Məhkəmə qərarları › İş №2(3-6)-753/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-753/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-753/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktda göstərilmişdir ki, ünvan 3 ünvanında iddiaçı İddiaçı məxsus abonet kodu 100413600400012 olan abonentin qaz sayğacına baxış keçirilən zaman sayğacın qayka flans plombunun qırıq olması aşkar olunmuşdur.

2. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 60 gün radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2196 m3 itki hesablanmışdır.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktda göstərilmişdir ki, ünvan 3 ünvanında iddiaçı İddiaçı məxsus abonet kodu 100413600400012 olan abonentin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadəsi aşkar olunmuşdur.

4. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 10 saat və hesabat müddəti 60 gün radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2196 m3 itki hesablanmışdır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli aktda göstərilmişdir ki, ünvan 2 ünvanında iddiaçı İddiaçı məxsus abonet kodu 100413600400012 olan abonentin qaz sayğacına baxış keçirilən zaman hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblarının yuvalarının arası zədəli olması aşkar olunmuşdur.

6. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 3456 m3 itki hesablanmışdır.

7. Abonentin saldosuna əsasən, aktlara görə 2011-ci ilin yanvar ayına 115,60 manat, 2011-ci ilin sentyabr ayına 15 manat, oktyabr ayına 15 manat, 2012-ci ilin mart ayına 20 manat, aprel ayına 20 manat, 2018-ci ilin mart ayına 439,20 manat, 2018-ci ilin may ayına 439,20 manat, 2018-ci ilin oktyabr ayına 345,60 manat olmaqla, cəmi 1409,6 manat borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evə aid olan *************** saylı qaz sayğacına görə yazılmış 1.593,74 manat pul məbləginin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair onunla cavabdeh “Azəriqaz” İstehsalat Birliyi arasında ##.##.2018-ci il tarixli AKX-*******/**-**** saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmış, qaz xətti üzərinə G-4 itron markalı ****AZ************ nömrəli qaz sayğacı quraşdırımış,*************** saylı hesab kodu verilmişdir. ##.##.2018-ci il tarixdə cavabdeh qurumun nümayəndələri tərəfindən qeyd olunan ünvanda küçə qaz xətti üzərində quraşdırılan qaz sayğacına baxış keçirilmiş, sayğacın qayka flans plombunun qırıq olması barədə onun iştirakı, xəbəri və imzası olmadan **/**** saylı akt tərtib edərək hesab koduna 439,20 manat ziyan hesablanmışdır. Eyni zamanda, qaz xətti üzərində quraşdırılmış sayğac sökülərək dövlət yoxlamasına göndərilmiş, yoxlamadan keçirilərkən ona heç bir məlumat verilməmişdir. ##.##.2018-ci il tarixdə cavabdeh qurumun nümayəndələri tərəfindən qeyd olunan ünvana yenidən baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə olunması barədə iştirakı və imzası olmadan ******* saylı akt tərtib edilərək hesab koduna 439,20 manat ziyan hesablanmışdır. Bundan başqa, ##.##.2018-ci il tarixdə cavabdeh qurumun nümayəndələri tərəfindən qeyd olunan ünvanda küçə qaz xətti üzərində quraşdırılan ****AZ****** saylı qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plomblarının yuvalarının arası zədəli olması barədə iştirakı və imzası olmadan ******* saylı akt tərtib edilərək hesab koduna 345,60 manat ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh qurumun nümayəndələri tərəfindən qeyd olunan ünvana ##.##.2011-ci il tarixdə 115,60 manat, ##.##.2011-ci il tarixdə 15 manat, ##.##.2011-ci il tarixdə 15 manat, ##.##.2012-ci il tarixdə 20 manat, ##.##.2012-ci il tarixdə 20 manat hesab koduna əsassız olaraq borc hesablanmışdır. Hesab edir ki, cavabdehin hesabladığı maddi zərər qanunsuz və əsassıdır. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib olunarkən qaz sayğacı xəttin üzərindən çıxarılarkən ona məlumat verilməmiş, aktlar imzası olmadan tərtib olunmuş və sayğac iştirakı olmadan dövlət yoxlamasından keçirilmişdir. Eyni zamanda, borcu olması ilə bağlı cavabdeh tərəfindən ona 7 il sonra məlumat verilmişdir. O və ailəsi sayğaca kənar müdaxilə etməmişlər.

10. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacı dövlət yoxlanılmasından keçirildikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (akt və foto çəkilişlər məhkəməyə təqdim edilmişdir). İddiaçının ünvanında quraşdırılmış G-4 markalı,****AZ************ saylı sayğac ##.##.2018-ci il tarixdə plombun qırılmasına görə dəymiş ziyan məyyən olunmuş, 58/0127 akt tərtib edilmiş və yeni plombla əvəz edilmişdir. G-4 markalı,****AZ************ saylı sayğaca müdaxilə olunduğu aşkar olunmuş, ******* nömrəli akt tərtib edilmişdir. G-4 markalı, ****AZ************ saylı sayğaca müdaxilə etməsi faktını təsdiq etmək üçün çıxarılaraq ##.##.2018-ci il tarixdə Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, MSK **/****-***** saylı aktla “Xətalar təyın edilə bilmədi. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünun üzərinə vurulan plomblarının yuvalarının ətrafı zədəlidir. Batareya yuvasına vurulmuş plomb deşilmişdir. Alarm-1 rejimindədir. Yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın klapanı işlək deyil” şəklində rəy verilmişdir. Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacları ##.##.2018-cı il tarixdə dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” “Azəriqaz” İstehsalat Birliyinin direktoru tərəfindən ##.##.2018-cü il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018 ci il tarixli, ******* nömrəli akta əsasən 345.60 manat dəymiş zərərin məbləği hesablanmış, abunə koduna əlavə edilmişdir. ##.##.2018 ci ildə plombun qırılmasına görə 58/0127 akta əsasən 439.20 manat ziyan hesablanaraq abonent koduna əlavə edilmişdir. Bundan savayı, təbii qazdan qeyri-qanuni kənar xətt aşkar edilmiş, bu istifadəyə görə ##.##.2018 ci ildə 0168416 akt tərtib edilmiş, 439.20 manat zərər hesablanmış, abunə koduna əlavə edilmişdir. Ümumilikdə 1224 manat zərər hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı 1593,74 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı istifadəsində olan *************** saylı abonent koduna əsassız olaraq hesablanmış 1.409,6 manat məbləğində borcun silinməsinin cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 34,09 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, əsassız olduğundan, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus *************** nömrəli abonent kodu üzrə cavabdeh tərəfindən müxtəlif tarixlərdə tərtib olunmuş aktlar əsasında borc hesablanmış, həmin borclar abonentin saldo borcuna daxil edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, borcun (mübahisələndirilən hissəsinin) tərkibi aşağıdakılardan ibarət olmuşdur: - ##.##.2018-ci il tarixli **/**** saylı akt üzrə – 439,20 manat (sayğacın qayka/flans plombunun qırıq olması ilə əlaqələndirilmiş hesablamalar); - ##.##.2018ci il tarixli ******* saylı akt üzrə – 439,20 manat (təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə / kənar qoşulma ilə əlaqələndirilmiş hesablamalar); - ##.##.2018-ci il tarixli ******* saylı akt üzrə – 345,60 manat (sayğacın hesablamaya mexanizminin qoruyucu örtüyünün üzərində vurulmuş plomb yuvalarının zədələnməsi ilə əlaqələndirilmiş hesablamalar); - habelə saldoda əvvəlki dövrlərə aid: 115,60 + 15 + 15 + 20 + 20 manat məbləğlər.

13. ##.##.2018-ci il tarixli **/**** saylı aktla iddiaçıya məxsus ünvan üzrə sayğacın qayka/flans plombunun qırıq olması göstərilmiş və bu əsasla 439,20 manat ziyan hesablanmışdır. Məhkəmə müəyyən edir ki, aktın tərtibi zamanı istehlakçının iştirakı, aktın ona təqdim edilməsi, akt məzmunu ilə tanış edilmə və imza (imtina) qaydası üzrə iş materiallarında dolğun və inandırıcı sübutlar mövcud deyildir. Sayğacın sökülərək yoxlamaya göndərilməsi barədə iddiaçıya məlumat verilməsi, yoxlamada iştirak imkanının təmin olunması, yoxlamanın nəticələrinin istehlakçıya təqdim edilməsi kimi hərəkətlər edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, təkcə plombun qırıq olması faktının birtərəfli aktla rəsmiləşdirilməsi, əlavə obyektiv sübutlarla tamamlanmadan, istehlakçıya borcun hesablanması üçün yetərli əsas sayıla bilməz.

14. ##.##.2018-ci il tarixli ******* saylı aktla sayğacın hesablamaya mexanizminin qoruyucu örtüyü üzərində vurulmuş plombların yuvalarının zədələnməsi göstərilərək 345,60 manat hesablanmışdır. Məhkəmə nəzərə alır ki, iş materiallarında cavabdehin istinad etdiyi laborator və texniki baxış sənədində bir sıra hallar qeyd olunur. Lakin həmin nəticələrin mütləq şəkildə istehlakçının qəsdi və ya təqsiri ilə bağlı olmasını təsdiqləyən zəncirvari, yoxlanıla bilən sübutlar işdə kifayət qədər deyil; Qaydaların tələbləri baxımından məişət abonentində sayğacın işləklik vəziyyətinin saxlanılması və qoruyucu mexanizmlərin düzgün təşkilinin təmin edilməsi sahəsində qaz paylayıcısının da öhdəlikləri mövcuddur. Bu səbəbdən məhkəmə, həmin aktın nəticələrinin borcun hesablanmasına əsas verən etibarlı sübut kimi qəbul etmir.

15. ##.##.2018-ci il tarixli ******* saylı aktda təbii qazdan sayğacdan kənar istifadə faktı göstərilərək 439,20 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, kənar qoşulma iddiası mahiyyət etibarilə daha ağır hüquqi nəticə doğuran haldır və onun mövcudluğu aşağıdakı kimi materiallarla təsdiq edilməlidir: kənar qoşulmanın texniki sxemi və ya yerində baxışın aydın təsviri, foto-video materialların işə əlavə olunması, istehlakçının iştirakı (çağırılması) və aktın təqdim olunması, hesablamada tətbiq edilən dövrün və cihazların gücünün istehlak normalarının əsaslandırılması. İş materiallarının təhlili cavabdehin istinad etdiyi kənar qoşulma faktının mübahisəsiz sübutlarla təsdiq olunmadığını göstərir. Bu halda qeyd olunan akt əsasında istehlakçıya 439,20 manat borcun hesablanması əsassız olmuşdur.

16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, abonent saldosunda 2011–2012-ci illərə aid əks olunmuş məbləğlərin hesablanmasına əsas olmuş aktlar və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin borcun hansı hüquqi əsasla yarandığı, hansı pozuntu faktına istinad edildiyi, borcun nə vaxt və hansı aktla hesablandığı, istehlakçının bu borc barədə məlumatlandırılıb-məlumatlandırılmadığı məhkəməyə aydın deyil. Bu baxımdan, məhkəmə hesab edir ki, yalnız abonent saldosunda məbləğin mövcudluğu həmin borcun qanuni və əsaslı olduğunu təsdiq etmir. Cavabdeh tərəfindən 2011–2012-ci illərə aid borcların hansı aktlara, hansı pozuntu hallarına və hansı normativ hesablamalara əsaslandığı məhkəməyə təqdim edilmədiyindən, bu borcların qanuniliyi və əsaslılığı məhkəmə tərəfindən yoxlana bilməmişdir.

17. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya abonent hesabı üzrə göstərilən aktlara istinadla yazılmış borc əsassız hesablanmış borc kimi qiymətləndirilməli və silinməlidir. Bu əsaslarla məhkəmə iddianı həmin hissədə təmin edilməsi və cavabdehin abonent hesabından aktlar əsasında hesablanmış 1.409,60 manat məbləğində borcun silinməsi olması nəticəsinə gəlir. İddiaçının silinməsini xahiş etdiyi qalan məbləğ (184,14 manat) sərfiyyat borcu olduğundan, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilə bilməz.

18. Məhkəmə hesab etmişdir ki, iddia 1.409,6 manatın silinməsi hissəsində təmin edildiyindən, 34,09 manat dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci və 26-cı maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6 - 4.9-cu bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.5-ci və 9.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus ünvanda sayğaca müdaxilə, həmçinin də qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək qismən əsassız qətnamə qəbul etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunan sübutlar nəzərə alınmamış, birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. İddiaçı İddiaçı aid olan 100413600400012 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan “Azəriqaz” İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildimişdir ki, onun iştirakı olmadan qaz xətti üzərində quraşdırılmış sayğac sökülərək dövlət yoxlamasına göndərilmiş, yoxlamadan keçərkən ona heç bir məlumat verilməmişdir. Qeyd olunan ünvana təbii qazdan qeyri-qanuni aktlar yazılarkən bu barədə cavadeh tərəfindən ona rəsmi məlumat verilməmiş, aktlarda onun imzası olmadan tərtib olunmuşdur. Lakin buna baxmayaraq ”Azəriqaz” İB-yi onun hesab koduma əsassız və qanunsuz olaraq cərimə dəymiş ziyan hesablamışdır. Eyni zamanda “Azəriqaz” İB-nə borcu olması ilə bağlı 7 il sonra məlumat verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

32. Lakin iddiaçının istifadəsində olan sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh daşıdığına baxmayaraq, habelə iddiaçının sayğaca müdaxilə etməsini sübuta yetirmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, həmin zərərin məbləğini abonentin hesabına daxil etmişdir.

33. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2018-ci il, ##.##.2018-ci il və ##.##.2018-ci il tarixli aktlarla bağlı hesab edir ki, cavabdeh iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.

34. Kollegiya həmin aktlara münasibətdə qeyd edir ki, aktın tərtib edilməsində iddiaçı iştirak etməmiş, ona aktın bir nüsxəsinin təqdim edilməsi cavabdeh tərəfindən rəsmi qaydada həyata keçirilməmiş, iddiaçı tərəfindən qeyd olunan ünvanda qaz xəttinə qeyri-qanuni qoşulmanın həyata keçirildiyi iş materialları ilə müəyyən olunmamışdır.

35. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən İddiaçı abunə koduna borcun hesablanması əsassız olmuşdur.

36. Bundan əlavə, cavabdeh tərəfindən 2011–2012-ci illərə aid borcların hansı aktlara, hansı pozuntu hallarına və hansı normativ hesablamalara əsaslandığı barədə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

37. Həmçinin nəzərə alınmalıdır ki, işdə olan sənədlərə əsasən iddiaçı tərəfindən cavabdehə qazdan istifadəyə görə mütəmadi olaraq ödənişlər edilmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.

39. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Məhəmməd Rüstəmli

Hakimlər: Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar