Məhkəmə qərarları › İş №2(3-6)-731/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-731/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-731/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsmayılov Vasif Cəlil oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Vasif Cəlil oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh İsmayılov Vasif Cəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh İsmayılov Vasif Cəlil oğluna qarşı – cavabdeh İsmayılov Vasif Cəlil oğlundan, ##.##.2023-cü il tarixli Razılaşma Protokoluna əsasən 46900,96 manat, borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2345,04 manat, ümumilikdə 49246 manat borc məbləğinin və tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İsmayılov Vasif Cəlil oğlu ilə “xxxx” ASC arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır: ##.##.2021-ci il tarixli, PKLMB-**** nömrəli kredit müqaviləsi – illik 24% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:10102 manat əsas, 4848,96 manat faiz borcu olmaqla,cəmi 14950,96 manat; ##.##.2021-ci il tarixli, PKLMB-**** nömrəli kredit müqaviləsi – illik 16% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:4892 manat əsas, 1565,44 manat faiz borcu olmaqla,cəmi 6457,44 manat; ##.##.2021-ci il tarixli, PKLMB-**** nömrəli kredit müqaviləsi – illik 16% dərəcə ilə, 24 ay müddətinə, ümumi borc:12274 manat əsas, 3927.68 manat faiz borcu olmaqla,cəmi 16201,68 manat; üç kredit müqaviləsi üzrə yaranmış borc məbləği 40.356,64 manat, 2024-cü il üzrə əlavə hesablanmış faizlər və xərclərlə birlikdə 6.544,32 manat, ümumilikdə isə 46.900,96 manat təşkil edir. Cavabdeh bu borcu ödəyə bilmədiyindən, hüquqi şəxsin maliyyə vəziyyətinin daha da ağırlaşmasının qarşısını almaq məqsədilə həmin məbləğ “xxxx” ASC-nin direktoru olan iddiaçı, İddiaçı tərəfindən ##.##.2023-cü il tarixində tam şəkildə ödənilmiş və tərəflər arasında yazılı Razılaşma Protokolu imzalanmışdır. Protokola əsasən, cavabdeh İsmayılov Vasif Cəlil oğlu öz borcunun mənim tərəfindən ödənildiyini qəbul etmiş və bu məbləği 6 (altı) ay müddətində iddiaçıya geri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin protokolda nəzərdə tutulan icra müddəti bitməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi baş tutmamışdır. 2.Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh İsmayılov Vasif Cəlil oğlundan ##.##.2023-cü il tarixli Razılaşma Protokoluna əsasən 46.900,96 (qırx altı min doqquz yüz manat, doxsan altı qəpik) manat, borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2.345,04 (iki min üç yüz qırx beş manat, dörd qəpik) manat olmaqla, ümumilikdə 49.246 (qırx doqquz min iki yüz qırx altı) manat borc məbləği və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında razılaşma olmuş İsmayılov Vasif Cəlil oğlunun “xxxx” ASC-yə olan borcu İddiaçı tərəfindən ödənilmiş, İsmayılov Vasif Cəlil oğlu 46900.96 manat məbləğində olan pul vəsaitini 6 ay ərzində İddiaçı geri ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin razılaşma protokolundakı imza cavabdeh tərəfindən icra olunmuşdur, bu hal məhkəmə iclasında cavabdeh tərəfindən də təsdiq edilir. Lakin cavabdeh tərəf razılaşma protokolunu imzalasa da, pulu almadığını, yaxın münasibətləri olduğu üçün formal sənəd lazım olduğuna görə kömək məqsədi ilə etdiyini bildirsə də, məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmə həmçinn iddia tələbinin borcun gecikdirilməsi nəticəsində dəymiş zərərə görə 2345,04 manat pul vəsaitinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, tərəflər arasında razılaşmadan görünür ki, 6 ay müddətində borcun geri qaytarılacağı qeyd olunsa da, cavabdeh razılaşmaya əməl etməmişdir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

1. Cavabdeh İsmayılov Vasif Cəlil oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları lazımi qaydada araşdırmamış və tam aydınlaşdırmamışdır. İddiaçı tərəfindən cavabdehin borcunun hansı əsasla ödənildiyi müəyyən edilməmiş, iddiaçının ümumiyyətlə “xxxx” ASC qarşısında borcunun olub-olmaması, habelə iddiaçı ilə cavabdeh arasında mövcud hüquqi münasibətlər araşdırılmadan, qanunsuz və əsassız nəticəyə gəlinmişdir. Cavabdeh “xxxx” ASC-dən kredit götürməmiş, həmin borc iddiaçının özünün olmuş, cavabdeh adı gedən sazişi iddiaçının xahişi ilə imzalamışdır. Çünki, iddiaçı həmin pulu “xxxx” ASC-dən götürmüş, “xxxx” ASC-nin digər payçılarına (ailə üzvlərinə) göstərməkdən ötrü dostu, yəni Vasif İsmayılovdan aralarında saziş bağlamalarını xahiş etmişdir. Bundan sonra Vasif İsmayılovla aralarında mənzillə bağlı mübahisələr yaranmış, mənzili Vasif İsmayılovun əlindən almaq niyyəti ilə, yəni ona təsir göstərməkdən ötrü bu iddianı irəli sürmüşdür. Cavabdeh “xxxx” ASC-dən kredit götürməmiş, həmin borc iddiaçının özünün olmuş, adı gedən sazişi isə iddiaçının xahişi ilə imzalamışdır. Çünki, iddiaçı həmin pulu “xxxx” ASC-dən götürmüş, “xxxx” ASC-nin digər payçılarına (ailə üzvlərinə) göstərməkdən ötrü dostu, yəni Vasif İsmayılovdan aralarında saziş bağlamalarını xahiş etmişdir. Bundan sonra Vasif İsmayılovla aralarında mənzillə bağlı mübahisələr yaranmış, mənzili Vasif İsmayılovun əlindən almaq niyyətiilə, yəni onatəsir göstərməkdən ötrü bu iddianıirəlisürmüşdür.

3. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

5. “xxxx” ASC tərəfindən İsmayılov Vasif Cəlil oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli, ** nömrəli xəbərdarlıq məktubundan görünür ki, 46900,96 manat ümumi borc tərəfindən ödənilmədiyi təqdirdə qanun çərçivəsində məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. “xxxx” ASC 2 direktoru İddiaçı və İsmayılov Vasif Cəlil oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit borcu öhdəliyi üzrə razılaşma protokolundan görünür ki, razılaşma ilə ##.##.2021-ci il tarixli PKLMB-**** saylı, illik 24%, 24 ay müddətinə verilmiş 10102 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 10102 manat əsas məbləğ və ona hesablanmış 4848.96 manat məbləğində faiz borcu olmaqla, cəmi 14950.96 manat, ##.##.2021-ci il tarixli PKLMB-**** saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 4892 manat əsas məbləğ və ona hesablanmış 1565.44 manat məbləğində faiz borcu olmaqla, cəmi 6457.44 manat ##.##.2021-ci il tarixli PKLMB-**** saylı illik 16%, 24 ay müddətinə verilmiş 4892 manat məbləğində olan Kredit Müqaviləsi üzrə 12274 manat əsas məbləğ və ona hesablanmış, 3927.68 manat faiz borcu olmaqla, cəmi 16201.68 manat , ümumilikdə 40356.64 manat və əlavə 2024-cü il üzrə 6544.32 manat məbləğində olmaqla, 46900.96 manat olan borcunu maddi vəziyyəti ilə əlaqədar “xxxx” ASC-yə ödəyə bilmədiyindən qeyd edilən 46900.96 manat pul vəsaiti İddiaçı tərəfindən “xxxx” ASC-yə ödənilmişdir. İddiaçı ödəmiş olduğu 46900.96 manat məbləğində olan pul vəsaitini 6 ay ərzində İddiaçı geri ödəyəcəyimi öhdəsinə götürmüşdür. Bu razılaşma 2 nüsxədə tərtib edilir. Nüsxələrdən biri İddiaçı, digəri isə İsmayılov Vasif Cəlil oğlunda qalır. Bu razılaşma tərəflər onu imzaladıqdan sonra qüvvəyə minir.

7. Apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən “xxxx” ASC tərəfindən məhkəməyə V.İsmayılov ilə bağlanmış müqavilələrin və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

9. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

10. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə toplanmış sübutları yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci 739.2 maddələrini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır.

12. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə “Kredit borcu öhdəliyi üzrə razılaşma protokolu” bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh İsmayılov Vasif Cəlil oğlu “xxxx” ASC qarşısında mövcud olan ümumilikdə 46.900,96 manat məbləğində borcunun iddiaçı İddiaçı tərəfindən ödənildiyini qəbul etmiş və həmin məbləği 6 (altı) ay müddətində iddiaçıya qaytaracağını yazılı qaydada öhdəsinə götürmüşdür. Razılaşma protokolunun məzmunundan görünür ki, tərəflər cavabdehin borcunun iddiaçı tərəfindən ödənildiyini, habelə cavabdehin həmin məbləği müəyyən olunmuş müddətdə geri qaytaracağını qarşılıqlı razılıq əsasında təsdiq etmişlər. Cavabdeh məhkəmə baxışı zamanı həmin sənəddəki imzanın ona məxsus olmasını mübahisələndirməmiş, razılaşmanın etibarsız hesab olunması barədə qarşılıqlı iddia verməmiş, sənədin aldatma, zorakılıq, hədə və ya digər iradə qüsuru nəticəsində bağlanmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəlik müqavilədən və qanunda nəzərdə tutulmuş digər əsaslardan əmələ gəlir. - 386.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda sərbəstdirlər. - 425.1-ci maddəsinə görə müqavilə tərəflərin qarşılıqlı və bir-birinə uyğun iradə ifadələrinin razılığı nəticəsində bağlanır, - 427.3-cü maddəsinə əsasən isə bağlanmış müqavilə tərəflər üçün məcburidir. - 442-ci maddəsinə əsasən öhdəlik lazımi qaydada və müqavilənin şərtlərinə uyğun icra edilməlidir.

14. İş materialları ilə müəyyən edilir ki, cavabdeh razılaşma ilə üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, iddiaçı tərəfindən onun əvəzinə ödənilmiş 46.900,96 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır.

15. Apellyasiya şikayətində cavabdeh razılaşmanın formal xarakter daşıdığını, kredit vəsaitinin əslində iddiaçı tərəfindən istifadə olunduğunu, sonradan borcun da iddiaçı tərəfindən ödənildiyini, habelə tərəflər arasında digər əmlak münasibətlərinin mövcud olduğunu göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh razılaşma protokolunun formal xarakter daşımasını və ya onun həqiqi iradəni əks etdirmədiyini təsdiq edən hər hansı mötəbər və yol verilən sübut təqdim etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla onların hər birinə ayrı-ayrılıqda və məcmu halında qiymət verir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş yazılı sübutlara düzgün hüquqi qiymət vermiş, müəyyən edilmiş faktiki hallara uyğun nəticəyə gəlmişdir. Cavabdehin tərəflər arasında digər hüquq münasibətlərinin mövcudluğuna dair izahatı hazırkı mübahisənin predmetinə aid deyildir. Həmin münasibətlər üzrə mübahisələrin mövcudluğu cavabdehin mübahisə predmeti olan yazılı razılaşmadan irəli gələn pul öhdəliyini aradan qaldırmır və onu həmin öhdəliyin icrasından azad etmir.

17. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 2.345,04 manat məbləğində faiz tələbini təmin etməsini də qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgə pul vəsaitini qanunsuz saxladıqda, onun qaytarılmasını gecikdirdikdə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız saxladıqda həmin vəsaitin məbləğindən faiz ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdeh ##.##.2023-cü il tarixli “Kredit borcu öhdəliyi üzrə razılaşma protokolu” ilə iddiaçı tərəfindən onun əvəzinə ödənilmiş 46.900,96 manat məbləğində pul vəsaitini 6 (altı) ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müəyyən edilmiş müddətdə pul öhdəliyini yerinə yetirməmiş və bununla da pul vəsaitinin qaytarılmasını gecikdirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq əsas borc məbləği olan 46.900,96 manatın 5 faizi hesablanmış və faiz məbləği 2.345,04 manat ((46.900,96 × 5%) = 2.345,048 ≈ 2.345,04 manat) təşkil etmişdir. Cavabdeh həmin hesablamanın düzgün olmamasını təsdiq edən hər hansı əks hesablamanı və ya digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin pul öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya məxsus pul vəsaitindən istifadə edilmiş, buna görə də Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesablanmış 2.345,04 manat məbləğində faizin cavabdehdən tutulması üçün hüquqi əsaslar mövcuddur.

18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam və obyektiv araşdırmış, sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar