Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-676/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətlə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdehlər X1 və Cavabdeh1 oğluna qarşı “müqavilədən irəli gələn öhdəliyin icrası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əldə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 25E, mənzil 8 və ünvan 1 ünvanında yerləşən miras əmlakının dəyərinin müəyyən edilməklə paylarına düşən hissənin 8 faizi məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, hazırki mülki iş üzrə əmlakların dəyərinin müəyyən olunması məqsədilə qiymətləndirmə təyin edilməsini və qiymətləndirici qarşısında “ünvan 2 ünvanında və ünvan 3 yerləşən daşınmaz əmlakların hazırkı tarixə bazar dəyəri nə qədər təşkil edir?” sualının qoyulmasını xahiş etmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, mülki iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır.
4. Həmin qərardaddan cavabdeh N,Mamedlinin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
8. Belə ki, MPM-in 255.0-cı maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: ...255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
9. Göründüyü kimi, prosessual qanuna görə ekspertiza təyin edilən iş üzrə məhkəmə tərəfindən icraatın dayandırılması mümkündür.
10. Cavabdeh şikayətində qeyd etmişdir ki, qiymətləndirilməsi tələb olunan sahə halhazırda icarədədir və həmin sahəyə ekspertin baxış keçirməsi mülkiyyətçi ilə icarədar arasında narazılığa səbəb olacaq, ehtimal olunur ki, icarədar icarə müqaviləsini bir tərəfli qaydada pozacaqdır. İddia tələbinin gələcəkdə təmin olunmaması ehtimalının yüksək olmasını nəzərə alsaq bu da öz növbəsində icarəçi və icarədarı əhəmiyyətli dərəcədə maddi zərərə salacaqdır.
11. Məhkəmə bununla bağlı qeyd edir ki, rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadının yalnız icraatın dayandırılması hissəsi mübahisələndirilə bilər. Ekspertizanın təyin olunması hissəsindən isə şikayət verilməsi nəzərdə tutulmamışdır.
12. Bundan başqa, şikayətdən məlum olur ki, cavabdeh daha çox iş üzrə icraatın dayandırılmasının əsaslarından narazıdır, halbuki işin hallarından bəlli olur ki, həmin iş üzrə ekspertizanın təyin edilməsi zəruri olmuşdur. Mülki iş üzrə iddia tələbi cavabdehlərin miras olaraq əldə etdiyi daşınmaz əmlaklara olan paylarının dəyərinin 8 (səkkiz) faizi məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Demək ki, əmlakın dəyərinin faizinin müəyyən edilməsi üçün daşınmaz əmlakların ümumi dəyəri müəyyən olunmalıdır ki, bu da həmin sahə üzrə xüsusi biliyə malik mütəxəssis - ekspert tərəfindən müəyyən edilə bilər. Belə olan halda isə müəyyən olunur ki, rayon məhkəməsinin ekspertiza təyin etməsi və müvafiq olaraq da bununla əlaqədar mülki iş üzrə icraatı dayandırması MPMin tələblərinə uyğun olmuşdur.
13. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:
15. 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
16. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
17. 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1403/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.