Məhkəmə qərarları › İş №2(3-6)-659/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-659/2026

05.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-659/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı İddiaçı İsa qızının və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Cavabdeh və nümayəndəsi (vəkili) İsgəndərli Aqil Səhman oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə, İddiaçı İddiaçı İsa qızının cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İsa qızı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evinə iddiaçının övladları ilə birgə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ## #### 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından ## ##### 2017-ci il tarixdə X4 və ## ### 2022-ci il tarixdə X5 anadan olmuşlar. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə tərəflərin arasında olan nikahın pozulması, uşaqların iddiaçının himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq artırmalar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.625 misli həddində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən mübahisəli evə gəlin kimi köçərək orada cavabdeh və onun valideynləri ilə birgə təsərrüfat aparmışdır. Həmin mübahisəli ev özbaşına tikili olmaqla, cavabdehin atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsusdur və mübahisəli evin elektrik və qaz təchizatı ilə bağlı sənədlər sonuncunun adınadır. İddiaçı həmin evdə bir müddət mübahisəsiz yaşamış, lakin sonralar cavabdehin ata və anasının müdaxilələri nəticəsində tərəflərin arasında münasibətlər pozulmuş, dəfələrlə dava-dalaşlar olmuş, iddiaçı bununla bağlı “102” xidmətinə müraciətlər etmiş, bunu sahə müvəkkili də bilmiş, müvafiq söhbətlər aparsa da, heç bir nəticə əldə edilməmişdir. İddiaçının cavabdehin valideynləri ilə mütəmadi baş verən ailə-məişət münaqişələrindən sonra cavabdehin atasına məxsus evdə yaşamaq imkanı olmadığından iddiaçı ilə cavabdehin ümumi vəsaitləri hesabına həmin torpaq sahəsində 2024-cü ilin mart ayından başlayaraq 2024-cü ilin may ayına kimi digər fərdi yaşayış evi tikmişlər, təmir edib orada yaşamışlar. Həmçinin, iddiaçının cehiz əşyaları və tərəflərin birgə aldıqları əşyalar da həmin evə yerləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdeh və onun valideynləri həmin evdə iddiaçıya yaşamağa imkan verməmiş, ona qarşı dəfələrlə fiziki və psixoloji təsirlər edilmiş, nəticədə iddiaçı ## ###### 2025-ci ildə iki azyaşlı uşağı ilə birlikdə evdən qovulmuş, cehizlərini də evdən çıxarılmışdır. Bundan sonra, iddiaçı məcburiyyət qarşısında qalaraq kirayə tutduğu evdə yaşayır, lakin hazırda kirayədə qalmağa maddi imkanı yoxdur. Bu səbəbdən də o, mübahisəli evə köçüb orada yaşamaq istəyi barədə dəfələrlə cavabdehlə danışmış, lakin cavabdeh buna imkan verməmişdir. Qeyd olunan torpaq sahəsində evin tikilməsi və tərəflərin yaşamalarına dair sübutları – evin inşa olunarkən və ondan sonra fotoşəkilləri, şahid ifadələri, cavabdehlə telefon danışıqları vardır. Hətta cavabdeh iddiaçı ilə telefonla danışanda ona müraciət edərək evə qayıtmasını xahiş etmiş, cavabında iddiaçı ona demişdir ki, əgər ayrı ev tikərlərsə o evə qayıdar, çünki cavabdehin valideynləri ilə birlikdə yaşamaq mümkün deyildir. Beləliklə, tərəflər qeyd olunan evi birgə nikah dövründə tikdiklərindən iddiaçının da həmin evə sahiblik hüququ yaranmış və həmin evdə sahib kimi payı vardır. Mübahisəli ev özbaşına tikili olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili tərəflərin birgə nikahı müddətində və birgə vəsaiti əsasında tikilmişdir və hər bir tərəfin tikilidən bərabər istifadə imkanı saxlanmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia təmin olunmamışdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, tərəflər arasında nikah münasibətlərinin olması, nikahlarının pozulması, nikahdan iki övladlarının olması, hazırda kirayədə qalması, maddi imkanının aşağı olması, mübahisəli evin (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsində tikilən fərdi yaşayış evinin “B” tikilisi) onun qaynatasına məxsus olması, onun gəlin köçərkən həmin tikilinin artıq mövcud olması, lakin ailə daxili münasibətlərin kəskinləşməsindən sonra həmin tikilinin sökülərək yerində yenisinin tikilməsi, həmin evin özbaşına tikili olması, onun tikilməsinə maddi vəsait qoyması, bu səbəbdən həmin tikili üzərində haqqının olması, buna baxmayaraq cavabdeh tərəfin iki azyaşlı uşaqları ilə birgə ora köçüb yaşamasına mane yaradılması, tələbdə göstərilən qeyd olunan hallarla bağlı sübutların təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilməməsi, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması, təqdim olunmuş sübutlara formal yanaşılması, nəticədə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada və iddia ərizəsində göstərilənlərə, həmçinin birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçının köçürülməsini tələb etdiyi tikili (sxemdə “B” tikilisi kimi qeyd edilmiş) əvvəldən yəni iddiaçı həmin ünvana gəlin köçməmişdən mövcud olmuş, lakin yaşayış təyinatlı olmamış, əsasən anbar kimi istifadə olunmuşdur. Evin sənədləri cavabdehin atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına rəsmiləşdirilmişdir. İşdə olan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına tərtib olunmuş sənədlərin mübahisələndirilən ünvana aid olmasını təsdiq edirlər. Bir müddət sonra iddiaçının cavabdehin valideynləri ilə münasibəti pozulmuş, aralarında münaqişələr yaranmış, bu səbəbdən də bir neçə dəfə evi tərk edərək kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Sonradan iddiaçı cavabdehə belə bir təklif irəli sürmüşdür ki, evə o şərtlə qayıdar ki, həmin torpaq sahəsində özlərinə ayrıca ev tiksinlər və orada yaşasınlar. Qarşılıqlı razılıq əsasında həyətdə olan “B” tikilisini sökərək yerində təqribən eyni ölçüdə ev inşa etmişlər və buna təqribən 20000 manatdan çox pul vəsaiti xərcləmişlər. İddia ərizəsində həmin yanlışlıqda həmin evə köçüb yaşamasını qeyd etsələr də, həqiqətdə həmin tikilidə ümumiyyətlə yaşamamışlar. Bəzi əşyalarını ora yığmış, lakin münasibətləri pisləşdiyindən onu 2025-ci ilin yanvar ayında evdən qovmuşlar. Əlavə olaraq qeyd edirlər ki, mübahisəli tikilinin inşası ilə bağlı məhkəməyə hər hansı yazılı sübut, video çəkiliş və ya səs yazısı təqdim edə bilməmişlər. Onda sadəcə həmin tikilinin əvvəlki və son görüntüsü vardır, lakin tikilinin inşası mərhələsi ilə bağlı hər hansı sübutu yoxdur. Məhkəməyə təqdim etdiyi səs yazısı isə tikintinin inşasından əvvələ aiddir. Belə ki, həmin səs yazısında cavabdeh iddiaçı ilə telefonla danışarkən evə qayıtmasını xahiş etmiş, iddiaçı isə ona demişdir ki, əgər ayrı ev tikərlərsə o evə qayıdar, çünki cavabdehin valideynləri ilə birlikdə yaşamaq mümkün deyildir. Lakin tikintinin inşası zamanı və ya ondan sonra hər hansı səs danışığı mövcud deyildir. Birinci instansitya məhkəməsində anası və qardaşı şahid qismində onun xeyrinə ifadələr vermişlər, lakin məhkəmə həmin ifadələri nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndələri (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçının iddia etdiyi tikili onlar nikaha daxıl olmamışdan əvvəl mövcud olmuş, əsasən anbar kimi istifadə olunmuşdur. Tikililərin sənədləri cavabdehin atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına rəsmiləşdirilmişdir. Tərəflər ailə qurandan sonra həyətdə olan yaşayış evində (“A” tikilisi) valideynləri ilə birlikdə yaşamağa başlamışlar. Bir müddət sonra, yəni 2022-2024-cü illərdə münaqişələr səbəbindən kirayədə yaşamışlar. Cavabdeh dövlət qulluqçusudur və aylıq gəliri təqribən 1000 manat həddindədir. Aylıq 300 manat kirayə pulu, 100 manat kommunal xidmətlər, 600 manat da uşaqların aylıq xərcləri üçün pul ayırırdı. Bir müddət sonra dolanışıqları çətinləşdiyindən iddiaçının anası iddiaçıya ailəsi ilə onu barışdırmağı, ailə evinə qayıtmağı dedi. Hətta uşaqlara valideynlərinin baxa biləcəyini, beləliklə işləyə biləcəklərini bildirdi. Bu səbəbdən 2024-cü ilin yaz ayları yenidən valideynlərinin yaşadığı evə qayıtmış, əvvəlki kimi A tikilisində birlikdə yaşamağa başlamışlar. Atası həyətdə olan “B” tikilisini təmir edərək kirayə vermək niyyətində olmuşdur. Onlar evə qayıdanda artıq təmir işləri yekunlaşmışdı. Təmir işlərinə cavabdehin və iddiaçının hər hansı pul vəsaiti və ya zəhməti olmamışdır. Ümumiyətlə B tikilisi sökülüb yenidən inşa edilməmiş, sadəcə atası tərəfindən müəyyən təmir işləri aparılmış, dam örtüyü dəyişdirilmişdir və s. işlər görülmüşdür. Əgər cavabdehin 20000 manat pul vəsaiti var idisə, kənarda özünə bir ev inşa edər, valideynləri ilə birlikdə münaqişəli vəziyyətdə yaşamazdılar. Hətta cavabdeh 2021-ci ildə sosial evlər almaq üçün tələb olunan 8000-10000 manat ilkin ödənişi verə bilmədiyi üçün ev ala bilməmişdir. İddiaçının iddia etdiyi “B” tikilisinin sahəsi kiçikdir və orada 4 nəfər ailə üzvü ilə yaşamaları mümkün deyildir. Həmin tikilidə bir gün də olsa yaşamamışlar. Heç iddiaçının cehiz əşyaları da orada olmamışdır. İddiaçının bildirdikləri həqiqətə uyğun deyildir, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, yalqnız anası və qardaşı iddiaçının mənafeyinə uyğun yanlış ifadələr vermişlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, mübahisəli ünvanda yerləşən tikililər cavabdehin atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olmaqla, onun adına rəsmiləşdirilmişdir. İddiaçı 2016-cı ildə ora gəlin gəlmiş və birlikdə “A” tikilisində yaşamışlar. Həmin vaxtı iddiaçının iddia etdiyi “B” tikilisi mövcud olmuş, əsasən əl damı və emalatxana kimi istifadə olunmuşdur. “B” tikilisi təqribən 2000-ci ilin əvvəlləri bir otaq olaraq inşa edilmiş, sonradan müəyyən təmir işləri görülmüş, sonuncu dəfə 2024-cü ilin əvvəlləri tərəflərindən restavrasiya olunmuş, tikilinin divarları sökülməmiş, sadəcə müəyyən dəyişikliklər edilmiş, pəncərə qoyulmuş, dam örtüyü dəyişdirilmiş, üzlük vurulmuşdur və s. Məqsədi oranı kirayə vermək olmuşdur. İşdə olan fotoşəkillərdən də görünür ki, “B” tikilisi istər əvvəllər (köhnə variantda) istərsə də son vaxtlar eyni yerdə mövcud olmuşdur. Həmin tikilinin sahəsi kiçik olmaqla orada tərəflərin iki uşaqla birlikdə yaşaması da mümkün deyildir. İddiaçı tərəf bildirir ki, guya “B” tikilisinə 20000-25000 manat pul xərclənmişdir. Lakin bu həqiqətə uyğun deyildir. Tikinti işləri üçüncü şəxslərin şəxsi vəsaiti hesabına, həmçinin qonşu, qohum, qardaş oğlunun köməkliyi hesabına başa gəlmişdir. Nə iddiaçının, nə də oğlunun bir qəpik belə pulu çıxmamışdır. Həmin vaxtı oğlu kirayədə qalırdı və 1000 manat maaşla həm kirayə pulu, həm yaşam xərcləri həm də üstünə pul yığa bilmələri ağlabatan deyildir. Cavabdehlə iddiaçı pul çatdıra bilmədikləri üçün yaşaya bilmədiklərini dedilər, ondan sonra onları yenidən A tikilisində birlikdə yaşamağa qəbul etmişlər. Lakin yenə də mehribançılıq olmamış, iddiaçı evdən getmişdir. İddiaçı bir gün də olsa “B” tikilisində yaşamamış, əşyaları ora yığılmamışdır. İddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin ## #### 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, iddiaçının həmin vaxtı cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə (“A” tikilisi) köçərək birlikdə yaşamağa davam etməsi, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, sonradan ailə münasibətlərinin pozulması, iddiaçının son dəfə 2025-ci ilin yanvar ayında həmin evi tərk etməsi, tərəflərin nikahının Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə pozulması, uşaqların iddiaçının (ananın) yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ünvan 1 ünvanı üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. İşdə olan Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan müəyyən olunur ki, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində iki ədəd tikilinin inşa edilmişdir – 1) 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 151.4 m2 olan “A” tikilisi və 2) 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 39.9 m2 olan “B” tikilisi. İşdə olan ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qaiməfakturalardan müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən tikinti materiallarının alınması üçün ümumilikdə 1667 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, Zaur onun qardaşının oğlu, Zakir isə qardaşıdır. Tikilini özü şəxsən tikmişdir. Özü tikintidə işləyir və qardaşına kömək etmək üçün həmin tikilini tikmişdir. 2024-cü ildə evin damını, üzünü remont eləmişdir. Bundan əlavə, evin işığını çəkmiş, “santexnik” işini görmüşdür. Tikilidə istifadə olunan materialları tam yadında deyil, lakin həmin materialları “Dərnəgül yolu”ndan almışdır. Ev əvvəldən, yəni 2000-ci ildən etibarən mövcud olmuş, təmir işləri sonradan görülmüşdür. Ümumilikdə təmir işlərinə təxmini olaraq 4000 – 5000 manat xərclənmişdir. Qardaşı həmin tikilini kirayə vermək istəmişdir. Çünki, qardaşının dolanışığı yaxşı olmamışdır. Bundan əlavə, evin “krişası” əvvəldən mövcud olmuş, yalnız “şifer” yenilənmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, cavabdeh onun əmisi oğlu, iddiaçı isə əmisi oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdehin atasına məxsus evin həyətində tikili mövcud olmuşdur. Ailədə söz-söhbət olduğu üçün cavabdeh iddiaçını da götürərək kirayəyə getmişdir. O, cavabdehin atasına şəxsən təklif etmişdir ki, həyətində yerləşən tikilini təmir etdirərək kirayəyə versin və qazanc əldə etsin. O, müharibə veteranı olduğu üçün ona birdəfəlik sığorta ödənişi verilmiş, həmin sığorta ödənişinin 2000 manat məbləğini isə cavabdehin atasına təmir xərclərinə ayırması üçün vermişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Tağıyeva Səadət İsrafil qızı bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızı və Zaur nikahdan sonra cavabdehin atasına məxsus evə köçmüşlər. 2021-ci ildə aralarında münaqişələr yaranmışdır. Münaqişələr gəlin və qayınata arasında baş vermiş, bir-birlərinə sözləri xoş gəlməmişdir. Zaur nikaha daxil olandan sonra öz evlərinə bitişik bir otaq da tikmək üçün 1 il Rusiyada çalışmışdır. Sözsöhbətlər yaranandan sonra Zaur Səbinəni də götürüb evdən getmiş və kirayədə yaşamağa başlamışdır. Kirayədə yaşadıqları müddətdə Zaur onun da iştirakı ilə əvvəlcə torpaq alıb ev tikmək istəmiş, sonra bu planını təxirə salmışdır. Zaur sonra ipoteka ilə ev əldə etmək istəmiş, buna görə qızına toyda verilən qızılları aşağı qiymətə, 3500 manata satmışdır. Lakin, bu plan da Zaurun yaxın qohumlarının təkidi ilə baş tutmamışdır. Çünki, onun yaxınları ona “ata ocağın ola-ola niyə ayrı yaşamalısan?” deyə təzyiq etmiş, nəticədə yenidən atasının yanına qayıtmışlar. Hətta, Zaurun anası da telefonda demişdir ki, “gəlib ev tikib yaşasınlar, heç kimin onlarla işi olmayacaq”. Onlar həyətdə təzə ev tikib, orada yaşamaq istəmişlər. Təxminən 2024cü il mart ayından iyun ayınadək tikinti aparılmışdır. Qızı qayınatası ilə yola getmədiyindən qayınatası onu 2025-ci ilin yanvar ayında evdən qovmuşdur. Həmin tikilidə qızına aid əşyaların yerləşdirilib-yerləşdirilməməsi ona məlum deyil, lakin o bilir ki, qızı həmin evdə yaşamaq istəmişdir. Qızı yenidən qaynata həyətinə qayıtdıqdan sonra qayınatasının evində, yoxsa tikilən yeni evdə yaşamaları barədə məlumatlı deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Hüseynov Hikmət İsrafil oğlu bildirmişdir ki, iddiaçı onun bacısının qızıdır. Təxminən 2-3 il əvvəl, bacısı ona qızının ipoteka ilə ev almaq istəyini və buna görə vəsait çatışmadığını bildirmişdir. Buna görə bacısı ondan 3000 manat pul istəmiş, o da bacısı oğlu vasitəsilə pulu çatdırmışdır. Hazırda həmin pulun 2500 manatı ona qayıtmış, qalan 500 manatı isə qalıq qalmışdır. Pulu borc kimi Səbinəyə versə də, onun imkanı olmadığı üçün borcu Səbinənin qardaşı qaytarmışdır. Tərəflərin cavabdehin valideynləri ilə münaqişəli vəziyyəti barədə məlumatlı olmuş, cavabdehin atası ilə şəxsən söhbət etmişdir. Tərəflərin tikinti məqsədləri barədə eşitsə də, həmin tikintini başlayıb-başlamamaları barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Tağıyev Elşad İsa oğlu bildirmişdir ki, iddiaçı onun bacısıdır. O, konkret ili xatırlamasa da 2020-ci illərdə Zaurla söhbət etmiş, Zaur ona əlində 25000 manat pulun olduğunu və bu pula ipoteka ilə ev əldə etmək istədiyini bildirmiş, lakin buna gücünün çatmadığını, ona kömək etməsini xahiş etmişdir. Özünün də maddi vəziyyəti yaxşı olmadığı üçün kömək edə bilməmişdir. Həmin vaxt tərəflər Ramana qəsəbəsində yerləşən evlərdən birində kirayə yaşamış, daha sonra barışıq olduğu üçün yenidən Zaurun atasına məxsus evə qayıtmışlar. Həmin evin həyətində Zaurun pulu hesabına həmin ev tikilmiş, evin tikilməsi üçün hətta dayısı da 3000 manat pul vermişdir. Tikinti bitəndən sonra həmin evə baş çəkməmiş, bacısının həmin evdə yaşaması barədə məlumatlı deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Tağıyeva Əminə İsa qızı bildirmişdir ki, iddiaçı onun bacısıdır. Hazırda sözügedən ev 2024-cü ildə tikilmişdir. Həmin ev tikilməmişdən qabaq, cavabdeh ona və anasına zəng edərək Səbinəni razı salmalarını xahiş etmiş, həyətdə ev tikiləcəyini demişdir. Hətta Səbinənin “veşləri”ni belə o, anası ilə birlikdə yığmışdır. Çünki, Səbinə heç bir halda həmin evə qayıtmaq istəmirdi və buna razı deyildi. Zaur onlara söz vermişdir ki, həmin həyətdə ev tikdirəcək və müddətdə Səbinə onunla birlikdə ata-anasının yanında qalmalıdır. Səbinəni isə buna razı salmaq lazımdır. Evin tikilməsi üçün bacısı müəyyən əşyaların seçilməsini onlarla da məsləhətləşmiş, hazırlıq işləri görmüşdür. Lakin, evin tikilməsinə Zaurun vəsait xərcləməsini görməmişdir. Bacısının yenidən həmin evə qayıtması üçün əşyaların yığılmasında iştirak etsə də, əşyaların qayınatasına məxsus evə köçürülməsində şəxsən iştirak etməmişdir. Bacısının əvvəldən yaşadığı qayınatasına məxsus evdə olmuşdur. Həmin həyətdə qayınatasının bir evi və bir də kiçik zirzəmi olmuşdur. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış sahələrinə baxış (yerində müayinə) keçirilmiş, baxış zamanı həyətə darvazadan daxil olarkən qarşıda “A” tikilisinin, darvazadan sağ tərəfdə isə “B” tikilisi deyilən ikinci tikilinin mövcud olması, həmin tikiliyə daxil olarkən qarşıda bir böyük otaq görünür. Otağın içərisində heç bir əşyanın olmadığı, yalnız bir ədəd çil-çıraq olduğu görünür. Otağın qapısından sol tərəfdə bir qapı görünür və həmin qapını açdıqda içəridə sanitar qovşaq olduğu görünür. Sanitar qovşaqdan sağda bir qapı da olduğu görünür. Həmin qapını açdıqda içəridə mətbəx üçün nəzərdə tutulmuş boş otaq olduğu müəyyən olunur. Hazırda iddiaçı mübahisəli ünvanda yerləşən, birgə nikah dövründə inşa etdiklərini iddia etdiyi “B” tikilisinə köçürülməsini tələb etmiş, cavabdeh tərəf isə həmin tikilinin nikahdan əvvəl mövcud olmasını, birgə nikah dövründə birgə vəsait hesabına inşa olunmamasını, bu barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutun təqdim olunmamasını, tikilinin üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olmasını və s. bildirərək iddiaya etiraz etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsində özbaşına tikililərin (ev və ya mənzil) inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi ilə bağlı təcrübə mövcuddur. Bu kimi məsələlərin həlli zamanı araşdırılmalı olan hallardan biri də köçürülməni tələb edən şəxsin həmin tikilidə yaşayıb-yaşamamasının müəyyən edilməsidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının övladları ilə birgə köçürülməsini tələb etdiyi tikili özbaşına tikili olmaqla dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə torpağı olmaqla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin ünvan üzrə vergi ödəyicisi kimi uçota alınmışdır. Həmçinin işdə olan Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan müəyyən olunur ki, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində iki ədəd tikili mövcuddur – 1) 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 151.4 m2 olan “A” tikilisi və 2) 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 39.9 m2 olan “B” tikilisi. İddiaçı məhz “B” tikilisinin cavabdehlə birgə nikahları dövründə inşa olunmasını iddia etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, torpaq sahəsi üzərində yerləşən “B” tikilisi (mübahisəli tikili) tərəflərin nikaha girməsindən əvvəl mövcud olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri Bülbülə Bələdiyyəsi üzrə texniki inventarizasiyası üzrə kartoçkadan da müəyyən olunur. İddiaçı “B” tikilisinin əvvəldən mövcud olsa da, 2024cü ildə tamamilə sökülərək yenidən inşa edildiyini bildirmiş, lakin bu halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Təqdim edilən qəbzlə isə materialların kim tərəfindən və hansı tarixdə alınması müəyyən olunmadığından mötəbər sübut hesab edilmir. Həmçinin məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid kimi cəlb edilmiş şəxslər də, bu halı təsdiq edəcək ifadələr verməmişlər. Eyni zamanda, iddiaçı və onun vəkili iddia ərizəsində göstərilənlərin əksinə olaraq, iddiaçının həmin tikilidə yaşamadığını bildirmiş, iş üzrə dindirilmiş şahidlər də iddiaçının həmin evdə yaşamasını təsdiq etməmişlər. Həmin ifadələrin əlaqəli şəkildə tədqiqi nəticəsində qeyd edilməlidir ki, iddiaçının sözügedən fərdi yaşayış evində yaşamaması işin mübahisə edilməyən halıdır. Məhkəmə iddiaçı tərəfindən ifadə vermiş yaxın qohumlarının (anası, qardaşı və bacıları) ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut kimi qəbul etməmiş, həmçinin tikilinin inşası, onun vəziyyəti, təmirdən sonrakı görünüşü, iddiaçının həmin evdə yaşayıbyaşamaması və s. bu kimi hallardan məlumatlı olmamalarını nəzərə almışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər və s. sübutlar da özü-özlüyündə mübahisəli tikilinin inşasının ər-arvadın birgə əməyinin və gəlirlərinin nəticəsi kimi qəbul edilməsini müəyyən etməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, mübahisəli tiklinin inşa olunmasında iddiaçının hər hansı əməyi və zəhmətinin olması, həmin tikilinin tərəflərin maddi vəsaiti hesabına tikilməsinin müəyyən olunmaması, iddiaçının həmin tikilidə heç vaxt yaşamaması və s. bu kimi hallar nəzərə alınmaqla, iddiaçının həmin tikiliyə köçürülməkdən ibarət olan iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd dir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Mülki Məcəllənin-nin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Göründüyü kimi, köçürülmə tələbi yalnız şəxsin mübahisəli yaşayış sahəsinə münasibətdə qanunla qorunan yaşayış, istifadə və ya mülkiyyət hüququnun mövcudluğu müəyyən edildiyi hallarda təmin oluna bilər. Yuxarıda da qeyd edildiyi kimi işdə olan sübutlarla (həmçinin işdə iştirak edən şəxslərin izahatları ilə) - tərəflərin ## #### 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, iddiaçının həmin vaxtı cavabdehin valideynlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən fərdi yaşayış evinə (“A” tikilisinə) köçərək birlikdə yaşamağa davam etməsi, sonradan münasibətlərinin pozulması, tərəflərin bir müddət kirayədə yaşamaları, təqribən 2024-cü ilin əvvəlləri yenidən mübahisəli ünvana qayıtmaları və “A” tikilisində birlikdə yaşamaları, iddiaçının son dəfə 2025-ci ilin yanvar ayında həmin evi tərk etməsi və əşyalarının çıxarılması işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, həmçinin iddiaçı tərəf də qəbul edir ki, mübahisəli ünvan (“A” və “B” tikililəri və s.) nikahdan əvvəl iddiaçının atası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olmuş (bununla bağlı işdə həmçinin Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən tərtib olunmuş müvafiq sənədlər mövcuddur), iddia olunan “B” tikilisi daha əvvəldən mövcud olmuş, yaşayış kimi deyil, əsasən anbar kimi istifadə olunmuşdur. Mübahisə predmeti olan tikili daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və həmin daşınmaz əşya ilə bağlı şəxslərin mövcud haqlı mənafelərinin qorunmasını tələb etmələrinə mane təşkil etmir. İddiaçı iddia tələbinin faktiki və hüquqi əsası kimi – həyətdə mövcud olmuş “B” tikilisinin 2024-cü ilin mart-may aylarında onunla cavabehin bir vəsaiti hesabına sökülərək yenidən inşa olunmasını, təmir olunmasını və köçərək orada yaşamasını bildirmişdir. Lakin iddiaçı tərəf məhkəmə araşdırmaları zamanı etiraf etmişdir ki, “B” tikilisində ümumiyyətlə yaşamamışdır. Bununla yanaşı, iddiaçı etiraf etmişdir ki, “B” tikilisinin yenidən inşası və təmiri ilə bağlı onda hər hansı yazılı sübut, video görüntü və s. mövcud deyildir. İddiaçı sübut kimi cavabdehlə arasında olan müvafiq səs yazısını təqdim etsə də, izahatında həmin yazının tikinti işləri başlamazdan əvvələ aid olduğunu, həmin vaxtı hər hansı tikinti işlərinin aparılmamasını, səs yazısında cavabdehin ona evə qayıtmasını xahiş etməsini, onun isə cavabdehə əgər ayrı ev tikərlərsə qayıda biləcəyini deməsini bidirmişdir. İddiaçı tikintinin inşası zamanı və ya ondan sonra bunu təsdiq edə biləcək hər hansı səs danışığının mövcud olmamasını təsdiq etmişdir. Bununla yanaşı iddiaçı tərəfindən “B” tikilisinin əvvəllər və hazırki vəziyyətini əks etdirən fotoşəkillər və peyk görüntülərini təqdim edilmişdir. Halbuki, həmin sübutlardan açıq aydın görünür ki, “B” tikilisi istər əvvəllər, istərsə də hazırda eyni yerdə mövcud olmaqla, üzərində müəyyən təmir (yenidən qurma) işləri həyata keçirilmişdir. Lakin bu halın mövcudluğu özü-özlüyündə həmin tikilinin sökülərək yenidən inşa olunmasını və bu işlərin məhz ər-arvadın (iddiaçı və cavabdehin) ümumi birgə vəsaiti və ya zəhməti hesabına həyata keçirilməsini təsdiq etmir. Əksinə, işdə olan digər sübutlardan (##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qaimə-fakturalar, şahidlərin ifadələri, izahatlar və s.) “B” tikilisində aparılmış müvafiq təmir işlərinin iddiaçının və cavabdehin birgə vəsaiti hesabına deyil, əmlak sahibi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 pul vəsaiti və onun yaxın qohumlarının zəhməti (usta işləri və s.) hesabına həyata keçirilmişdir. İddiaçı tərəf bunun əksini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, izahatlardan da görünür ki, tərəflər həmin dövrdə (2022-2024-cü illər) ümumiyyətlə mübahisəli ünvanda yaşamamaqla kirayədə qalmışlar. İddiaçı digər dəlil kimi “B” tikilisinə təqibən 20000 manat pul vəsaiti xərclənməsini, həmin pulun ipoteka almaq üçün yığdıqlarını bildirsə də, bununla da bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, cavabdeh izahatında bildirmişdir ki, onların ümumiyyətlə 20000 manat pul vəsaitləri olmamışdır. Olsa idi özlərinə kənarda bir ev inşa edər, valideynləri ilə münaqişəli vəziyyətdə yaşamazdılar. İddiaçı tərəfindən təqdim edilmiş şahidlər isə onun yaxın qohumları (anası, qardaşı və bacıları) olmaqla əsasən onun mənafeyindən çıxış etmişlər. Bununla yanaşı, həmin şahidlər ifadələrində “B” tikilisinin sökülərək yenidən inşa olunmasının, bunda iddiaçının iştirakının olmasının, tikinti materiallarının iddiaçının və cavabdehin vəsaiti hesabına alınmasının və s. bu kimi zəruri halların bilavasitə şahidi olmadlıqlarını bildirmiş, konkret faktlara istinat etməmiş, ümumi mülahizələrdən çıxış etmişlər. Həmin şahidlərin ifadələri konkret faktlara deyil, ehtimal və şəxsi mülahizələrə əsaslandığından işdə mövcud olan digər obyektiv sübutların əksini təsdiq etmək üçün kifayət hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar irəli sürülmüş tələbin təmin edilməsi üçün kifayət etmir. İddiaçı “B” tikilisinin tərəflərin birgə vəsaiti hesabına sökülərək yenidən inşa edildiyini və bunun nəticəsində həmin tikiliyə münasibətdə hüquq əldə etdiyini bildirsə də, bu halları təsdiq edən hər hansı obyektiv və mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarında tikintinin aparılmasını, tikinti materiallarının alınmasını, xərclərin məhz tərəflər tərəfindən ödənilməsini və ya iddiaçının həmin işlərdə iştirakını təsdiq edən maliyyə sənədləri, müqavilələr, qəbzlər, foto-video materiallar və ya digər yazılı sübutlar mövcud deyildir. İddiaçının istinad etdiyi səs yazısı da onun iddia etdiyi faktların baş verdiyini deyil, yalnız tərəflər arasında gələcəkdə ayrıca yaşayış sahəsinin yaradılması ilə bağlı müzakirələrin aparıldığını göstərir. Bunun davamı olaraq toplanmış sübutlar məcmusu ilə iddiaçının mübahisəli “B” tikilisinin yaradılmasında və ya əsaslı şəkildə yenidən qurulmasında birgə ailə vəsaitinin və ya şəxsi əməyinin iştirak etdiyi, bunun nəticəsində həmin tikili üzərində hər hansı hüquq əldə etdiyi müəyyən edilməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı son dövrdə həmin tikilidə yaşamamış və onun istifadəçisi olmamışdır. Bu səbəbdən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülmə tələbi hüquqi və faktiki əsaslardan məhrum olmaqla təmin edilə bilməz. İddiaçının izahatı da özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı İsa qızının cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar