Məhkəmə qərarları › İş №2(3-6)-730/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-730/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-730/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “təhsil xidmətləri barədə müqavilənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı İddiaçı qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə yetkinlik yaşına çatmamış iddiaçının adından iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun övladı Radimin 11-ci sinifdə təhsilini davam etdirməsi üçün cavabdeh Lisey ilə bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” müddətinin növbəti 2025-2026-cı tədris ili üçün uzadılması öhdəliyin cavabdeh Liseyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qanuni nümayəndəsi (anası) X1 arasında bağlanmış “Tədris xidmətləri barədə müqaviləyə” əsasən İddiaçı 2024-2025-ci tədris ilində cavabdeh Liseydə tədris almış Liseyin 10 “D” sinfinin şagirdi olmuşdur. İddiaçı anasına ünvanlanmış imzasız və möhürsüz “Xəbərdarlıq məktubunda” qeyd edilmişdir ki, dərs zamanı Radim dərslərdə danışmış, dərs proseslərinə mane olmuşdur. Bununla bağlı Liseyin Nizam-İntizam Şurası tərəfindən ona “yazılı xəbərdarlıq verilmə haqqında” qərar qəbul edilmişdir. Əgər o gələcəkdə də, bu kimi hərəkətlərə yol verərsə, o, “Liseyin şagirdləri sırasından” çıxarılacaq. “Xəbərdarlıq məktubuna” xəbərdarlığın verilməsi üçün əsas təşkil edən hər hansı akt, müəllim müraciəti, izahat, Nizam-İntizam Şurasının protokolu və ya qərarı əlavə edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Nizam-İntizam Şurasının iclası barədə Radimin valideynlərinə heç bir məlumat verilməmiş, onlar iclasa dəvət olunmamışlar. Bu məsələ ilə bağlı onlar Radimdən maraqlandıqda isə Radim bildirmişdir ki, o, dərslərdə danışmamış, dərs proseslərini pozmamışdır. Daha sonra 2025-2026-cı tədris ili üçün müqavilənin uzadılması məqsədilə cavabdeh liseyə müraciət olunsa da, lisey rəhbərliyi müqavilənin uzadılmasından imtina etmişdir. Baxmayaraq ki, Radim ötən tədris ilinin sonunda keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərmişdir. Lisey rəhbərliyi tərəfindən Radimin valideynlərinə əvvəlcə səbəb kimi şagirdin davranışı göstərilmiş, sonradan isə valideynlərin müxtəlif dövlət orqanlarına müraciət etməsi və Lisey rəhbərliyindən şikayət etməsi əsas gətirilmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

3. İddiaçının qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə və onun vəkili (nümayəndəsi) İbrahimov Əzimağa Fəxrəddin oğlu iddia ərizəsi müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.

4. Cavabdeh Liseyi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi haqqında Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakını olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Lisey tərəfindən müqavilənin uzadılmamasının obyektiv və legitim əsasları sübuta yetirilməmiş, şagirdin nizam-intizam qaydalarını sistemli şəkildə pozması müəyyən edilməmişdir. Bununla da şagirdin valideyni ilə Lisey arasında bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” 4.4.1-ci bəndində nəzərdə tutulmuş əsasların mövcudluğu təsdiq olunmamışdır. Buna görə də, hesab edilməlidir ki, cavabdeh Lisey, onunla şagirdin valideyni arasında bağlanmış həmin müqavilə ilə ona verilmiş hüquqdan vicdanlı davranış prinsiplərinə zidd şəkildə istifadə etmiş və nəticədə uşağın təhsil hüququnun əsassız məhdudlaşdırılmasına yol vermişdir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Lisey həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını tam araşdırmamış, mübahisəyə aid olmayan hüquq normalarını tətbiq etmişdir. Belə ki, Lisey, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.3-cü maddəsinə uyğun olaraq özəl təhsil müəssisəsidir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 390.1 və 405.1-ci maddələrinə əsasən mülki dövriyyə iştirakçısı kimi müqavilə bağlamaq azadlığına malikdir. İddiaçı valideyni ilə Lisey arasında bağlanmış müqavilənin müddəti başa çatmış, müqavilə isə uzadılmamışdır. İşə baxmış Rayon Məhkəməsi müqavilənin müddətinin başa çatması ilə müqaviləyə xitam verilməsi anlayışlarını qarışdırmışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, “Ümumi təhsil müəssisələrinin informasiya sistemində” İddiaçı Lisey üzrə qeydiyyatı mövcud olmamış, həmin sistem texniki baxımdan bağlı vəziyyətdə olduğundan şagirdin yenidən sistemə daxil edilməsi mümkün olmamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, İddiaçı təhsili ilə bağlı müqavilə İddiaçı atası Qanuni nümayəndə ilə deyil, anası Nüşabə Əhmədova ilə bağlanmışdır, Lakin hazırki iddia ərizəsi Nüşabə Əhmədova tərəfindən deyil Qanuni nümayəndə tərəfindən irəli sürülmüşdür. Həmçinin, Rayon Məhkəməsi, faktiki olaraq yeni müqavilə bağlanmasına dair qətnamə qəbul etsə də, müqavilənin konkret şərtlərini müəyyən etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Cavabdeh cavabdeh olan digər bir mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi ##.##.2021-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi və həmin qətnaməni dəyşdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə müəyyən edilmişdir ki, Lisey, özəl və ödənişli tədris müəssisə olduğu üçün onunla şagirdin valideyni arasında bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” şərtlərini müəyyən etməkdə və onları dəyişməkdə haqlıdır. e) apellyasiya baxışında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdeh Liseyin nümayəndəsi Təhməzov Məğrur İqbal oğlu apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, Radim dərslərdə danışıb, dərs proseslərinə mane olduğu üçün Liseyin Nizam-İntizam Şurası tərəfindən qərara qəbul edilmiş və ona “yazılı xəbərdarlıq” elan edilmişdir. Buna baxmayaraq Radim bu kimi hərəkətlərinə son qoymamışdır. Buna görə də, Lisey, Radimin təhsili ilə bağlı müqavilənin müddətini uzatmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Radim hazırda məktəbdə təhsil alır. Belə olan halda nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi Radimin valideynləri üçü öz əhəmiyyətini itirmişdir.

10. Cavabdeh Liseyin nümayəndəsi apellyasiya baxışının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, iclasda iştirak etməmiş və ərizə ilə Məhkəməyə müraciət edərək, müəyyən səbəblərdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

11. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, iclasda iştirak etməmiş və bunun səbəbi haqqında Məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

13. Cavabdeh Liseyin nümayəndəsinin və iddiaçının qanuni nümayəndəsinin apellyasiya baxışı iclasına gəlməmələrinin üzürlü səbəbdən baş verməsi müəyyən edilmədiyindən, Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, İddiaçı qanuni nümayəndəsi (anası) Nüşabə Əhmədova ilə cavabdeh Lisey arasında bağlanmış “Tədris xidmətləri barədə müqaviləyə” əsasən İddiaçı 2024-2025-ci tədris ilində cavabdeh Liseydə tədris almış Liseyin 10 “D” sinfinin şagirdi olmuş, Liseydə təhsil almışdır.

16. Müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilə 1 il müddətinə bağlanır və cari tədris ilinin sonunadək qüvvədədir. Qeydiyyat yenilənərsə, müqavilə 1 il müddətinə uzadılır (maddə 7.1.). Lisey, müqavilə müddəti bitdikdən sonra müqavilənin müddətini birtərəfli qaydada uzatmamaq hüququnu özündə saxlayır (maddə 7.5.). Şagird Lisey tərəfindən müəyyən edilmiş davranış qaydalarını cari il ərzində 3 dəfə pozduqda, Lisey həmin şagirdin valideynini xəbərdar etməklə müqaviləyə xitam verə bilər və şagirdi tədrisdən kənarlaşdıra bilər (maddə 4.4.1.).

17. Nüşabə Əhmədovaya ünvanlanmış imzasız və möhürsüz “Xəbərdarlıq məktubunda” qeyd edilmişdir ki, dərs zamanı Radim dərslərdə danışmış, dərs proseslərinə mane olmuşdur. Bununla bağlı Liseyin Nizam-İntizam Şurası tərəfindən ona “yazılı xəbərdarlıq verilmə haqqında” qərar qəbul edilmişdir. Əgər o gələcəkdə də, bu kimi hərəkətlərə yol verərsə, o, “Liseyin şagirdləri sırasından” çıxarılacaq.

18. Göründüyü kimi İddiaçı cavabdeh Liseydə təhsil alması ilə bağlı Lisey ilə bağlanmış “Tədris xidmətləri barədə müqavilə” Radim qanuni nümayəndələrindən – valideynlərindən biri olan Nüşabə Əhmədova tərəfindən bağlanmış, digər valideyn Qanuni nümayəndə müqavilə tərəfi olmamışdır.

19. Hazırkı iddianın Qanuni nümayəndə vəkili (nümayəndəsi) Əzimağa İbrahimov tərəfindən verilməsi nəzərə alındıqda müəyyən edilir ki, iddia, yetkinlik yaşına çatmamış iddiaçının adından onun atası Qanuni nümayəndə tərəfindən verilmişdir.

20. Cavabdeh Lisey apellyasiya şikayətində bildirir ki, hazırkı iddia müqaviləni imzalamış Nüşabə Əhmədova tərəfindən verilə bilərdi. Qanuni nümayəndə müqaviləni imzalamadığı üçün iddia ərizəsini verə bilməzdi. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

21. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, AZ-II seriyalı, ****** saylı “Doğum haqqında şəhadətnamədən” görünür ki, Qanuni nümayəndə və Nüşabə Əhmədova ##.##.2009-cu il təvəllüdlü İddiaçı valideynləridir.

22. Belə olan müəyyən edilir ki, yuxarıda qeyd edilən müqavilənin İddiaçı valideynələrindən bir tərəfindən imzalanmasına baxmayaraq hazırkı iddia onların istənilən biri və ya hər ikisi tərəfindən verilə bilərdi.

23. Digər tərəfdən nəzərə alınmalıdır ki, yuxarıda qeyd edilən “Tədris xidmətləri barədə müqavilə” üzrə İddiaçı təhsili ilə bağlı ödənilmiş pul vəsaiti İddiaçı valideynləri olan Qanuni nümayəndə və Nüşabə Əhmədovanın birgə vəsaiti hesab edilir.

24. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi “Tədris xidmətləri barədə müqaviləni” imzalamamış Qanuni nümayəndə tərəfindən verilmiş bu iddianı icraata qəbul edib, iddiaya baxmaqda haqlı olmuşdur.

25. Hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsinin məzmunundan və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, Lisey, İddiaçı 2025-2026cı tədris ili üçün Liseydə təhsil almaq üçün yuxarıda qeyd edilən müqavilənin müddətinin uzadılmasından imtina etmişdir.

26. İddiaçı tərəf hesab edir ki, Liseyin bu kimi hərəkəti qanunsuz olmuşdur. Buna görə də, Radimin təhsilini davam etdirməsi üçün cavabdeh Lisey ilə bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” müddətinin növbəti 2025-2026-cı tədris ili üçün uzadılması öhdəliyin cavabdeh Liseyin üzərinə qoyulmalıdır.

27. Cavabdeh Lisey isə bildirir ki, dərs zamanı Radim dərslərdə danışmış, dərs proseslərinə mane olmuşdur. Bununla bağlı Liseyin Nizam-İntizam Şurası tərəfindən qərara qəbul edilmiş və ona “yazılı xəbərdarlıq” elan edilmişdir. Buna baxmayaraq Radim bu kimi hərəkətlərinə son qoymamışdır. Bu səbəbdən də Radimin təhsili ilə bağlı müqavilənin müddəti uzadılmamışdır. Bu kimi şərt yuxarıda qeyd edilən müqavilənin 7.1 və 7.5-ci maddələrində nəzərdə tutulmuşdur. Bundan başqa qeyd edilməlidir ki, Liseyi cavabdeh olduğu digər bir mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi ##.##.2021-ci il tarixli, *(***)-*****/**** saylı qətnaməsi və həmin qətnaməni dəyşdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə müəyyən edilmişdir ki, Lisey, özəl və ödənişli tədris müəssisə olduğu üçün onunla şagirdin valideyni arasında bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” şərtlərini müəyyən etməkdə və onları dəyişməkdə haqlıdır. Odur ki, göstərilənlərə əsasən iddia əsassız hesab edilərək, rədd edilməlidir.

28. Məhkəmə, cavabdeh Liseyin istinad etdiyi məhkəmə aktlarına münasibətdə qeyd edir ki, həmin məhkəmə qərarları vahid məhkəmə təcrübəsini yaradan (“ulduzlu”) qərarlar deyil; həmin qərarlar qəbul edilərkən, həmin işin halları həmin iş üzrə tərəflərə münasibətdə qiymətləndirilmişdir. Ona görə də, həmin məhkəmə aktları hazırkı iş üzrə preyudisial xarakter daşımırlar və ya hazırkı iş üzrə sübut kimi qəbul edilə bilməz.

29. Buna görə də, Məhkəmə, apellyasiya şikayətinin həmin məhkəmə aktları ilə bağlı dəlilini əsaslı hesab etmir.

30. Göstərilənləri, o cümlədən iş üzrə tərəflərin bildirdklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və həmin müqavilələrin məzmununu müəyyən edə bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).

31. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

32. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən məhrum edilməsinə yol vermir (maddə 5.1.). Fasiləsiz təhsil almaq bütün təhsilalanların hüququdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə isə dövlət orqanları və bütün hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalıdırlar (maddə 32.3.9.).

33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.).

34. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Yuxarıda qeyd edilən “Tədris xidmətləri barədə müqavilədə”, 1 il müddətinə bağlanmış müqavilənin, Liseyin seçiminə görə müqavilənin müddətinin uzadılıbuzadılmaması nəzərdə tutulsa da, Məhkəmə qeyd edir ki, bu kimi şərtin müqavilədə nəzərdə tutulması o demək deyil ki, Lisey bu seçimdə azaddır və istədiyi kimi hərəkət edə bilər. Çünki, yuxarıda artıq qeyd edildiyi kimi, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

36. Bu baxımdan Məhkəmə hesab edir ki, Lisey, Radim Əhmədovun həmin Liseydə tədris alması ilə bağlı müqavilənin müddətinin uzadılmamasını əsaslandırmalıdır.

37. X3 anasına göndərdiyi “Xəbərdarlıq məktubunda” qeyd edilmişdir ki, dərs zamanı Radim dərslərdə danışmış, dərs proseslərinə mane olmuşdur. Bununla bağlı Liseyin Nizam- İntizam Şurası tərəfindən ona “yazılı xəbərdarlıq verilmə haqqında” qərar qəbul edilmişdir. Əgər o gələcəkdə də, bu kimi hərəkətlərə yol verərsə, o, “Liseyin şagirdləri sırasından” çıxarılacaq.

38. Liseyin nümayəndəsinin Məhkəmə verdiyi izahatdan isə görünür ki, Radim Əhmədov bu kimi hərəkətlərinə son qoymamış, dərslərin keçirilməsinə mane olmaqda davam etmiş və buna görə də, Lisey, Radimin təhsili ilə bağlı müqavilənin müddətini uzatmamışdır.

39. Lakin işin hallarından görünür ki, Lisey, onun mövqeyinin əsaslı olmasını təsdiq edə biləcək sübutları (məsələn: Radim Əhmədov ilə bir sinifdə təhsil alan şagirdlərin və ya dediyi dərsin Radim Əhmədov tərəfindən pozulmasını iddia edən müəllimin (müəllimlərin) izahatlarını) məhkəmələrə təqdim etməmişdir.

40. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Lisey tərəfindən müqavilənin uzadılmamasının obyektiv və legitim əsasları sübuta yetirilməməsi, şagirdin nizam-intizam qaydalarını sistemli şəkildə pozmasının, şagirdin valideyni ilə Lisey arasında bağlanmış “Təhsil xidmətləri barədə müqavilənin” 4.4.1-ci bəndində nəzərdə tutulmuş əsasların mövcudluğunun sübuta yetməməsi qənaətinə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsassızdır.

41. Cavabdeh Liseyin qətnamədən verdiyi apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi, faktiki olaraq yeni müqavilə bağlanmasına dair qətnamə qəbul etsə də, müqavilənin konkret şərtlərini müəyyən etməmişdir.

42. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Çünki Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə Radim Əhmədovun valideyni (valideynləri) ilə yeni “Təhsil xidmətləri barədə müqaviləsinin” bağlanmasını deyil, artıq bağlanmış müqavilənin müddətinin uzadılması barədə öhdəliyin Liseyin üzərinə qoyulmasını qət etmişdir.

43. Apellyasiya şikayətində həmçinin qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, “Ümumi təhsil müəssisələrinin informasiya sistemində” İddiaçı Lisey üzrə qeydiyyatı mövcud olmamış, həmin sistem texniki baxımdan bağlı vəziyyətdə olduğundan şagirdin yenidən sistemə daxil edilməsi mümkün deyil.

43. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı saymır. Belə ki, hazırkı iş üzrə iddianın təmin edilməsi barədə qəbul edilmiş məhkəmə qətnaməsi qüvvəyə minərsə, icra ediləcək. Çünki Azərbaycan Respublikası adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları Azərbaycan Respublikasının ərazisində hamı üçün məcburi xarakter daşıyır.

44. Cavabdeh Liseyin nümayəndəsi apellyasiya icraatı zamanı bildirmişdir ki, Radim hazırda məktəbdə təhsil alır. Belə olan halda nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi Radimin valideynləri üçü öz əhəmiyyətini itirmişdir.

45. Bununla bağlı Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktları hələ ki, qanuni qüvvəsini almamışlar. Buna görə də, Radim Əhmədovun təhsildən kənarda qalması məqsədi ilə onun başqa məktəbdə təhsilini davam etməsi anlaşılandır. Lakin bu kimi halın mövcudluğu o demək deyil ki, hazırkı iddia Radim Əhmədovun valideyni (valideynləri) üçün əhəmiyyətini itirmişdir. Əgər bu belə olsa idi, onlardan biri və ya hər ikisi iddiadan imtina edilməsi haqqında ərizə ilə Məhkəməyə müraciət edərdilər. Lakin bu kimi ərizə Məhkəməyə daxil olmamışdır. Əksinə, Lisey tərəfindən apellyasiya şikayəti verildikdən sonra Radim Əhmədovun atası Qanuni nümayəndə “müddət ötürüldüyünə görə apellyasiya şikayətinin geri qaytarılması haqqında” ərizə vermişdir (ərizə, hazırkı halda işin mahiyyəti üzrə baxılmasına mane olmadığından Məhkəmə həmin ərizədə qeyd edilən məsələlərə hüquqi qiymət verməyə ehtiyac görmür). g) apellyasiya baxışının nəticəsi

46. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

49. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilə. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar