Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-707/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Sovalko İrina Vladimirovnaya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pul tələbi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Sovalko İrina Vladimirovnaya qarşı sair pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsindən cavabdeh Sovalko İrina Vladimirovnaya tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 011013002466-***** reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, dalan 3, ev 3 ünvanında yerləşən ümumi sahəsi 152,50 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0099 kv.m torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 2-ci mərtəbədən 3 otaq (ü/s-47.3 kv.m) olan hissədə X6 adına ##.##.2022-ci il tarixində, 3-cü mərtəbədən 2 otaq (ü/s 29.6 kv.m) olan hissədə X1 adına ##.##.2022-ci il tarixində, 3-cü mərtəbədən 1 otaq (ü/s: 30.8 kv.m) olan hissədə Sovalko İrina Vladimirovnanın adına ##.##.2023-cü il tarixində, 1-ci mərtəbədən 1 otaq (ü/s- 12.0 kv.m) olan hissədə X2 adına ##.##.2025-ci il tarixində, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə Babayeva Sədaqət İnqilab qızının adına ##.##.2024-cü il tarixində, 1-ci mərtəbədən 2 otaq (üs 30.4 kv.m)-1/4 hissədə X9 adına, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə X3 adına, 1-ci mərtəbədən 2 otaq (ü/s 30.4 kv.m)-1/4 hissədə X4 adına qeydiyyata alınmışdır.
2. Satıcı Sovalko İrina Vladimirovna, alıcı İddiaçı və vasitəçi şahid2 arasında bağlanmış ##.##.2025-ci il tarixli beh müqaviləsinə əsasən, satıcı ilə alıcı arasında Bakı şəhəri, İslam Səfərli küçəsi, 3-cü dalan ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısına dair razılıq əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, əmlakın ümumi satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təyin edilmiş, bu məbləğdən 1.000 (min) manat beh qismində satıcıya ödənilmişdir. Tərəflər alqı-satqının tamamlanması üçün son tarixi ## ######## 2025-ci il (30 günədək uzadılma imkanı ilə) müəyyən etmişlər. Beh müqaviləsi alıcı tərəfindən pozularsa, verilmiş behi alıcı tələb etməməlidir. Beh müqaviləsi satıcı tərəfindən pozularsa, alıcıya satıcı almış olduğu behin iki mislini alıcıya ödəməlidir. Beh müqaviləsinin pozulduğu hər iki halda vasitəçiyə behin 40%-i ödənilir.
3. “xxxx” ASC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı ##.##.2025ci il tarixində illik 19,9 faiz dərəcəsi ilə 59 ay müddətinə ödəmək şərtilə 22.500 manat məbləğində nəğd pul krediti verilmişdir.
4. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, onun ##.##.2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur.
5. İddiaçı tərəfindən CD disk vasitəsilə təqdim edilmiş səs yazılarından müəyyən edilir ki, iddiaçı, onun həyat yoldaşı və şahid2 arasında evin sahəsi və qiyməti ilə bağlı danışıqlar getmişdir. İddiaçı və həyat yoldaşı evin Çıxarışda 31 kv.m olmasına və kiçik olmasına baxmayaraq onlara 43 kv.m olması barədə məlumat verilməsindən narazılıqlarını, bu evi almaq üçün kredit götürməli olduqlarını bildirmiş, iddiaçı 10 kv.m sahənin 27.000 manat etdiyini, evin əvəzində 110.000 manat verməyə razı olduqlarını və bu barədə İrina Sovalko ilə danışmasını təklif etmişdir. şahid2 isə bildirmişdir ki, o evin sahəsini ölçmür, İrina Sovalko evi bu qiymətə satır. Bu ərazidə bir otaqlı evlər 130.000 manatdır, bu ev yaxşı təmirlidir, gedib başqa evlərə baxsınlar, bu məbləğə 2 otaqlı ev tapmaq çətindir, qiyməti o tərəf bu tərəf qismən dəyişdirilə bilər, İrinaya 110.000 manata almağı təklif edənlər də olub. O, onkoloji xəstədir, 19 yaşlı qızı ilə yaşayır. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdeh Sovalko İrina Vladimirovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sovalko İrina Vladimirovna qızından 1000 manat və iddianın baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 1030 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, # ######## 2025-ci il tarixində ev almaq məqsədi ilə Natalya adlı şəxsin internetdə yerləşdirdiyi elana əsasən Yasamal rayonu, İslam Səfərli küçəsi 3 ünvanında yerləşən mənzilə baxış keçirmişdir. Görüşdə makler Natalya, ev sahibi İrina, həmçinin bacım şahid1 iştirak etmişlər. Görüş zamanı həm Natalya, həm də İrina mənzil sahəsinin 43 kv.m olduğunu dəfələrlə bildirdilər. O, mənzili almaq niyyətini təsdiqlədi və onların sözlərinə inanaraq 1000 manat məbləğində beh verdi. Behləşmə zamanı Natalya tərəfindən özbaşına heç bir rəsmi əsası olmayan 1000 AZN-nin verilməsi baradə ##.##.2025-ci il tarixdə müqavilə sənədi imzalanmışdır. Çıxarışla tanış olandan və yerində ölçü aparılandan sonra məlum oldu ki, mənzilin faktiki sahəsi 43 kv.m deyil, cəmi 29 kv.m-dir. Bu hal onun aldadıldığını və ona bilərəkdən yanlış məlumat verildiyini sübut edir. Yəni cavabdeh və maker əlbir olub mənzilin ölçüsü barədə bilərəkdən yalan məlumat verərək, onun etimadını qazanmış, nəticədə əsassız şəkildə 1000 manat pul vəsaitini ələ keçirmiş və nəticədə əsassız varlanmışdır. (Səs yazıları iddia ərizəsinə əlavə edilib) Bunu bildikdən sonra beh müqaviləsində imtina edərək əmlakı istəmədiyini bildirdi. O, dəfələrlə cavbdehdən verdiyi 1000 manat behin geri qaytarılmasını tələb etsə də, cavabdeh bu tələbi yerinə yetirməmiş, əksinə, maklerlə birilikdə ona hədə-qorxu gələrək dövlət orqanlarının adından sui-istifadə etmişlərdir. Həmin dövrdə mənzilin ümumi qiymətini ödəmək üçün çatışmayan məbləğ (22.000 manat) onu bank krediti götürməyə məcbur etmişdir. Beləliklə, aldadılma nəticəsində təkcə 1000 manat beh itirməmiş, həm də xxxx (Yasamal filialı) vasitəsilə götürdüyü kredit üzrə əlavə faiz və ödəniş öhdəliklərinə düşərək maddi ziyana uğramışdır. Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin həmin bölmədən ona ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilib ki, müraciəti mülki xarakter daşıdığına görə bu məsələ polis orqanlarının səlahiyyətinə aid deyil və bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyə olunub. Odur ki, qeyd olunan səbəbdən pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
8. Cavabdeh Sovalko İrina Vladimirovna iddia tələbinə etiraz ünvanlayaraq, iddianın əsassız və qərəz məqsədli olmasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddasında qeyd etdiyi məqamlar ilə hadisələri öz xeyrinə çevirərək məhkəmənin fikrini yönəltmək istəyir. Belə ki, iddiaçı tərəf ona məxsus mülkiyyəti bir neçə dəfə gəlib baxmış, həmçinin sənədlərlə tanış olmuşdur. Həmin dövrdə evinin bir neçə müştəri tərəfindən alınmaq istənildiyini də bilmişdir. Evə və sənədlərə baxdıqdan sonra qiymətlə razılaşıb evin onun tərəfindən alınması ilə əlaqəli beh müqaviləsi bağlanmış və icra müddəti təyin edilmişdir. Beh alınması səbəbindən digər alıcılara imtina edilmiş, alqı-satqı həyata keçirilməsi planlaşdırılmışdır. Lakin tərəf alqısatqını müqavilə tarixinə həyata keçirə bilməyəcəyini görüb müxtəlif üsullarla ona təzyiq göstərməyə başlamış, pulu düzəldə bilmədiyini və əmlakı dəfələrlə ucuz satılmasını təklif etmişdir. O, iddiaçı ilə razılaşmadıqda polis və məhkəmə ilə onu hədələmiş və əmlakı ucuz qiymətə ona satmayacağı halda onu buna məcbur edəcəyini bildirmiş, hətta guya ona görə götürdüyü krediti və onun ödənişlərini də ondan alacağı barədə real hədələr ifadə etmişdir. Hazırkı halda qeyd etmişdir ki, tərəf haqsızdır, onun əmlakı satmaq üzrə hüquqlarını məhdudlaşdırmış və maliyyə itkilərinə səbəb olmuşdur. Əlavə olaraq əsasız olaraq müqavilə azadlıqlarına uyğun razılaşdırılmış və rəsmiləşdirilmiş müqaviləni icra etməkdən yayınmışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Sultanova-X5)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materiallarından da görünür ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilə sadə yazılı formada vasitəçi tərəfindən tərtib olunmaqla bağlanmışdır. Halbuki Mülki Məcəlləyə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair beh razılaşması notariat qaydasında təsdiq edilmədiyindən etibarsız əqddir. Bununla belə məhkəmə qeyd edir ki, tərəflər arasında beh razılaşması MM-nin 491.2-ci maddəsinin tələblərinə uyğun bağlanmadığı üçün, həmin razılaşma üzrə verilən 1000 manat məbləğində pul vəsaiti avans kimi qiymətləndirilməlidir. Və satıcı tərəfindən əmlakın sahəsi barədə düzgün olmayan məlumatın verilməsi alıcının haqlı olaraq müqavilədən imtinasına səbəb olmuşdur. Alınan 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1-ci, 329.2-ci, 337.1-ci, 337.5-ci, 347.1-ci, 347.2-ci ,385.1-ci, 386.1-ci, 390.1-ci, 425.1-ci, 425.2-ci, 460.1-ci, 491.1-ci, 491.3ci, 491.3-cü, 492.1-ci, 492.2-ci, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 106-1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh İrina Sovalko Vladimirovna qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 011013002466-***** reyestr nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, dalan 3, ev 3 ünvanında yerləşən ümumi sahəsi 152,50 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0099 kv.m torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 23-cü mərtəbədən 1 otaq (ü/s: 30.8 kv.m) olan hissədə Sovalko İrina Vladimirovnanın adına ##.##.2023-cü il tarixində qeydiyyata alınmışdır. Satıcı Sovalko İrina Vladimirovna, alıcı İddiaçı və vasitəçi şahid2 arasında bağlanmış ##.##.2025-ci il tarixli beh müqaviləsinə əsasən, satıcı ilə alıcı arasında Bakı şəhəri, İslam Səfərli küçəsi, 3-cü dalan ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqısına dair razılıq əldə edilmişdir. Müqavilənin şərtlərinə görə, əmlakın ümumi satış qiyməti 126.000 (yüz iyirmi altı min) manat təyin edilmiş, bu məbləğdən 1.000 (min) manat beh qismində satıcıya ödənilmişdir. Tərəflər alqı-satqının tamamlanması üçün son tarixi ## ######## 2025-ci il (30 günədək uzadılma imkanı ilə) müəyyən etmişlər. Hazırda İddiaçı onun tərəfindən cavabdehə beh olaraq ödənilmiş 1000 manat vəsaitin geri qaytarılmasını tələb etmişdir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bağlanmış müqavilənin predmeti daşınmaz əmlak olmuşdur. Beh haqqında razılaşma da daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlıdır. Mülki Məcəllənin tələblərinə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
25. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər müqaviləni bağlayarkən qanunvericiliyin tələblərinə riayət etmədiyinə görə, verilmiş məbləği avans kimi qiymətləndirməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
27. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şiakayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.