlb edilməklə) “qiymətləndirmə hesabatının, müqavilənin, protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi və "xxxx" ASC cəlb edilməklə) qarşı “qiymətləndirmə hesabatının, müqavilənin, protokolun və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin qiymətləndirilməsinə dаir cаvаbdеh "xxxx" MMC tərəfindən vеrilmiş xx.xx.2022-ci il tarixli, 0384/22 İBİ saylı mənzilin qiymətləndirilməsinə dair hеsаbаtın, hərrаcdа bаğlаnmış müqаvilənin, prоtоkоlun və çıхаrışın ləğv еdilməsinə və yеni qiymətləndirmə təyin еdilməsinə dаir qətnаmə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 19 dekabr 2025-ci il tarixdə yerləşdirilmişdir.

12. Sözügedən qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti isə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 21 yanvar 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir.

13. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi xx.xx.2025ci il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nə rəsmi qaydada (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”i vasitəsilə) təqdim edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC həmin qətnamədən xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti 1 gün ötürmüş olmuşdur.

15. Bununla belə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair məhkəməyə hər hansı ərizə də təqdim etməmişdir.

16. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

17. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

18. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-138/2025 nömrəli, 11 dekabr 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar